Mənəviyyata Açılan Pəncərə

Taif Səfəri

Peyğəmbərimizin (s.ə.s.) və Onunla birlikdə iman gətirən səhabələrin bütün cəhdlərinə baxmayaraq, Məkkədə hər şey durğunlaşmış, məkkəlilərin qəlbi yeni dinin üzünə hələ də bağlı qalmışdı. Təbliğ isə davamlı yerinə yetirilməli bir vəzifə idi. Allahın yaratdığı dünya çox böyük idi və başqa yerlərdəki insanların da İslama ehtiyacı vardı.

Məkkəlilər hər ötən gün sıraları böyüyən İslamın qarşısında nifrət və kinlə dolub-boşalır və müsəlmanlara rahat addım atmağa imkan vermirdilər. Bundan başqa, hər tərəfdən Əbu Talibin yoxluğunu fürsət bilib Allah Rəsulunu (s.ə.s.) cismən aradan götürməyə çalışan bu bədbəxtlər daim planlar hazırlayırdılar.

Əlbəttə, Allahın vədi var idi və gün gələcək, bu məfkurə bütün dünyaya hakim olacaqdı, buna heç bir şübhə yox idi. Ancaq bunu həmin dövrün Məkkəsində həyata keçirmək o qədər də asan görünmürdü. Yeni bir məkana üz tutmaq lazım idi. Bunun üçün Peyğəmbərimiz (s.ə.s.) şəvval ayında Zeyd ibn Harisəni də özü ilə götürüb Taif yurduna üz tutur.

Taif özünün bağ-bostanları, yaşıllıqları ilə məşhur olan bir yer idi. Məkkədən təxminən 90 km aralıda yerləşirdi. Burada Allah Rəsulunun (s.ə.s.) ana tərəfdən qohumları yaşayırdı. Həmçinin Taif Peyğəmbərimizin (s.ə.s.) ömrünün ilk illərində yanında qaldığı süd anası Həlimeyi-Sadiyənin vətəninə də yaxın idi.

Rəsulullah (s.ə.s.) Allah tərəfindən göndərilən bəyanları sevə-sevə qəbul edən yeni insanlarla görüşmək və beləliklə, Məkkədə görmədiyi mehriban insanlarla tanış olub Allahın dininə müntəzir möminlərlə birlikdə istiqbala doğru daha böyük addımlarla irəliləmək kimi məqsədlərlə çıxdığı Taif səfərində əvvəlcə Səkif qəbiləsinin yanına gedir. Çünki həmin vaxtlar səkiflilər Taifin tanınmış əyanları sayılır və onlara hörmətlə yanaşılırdı. Rəsulullahın (s.ə.s.) qarşılaşdığı ilk şəxslər Amr ibn Umeyrin üç oğlu Abdiyaleyl, Məsud və Həbib idi. Onlardan biri Qureyşli bir qadınla evlənmişdi. Allah Rəsulu (s.ə.s.) onlara yaxınlaşır və əvvəlcə salam verir. Sonra da bütün səmimiyyəti ilə danışmağa başlayır. Allahı bir bilib Onun dinini qəbul etməyə dəvət edir və onlardan peyğəmbərlik vəzifəsində Ona köməkçi olmağı istəyir. Amma Taif küfrdə Məkkədən geri qalana oxşamırdı.

Hz. Məhəmmədin  (s.ə.s.) şəfqətlə qucaq açdığı  üç qardaşdan birincisi belə deyir:

− Əgər həqiqətən də, Allah Səni peyğəmbər kimi göndərmişdirsə, mən Kəbənin örtüyünü götürüb yerə ataram.

Allahın ən sevgili qulu Rəsulullah onun dünya və axirətini xilas etmək üçün ayağına qədər gəlmişdi, amma bu adam Onu məsxərəyə qoyurdu. Həya timsalından Allah Rəsulu (s.ə.s.) belə bir ədəbsizliyin qarşısında sakit dayanmağa üstünlük verəcəkdi. Amma Onun izzəti-nəfsini incitmək üçün bununla kifayətlənməyəcəkdilər. Qardaşlardan digəri irəli çıxıb:

− Allah Səndən başqa peyğəmbər göndərməyə adam tapmadımı? − deyə söz atır. Artıq məsələ cığırından çıxırdı. Danışmaq üçün fürsət axtaran üçüncü qardaş da nəsə deməli idi. O da belə deyir:

− And olsun ki, daha mən Səninlə danışa bilmərəm. Çünki Sən əgər dediyin kimi, həqiqətən, bir peyğəmbərsənsə, Sənə dediklərimə görə məni min peşman edərsən. Yox, əgər Sən Allaha qarşı yalan danışırsansa, onda da mənim Səninlə danışmağım uyğun olmaz!

Bir dəyəri olmayan bu adamlar özlərinə görə, Bəşərin Fəxrinə lağ edir və vaxtlarını “xoş” keçirirdilər. Rəsulullah (s.ə.s.) kədərlənmişdi. Çünki bu qədər yolu, bəlkə, nəsə başa düşərlər deyə pay-piyada gəlmiş, onların qarşısında bir cənnət qapısı açmaq istəmişdi. Artıq Hz. Məhəmməd (s.ə.s.) cavab verməyə də ehtiyac hiss etmirdi. Əgər cavab vermək istəsəydi, Onun yerinə lazımi cavab çoxdan verilər və onlar həlak edilərdi. Amma O, mərhəmət Peyğəmbəri idi və qəlbi hər kəsi qucaqlayacaq qədər və geniş idi. Bu ürəkdə hətta ən qəddar düşmənləri üçün də yer vardı və onların da bir gün gəlib haqq yolu tapacağına ümid bəsləyirdi. Ən azından özləri olmasa da, nəsilləri arasından kimlərsə bu üfüqə mütləq yüksələcəkdi və ona görə də, bu gün, hər şeyə rəğmən, səbirli davranmaq lazım idi.

Peyğəmbərimizin yalnız bir istəyi var idi:

− Siz öz seçiminizi etdiniz. Heç olmasa, aramızdakı bu söhbət burada qalsın, − deyir. Çünki bu xəbərin Məkkəyə çatması məkkəlilərə bayram sevinci yaşadardı. Belə bir hərəkət bu günə kimi səssiz dayananları da cəsarətləndirər və artıq müsəlmanlar Məkkədə yaşaya bilməzdilər.[1]

Kədəri yerişinə də sirayət etmişdi. Zahirən əliboş qayıdırdı, ancaq vəzifə nəticəni görmək məqsədiylə yerinə yetirilməzdi. O (s.ə.s), öz öhdəsinə düşəni etmiş, təbliğ vəzifəsini yerinə yetirmişdi. Nəticəni yaratmaq isə Allahın işi idi. Peyğəmbərimiz (s.ə.s.) isə öz işini qüsursuz yerinə yetirmək məsələsində ən irəlidə olduğu kimi, işin Allah-Təalaya aid  hissəsinə də müdaxilə etməməkdə ən həssas adam idi.

Ancaq qapılarına qədər gələn qismətdən nəsibini almayan və bunun da fərqinə varmayan taiflilər bununla da kifayətlənməmiş, sadə adamları qızışdıraraq bu müqəddəs Qonağı daşa basmışdılar.

Hz. Məhəmməd (s.ə.s.) Taifdə on gün qalır. Bu müddət ərzində bir çox adamlarla görüşmək istəyir. Amma bu adamların əksəriyyəti Onun dəvətini qəbul edəcək ürəyə sahib deyildilər və qorxudan Ondan uzaq gəzməyə üstünlük verirdilər. Bir də utanmadan:

− Ey Məhəmməd! Bizim yurdumuzdan uzaq ol, hara gedirsən get,[2] − deyirdilər.

Hz. Zeyd özünü sipər edərək Allah Rəsulunu yağış kimi yağan daşlardan qorumağa çalışırdı. Atılan daşların arası kəsilmirdi. Əslində bu, onların öz başlarına daş yağdıracaq bir davranış idi. Demək olar ki, üç kilometrlik məsafəni bu vəziyyətdə keçirlər. Allahın Sevgili Qulu  Hz. Məhəmmədin (s.ə.s.) mübarək ayağından qan süzülürdü. Zeydin isə başı-gözü yarılmış, al-qan içində qalmışdı.

Taifdəki sığınma və bir təcəlli

Nəhayət, bu başıbəlalı yerdən uzaqlaşmış və dincəlmək üçün bir ağacın altında dayanmışdılar. Allah Rəsulu (s.ə.s.) əvvəlcə “gözümün nuru” dediyi namazını qılmağa başlayır və iki rükət namaz qılır. Görünür, belə vəziyyətlərdə həqiqi güc və qüdrət sahibinə ürəkdən üz tutmaq lazım idi. Deməli, bəşəri qəzalardan xilas olub Rəhmana sığınmaq üçün əvvəlcə vəziyyət yaxşı nizamlanmalı idi. Əlbəttə ki, bütün bunlar qəzəblə qalxıb ziyanla oturmamaq üçün ümmətinə edilən bir xəbərdarlıq idi. Çünki O, hər yönü ilə üz tutulmalı örnək idi: bir insan kimi qəzəblənəcəyi vəziyyətlərdə də ümmətinə necə hərəkət etməyi şəxsən göstərəcəkdi.

Namazını qılıb qurtarandan sonra əllərini yuxarı qaldırır və yalvararaq dua etməyə başlayır... Hz. Zeyd heyranlıqla seyrə dalmışdı, sanki qarşısında nurdan bir heykəl var idi. Bir az da diqqətlə qulaq asanda Allah Rəsulunun (s.ə.s.) belə dediyini eşidir:

− Allahım! Güc və qüvvətimdəki zəifliyi, çözüm tapmaqda qüsurumu və insanların məni təhqir edib xor görmələrini Sənə ərz edirəm.

Ey mərhəmətlilərin ən mərhəmətlisi!

Zəiflərin və gücsüzlərin Rəbbi!

Mənim Rəbbim!

Məni kimin öhdəsinə buraxırsan?

Mənə qarşı kin püskürən pis və qəddar düşmənlərimin, yoxsa simasız və amansız yaxınlarımın?

Əgər Sən mənə hələ qəzəblənməmisənsə, heç bir şeyə fikir vermərəm. Sənin razılığın mənim üçün hər şeydən daha əhəmiyyətlidir!

Sənin mənə qəzəbinlə rəftar etməməyin və başqa sözlə də, mənə cəlalınla təcəlli etməməyin üçün dünya və axirətə aid işlərini yoluna qoyan və bütün qaranlıqları aydınlığa qovuşduran nuruna sığınıb  mərhəmətindən mədəd umuram.

Rizanı qazanıb xoşnudluğunu əldə edənə qədər, həmişə Sənin qapındayam!

Səndən başqa nə bir arxa, nə də etimad göstərilib etibar etməyə bir güc vardır![3]

Peyğəmbərimiz (s.ə.s.) duasını qurtarmamışdı ki, birdən yanında Cəbrail və dağlara müvəkkil olan mələk görünür. Görünür, hüznlü Peyğəmbərin yalvarışları Ərşi-Əlanı titrətmiş və Allah iki mələyi Onun köməyinə göndərmişdi. Cəbrail belə deyir:

− Ey Məhəmməd! Şübhəsiz ki, Allah (c.c.) qövmünün Sənə dediklərindən və üz döndərib etdiklərindən xəbərdardır. Budur, Sənə bunları layiq bilənlərə istədiyin hər şeyi etmək üçün dağlara müvəkkil olan mələyi göndərdi!

Dağlara müvəkkil olan mələk də Peyğəmbərimizə salam verir və belə deyir:

− Ey Məhəmməd, əgər Sən istəsən, bu iki dağı qaldırıb onların üstünə tökərəm. Mən bunun üçün gəlmişəm.

Rəhmət Peyğəmbərinin fərqi burada da özünü göstərirdi. Hər şeyə rəğmən seçdiyi yol  özündən sonrakılar üçün də bir metod kimi qeyd edilirdi. Buna görə də, Allah Rəsulu (s.ə.s.) ani bir cavabla etiraz edir:

− Xeyr, qətiyyən! Ümid edirəm ki,  Allah (c.c.) bunların da nəslindən Ona heç bir şeyi şərik qoşmayan bəndələr yaradacaq!

Fitrət özünü bu cür kritik məqamlarda büruzə verirdi. Rəsulullahın (s.ə.s.) etirazı da Onun necə xarakterə malik olduğunu göstərirdi. Allah Rəsulu (s.ə.s.) tələb etdiyi təqdirdə dağları yerindən oynadıb taiflilərin başına uçurmaq vəzifəsi ilə gələn mələk bunları söyləyir:

− Həqiqətən də, Sən Rəbbinin Səni adlandırdığı kimi nə qədər Rauf (Allahın isimlərindən biri. Çox acıyan, əsirgəyən, mərhəmət sâhibi. Bu ismin Rəsulullahda təcəllisi ) və Rəhimsən![4]

Üzüm salxımı və Addas

İki nəfər Peyğəmbərimizin namaz qılıb dua etməsini kənardan seyr edirdi. Bunlar məkrli plan hazırlamaqda həmişə başda olan Rəbiənin iki oğlu Utbə və Şeybə idi. Ancaq həmin gün Rəsulullaha (s.ə.s.) rəva görülən hərəkətlər qarşısında Utbə və Şeybə də insafa gəlmişdi. “Bu qədər də olmaz” deyirmiş kimi, bayaqdan Allah Rəsulunu seyr edirdilər. Nəhayət, Addas adlı qullarını yanlarına çağırıb:

− Bu üzümlərdən bir az yığ və boşqaba qoy, apar, orada dayanan adama ver, yesin, − deyərək Peyğəmbərimizə üzüm aparmağı tapşırırlar.

Addas deyilənləri yerinə yetirmək üçün yığdığı üzüm salxımlarını götürüb Allah Rəsulunun (s.ə.s.)  hüzuruna gəlir və:

− Buyurun, yeyin, − deyir. Allah Rəsulu (s.ə.s.) təbii olaraq üzümə əlini uzadarkən “Bismilləhir-rahmənir-rahim!” − demiş və yeməyə başlamışdı. Onun bu sözünü eşidən Addas donub qalır. Çünki bu sözü burada heç kimin ağzından eşitməmişdi. Əvvəlcə Allah Rəsulunu başdan-ayağa süzür və sonra:

− Allaha and olsun ki, bu yerlərdə bu sözləri heç kim işlətmir, − deyir.

Onun bu sözləri və isti münasibəti Peyğəmbərimizin (s.ə.s.) də diqqətini cəlb edir. Görünür, Addas boş adam deyildi, heç olmasa “Bismillah”ın nə demək olduğunu bilir və ya bununla bağlı bir şey öyrənmək istəyirdi. Ona görə, Allah Rəsulu (s.ə.s.):

−  Sən haralısan, hansı dinə mənsubsan, ey Addas? − deyə soruşur.

− Ninəvalıyam və xristianam, − cavabını verir. Allah Rəsulu (s.ə.s.) bu adı eşidəndə:

− Saleh qardaşım Yunus ibn Məttanın vətəni, − deyə ah çəkir. Heyrətdən gözləri böyüyən Addas dərhal soruşur:

− Sən Yunus ibn Məttanı haradan tanıyırsan? Vallah, mən Ninəvadan çıxandan sonra onu tanıyan heç on adama da rast gəlməmişəm. Sən ibn Mətta haqqında haradan öyrənmisən? Halbuki, görürəm, Sən oxumağı, yazmağı da bilmirsən və ümmi (oxuyub yazmağı bilməyən) bir qövmün içində yetişmisən.

− O, mənim qardaşımdır. O da bir peyğəmbər idi, Mən də bir peyğəmbərəm!

Bundan artıq soruşulmalı heç bir sual ola bilməzdi və işin bu yerində Addas əvvəlcə Peyğəmbərimizin ayaqlarına qapanır. Görünür, iqtidarını itirmişdi. Əllərindən öpmək istəyir doya-doya... Sonra mübarək başından öpür dəfələrlə... Bu nəticə o günün bütün sıxıntılarını Allah Rəsuluna unutduracaqdı. Bir insan da dinə qədəm qoymuşdu, dünya dağılsa idi belə, heç əhəmiyyəti yox idi?!

Digər tərəfdə Addasın əl-ayaq öpməyini görən Utbə və Şeybə yenə əvvəlki vəziyyətlərinə qayıtmış, yerlərində donquldanmağa başlamışdılar. Qullarını yaxşılıq etmək üçün göndərmişdilər, amma o durub indi də Məhəmmədin əl-ayağına qapanmış, belini büküb hüzurunda əmrə  müntəzir dayanmışdı. Biri digərinə üzünü tutub:

− Görürsən, sənin qulunu da yoldan çıxardı, − deyəcəkdi.

 Nəhayət, Addas yanlarına gələndə qəzəblə soruşurlar:

− Sənə nə oldu ki, o adamın əlini-ayağını öpdün?

 Addas çox təmkinlə cavab verir:

− Ey sahibim! Yer üzündə bu adamdan daha xeyirli heç kim yoxdur. Onun mənə dediklərini ancaq bir Peyğəmbər xəbər verə bilərdi.

− Əfsuslar olsun, ey Addas! Çalış, bu adam səni öz dinindən uzaqlaşdırmasın, çünki sənin dinin ondan daha xeyirlidir,[5] − deyirlər.

Məkkəyə qayıdış və cinlərin şəhadəti

Ağrı-acı dolu bir günün sonunda şirin hədiyyə ilə mükafatını alan Peyğəmbərimiz (s.ə.s.) kədərli halıyla oradan uzaqlaşır və yenidən Məkkənin yolunu tutur. Nəhlə adlı yerə gələndə xeyli vaxt ötmüş və Allah Rəsulu (s.ə.s.) təhəccüd namazını qılmaq üçün dayanmışdı. Görünür, Rəsulullah (s.ə.s.) burada hələ bir neçə gün qalacaqdı. Əvvəl namaz qılır və sonra “Cin” surəsini oxumağa başlayır.

Bu vaxt hüzuruna Nusaybinin yeddi cini gəlmiş, Onun namaz qılmasını seyr edir və oxuduğu Qurana qulaq asırdı. Ona yaxınlaşanda:

− Sakit olun və qulaq asın, − deyə bir-birlərinə xəbərdarlıq edirlər.

Quranın oxunuşu qurtarandan sonra bu cinlər öz tayfalarının yanına qayıdacaq və eşitdiklərini onlara təbliğ edəcəkdilər:

− Ey qövmümüz! Şübhəsiz ki, biz bu gün elə qəribə və möhtəşəm bir kitaba qulaq asdıq ki, o, yaxşı və gözəl olana dəvət edir. Biz də ona iman gətirdik. Çünki bu kitab Musadan sonra nazil olsa da, özündən əvvəlki hökmləri təsdiq edir, Haqqa dəvət bəyanları ilə doludur və bizi yolun ən doğrusuna çağırır.

Ey qövmümüz! Gəlin bu Allah  elçisinə müsbət cavab verin! Allaha iman gətirin ki, O da sizin günahlarınızı bağışlasın və sizi dəhşətli əzabın şiddətindən qorusun!

Bundan belə biz Rəbbimizə heç bir şeyi şərik qoşmayacağıq. Sən demə, bu günə qədər bizim səfehlərimiz Onun haqqında necə namünasib sözlər danışırmışlar! Biz də insan və cinlərin Allah haqqında yalan danışmayacağını güman edirdik. Sən demə, insanlardan bir hissəsi cinlərdən belələri ilə baş-başa verir və aləmi qarışdırırmışlar! Onlar da sizin kimi fikirləşərək Allahın varlığı yenidən diriltməyəcəyini güman edirlər.

Biz səmanı da gəzib yoxladıq, artıq hər yerə vəzifəlilər yerləşdirilmişdir və onlar heç bir xəbərin sızmasına icazə vermir, dərhal üstlərinə işıq seli göndərirlər. Bir az oturub bəzi şeylərdən xəbərdar olmaq istədik və gördük ki, kim bu cür təşəbbüs göstərirsə, dərhal üstü­nə od parçaları atılır və buna icazə verilmir.

Artıq biz hidayətə qulaq asandan sonra Ona iman gətirdik və bilirik ki, kim Rəbbinə iman gətirsə, artıq onun narahat olacağı bir məsələ yoxdur.[6]

Bu arada Cəbrail yenə gəlmiş və məsələdən Allah Rəsulunu da xəbərdar etmişdi. Bu, Addasdan sonra baş verən ikinci gözlənilməz hadisə idi. İnsanlardan sonra Peyğəmbərimiz (s.ə.s.) artıq cin tayfası ilə də əlaqə qurmuş və onlardan da Rəsulullaha (s.ə.s.) inananlar olmuşdu. Çünki O (s.ə.s.), insanlarla yanaşı cinlərə də göndərilən bir Peyğəmbər idi.

Qeybdən ard-arda iki dəstək gəlmişdi: Cəbraillə dağlara müvəkkil olan mələyin əmrə varid olmasından sonra bir də Allah Rəsulunun qarşısına cin tayfasına nüfuz edə biləcək bir yol açılmışdı...

Gələn hər ayə eyni zamanda möminlərin də səyini artırırdı. Üstəlik bu ayələrdəki ifadələr ağır şəraitdə yaşayan möminlərə, sanki, dərman idi. Ayədə belə buyrulurdu:

− Hər kim Allaha dəvət edən bu səmimi sözlərə müsbət cavab verməsə, bilsin ki, yer üzündə Onun əzabından qaçıb canını qurtara bilməz və ona Allahdan başqa hami və dost tapılmaz. Belələri açıq-aşkar haqq yoldan azmışlar![7]

Digər tərəfdən dini inanclarını yaşayan bir xristian olan Təmimüd-Dari müəyyən ehtiyaclarını almaq üçün Şam tərəflərə gəlmişdi. Səfər əsnasında gecənin qaranlığı düşüncə öz-özünə deyir:

−  Mən bu gecə bu vadinin böyüyünün himayəsindəyəm.

Bundan sonra uzanıb yatmaq istəyir. Cümləsini təzəcə bitirmişdi ki,  bir səs ona cavab verir:

− Allaha sığın və Ondan aman istə. Çünki cinlər heç kimi Allahdan qoruya bilməz.

Heyrətlənmişdi və təəccüb içində:

− Başıma gələnlərə bax! Allah haqqı üçün söylə, həqiqətən, dediklərin doğrudurmu? − deyə soruşur. Səsin sahibi isə dediyi sözlərlə onu daha da heyrətləndirir:

−Ümmilərin Peyğəmbəri Allah Rəsulu zühur etdi və biz də Ona təslim olub iman gətirərək Hacun adlı yerdə Onun arxasında namaz qıldıq. Artıq cinlərin hiylələri tükəndi və indi göylə onların arasında  alov topaları var. Bundan sonra onların heç kimə nə xeyri, nə də zərəri dəyə bilər. Yaxşısı budur ki, sən Aləmlərin Rəbbinin Rəsulu Məhəmmədin hüzuruna  get və müsəlman ol!

Hacun... Namaz... Aləmlərin Rəbbi... Rəsul... Məhəmməd... Bütün bunlar ona heç də yad deyildi. Məhəmmədi isə tanımamaq mümkün idimi? Çünki İncil Onun təşrifini müjdələyir,  Hz. İsa (ə.s.) da gəlişini gözləyirdi. Görünür, bu işin içində başqa bir iş vardı və səhər açılan kimi, Şam yaxınlığındakı Havranda olan məşhur bir rahibin yanına gedib hadisəni ona danışır. Deyilənlərə diqqətlə qulaq asan rahib belə cavab verir:

− Şübhəsiz ki, sənə həqiqəti söyləmişlər. Onun çıxacağı yer Harəmdir və yenə Harəmə hicrət edəcəkdir. O, peyğəmbərlərin ən xeyirlisidir və heç kim, əsla heç kim  Ondan önə keçə bilməyəcək.[8]



[1]. Bax: ibn Hişam, Sire, 2/266, 267
[2]. İbn Sa’d, Tabakat, 1/211, 212
[3]. İbn Hişam, Sire, 2/268; ibn Ebi Şeybe, Musannef, 6/68 (29528)
[4]. Halebi, Sire, 2/57, 58
[5]. Bax:İbn Hişam, Sire, 2/268, 269
[6]. Ayələrdəki ifadələrə istinad edərək söz-söz məala getmədən bir xülasə verməyə çalışmışıq. Daha ətraflı məlumat üçün bax: “Əhqaf” surəsi, 46/29, 30, 31; “Cinn” surəsi, 72/1-15.
[7]. Bax: “Əhqaf” surəsi, 46/32. Cin surəsindəki ifadə isə cinlərin dilindən belə verilir: Əvvəllər biz sanki Allahı da aciz zənn edər və özümüzü bir mövqeyə qoyardıq; anladıq ki, yer üzündə Ona mane olacaq heç bir güc, əsla yoxdur. Bax: “Cinn” surəsi 72/12)
[8]. İsbahani, Delailu’n-Nübüvve, 1/155; ibn Seyyidinnas, Uyunu’l-Eser, 1/145