Əvvəlki məqalə möminin inandığı həqiqətləri təbliğ edərkən diqqət etməli olduğu mövzulara – həmsöhbəti tanımaq, birlik-bərabərliyi qorumaq və yumşaq danışmaq – haqda idi. Bu məqalə də əvvəlki mövzuların davamıdır.
İlahi rizanı hər şeydən üstün görmək
Peyğəmbər yolunun yolçuları dini təbliğ edərkən hal və davranışlarında mülayim olmalıdırlar. Onlar o qədər həlim xasiyyətli olmalıdırlar ki, onların “atmosferinə” düşən “meteorlar” belə əriməlidir. Onlar İlahi rizanı hər şeydən üstün tutmalı, heç bir halda üsulu (dinin əsas prinsiplərini) metoda qurban verməməlidirlər. İnandıqları dəyərlərə və əsaslara uyğun metodlardan istifadə etməlidirlər.
Bəli, təbliğlə məşğul olan möminlər özlərinə yönələn kobudluq və sərtliyə qarşı mülayim rəftar etsələr, düşmənləri belə bundan təsirlənər. Bu gün olmasa belə, sabah onların yanına gələrək “Sizə qarşı etdiklərimizə görə üzr istəyirik. Sizin haqqınızda səhv qənaətdə olmuşuq.” – deyə bilərlər.
Məqsəd və amalı Allahı, Rəsulunu sevdirmək olan peyğəmbər yolunun varisləri yeri gələndə saçlarını ağardan, qəddlərini bükən, yuxularını qaçıran bəzi hadisələrə belə Haqqın xətri üçün səbir etməyi bacarmalıdırlar.
Bəli, bir möminin bu məqsədlə elədiyi bütün cəhdlər İlahi dərgahda ibadət hökmündədir. Çünki onun etdikləri əslində kamil insan olmaq üçün atılan bir addımdır. Bu da bir mənada pilləkənlə yuxarı çıxmağa bənzəyir. İnanan insan hər pillə qalxdıqca savab qazanır.
Bir mömin inandığı dəyərlərə söz atıldığı təqdirdə çox narahat olar, lakin buna rəğmən davranış və rəftarına nəzarət etməyi bacararsa, Allaha daha da yaxınlaşar.
Qərarlı olmaq
Bəli, dini dəyərlərin tapdanmasını gördüyü halda insani dəyərlərə sadiq qalmaq və başqalarına haqsızlıq etməmək, ən kobud düşüncələr qarşısında belə peyğəmbəranə təmkinlə hərəkət etmək həqiqətən çox çətindir. Sadalananaları bacarmaq üçün əvvəlcə duyğu və düşüncədə peyğəmbər əxlaqı ilə əxlaqlanmaq, onun iradə, əzm və qərarlılığına sahib olmaq lazımdır.
Qurandakı peyğəmbər qissələrində bu nöqteyi-nəzərdən möminlər üçün çox gözəl nümunələr var. Necə ki, bütün peyğəmbərlər qövmləri tərəfindən müəyyən təzyiq və işgəncələrə məruz qalmışdılar. Ancaq bunlara rəğmən xarakterlərini dəyişməmiş, inandıqları məfkurədən üz döndərməmişdilər. Qövmləri ilə dialoqlarından anlayırıq ki, onların hərəsi ayrı metod qəhrəmanıdır. Məsələn: Quranda həzrət Nuhun 950 il təbliğlə məşğul olduğu bildirilir.[1] Həzrət Nuh təbliğ edərkən dəfələrlə təzyiq və təhqirlərlə qarşılaşmış, hətta döyülmüşdür. Ancaq qövmünün rəftarına əsəbiləşməmiş, qərarlılığını və üslubunu pozmadan yoluna davam etmişdir. Onun yorulmaq bilməyən təbliğ fəaliyyətlərinə rəğmən inanmaq istəməyənlərin inadkarlıqları nəticədə Qeyrətullaha toxunmuşdur və inanmayanlar suda boğularaq həlak olmuşlar.
Bəli, edilən zülm və haqsızlıqlar müəyyən səviyyəyə çatanda Qeyrətullaha toxunar. Bundan sonra olanları da Allah bağışlamaz. Qövmünün inkar və inadkarlığı Qeyrətullaha toxunandan sonra Allah həzrət Nuha gəmi düzəltməyi əmr etmişdir. Qövmündən bəzi insanlar gəmi düzəldərkən belə həzrət Nuhu rahat buraxmamış və onu ələ salmışlar. Quran onları belə təsvir edir: “(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq. Siz rüsvayedici əzabın kimə gələcəyini və daimi əzabın kimə üz verəcəyini mütləq biləcəksiniz.”[2]
Səbir etmək və bağışlamaq fəzilətdir
Quranda buyurulur: “(Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə qədərə ziyan verilibsə, siz də (ona) ona görə cəza verin.”[3]Ayənin ardı belədir: “Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.”
Mömin də qarşılaşdığı hər hansı təzyiq, kodub rəftar və işgəncəyə eynilə qarşılıq verməməli, dişini sıxıb səbir etməyi bacarmalı, atacağı hər addımın nəticəsini çox yaxşı götür-qoy etməli və ən doğru davranış nədirsə, onu sərgiləməlidir. Belə edərsə, Qurana görə xeyirli olanı etmiş olar. Yəni bir mənada Qurandakı “siz də ona eynilə cəza verin” hökmünün zəif iradəli insanlar üçün olduğunu unutmamaq lazımdır. Çünki ayənin davamında səbir etmək tövsiyə edilmişdir ki, bu, cəza verməkdən üstündür. Bu səbəbdən möminlər peyğəmbərlər kimi səbir etməyi öyrənməlidirlər. Doğrudur, artıq vəhy qapısı bağlanıb. Bundan sonra heç kim peyğəmbər ola bilməz. Ancaq hər mömin peyğəmbər əxlaqı ilə əxlaqlana, onların ali məziyyətlərinə sahib ola bilər.
Müsibəti böyütməmək…
Bəzi insanların metod və üslubda buraxdıqları səhvlər daha ağır nəticələrə səbəb ola bilər. Bu insanlarla xüsusi metodla rəftar etmək lazımdır. Metodda səhv edən insanlara: “Sənin ucbatından bunlar baş verdi. Sən elə deməsəydin və ya belə etməsəydin bunlar olmazdı.” – demək doğru deyil. Çünki kimisə günahlandıran cümlələr mövcud vəziyyəti daha da çətinləşdirə bilər.
Dini təbliğ edən bəzi möminlər metodda səhv edə bilərlər. Bu səhv dinin əsasları ilə də əlaqəli ola bilər. Mömin həmin səhvdən ibrət götürməli, onu yenidən təkrarlamamalıdır. Əks halda bir səhv ucbatından insanları günahlandırsa, onlar uzaqlaşar və dostlarını itirər. Beləcə mənəvi gücü də azalar.
Bu yerdə Uhudda baş verənlərlə əlaqəli nazil olan ayələr və Rəsulullahın (s.a.s.) mövqeyini xatırlamaq yerinə düşər. Məlumdur ki, Rəsulullah (s.a.s.) Oxçular təpəsinə yerləşdirdiyi səhabələrə oradan ayrılmamağı tapşırmışdı. Onlar əmrə tabe olmağın vacibliyini tam dərk edə bilmədiklərinə görə düşmən ordusu dağılmağa başlayanda döyüşün qurtardığını zənn etmiş və yerlərindən ayrılmışdılar. Qarşı tərəfin süvari (atlı) dəstəsi bu boşluğu görərək İslam ordusuna arxadan hücum etmişdi. Beləcə yetmiş səhabə şəhid olmuş, bir çox səhabə yaralanmış hətta Rəsulullahın (s.a.s.) da üzü zədələnmiş və dişi qırılmışdı.
Bunları oxuyan hər insanın ağlına bir fikir gələ, kimlərisə günahlandırmaq istəyə bilər. Çünki həqiqətən başqalarını günahlandırmağa səbəb olacaq hadisələr yaşanıb. Səhabələr də: “bütün bunlar filankəs ucbatından oldu.” – deyə bilərdilər. Başda Rəsulullah (s.a.s.) da və döyüşdə mətanət göstərən səhabələr yerindən ayrılan, cəng meydanından uzaqlaşanlara görə gileylənə, onları qınaya və nəticədə ortalıq qarışa bilərdi. Müsibət ikiləşər, Uhudda daha böyük fəlakətlər yaşanardı. Ancaq Uca Allah nazil elədiyi ayələrlə baş verəcək bütün ehtimallara mane olmuşdur:
“(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!”[4]
Ayədə Uca Allah əvvəlcə Rəsulullahın (s.a.s.) yumşaq rəftarına və mərhəmətinə diqqət çəkir. Ardınca isə “Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.” buyurur. Bir tərəfdən yumşaq rəftarın önəmini, digər tərəfdən də kobudluq və şiddətin mənfi nəticələrini bildirir. Bununla yetinməyərək Rəsulullaha səhabələri bağışlamağı və onların səhvlərini görməzdən gəlməyi, onlar üçün bağışlanma diləməyi əmr edir. Ardınca da deyir ki: Onlarla məsləhətləş! Yəni məşvərətlə Uhuda gedən Rəsulullaha (s.a.s.) əmr edir ki, baş verənlərə rəğmən onları bir yerə toplasın və yenə məsləhətləşsin.
Əslində Allah bu ayə ilə möminlərə çox gözəl metod öyrədir. Bəzilərinin elədiyi səhvlərlə qarşılaşan möminlərin necə hərəkət edəcəyini göstərir. Həm də öyrədir ki, ərtafdakı insanları günahlandırmaq vəziyyəti daha da ağırlaşdırar.
Duaya sığınmaq
Bu, bəlkə də ən vacib xüsuslardan biridir. Əgər mömin kimlərinsə inandığı dəyərlərlə tanış olmasını və haqq yola gəlməsini istəyirsə, əvvəlcə bunu Allahdan diləməlidir. Əgər onlar üçün bir neçə dəfə gecə ibadətinə qalxmır, səcdəyə qapanaraq “Ey Rəbbim! Sənə əl açıram! Filankəslərə hidayət nəsib eylə!” demirsə, deməli təbliğində səmimi deyil. Uca Allah Quranda belə buyurur:
“(Allah) onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin…”[5]
Qəlblər Allahın əlindədir. Qəlblərə hidayət nəsib edən Odur. Mömin də sadəcə sözlə dua etməklə kifayətlənməməli, istənilən şeylərin gerçəkləşməsi üçün insan olaraq əlindən gələn edilməlidir.
Xülasə, İslamı təbliğ edərkən möminlərin istifadə edəcəyi metod çox önəmlidir. Metodun dinin əslindən olan şeylərə zərər verməməsi üçün diqqətli olmaq, ağıl və məntiqə müraciət etmək, səmimi qəlblə Allaha yönəlmək, Ona sığınmaq, Onun yardım və inayətini istəmək lazımdır. Üsulu metoda qurban vermək olmaz. Bu məqsədlə dua edərkən: “Allahım! İnsanlara Səndən və Rəsulundan danışmaq istəyirəm. Genişlət köksümü, asanlaşdır işimi, aç dilimdəki düyünü. Ta ki anlasınlar sözümü![6]” – demək məsləhətdir.