Tapılan əşyanı nə etməli?
İslam hüququnda tapılan əşyaya lüqata deyilir. Lüqata sözü “çətinlik çəkmədən bir əşyanı yerdən götürmək”, “kitabdan elm öyrənmək”, “quşun dimdiyi ilə bir şeyi yerdən götürməsi”[1] mənalarındadır. Dini termin olaraq isə, tapılan və sahibi bilinməyən mal, əşya və ya dəyəri olan hər şeyə “lüqata” deyilir.
Tapılan əşya ilə əlaqəli hökümlər
Tapılan əşyanı götürüb-götürməmək haqqında alimlərin fikirləri belədir:
İmam Malik və Əhməd ibn Hənbəl kimi bəzi alimlərə görə, tapılan əşyanı götürmək məkruhdur. Onların bu fikri, “Möminin itirdiyi ocağın odu kimidir”[2] hədisinə əsaslanır. Üstəlik deyirlər ki, insan haqqı olmayan həmin əşyanı özününküləşdirə bilər. Yəni harama düşmə ehtimalı var.
İmam Əbu Hənifə və imam Şafeiyə görə, tapılan əşyanı götürmək daha yaxşıdır.[3] Onu tapan müsəlman götürmədiyi təqdirdə, xain birinin əlinə keçmə ehtimalı var. Əgər həmin əşya və ya malın tələf olma ehtimalı varsa, qorumaq üçün götürmək vacibdir. Onlar yuxarıdakı hədisin tapılan əşyanı qəsb etmək niyyəti ilə götürənlərə aid olduğunu deyirlər.
Bir insan tapılan əşyanı götürsə, bu əşya həmin şəxsə verilən əmanət kimidir. Allah-Təala Qurani-Kərimdə “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir”[4] − buyurmuşdur. Tapdığı əşyanı özününküləşdirmək niyyəti ilə götürən şəxs onu qəsb etmiş sayılır.
İslam hüququna görə, tapılan əşyanı sahibinə vermək üçün götürən şəxs, buna dair şahid tutmalıdır. Şafei, maliki və hənbəlilərə görə, şahid tutmaq müstəhəb, hənəfilərə görə isə vacibdir.[5] Allah Rəsulu (s.ə.s) bu haqda belə buyurmuşdur:“İtmiş əşya (mal) tapan şəxs (bu malı əmanət olaraq götürdüyü üçün) bir və ya iki ədalətli şahid tutmalıdır. Onu gizlətməməli və itirməməlidir. Əgər sahibini taparsa, malı ona geri verməlidir. Yox əgər sahibi çıxmazsa, o Əziz və Cəlil olan Allahındır. Allah da onu istədiyinə verər.”[6]
Sahibsiz əşya tapan şəxs, “İtirdiyini axtaran olsa, mənim yanıma göndərin”, − deməsi şahid yerinə keçir. Sahibinə vermək üçün götürdüyünə şahid tutmayan şəxs, həmin mal tələf olduğu təqdirdə onun qiymətini ödəməlidir. Tapdığını özü üçün götürdüyünü etiraf edən şəxs isə, təzminat (əvəzini) ödəməlidir. Əksini iddia edərsə, sübut etməlidir. Ancaq onu sahibinə vermək üçün götürdüyünü desə və mal sahibi də bunu qəbul edərsə, bu halda təzminat ödəməz.[7]
Tapılan əşyanın elan müddəti
Hər hansı əşya tapan şəxs, şahid tutmaqdan əlavə bunu elan etməlidir. Bütün fəqehlərə görə, nə isə tapdığını elan etməyin hökmü vacibdir.
Əksər alimlər elan müddətinin bir il olduğunu bildirirlər.[8] Ancaq imam Əbu Hənifəyə görə, əgər malın dəyəri on dirhəmdən aşağıdırsa, onu bir neçə gün elan etmək kifayətdir. Əgər bu miqdardan artıq olarsa bir il gözləmək lazımdır.[9]
Elan müddətinin bir il olduğunu deyən alimlər bu hədisə isnad edirlər. Bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gələrək tapılan əşyanın hökmünü soruşdu. Allah Rəsulu: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən”.[10]
Ümumiyyətlə tapılan şeyin miqdarı az olarsa, onu bir il elan etməyə ehtiyac yoxdur. Az olan miqdar oğrunun əlinin kəsilməsinə səbəb olmayacaq qədərdir. Bu da alimlərə görə, bir dinarın dörddə biri, Hənəfilərə görə isə on dirhəmdir.[11]
Tapılan əşyanın elan şəkli
Hər hansı əşya tapan şəxs, həmin gün və ya sonrakı günlərdə həmin əşyanı tapdığı yerdə və insanların çox olduğu məscid və bazar kimi ictimai yerlərdə elan etməlidir.[12]
Elan edərkən tapdığı əşya haqqında ümumi məlumat verə bilər. Məsələn: Pul axtaran olsa mənim yanıma göndərin. Ancaq tapdığı əşyanın xüsusiyyətləri və miqdarını gizli saxlamalıdır. Əks təqdirdə tapılan əşyanın xüsusiyyətlərini hər kəs bilər və əşyanın həqiqi sahibi özünə aid olduğunu sübut edə bilməz.[13]
Elan etməkdə məqsəd tapılan əşyanın sahibini tapmaq və əşyanı ona verməkdir. Dövrümüzdə tapılan əşyanı elan etmək üçün müxtəlif vasitələrdən – televizor, qəzet, sayt, sosial şəbəkələr və s. – istifadə etmək olar.
Xüsusilə də böyük şəhər, rayon və qəsəbələrdə itmiş əşyanın sahibini tapmaq və vermək olduqca çətindir. Ona görə də bu kimi hallarda tapıntılar bürosuna müraciət etmək daha faydalıdır. Bu haqda mövzunun sonunda məlumat veriləcək.
İtmiş heyvanlara aid hökmlər
Bəzi İslam alimlərinə görə, at, inək, dəvə kimi özlərini təhlükədən qoruyan heyvanlara toxunmaq lazım deyil. Bu hökm Allah Rəsulunun (s.ə.s) aşağıdakı hədisinə əsaslanır:
Bir nəfər Allah Rəsulunun (s.ə.s) yanına gələrək tapılan əşyanın hökmünü soruşdu. Allah Rəsulu: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən. Həmin şəxs daha sonra tapılan sahibsiz dəvə haqqında soruşdu. Rəsulullahın (s.ə.s) üz ifadəsi dəyişdi və: “Ondan sənə nə? Su tulumu və çarığı ilə birgə suya gedər və ağacları yeyər.” (Yəni dəvə sən götürməsən də tələf olmaz.) – dedi. Həmin şəxs Allah Rəsulundan (s.ə.s) itmiş qoyunun hökmünü soruşdu. Allah Rəsulu (s.ə.s): “O sənin mömin qardaşının yaxud da qurdundur”, − buyurdu[14]
Hənəfi və şafeilərə görə itmiş at, inək və dəvə kimi heyvanları lüqata olaraq götürmək caizdir. Ancaq bunları sahibinə təhvil vermək niyyəti ilə götürmək lazımdır. Beləcə insanların malları qorunmuş, itmələrin qarşısı alınmış olar və sahibsiz əşya pislik etmək ehtimalı olanların əlinə düşməz.[15] Ancaq bu səhrada tənha olan heyvanlara aiddir.[16]
Tapılan xırdabuynuzlu mal-qara götürülə bilər. Bu haqda alimlər həmrəydir.[17]
Tapılan heyvanlara çəkilən xərc bəxşiş kimidir. Çünki malı tapan şəxsin mal sahibi üzərində bir haqqı yoxdur. Ancaq hakim tapdığı mala xərc çəkməyə icazə verərsə, bu təqdirdə çəkilən xərclər hakimin razılığı ilə olduğu üçün mal sahibi bu xərcləri ödəməlidir.
Dəyərsiz əşyalarla bağlı hökmlər
İtmiş nar qabığı, çəyirdək kimi dəyəsiz şeyləri elan etmədən istifadə etmək olar. Çünki sahibinin bunları atma ehtimalı var. Bu da dolayı olaraq istifadəsinə icazə verməkdir. Ancaq sahibi gələrsə, bunları geri istəyə bilər. Çünki başqalarının istifadə etməsinə izcazə verməsi bu malları onun mülkiyyətindən çıxarmaz. [18]
Lüqatanın sahibinə təhvil verilməsi və xərcləri
Tapılan əşyanın sahibi onun özünə aid olduğunu sübut edərsə, həmin əşyanı ona vermək lazımdır. Məzhəblərə görə, gələn şəxsin əşyanın vəsflərini və ayırd edici xüsusiyyətlərini söyləməsi malın ona təslim edilməsi üçüm kafidir.
Hənəfilər və şafeilərə görə isə, sahibi əşyanın ona aid olduğunu sübut etmədən tapan şəxs əşyanı ona geri verməyə məcbur edilə bilməz. Çünki o bir iddia sahibidir. Bu iddianın da digər iddialar kimi sübuta ehtiyacı var.
Ancaq hənəfilərə görə, şəxsin dediyi əlamətlər doğrudursa, lüqata sahibinə təslim etmək halaldır.
Şafeilərə görə də əşyanı tapan şəxsdə iddia sahibinin doğru söylədiyinə dair güclü zənn meydana gələrsə, malı ona təslim etməsi halaldır.[19]
Əşyanı tapan şəxs onu özündə saxladığı müddətdə çəkdiyi elan və digər xərcləri əşya sahibindən istəyə bilər. Ancaq hənəfi alimləri çəkilən xərclərin sadəcə hakimin qərarı ilə əşya sahibindən tələb edilə biləcəyini deyirlər. Şəxsin özbaşına çəkdiyi xərclər isə könüllü edilən yaxşılıq sayılır. Hənəfilərə görə, bu, başqasının icazəsi olmadan onun borcunu ödəmək kimidir.[20] Məsələnin hökmünü bir kənara qoysaq yenə də əxlaqa uyğun olan əşya sahibinin bu xərci geri ödəməsidir.
Lüqatanı mülkiyyətə keçirməyin hökmü
Lüqata bir il elan edilməlidir. Bundan sonra nə ediləcəyi haqqında iki görüş var. Bir fikrə görə, lüqata sadəcə kasıbın mülkiyyətinə keçə bilər. Digər fikrə görə isə, mütləq mənada mülkiyyətə keçirmək caizdir.
Alimlərin əksəriyyətinə görə, əşyanı tapan şəxs maddi vəziyyətindən asılı olmadan üzərindən bir il keçdikdən sonra bu əşyanı istifadə edə bilər. Allah Rəsulu bu haqda belə buyurmuşdur: “Onu bir il elan et. Əgər əşyanın əlamətlərini deyən birini görsən, bunu ona ver. Əks təqdirdə (bir il tamam olandan sonra) ondan istifadə edə bilərsən.”[21]
Hənəfilərə görə, əgər lüqatanı tapan şəxs zəngindirsə ondan istifadə edə bilməz. Ehtiyacı olan bir fəqirə sədəqə olaraq verə bilər. Bu fəqir onun qohumu, ata-anası, xanımı və ya uşağı da ola bilər. Ancaq malı tapan şəxs kasıbdırsa, ondan sədəqə olaraq özü də faydalana bilər.
Bir il keçdikdən sonra əşya sahibi geri dönərsə, əşya əldədirsə onu olduğu kimi geri qaytarmaq lazımdır. Əgər xərclənibsə, qiymətini ödəmək lazımdır. Sədəqə verilibsə, sahibi geri döndükdən sonra ixtiyar onundur: istəsə sədəqə verməyə razı olub savab qazanar, istəsə də sədəqə verilən şəxsdən yaxud da tapıb sədəqə verən şəxsdən təzminat alar. Onlardan hansından təzminat istəyərsə, o, digərinə baş çəkib bir şey tələb etməz. [22]
Allah Rəsulu bununla bağlı belə buyurmuşdur:“Lüqatanı tapan şəxsə luqatadan heç bir şey halal deyildir. O, bu malı bir il elan etməlidir. Əgər sahibi gələrsə, onu sahibinə geri verməlidir. Sahibi gəlməsə, onu sədəqə olaraq başqasına verə bilər. Əgər sahibi gələrsə, o, savabla (malın sədəqə verilməsinə razı olaraq) malını geri almaq arasında ixtiyar sahibidir.”[23]
Mövcud qanunvericilikdə tapıntılar
Yeri gəlmişkən ölkəmizdə Daxili İşlər Nazirliyinin nəzdində tapıntılar bürosu fəaliyyət göstərir. Yəni tapılan əşya həmin büroya təhvil verilməlidir. Tapılmış əşyalar, adsız və ünvansız sənədlər 1 ay müddətində saxlanılır, həmin müddətdə sahibi aşkar edilmədikdə onlar tarixi, mədəni, maddi və digər dəyərlərindən asılı olaraq aidiyyəti üzrə (xeyriyyə məqsədi və sair) verilməsi üçün müvafiq qərar qəbul olunur. Şəxsi sənədlər (ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsi, hərbi bilet, tələbə bileti və sair) 1 ay müddətində saxlanılır və bu müddətdə sahibi müraciət etmədikdə müvafiq tədbirlər görülür. Tapıntılar bürosunun iş prinsipi ilə maraqlananlar qeyd olunan sayta baxa bilərlər.[24]