1. 516 dəfə oxunub ,   0 şərh   Çap et

Mənəvi dəyərlərimizi tənqid edən və ya əleyhində danışanlarla necə davranmalıyıq? Ümumiyyətlə bu mövzuda tarazlığı necə qorumaq olar?

Əvvəla onu qeyd edək ki, möminə görə zaman çox qiymətlidir və zamanın hər anını israf etmədən dəyərləndirmək lazımdır. Zamanı boş və faydasız şeylərə sərf etmək israf sayılır. İsraf isə Quranda qadağan olunur.[1] Rəsulullah (s.a.s.) da bir hədisində insanların qədrini bilmədiyi iki şeydən birinin sağlamlıq, digərinin isə zaman olduğunu bildirmişdir.[2] Mömin də vaxtını necə keçirdiyini, nəyə sərf elədiyini bilməli, lazımsız işlərlə məşğul olmamalı, xüsusən fikir dağınıqlığına səbəb olan şeylərdən uzaq durmağa çalışmalıdır.

İçində yaşadığımız dövrdə televiziya və internet xeyli inkişaf edib, hər tərəfə yayılıb. İnsanların çoxu vaxtını buralarda keçirir. Xüsusilə internetdən aktiv istifadə edərkən diqqətli olmalı, oxunulan, təqib edilən və dinlənilən şeylər “süzgəc”dən keçirilməlidir. Bizim üçün faydalı, baxış bucağımızı genişləndirən proqramları təqib etməliyik.  

Faydasız şeylərdən uzaq durmaq

Əslində internet və televiziya geniş kütlələrə xitab etmək üçün gözəl vasitədir. Bir çox əlçatmaz bu vasitələrlə asanlaşmışdır. Qloballaşan dünyada bunlardan uzaq durmaq bir az çətindir. Buna görə də bunlara qarşı gəlmək doğru deyildir. Kaş möminlər internet və televiziya vasitəsilə daha çox xeyirlərə vəsilə ola, İslamın və insanlığın gələcəyi üçün faydalı proqramlar təşkil edə biləydilər. Ancaq bu yolla fikir dağınıqlığına səbəb olan lüzumsuz şeylərdən uzaq qalmaq olar. Rəsulullah (s.a.s.) bir hədisində belə buyurur: مِنْ حُسْنِ إِسْلَامِ المَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ 

Müsəlmanın faydasız və mənasız şeylərdən uzaq olması onun İslamiyyətə aid gözəl cəhətlərindən biridir.[3] (Yəni kamil şəkildə və özünəxas gözəllikləri ilə yaşanan müsəlmanlıq bütün əbəs, lüzumsuz duyğu, düşüncə və əməllərdən uzaq olan müsəlmanlıqdır).

Rəsulullah (s.a.s.) bu hədisi ilə möminlərə diqqətli və həssas olmağı tövsiyə etmişdir.

Hədisdəki مَا لَا يَعْنِيهِ (mə ləyənih) kəlməsi “hədəf və məqsədi, dünyəvi və üxrəvi faydası olmayan lüzumsuz şeylər” deməkdir. Mömin bu cür şeylərdən uzaq durmalı, lazımlı, faydalı mövzularla maraqlanmalıdır. Çünki insanın qavrama qabiliyyəti məhduddur. Həmin qabiliyyəti faydalı və lazımlı yönlərdə işlətmək lazımdır. Əgər diqqətimizi bizimlə əlaqəsi olmayan mövzulara yönəltsək fikir dağınıqlığına düşərik və enerjimiz azalar. Nəticədə zehni yorğunluq başlayar ki, bu da ehtiyacımız olan mövzulara konsentrasiyamıza mane olar. 

Din və siyasət insanların bir araya gəldikdə ən çox danışdığı və müzakirə etdiyi mövzulardır. Təəssüf ki, işin əhli olan da, olmayan da bu mövzularda fikir bildirməyə çalışır. Bəzən əhli olan şəxslər də təkəbbürün və s. təsirində qalaraq özlərini “üstün” göstərmək üçün haqlını haqsız kimi müdafiə edirlər. Kütləvi informasiya vasitələri daha çox izləyici cəlb etmək, reytinq qazanmaq xətrinə insanların düşüncələrini bulandıran məsələləri efirə verirlər. Məşhur olmaq sevdasına qapılan  bəzi “dinşünaslar” özlərinin aşa bilmədikləri müzakirəyə açıq ikibaşlı mövzuları gündəmə gətirilər. Bu nöqteyi-nəzərdən dini məsələlərdə ağzına gələni danışanlara biz də qulaq asırıqsa (təqib ediriksə), bir müddət sonra bunlar bizə də mənfi təsirini göstərə bilər. Eşitdiklərimizi öz aramızda müzakirə etməyə başlayar və lazımsız yerə bununla məşğul olarıq. Bir müddət sonra isə fərqində olmadan onlara oxşamağa başlayarıq. Çox gülməyin qəlbi öldürdüyü kimi, bu cür lüzumsuz şeylər də mənəviyyatımıza sağalmaz yaralar vura bilər. Bu mövzuda tarazlığı qorumaq üçün dini mövzularda şövqümüzü artıran mövzularla məşğul olmalı, proqramlar izləməliyik. Həmçinin təqib edəcəyimiz şəxslərin düzgün etiqad sahibi olub-olmadığına fikir verməli, əmin olduqdan sonra təqib etməliyik.

Əgər bir mömin dini olaraq lüzumsuz sayılan yazı və ya çıxışlara cavab verəcək mövqedə deyilsə, ümumiyyətlə bunlara vaxt sərf etməsə, daha yaxşıdır. Çünki bunun möminə heç bir faydası yoxdur. Üstəlik lüzumsuz yerə haqsızlığa şahid olmuş və ona qulaq asmış olar.

Din haqqında danışan şəxslər xüsusilə diqqətli olamlıdırlar. Onlar danışmadan əvvəl deyəcəklərini yaxşı götür-qoy etməli, məqsədlərini doğru ifadə etmək üçün uyğun sözləri seçməlidirlər. Əks halda bədahətən danışaraq yarı-yarımçıq cümlələrlə insanlara nə isə izah etmək mümkün deyil. Xüsusilə dinə aid mövzularda daha diqqətli olmaq, ciddiyyəti qorumaq, səhv başa düşüləcək ifadələrdən uzaq durmaq və həmişə doğru düşüncəni təmsil etmək lazımdır.

Səbir və dözümlülük

Bununla yanaşı mömin özü və inandığı dəyərlər haqqında deyilən hər sözə münasibət bildirməməli Quranın bu ayəsini rəhbər tutmalıdır:

Əgər səbr etsəniz, bu, səbr edənlər üçün daha xeyirlidir.”[4]

Həzrət Əbu Bəkrin yaşadığı bir hadisəni xatırlatmaq yerinə düşər. Bir dəfə Rəsulullahın (s.a.s.) hüzurunda bir nəfər Həzrət Əbu Bəkri (r.a) təhqir edir. Həzrət Əbu Bəkir də səbir edərək ona heç bir cavab vermir. Birdən səbir kasası daşır və ona cavab qaytarır. Bunu eşidən Peyğəmbərimiz (s.a.s.) yerindən qalxaraq oradan uzaqlaşır. Həzrət Əbu Bəkir də bu hərəkətin səbəbini soruşmaq üçün Rəsulullahın (s.a.s.) ardınca gedir. Rəsulullah (s.a.s.) ona belə cavab verir: “Sən susduğun müddətcə bir mələk sənin əvəzinə ona cavab verirdi. Sən cavab verəndə mələk getdi və əvəzinə şeytan gəldi. Mən də şeytanla eyni yerdə olmamaq üçün oradan uzaqlaşdım.[5]

Tarazlığı qorumaq

Bəli, dini mövzular haqqında necə gəldi danışanlara hamı cavab verməməlidir. Ancaq bu mövzuda elmi biliyi olanlar müəyyən şərtlər daxilində üzərinə düşəni edərək lazımi açıqlamalar verməlidirlər. Açıqlama verənlər də hislərinə qapılmamalı, gərgin və əsəbi olduğu vaxtlarda danışmamalıdırlar. Əgər hisləri ilə hərəkət etsələr, fayda əvəzinə zərər verərlər. Belə məsələlərdə daha çox səbir və təmkin nümayiş elətdirmək lazımdır. Ona görə də bu cür izahlar hiss və düşüncələrin sakit olduğu vaxtlarda verilsə, daha yaxşıdır. Çünki tələsməyin heç bir faydası yoxdur. Xüsusilə əsəbi və aqressiv insanlara cavab verərkən daha diqqətli olmaq, bir neçə dəfə düşündükdən sonra danışmaqda fayda var.

Yeməyi udmazdan əvvəl çeynədiyimiz kimi sözləri də dilə gətirməzdən əvvəl mütləq bir neçə dəfə düşünməliyik. Yaxşı çeynənilmədən udulan yeməklər qida borusu və mədə narahatlığına səbəb ola bilər. Düşüncə süzgəcindən keçirilmədən deyilən sözlər də buna bənzəyir. Üstəlik çox gözəl düşüncələr yaxşı ifadə edilmədiyi və ya bədahətən tələsik deyildiyi üçün yanlış anlaşıla bilər.

Tələsik və bədahətən danışaraq fikrini izah edənlərin sayı çox azdır. Əksər insanlar qəfildən özünə mikrafon uzadılanda nə deyəcəyini bilmir, çaşıb qalır.  

Qısacası, kiməsə cavab vermək üçün danışmazdan və yazmazdan əvvəl – Quranın üslubu ilə desək – təfəkkür etməliyik, nə edəcəyimizi bilərək hərəkət etməliyik.

Həlimliyi qorumaq

Mömin kiməsə cavab vermək, səhvlərini düzəltmək üçün insanlardakı kin və nifrət hislərini alovlandırmamalı, kobud və sərt davranışlar sərgiləməməlidir. Həmsöhbətin kimliyindən asılı olmayaraq müsəlman şəxsiyyətini qorumalıdır. Qarşı tərəf necə gəldi danışsa belə mömin ona eyni şəkildə rəftar etməməlidir. Tarazlığı qorumaq möminin ayrılmaz xüsusiyyəti olmalıdır.

Alimlərdən birinin yanına onun əleyhində danışan, yazılar yazan bir nəfər gəlir. Həmin alim o şəxslə çox mülayim və xoş rəftar edir. Ona hörmət göstərir. Orada olan tələbələri isə alimin bu hərəkətinə bir məna verə bilmir. Tələbələrinin narahatlığını hiss edən alim onlara belə deyir: “Yüz düşməniniz olsaydı, 99 olmasını istəməzdiniz?!”

Bəli, məsələnin məntiqi əslində budur. Heç kəs yüz düşmənin yüz bir olmağını istəməz. Ancaq hamı düşmənlərinin sayının azalmağını istəyər. Ona görə də buna uyğun hərəkət etmək lazımdır.

Bir mömin də başqaları ilə ünsiyyətdə olarkən və ya cavab verərkən heç kimi incitməməyə çalışmalıdır. Dinini sevmək, insanı başqalarına qarşı düşmənçiliyə təşviq etməməlidir. Kənardan baxanlar möminin hərəkət və davranışlarına vicdani olaraq haqq qazandırmalı, onun haqqında müsbət düşündürməlidir.  

Hiss və düşüncələri insanlara çatdırmaq üçün müəyyən yollar var. Kobudluq və inadkarlıq bu yoldakı təhlükələrdir. Təhlükəsiz yolda getmək və qəzaya səbəb olmamaq üçün həlimlikdən möhkəm yapışmaq, mülayim rəftar etmək, mülayim danışmaq lazımdır. Bunlar möminin əsas prinsipi olmalıdır.

Bu həmçinin İslamın əmridir. Uca Allah Həzrət Musa və Harunu (ə.s.) zalim Fironun yanına göndərəndə onlara Fironla yumşaq danışmağı əmr etmişdir: “Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!”[6] Yəni əgər siz Fironun nəsihət dinləməsini istəyirsinizsə, yumşaq danışmalısınız.

“Yumşaq” dil xüsusilə bu gün dünyanın müxtəlif bölgələrində İslamı təbliğ edən möminlərin istifadə edəcəyi ortaq dil olmalıdır. Yəni möminlərin qəlbində hamının otura biləcəyi bir “stul” olmalıdır. Onları sevməyən bəzi insanlar müəyyən davranışları və hərəkətləri ilə həmin “stulu” yıxa bilərlər. Buna rəğmən möminlər Quranın və Rəsulullahın (s.a.s.) xətrinə özlərinə edilən pislikləri bağışlamalı, yamanlığa yamanlıqla qarşılıq verməməlidirlər. Sərtlik və kobudluq dostların qapılarını qapaya, həlimlik və mülayimlik isə düşmənlərin qapılarını aça bilər.

Yeri gəlmişkən Musab ibn Ümeyr və Sad ibn Muaz (Allah hər ikisindən də razı olsun) arasında belə bir hadisə baş verir. Rəsulullah (s.a.s.) Musabı İslamı təbliğ etmək üçün Mədinəyə göndərir. İslamın yayılmağını istəməyənlər Mədinədəki Evs qəbiləsinin lideri Sad ibn Muaza Musab haqda əsası olmayan şeylər deyirlər. Guya Musab insanların fikirlərini qarışdırır, onların müqəddəslərini təhqir edir. Sad ibn Muaz qılıncını götürərək Musabın yanına gəlir. Musabı ölümlə təhdid edir. Musab isə səbir və təmkin nümayiş elətdirir. Ona mülayimliklə belə deyir: “Gəl otur və mənə qulaq as! Əgər xoşuna gəlməsə, istədiyini edə bilərsən.” Sad ibn Muaz onu dinləyəndən sonra müsəlman olur.

Bəli, həlimlik və mülayimlik möminin şüarı olmalıdır. Qəzəblə, qışqırıb-bağırmaqla, kobudluq və sərtliklə insanlara nə isə izah etmək mümkün deyil. Ən əsası bununla insanlara Rəsulullahı (s.a.s.) sevdirə, Allahdan danışa bilmərik. Beləcə insanlar da onları lazımi şəkildə tanıya bilməz və bataqlıqdan qurtula bilməzlər.

Həqiqətən indiki dövrdə insanlığın anlayışa, sevgiyə, həlimliyə və insani münasibətə çox ehtiyacı var.

Ortaq ağıl və ya məşvərət

Bunlarla yanaşı insanlara İslamı təbliğ edərkən şəxsi təkəbbürdən uzaq durmaq lazımdır. Təmtəraqlı sözlərdən qaçmalı, həmsöhbəti susdurmağa çalışmamalı, haqq və həqiqətin ortaya çıxmasına cəhd etməliyik. Dini mövzuda edilən söhbətlərə təkəbbür qarışarsa, nəinki düşmənlər, dostlar belə dinləmək istəməzlər.

Heç kim təkbaşına bütün işləri görə, düzgün fikir formalaşdıra bilməz. Ona görə də mömin sadəcə öz düşüncələri ilə kifayətlənməməlidir. Mütləq fikrinə güvəndiyi insanlarla məsləhətləşməli, onların da fikrini öyrənməlidir. Bu təqdirdə düşüncələrini ortaq ağlın “sınağı”ndan keçirdiyi üçün yanılma ehtimalı daha az olar.

Bəli, məsələ sadəcə imanı insanlara sevdirmə məsələsi deyil. İmanın inkişafı üçün hər şeydən əvvəl əlverişli mühitə ehtiyac var. Mübahisələrin, kobudluq və sərtliyin olduğu mühitdə heç kim başqasına nə isə izah edə bilməz. Bu səbəbdən tarazlığı qorumaq üçün yuxarıda sadalananlara riayət etmək lazımdır.


[1] Bax: Əraf surəsi, 7/31.
[2] Buxari, Riqaq, 1.
[3] Tirmizi, Zöhd, 11, İbn Macə, Fitən, 12.
[4] Nəhl surəsi, 16/126.
[5] Əhməd ibn Hənbəl, Müsnəd, XV, 390.
[6] Taha surəsi, 20/43-44.



Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Məşvərət

Məşvərət, bir məsələni həll etmək üçün yığışıb danışma, müzakirə etmə, məsləhətləşmə mnasına gəlir. Leksik mənası bir şeyi olduğu yerdən almaq, götürmək və ortaya çıxarıb görünür hala gətirmək” deməkdir.

Məşvərət necə olmalıdır?

Məşvərət və ya şura bir iş və ya məsələ ilə bağlı başqa insanların fikir və düşüncələrinə müraciət etməkdir. Bir çox məsələlərin həllində məşvərət əvəzolunmaz yerə sahibdir. Məşvərət sözünün əvəzinə müşavirə, şura, istişarə və məsləhət kəlmələrindən də istifadə olunur. Müəyyən məsələlər barədə məşvərət etmək, məsləhətləşmək Rəsulullahın sünnəsidir.

Sülhdə xeyir var

Qloballaşan dünyada “Sülhdə xeyir var.” ayəsini necə başa düşməliyik?


Şərh yaz