3. 229 dəfə oxunub ,   0 şərh   Çap et

 Tədili-ərkan

“Tədili-ərkan” namazın bütün rüknlərini düzgün, tam yerinə yetirmək deməkdir. Yəni namazda rüku, rükudan sonra qiyam (ayaq üstə dayanma), səcdə və iki səcdə arası oturuşu layiqincə, tam şəkildə və yerli-yerində etməyə tədili-ərkan deyilir. Bu sözün əvəzinə “etidal” və “itminan” sözləri də işlədilir.

Tədili-ərkana əməl etmək üçün qiyam, rüku, səcdə və oturuşlar arasında bir müddət hərəkətsiz qalmaq şərtdir.

Tədili-ərkanın necə olmalıdır?

Tədili-ərkanın ölçüsü namazın rüknləri arasında (rükudan qalxıb ayaq üstə durarkən və iki səcdə arası və s. kimi) “sübhənallah” deyəcək qədər dayanmaqdır.[1] Məsələn, rükudan qalxdıqdan sonra ayaq üstə dayanıb ən azı “sübhənallah” deyəcək qədər gözləmək və daha sonra səcdəyə getmək, səcdələr arasında da ən azı “sübhənallah” deyəcək qədər oturmaq lazımdır. Bu da vaxt baxımından bir-neçə saniyə deməkdir. Namazın rüknlərində və rüknləri arasında ən az bir təsbeh miqdarı, yəni “sübhanallah” deyiləcək qədər gözləmək hökm olaraq vacibdir. Yəni əyilərkən, qalxarkən, oturarkən bütün əzalar rahat olmalı, sonra təsbeh, zikir və dualar oxunmalıdır.

Əfsus ki, bəzi insanların namaza başlaması ilə rüku etməsi, belini dikəltmədən səcdəyə getməsi, birinci səcdədən qalxmadan ikinci səcdəni etməsi bir olur. Halbuki, qiyamda, qiraətdə, rükuda, səcdədə, oturuşda və bunların arasında olan rüknlərdə tədili-ərkana riayət etmək şərtdir. Əks halda namazı düzgün qılmış sayılmarıq. Rəsulullah (s.ə.s) xoruzun dən yeməsi kimi namaz qılmağı qadağan etmişdir.[2] Bundan əlavə hədislərdə: “Rüku və səcdələri tamamlayın”,[3] “Rüku və səcdələri gözəl edin”,[4] “Rüku və səcdələrdə belinizi (tam olaraq) dikəltməsəniz, namazınız tam olmaz”,[5] − buyurmuşdur.

Tədili-ərkan haqqında bəzi hədislər:

“Bir gün Allah Rəsulu (s.ə.s) məscidə girdi. Bu əsnada başqa bir nəfər də məscidə gəlib tədili-ərkana riayət etmədən namaz qıldı. Sonra Peyğəmbərimizin (s.ə.s) hüzuruna yaxınlaşıb salam verdi. Rəsuli-Əkrəm: “Qayıt, namazını qıl, çünki sən namaz qılmadın,” – buyurdu. Bu hadisə üç dəfə təkrar olundu və üçüncüdə həmin adam: “Ya Rəsulallah! Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, bundan yaxşı qıla bilmirəm, mənə doğru namaz qılmağı öyrət,” – dedi. Peyğəmbərimiz də: “…Namaza başlarkən təkbir gətir. Sonra Qurandan sənə asan gələn bir surə (ayə) oxu, sonra bədənin sükunət tapana qədər rükuda dayan, sonra rükudan qalxıb ayaq üstə dayanaraq belini tam dikəlt, ardınca səcdəyə get, bədənin sükunət tapana qədər səcdədə qal və sonra başını qaldırıb belini dikəlt (otur) və bütün rükətlərdə buna riayət et,” – buyurdu.[6]

“Rəsulullah qiyamda dik durardı. Rükuda başını nə yuxarı, nə də aşağı edərdi. Rükudan qalxanda tam dik durmadan səcdəyə getməzdi. Başını səcdədən qaldırandan sonra tam oturmadan səcdə etməzdi.”[7]

“Rəsulullah namaz qılarkən rüku və səcdələrdə üç dəfə “sübhanallahi va bihəmdihi” deyəcək qədər dayanardı.”[8]

“Rəsulullah namazda “səmi Allahu limən həmidəh” deyib rükudan qalxandan sonra (o qədər gözləyərdi ki) səcdəyə getməyi unutduğunu düşünərdik. Sonra səcdəyə gedərdi. İki səcdə arasında da eyni şəkildə gözlərdi.”[9]

“Rəsulullahın qiyamı, rükusu, rükudan sonra ayaq üstə gözləməsi, səcdəsi, iki səcdə arasında oturuşu və təşəhhüddəki oturuşu demək olar ki, eyni uzunluqda idi.”[10]

Tədili-ərkanın hökmü

“Namazı iqamə etmək” ifadəsi Qurani-Kərimdə müxtəlif formalarda 50-dən çox ayədə işlənir.[11][12] Namazı iqamə etmək namazı tədili-ərkana uyğun qılmaq deməkdir. Yəni namazın qiyam, rüku, səcdə kimi rüknlərini yerli-yerində, doğru-düzgün, təmkinlə, aramla, layiqincə yerinə yetirmək və bir mənada dinin dirəyini etina ilə dikəldib yerinə qoymaqdır.

Uca Allah Quranda, Peyğəmbərimiz (s.ə.s) də hədislərində namazların layiqincə qılınmasını xüsusi vurğulamışdır. Quran namaz qılmaqdan bəhs edərkən “namaz qılmaq” mənasını verən “sallə” əvəzinə “əqamə” felini işlədir ki, bu sözün bir mənası da bir işi “layiqincə yerinə yetirmək” deməkdir.

Alimlərə görə, tədili-ərkanın hökmü belədir:

İmam Malik, İmam Şafei, Əhməd ibn Hənbəl, İmam Əbu Yusif, İmam Cəfər kimi əksər fiqh alimlərinə görə tədili-ərkan fərzdir. İmam Əbu Hənifə və tələbəsi İmam Məhəmmədə görə isə tədili-ərkan vacibdir.[13]

Tədili-ərkanın fərz olduğunu söyləyən alimlərə görə, buna riayət etməmək namazı batil edir və belə hallarda namazı tədili-ərkana riayət edərək yenidən qılmaq lazımdır.[14] Tədili-ərkanın vacib olduğunu deyənlərə görə isə, tədili-ərkan yerinə yetirilmədikdə səhv səcdəsi edilməlidir.

Bəzi Hənəfi alimlərinə görə, rüku və səcdələrdə tədili-ərkana riayət edilmədikdə namaz yenidən tədili ərkanla qılınmalıdır. Digər hənəfilərə görə, tədili-ərkana səhvən (unudaraq) riayət edilməzsə, səhv səcdəsi edilməlidir; bilərəkdən yerinə yetirilməzsə, namaz təzədən qılınmalıdır.[15]

Namazda tədili-ərkana əməl etməməyin zərərləri

Namazın tez-tələsik qılınması qiyam, rüku, qavmə, səcdə və cəlsə kimi rüknlərin nöqsanlı olmasına, başqa sözlə, tədili-ərkanın pozulmasına gətirib çıxarır. Belə bir namazı üsuluna uyğun qılınmadığına  görə tədili-ərkanla təkrar qılmaq lazım gəlir.

Allahın əmrini yerinə yetirmək və Onun rizasını qazanmaq niyyəti ilə qılınan namaz üsul və ərkanına əməl edilmədiyi təqdirdə nəticəsiz və faydasız hərəkətlərə çevrilir. Üstəlik borc kimi sahibinin üstündə qalır. Bu haqda hədisdə belə buyurulur: “Xüşu ilə qılınmayan, rüku və səcdələri tam yerinə yetirilməyən namaz (axirətdə) qatı qaranlıq halında peyda olacaq və sahibinə “Məni hədər etdiyin kimi Allah da səni hədər etsin” deyəcək. Allahın dilədiyi vaxt gələndə bu cür qılınan namazlar köhnəlmiş paltarlar kimi bükülüb sahibinin üzünə çırpılacaq“.[16]

Tələm-tələsik və sürətlə qılınan namaz ancaq şeytanı sevindirir. “Təənni (təmkin və aramla) hərəkət etmək Rəhmandan, tələsmək isə şeytandandır”[17] hədisi bu həqiqəti əks etdirir. Belə ki, şeytan həzrət Adəmə səcdə etməkdən boyun qaçırmaqla Allahın əmrinə itaət etmədiyi kimi, insanların da səcdə və namazdan uzaq olmasını istəyir. Hətta bütün gücünü sərf edib namazlı, niyazlı insanları ibadətdən uzaqlaşdırmağa, soyutmağa çalışır. Buna gücü çatmayanda da namazdakı xüşuya, hüzura, üsul və ərkana xətər yetirməyə cəhd göstərir. Allah Rəsulu bir hədisdə xəbər verir: “Şeytan azan və iqamə oxunarkən eşitmədiyi yerə qədər qaçıb uzaqlaşır. Sonra geri qayıdır və namaz qılanla qəlbi arasına girir. “Filan şeyi xatırla, filan şeyi düşün” deyərək onu əvvəllər ağlına gəlməyən şeylərlə vəsvəsəyə salır. İş o yerə çatır ki, şeytana uyan adam neçə rükət qıldığını (və ya nə oxuduğunu) belə unudur”.[18]

Tələm-tələsik qılınan namazda rüknlər nöqsanlı olur. Hətta bundan da betəri namazdan oğurluq edilir. Belə ki, Allah Rəsulu: “Ən pis oğurluq namazdan oğurlamaqdır,” – buyurmuş, səhabələr də “Ey Allahın Rəsulu, namazdan necə oğurluq edilir ki?” – deyə soruşmuşdular. Rəsulullah: “Rüku və səcdələri tam yerinə yetirməməklə!” – cavabını vermişdi.[19]

Başqa bir hədisində belə buyurur: “İnsan var, namazını qılar, namazın savabının onda birini qazanar. İnsan var, doqquzda birini, səkkizdə birini, yeddidə birini, altıda birini, beşdə birini, dörddə birini, üçdə birini, yaxud yarısını qazanar”.[20]

Tədili-ərkana riayətlə qılınan namazla əməl edilmədən qılınan namaz arasında çox deyil, bir neçə dəqiqəlik zaman fərqi var. O halda ibadətin məqbul olması üçün hər bir namaza bir neçə dəqiqə daha çox vaxt ayrılmalıdır. Rüknlər düzgün şəkildə, etidal və aramla yerinə yetirilməlidir. Hər bir rükətə ən az bir dəqiqə vaxt ayrılmalıdır.

[1] Tahtavi, “Haşiyə ala mərakil-fəlah”, s. 201.
[2] Əhməd ibn Hənbəl, Müsnəd, II, 265.
[3] Buxari, “Eyman”, 3.
[4] Əhməd ibn Hənbəl, Müsnəd, II, 234.
[5]. Əbu Davud, “Səlat”, 148; Tirmizi, “Səlat”,196.
[6]. Buxari, “Eyman”, 15; Əbu Davud, “Səlat”, 148.
[7] Buxari, “Əzan”, 122.
[8] Əbu Davud, “Salət”, 154.
[9] Buxari, “Əzan”, 127; Müslim, “Salət”, 196.
[10] Müslim, “Salət”, 193.
[11] Namazın iqamə edilməsi ilə bağlı digər ayələr üçün bax: “Bəqərə” surəsi, 83, 110, 277; “Nisa” surəsi, 77, 102, 103; “Maidə” surəsi, 12, 55; “Ənam” surəsi, 72; “Ənfal” surəsi, 3,72; “Əraf” surəsi, 170; “Tövbə” surəsi, 5,11,71; “Yunus” surəsi, 87, 105; “Hud” surəsi, 114; “Rad” surəsi, 22; “İbrahim” surəsi, 31,37; “Taha” surəsi, 14; “Həcc” surəsi, 41,78; “Nur” surəsi, 56; “Nəml” surəsi, 3; “Ənkəbut” surəsi, 45; “Rum” surəsi, 31; “Loğman” surəsi, 4,17; “Əhzab” surəsi, 33; “Fatir” surəsi, 18,29; “Şura” surəsi, 38; “Mücadilə” surəsi, 13; “Müzəmmil” surəsi, 20; “Bəyyinə” surəsi, 5.
[13] İbn Abidin, Rəddül-muxtar, I, 465
[14]. Əli əl-Qari, Risalə fil-has ala tədilil-ərkan fis-səlat.  vr. 127b,128a.
[15]. Əli əl-Qari, e.ə. 128a, 130a-b.
[16] Təbərani, “Əl-mücəmül-övsat”, 7/183
[17] Tirmizi, “Birr”, 66.
[18] Buxari, “Səhv” 6; Müslim, “Səlat” 19
[19] Muvatta, “Qasrus-səlat”
[20] Əbu Davud, “Səlat”, 128

 




Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

hacet
“Dəli”nin namazı

“Dəli”nin namazı

Beş vaxt namazın əhəmiyyəti

Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.

Təravih namazı neçə rükətdir

Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.


Şərh yaz