77. 837 dəfə oxunub ,   0 şərh   Çap et

Təhəccüd sözü “yatıb oyanmaq” deməkdir. Termin olaraq isə, gecə yuxudan qalxaraq qılınan namaza deyilir. Təhəccüd feili “təfaul” babındandır. Feilin “təfaul” babı məşəqqət bildirir. Yəni təhəccüd çətinliklə, məşəqqətlə yuxudan oyanmaq deməkdir. Yatsı namazından sonra yatmadan və ya bir az yatıb oyanandan sonra qılınan namaza ümumi mənada “gecə namazı (salətul-leyl)” deyilir. Bir qədər yatandan sonra gecə yarısından imsaq vaxtına qədər qılınan gecə namazı isə təhəccüd adlanır. Təhəccüd namazını iki rükət də qılmaq olar, səkkiz rükət də. İki rükətdə bir salam verərək qılmaq daha fəzilətlidir.

Qurani-Kərimdə təhəccüd namazı ilə əlaqəli belə buyurulur:

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسٰى أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl ki, Rəbbin səni (bununla) bəyənilib təriflənən bir məqama göndərsin.”[1]

Təhəccüd namazına möminləri təşviq edən müxtəlif ayə və hədislər mövcuddur. Allah-Təala belə buyurur: “(Ya Peyğəmbər!) həqiqətən Rəbbin bilir ki, sən (yatağından) qalxıb bəzən gecənin təqribən üçdə ikisini, bəzən yarısını bəzən də üçdə birini namaz qılırsan. Səninlə birlikdə olan bir zümrə (yaxın səhabən) də belədir.”[2] Haqq-Təala başqa ayələrdə gecə namazına qalxanları belə tərif edir: “Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən sərf edərlər.”[3]“Rəhmanın əsil bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər.”[4] Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.”[5] Başqa bir ayədə də təqva əhlinin Allaha səhər vaxtı istiğfar edənlər olduğu bildirilir.[6]  Təhəccüd namazını səhər namazının vaxtına qədər qılmaq olar. Səhər namazının vaxtı girdikdən sonra sübh namazının sünnəsindən başqa nafilə namaz qılmaq məkruhdur.

Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Gecə namazına davam edin! Çünki gecə namazı qılmaq sizdən öncəki saleh bəndələrin adəti, Rəbbinizə yaxınlaşmağın bir yolu, xətaları örtən və insanı günahlardan uzaqlaşdıran bir vasitədir”.[7]

Başqa bir hədisdə isə fərz namazından sonra ən fəzilətli namazın gecə namazı olduğu bildirilir.[8]

Həzrəti Aişə (r. anha) nəql edir: “Peyğəmbərimiz (s.ə.s.) gecələr ayaqları şişənə qədər namaz qılardı. Ondan: “Ey Allahın Rəsulu, Allah Sənin keçmiş vəgələcək günahlarını bağışladığı halda, niyə bu qədər ibadət edirsən?” – deyə soruşdum. Buyurdu ki, “Yəni mən çox şükür edən bir bəndə olmağı arzu etməyim? Üstəlik Allah bu gecə “Ali-İmran” surəsinin son on ayəsini nazil etdi” − deyərək sözünə belə davam etdi,  – “Bu ayələri oxuyub və ya iki çənəsi arasında gəvələyib (səsləndirib) mahiyyətini düşünməyənlərin vay halına”.[9]

Abdullah ibn Abbas (r.a.) xalası və Allah Rəsulunun (s.ə.s.) xanımı Meymunə anamızın (r.a.) evində qonaq qalarkən Rəsulullahın (s.ə.s.) gecə ibadətini görmüş və belə tərif etmişdir: “Rəsulullah (s.ə.s) gecənin son üçdə birində qalxdı, göyə baxaraq “Ali-İmran” surəsinin son on ayəsini oxudu, sonra dəstəmaz alaraq namaz qıldı. Mən də onun elədiyini etdim. Ağladı. İki-iki on iki rükət və bir rükət də vitr olmaqla on üç rükət namaz qıldı. Bilal sübh namazına azan oxuyandayenə iki rükət namaz qıldı. Sonra camaata sübh namazını qıldırdı”.[10] Başqa bir rəvayətdə gecə yarısı və ya bir az əvvəl qalxdığı, Ali-İmran surəsinin son on ayəsini oxuduğu, dəstəmaz alıb on üç rükət namaz qıldıqdan sonra müəzzinin səsi gələnə qədər yatağa uzandığı nəql olunur.11

Rəsulullah (s.ə.s.) bir hədisində belə buyurur: “Rəbbimiz hər gecənin son üçdə biri dünya səmasına təcəlli edir və “Mənə dua edin, duanızı qəbul edim, bir şey istəyin verim, bağışlanma diləyin əfv edim…” buyurur. [11]

Hz. Cabir (r.a.) nəql edir: “Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu eşitdim: “Gecələrdə elə bir gizli vaxt var ki, bir müsəlman həmin vaxt Allahdan dün­ya və axirətə dair xeyirli bir şey diləsə, Uca Allah onun ar­zusunu mütləq yerinə yetirər. Bu lütf hər gecəyə aiddir”. [12]

Hər namaz insanın axirət dünyasının bir parçasını işıqlandırmağa xidmət edir. Təhəccüd də bərzəxin, yəni qəbirdə keçən həyatın çırağıdır. Gecələrini təhəccüd “fənəri” ilə gündüzə döndərənlərin bərzəx həyatı da çıraqban olar. Təhəccüd bərzəx qaranlığını dağıdan bir məşəl və insanı bərzəx əzabından qoruyan bir sipərdir.

Abdullah ibn Ömər (r.a.) nəql edir ki, insanlar yuxu görür və yuxuda gördüklərini Rəsulullaha (s.ə.s) danışırdılar. Öz-özümə “kaş ki, bərzəx aləminin qapıları aralansa və mən də yuxu görsəydim, gördüklərimi Rəsulullaha (s.ə.s) danışa bilsəydim, O da bunları yozsaydı” deyə düşünürdüm. Bir gün yuxuda iki qorxunc adamın qollarımdan tutaraq məni dərin, alovlu bir quyunun başına gətirdiklərini gördüm. Buranın cəhənnəm olduğunu anladım və çox qorxdum. Allaha sığınaraq yalvarmağa başladım. Quyuya atılmaq qorxusu ilə tir-tir titrəyərkən birdən: “Nigaran olma, sənin üçün qorxulu bir şey yoxdur, sən ora girməyəcəksən”, – sözlərini eşitdim. Oyanandan sonra yuxumu bacım Hafsaya danışdım. Yuxunun yozumunu Rəsulullahdan (s.ə.s.) soruşmasını xahiş etdim. Allah Rəsulu (s.ə.s) ona: “İbn Ömər nə gözəl insandır, kaş ki təhəccüd namazını da qılaydı!” – buyurdu.[13] Allah, Abdullah ibn Ömərə yuxusunda cəhənnəmə aid bir bərzəx mənzərəsini göstərmiş və hazırlıq görsün deyə yuxuda xəbərdarlıq etmişdi.

Təhəccüd kimi digər nafilə ibadətlər də fərz namazlardan qalan nöqsan və çatışmazlıqları tamamlayır. Başqa sözlə, Allah bəndələrinin fərz ibadətlərinin boşluqlarını nafilələrlə doldurur.

Hədisdə bildirilir ki, “Ramazan orucundan sonra ən fəzilətli oruc Allahın ayı sayılan məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan sonra ən fəzilətli namaz isə gecə qılınan namazdır.14

Bir hədisi-şərifdə deyilir ki, axirətdə ilk olaraq namaz soruşulacaq. Allah-Təala: “Bəndəmin  namazı tamdır?” – deyə sual verəcək. “Tamdır,” – deyilsə, “Onda keçsin,” – buyuracaq. Əgər: “Namazları yarımçıqdır, qüsurludur,” – deyilsə, “Nafilələri varmı?” – deyə soruşacaq. “Var,” – cavabı gəlsə, “Nafilələri çatışmayan fərzlərin yerinə qoyun,” – buyuracaq.[14]  Beləcə, ilahi rəhmətin bir əsəri olaraq nafilələr fərzlərin kəm-kəsirini düzəldəcək.

Sözün qısası, namazların fərzini, nafiləsini layiqincə qılmaq və ya qılmağa çalışmaq, bu dünyada vəzifələri yerinə yetirmək ölümlə başlayan o biri aləmin Cənnətə uzanan yolunda insana sadiq yol yoldaşı və şəfaətçi olacaq. Qəbrin dar məhbəsində işıq görmək istəyənlər ən azından həftədə bir neçə dəfə təhəccüd namazı qılmağa çalışmalıdır.

Bunun üçün də insan bir az iradəsinin haqqını verərək addım atmalıdır.

Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

“Siz gecə yatarkən şeytan boynunuzun ardına üç düyün vurur. Hər düyünü vurduqca: “Qabaqda uzun gecə var, yat, yuxula, kefinə bax!” – deyir. Buna baxmayaraq, siz oyanıb (bismillah, təsbeh, təhlil və s. deyərək) Allahın adını ansanız, düyünlərin biri açılar. Dəstəmaz alanda bir düyün də açılar. Üstəlik namaz qılsanız, şeytanın bütün düyünləri açılar və beləliklə, şeytana qalib gəlmiş bir təhəccüd qəhrəmanı olaraq gümrah və xoş əhvali-ruhiyyə ilə sabaha çıxarsınız. Əks təqdirdə isə, əzgin və tənbəl əhvali-ruhiyyə ilə oyanarsınız”.[15]

Təhəccüd vaxtı “Seyyidul-istiğfar” adlanan bu duanı oxumaq məndubdur:

أللَّهُمَّ أنْتَ رَبِّي لَا اِلهَ إلَّا أنْتَ خَلَقْتَنِي وَأنَا عَبْدُكَ وَأنَا عَلىَ عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ. أعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَىَّ وَأبُوءُ بِذَنْبِي

فَاغْفِرْ لِي فَإنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إلَّا أنْتَ.

“Allahummə əntə Rabbi lə iləhə illə əntə. Xaləqtəni və ənə abdukə və ənə alə ahdikə və vədikə məstətatu. Əuzu bikə min şərri mə sanətu, əbuu ləkə bi nimətikə aleyyə və əbuu bizənbi, fəğfirli, fə innəhu lə yağfiruz-zunubə illə əntə.”

Mənası: “Allahım sən mənim Rəbbimsən, səndən başqa ilah yoxdur, məni Sən yaratın, mən Sənin qulunam, gücüm çatdığı qədər Sənə verdiyim söz və əhdimi yerinə yetirirəm. Əməllərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətləri təsdiq, günahları isə etiraf edirəm. Məni bağışla, Səndən başqa günahları bağışlayacaq heç kimsə yoxdur.”[16]

Peyğəmbərimizin (s.ə.s) təhəccüdü

Hz. Huzeyfə (r.a.) nəql edir:

“Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılırdıq. “Bəqərə” surəsini oxumağa başladı. Öz-özümə: “Hər halda yüz ayə oxuyub rüku edər,” – deyə düşündüm. Lakin yüz ayəyə çatanda rüku etməyib qiraətə davam elədi. Bu dəfə mən: “Hər halda bu surəni iki rükətə bölüb oxuyacaq,” – deyə fikirləşdim, amma qiraətə davam elədi. Artıq: “Hər halda bu surəni oxuyub rüku edər,” – dedim, amma etmədi. Arxasınca “Nisa” surəsini başda-ayağa oxudu. Sonra “Ali-İmran” surəsinə başladı, onu  da oxudu. Ağır-ağır tərtil üzrə oxuyur, təsbeh ifadəsi keçən ayəyə çatanda Allahı təsbeh edir, arzu və istək ifadəsi olan ayəni oxuyanda da Allaha niyaz edir, sığınmaqla bağlı br ayəyə çatanda da Allaha sığınırdı. Bu uzun qiyam və qiraətdən sonra nəhayət rükuya getdi. “Subhanə rabbiyəl-azim (Uca Rəbbimi hər cür nöqsan sifətlərdən tənzih və təqdis edirəm),” – deyə təsbeh etməyə başladı. Rükusu da qiyamı qədər uzun oldu. Sonra: “Səmiallahu limən hamidəh, rabbəna ləkəl həmd (Allah Ona şükür edəni eşidir. Bütün həmdlər əzəldən əbədə qədər yalnız Sənə məxsusdur, ey Rəbbimiz!),” – dedi və rükuda qaldığı müddətə yaxın ayaq üstə durdu. Sonra səcdəyə vardı və “Subhanə rəbbiyəl-alə (Mən Uca Rəbbimi Ona hər cür nöqsan sifətdən tənzih və təqdis edirəm),” – deyə təsbeh etdi. Səcdəsi də haradasa ayaq üstə durduğu qədər uzun çəkdi”. [17]

İbn Məsud (r.a.) nəql edir: “Bir gecə Peyğəmbərimizlə (s.ə.s.) birlikdə namaz qılmağa başladım. Qiyamda (namazda ayaq üstə) o qədər dayandı ki, az qala pis bir şey edəcəkdim”. Ondan: “Nə etməyi düşünürdün?” – deyə soruşanlara bu cavabı verdi: “Yerə oturub Onu namazda tək qoymağı düşünmüşdüm”[18].

Təhəccüdə qalxa bilmədikdə

Həzrəti Ömər (r.a.)  Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql etmişdir:

“Kim yatıb qaldığına görə hər gecə müntəzəm yerinə yetirdiyi hizbinin hamısını (namaz, zikr və təsbeh kimi ibadətləri), yaxud bir qismini edə bilməyib, sübh namazı ilə günorta namazı arasında edərsə, gecə yerinə yetirmiş kimi savab qazanar”.[19]

Ailə fərdlərini təşviq etmək

Əbu Hüreyrənin (r.a.) nəql etdiyinə görə, Allah Rəsulu (s.ə.s.) buyurmuşdur:

“Allah gecə qalxıb namaz qılan, zövcəsini yuxudan oyadan, qalxmazsa, üzünə su səpib qaldırmağa çalışan kişiyə mərhəmət etsin. Yenə gecə qalxıb namaz qılan, ərini də oyadan, qalxmazsa, üzünə su səpib oyatmağa çalışan qadına da Allah mərhəmət etsin (mərhəməti ilə müamilə etsin)”.[20]

Təhəccüd insanın zəruri ehtiyacı olan yuxunu Allah üçün tərk etməsi, isti yatağından qalxıb Onun hüzurunda dayanmasıdır. İnsan bunu etməklə lazım gəlsə, ən çox sevdiyi şeyləri belə Allah üçün fəda edəcəyini göstərir.

Gecə ibadəti bir növ ertəsi günə mənəvi hazırlıqdır. Namaz, dua, zikr, təsbeh – hamısı gecə ibadəti sayılır. O səssiz anlarda İlahi lütfün səmada sayrışdığı vaxtlarda qəlblərə kim bilir nə ilhamlar saçılır.

Təhəccüd vaxtı oxunan kitab başqa vaxtlara nisbətən daha yaxşı yadda qalır. Çünki digər vaxtlarda fikri cəmləmək çətindir. Belə ki, ilahi məltəmlərin başımız üzərində dolaşdığı bu qüdsi vaxtda, az çalışmaqla çox şey öyrənmək mümkündür. Gecənin bu vaxtı həm də zühur anlarıdır. Yeni günün gətirəcəkləri həmin saatlarda ortaya çıxır. Bu qüdsi anları əməl dəftərinə həkk etdirmək Haqq yolçularının şüarı olmalıdır.

Təhəccüdü olmayanın təcəhhüdü olmaz!” “Təcəhhüd” cəhd etmək deməkdir.  Gecə bir-iki saatlıq olsa da qalxıb Rəbbimizə yalvarıb-yaxarmır, dua və niyaz etmiriksə, Ümməti-Muhammədə  (s.ə.s.) nə faydamız dəyər?!

Mömin “gündüz çox iş görməliyəm” deyərək gecə ibadətini tərk etməz, etməməlidir də. Bəli, imanla dolu könül iki rükət namazla da olsa, mütləq gecəni əhya etməlidir. Əslində gecə oyanıb 10-15 dəqiqə təhəccüd namazına və duaya vaxt ayıran insanın gündüz gördüyü işlər də bərəkətlənər. Çünki o gecəni ibadətlə keçirib.

Mələklər gecə ibadəti edənləri alqışlayar. Həmin vaxt edilən dua, digər vaxtlarda edilən dualardan üstündür. Gecəyə dərin səssizlik çökdüyü bir vaxtda alını səcdəyə qoymaq, Rəbbin hüzurunda iki büklüm olmaq, iki damla gözyaşı tökmək başqa vaxtlarda edilən ibadətlərlə müqayisəyə gəlməz. Gün ərzində görəcəyimiz işləri planını qurarkən gecə ibadətini də əsla unutmamalıyıq.

Ey didə[21]nədir yuxu, gəl oyan gecələrdə,
Kövkəblərin[22] et seyrini seyran gecələrdə.

Bax heyəti-aləmdə bu hikmətləri seyr et!
Bul Saniini[23] ol Ona heyran gecələrdə

Çün gündüz olarsan necə əğyar ilə qafil
Qoy qəfləti dildardan[24], utan gecələrdə

Qəflətlə uyumaq nə rəva əbdi-həqirə
Şəfqətlə nida eyləyə Rəhman gecələrdə

Dil beyti-Xüdadır,onu pak eylə sivadan[25]
Qəsrinə nüzul eylər O sultan gecələrdə

Az ye, az uyu, heyrətə var, fani ol ondan,
Bul canı, bəqa ol, ona mehman gecələrdə.

İsmayıl Haqqı


[1] İsra, 17/79.
[2] Müzəmmil, 73/20.
[3] Səcdə, 32/16.
[4] Furqan, 26/63-64.
[5] Zariyat, 51/17-18.
[6] Ali-İmran, 3/16-17.
[7] Tirmizi, Dəavat, 101.
[8] Müslim, Siyam, 202: Tirmizi, Məvaqit, 207: Nəsai, Qiyamul-Leyl, 6: Əhməd ibn Hənbəl, II, 344.
[9] Buxari, Təhəccüd, 6; Müslim, Münafiqun, 79-81; Tirmizi, Səlat, 187.
[10] Buxari, Təfsir surə 3, bab 17-18.
[11] Buxari, Dəavat, 14, Darimi, Salət, 168; Müslim, Salətul-müsafirin, 24.
[12] Müslim, Sa­latul-Müsafirin 166.
[13] Buxari, Təhəccüd, 2.
[14] Tirmizi, Salət, 305; Nəsai, Salət, 9.
[15] Tirmizi, Salət, 324.
[16] Buxari, Dəavat, 2, 16; Tirmizi, Dəavat, 15, İstiazə, 57.
[17] Müslim, Salatul-Müsafirin 203.
[18] Buxari, Təhəccüd 9; Müslim, Salatul-Müsafirin 204.
[19] Müslim, Salatul-Müsafirin 142.
[20] Əbu Davud, Tatavvu 18.
[21]Didə-göz
[22]Kövkəblər-ulduzlar
[23]Saniini-Yaradanın
[24]Dildar- qəlbi hökmü altında tutan, sevgili
[25]Sivadan-başqasından



Bənzər məqalələr

Nafilə İbadətlər

“Nəfl” kökündən yaranan nafilə kəlməsi lüğətdə “haqq edilən miqdara və ya paya əlavə olunan, artırılan, artıq” kimi mənalara gəlir; Fiqhdə nafilə, dinin fərz və vacib hökmündə olmayıb, mükəlləfdən yerinə yetirməsini gözlədiyi hər hansı maddi və bədəni ibadətə deyilir.

Zilhiccə orucu

Rəsulullah (s.a.s.) dörd şeyi tərk etməzdi; Aşura orucu, zilhiccənin ilk on günü və hər ayda üç gün oruc tutmağı, sübh namazından əvvəl iki rükət namaz qılmağı.

Duha namazı

Rəsulullah (s.ə.s) beş vaxt fərz namazdan əlavə nafilə namazlar qılaraq ibadət həyatını gözəlləşdirmişdir. Peyğəmbərimizin (s.ə.s) qıldığı nafilə namazlardan biri də duha namazıdır. Duha kəlməsi ərəb dilindən tərcümədə “səhər və ya quşluq vaxtı” deməkdir. Quranın 93-cü surəsi də “Duha” surəsidir. Duha namazına quşluq namazı da deyilir.

Nafilə oruclar

Fərz və vacib oruclardan başqa tutulan oruclara nafilə oruclar deyilir. Bəzi günlər xaric ilin bütün günlərində nafilə oruc tutmaq olar.

Aşura orucu

Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı sayılan Məhərrəm ayında tutulan orucdur. Fərz namazlardan əlavə qılınan ən fəzilətli namaz isə gecə (təhəccüd) namazıdır.


Şərh yaz