Ramazan ayının İslam dinində xüsusi yeri var. Bu ay, orucuyla, iftarıyla, müqabələsiylə, təravih və sahuru ilə insanların böyük bir həyəcanla Allaha ibadətə yönəldikləri bir aydır. Bu mübarək ay, bütün insani xüsusiyyətlərin inkişafına açıq fürsətlər ayıdır. Allah Rəsulu (s.ə.s.) – Quranın nazil olduğu, Cənnət qapılarının ardına qədər açıldığı, Allahın məğfirət və rəhmətinin sellər kimi coşduğu – bu mübarək və bərəkətli zaman dilimini, inananların dolu-dolu keçirməsi gərəkdiyinə əməlləri və sözləri ilə təşviq etmişdir.
Ramazan ayında diğər vaxtlarda olmayan bir ibadət var ki, bu, gündüzünü orucla keçirərək ülviləşən və ruhaniliyə yelkən açan insanların, gecə camaat halında qıldıqları təravih namazıdır. Təravih namazı, İslamın şəairlərindən/rəmzlərindən biri kimi qəbul edilir. Şəair müsəlmançılığın simvollarıdır ki, bu simvollarla, rəmzlərlə bir yerin İslam diyarı olduğu başa düşülür. Məsələn, cümə namazı, azan, bayram namazları, qurban kəsmək kimi… Üsul elmindəki əsasa görə, şəairin sünnət olanı, şəxsi fərzlərdən daha dəyərlidir.
Təravih nə deməkdir?
Təravih, rahatlamaq, dincəltmək mənasına gələn “tərviha” kəliməsinin cəmidir. Ramazan ayına məxsus olan və yatsı/işa namazından sonra əda edilən bu ibadətin[1] hər iki və ya dörd rükətinin sonunda istirahət üçün oturulduğuna görə tərviha deyilmişdir. Sonralar ramazan gecələrində qılınan namaza bu kəlmənin cəm şəkli təravih deyilmişdir. [2]
Dindəki yeri
Təravih namazını qılmaq, ağlı başında olan, yetkinlik yaşına çatmış, müsəlman olan hər bir kişi və qadın üçün sünnəti-müəkkədədir.[3] Fərz namazların camaatla qılınması İslami ənənə olduğu kimi, təravihin də camaatla qılınması da İslami ənənədir.[4] Təravih, Peyğəmbərimizin (s.ə.s.) Sünnəsi olub[5], eyni zamanda İslam dininin rəmzlərindəndir.[6] Həzrət Peyğəmbər (s.ə.s.) bir çox hədislərində ramazan gecələrini ibadətlə keçirməyə təşviq etmişdir:
“Kim Ramazanda inanaraq və savabını Allahdan gözləyərək, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.”[7]
“Allah ramazan ayında oruc tutmağı əmr etdi. Mən də, ramazan gecələrində qiyam etməyinizi (təravih namazı qılmağınızı) sünnətim olaraq buyurdum. Kim, inanaraq və savabını Allahdan umaraq, ixlasla oruc tutar və qiyam edərsə (təravih namazı qılarsa), anasından doğulduğu kimi günahlardan təmizlənər.”[8] İslam alimlərinə görə, hədislərdəki “ramazanda qiyam etmə” ifadəsi təravih namazı haqqındadır. [9]
Allah Rəsulu, səhabələri ilə birlikdə bir neçə gün təravih namazını camaatla qılmış, fəqət sonradan insanlar bunu fərz namaz kimi anlamasın deyə təravihə davam etməmişdir. Həzrət Aişədən rəvayət edildiğinə görə, Peyğəmbərimiz (s.ə.s.) iki və ya üç gecə məsciddə camaatla təravih namazını qılmış, üçüncü və ya dördüncü gecə insanların çox gəldiyini görüncə yatsı namazını qıldırıb, otağına çəkilmişdir. İnsanlar, Həzrət Peyğəmbərin (s.ə.s.) gələcəyini ümid edərək gözləmiş, hətta “bəlkə yatıb qalıb, oyansın” deyə öskürməyə başlamışlar. Peyğəmbərimiz (s.ə.s.), (sübh namazı vaxtı) məscidə gəlib orada gözləyənlərə belə buyurmuşdur:
“Sizin bu namazı qılma xüsusunda nə qədər istəkli olduğunuzun fərqindəyəm. Onu sizə qıldırmağıma heç bir maneə yoxdur. Ancaq təravihin sizə fərz buyrulmasından çəkinərək gəlmədim və namazı qıldırmadım. Əgər fərz olaraq əmr edilsəydi, bunu haqqını verərək, yerinə yetirə bilməzdiniz.“[10]
Allah Rəsulu (s.ə.s.) şəxsi həyatında dinin əmirlərini yüksək səviyyədə yaşamağa çalışırdı. Gecə ayaqları şişənə qədər namaz qılardı.[11] Buna rəğmən hər məsələdə ümmətinə dinin əmirlərini hər kəsin gücü çatacağı qədər tövsiyə edərdi. Həzrət Aişənin (r.anha) dili ilə desək: O (s.ə.s.), “İki şey arasında sərbəst buraxılanda, ümməti üçün asan olanı seçərdi.”[12] Məsələn, misvaq haqqında: “Əgər ümmətimə çətin olmayacağını bilsəydim, hər namazdan əvvəl, misvaq dan istifadəni əmr edərdim.”[13] buyurmuşdur. Təravih namazını ümmətə fərz qılınar düşüncəsilə camaatla qıldırmaması da Onun ümmətinə olan şəfqət və mərhəmətinin təzahürüdür.
Peyğəmbərimizin (s.ə.s.) ramazan ayının hansı gecələrində əshabına təravih namazı qıldırdığını isə Əbu Zərdən nəql edir: “Həzrət Peyğəmbər ramazanın bitməyinə bir həftə qalana qədər bizə fərz namaz xaricində heç bir namaz qıldırmadı. Ramazanın 23-cü gecəsi, gecənin ilk üçdə birinə qədər bizə namaz qıldırdı. Ramazanın 24-cü gecəsi bizə namaz qıldırmadı. Bir gün sonra, 25-ci gecəsi yenə namaz qıldırdı. Mən də, “Ey Allahın Rəsulu, gecənin qalan yarısında da bizə namaz qıldırsan olmazdı?” deyincə, Rəsulullah cavabında, “İmam namazı bitirənə qədər onunla namaz qılmaq, bütün gecəni əhya etmək kimidir.” – buyurdu. Ramazanın 26-cı gecəsi gecənin üçdə birinə qədər gözlədiyimiz halda, Allah Rəsulu bizə namaz qıldırmadı. Ramazanın 27-ci gecəsi Allah Rəsulu (s.ə.s.) ailəsini və əshabını topladı, bizə bütün gecə namaz qıldırdı. Namaz o qədər uzandı ki, biz zənn sahur vaxtının keçəcəyini zənn etdik. Ramazanın geri qalan gecələrində isə Peyğəmbərimiz bizə namaz qıldırmadı.”[14] Bu hədisdən məlum olur ki, Rəsulullah Ramazanın 23, 25 və 27-ci gecələri təravih namazı qıldırmışdır.
Təravihin sünnət namazlardan olmasının dəlilləri
Təravih namazı icma ilə Peyğəmbərimizin sünnəsidir. Təravih bəzilərinin iddia etdiyi kimi, Həzrət Ömərin (r.a.) gətirdiyi ibadət deyil.”[15] Aşağıdakı hədislər bu mövzuda yetərli dəlildir:
1. Şəxsən Peyğəmbərimiz (s.ə.s) təravih namazı qılmağın sünnət olduğunu bildirmişdir:Allah, Ramazan ayında oruç tutmağı fərz qıldı. Mən də Ramazan gecələrində qiyam etmənizi ((buradakı “qiyam” dan məqsəd icma ilə təravih namazıdır) mənim sünnətim olaraq) sünnət təyin etdim. Kim inanaraq və savabını Allahdan umaraq ixlas ilə oruc tutar və qiyam edərsə (təravih namazı qılarsa) anasından doğulduğu gün kimi günahlarından təmizlənir.” [16]
Hədisin mətnindəki “Mən də Ramazan gecələrində qiyam etmənizi (təravih namazı qılmanızı sünnət olaraq qoydum)” ifadəsi, təravih namazının Peyğəmbərimizin (s.ə.s.) sünnəti olduğunu açıq-aşkar göstərir.[17]
2. Peyğəmbərimiz (s.ə.s.) yuxarıda bildirildiyi kimi, özü bir neçə gecə camaatla təravih namazı qılmış, daha sonra fərz buyurular qorxusu ilə bu namazı camaatla qılmamışdır. Fəqət qılınmasını tövsiyə etmişdir: “Kim Ramazanda inanaraq və savabını da Allahdan umaraq, Onun rizasını qazanmaq üçün qiyam edərsə (təravih namazı qılarsa), keçmiş günahları bağışlanar.” [18]
3. Həzrət Peyğəmbər (s.ə.s) Ramazan ayında bir gecə məscidə gəldi və məscidin bir kənarında namaz qılan insanlar görərək, “Bunlar nə edirlər?” deyə soruşdu. Orada olanlardan biri belə cavab verdi: “Ey Allahın Rəsulu, bunlar hafiz olmayan insanlardır. Ubey İbn Kab onlara namaz qıldırır.” Rəsulullah, bu cavabdan razı qalmış,”Nə gözəl edirlər, doğru edirlər!” – buyurmuşdur[19]. Allah Rəsulunun səhabələrinin etdiyini bəyənməsi, Onun bu məsələdə təqrir və razılığını göstərir ki, bu da, sünnətin bir növüdür.[20]
4. Həzrət Peyğəmbərdən sonra Rəşid xəlifələrin etdikləri də sünnət hökmündədir. Çünki Peyğəmbərimiz (s.ə.s.) “Mənim sünnətimə və Rəşid xəlifələrimin sünnətinə sarılın, həm də azı dişlərinizlə bərk yapışın”, – buyurmuşdur.[21] Həzrət Ömər də, Rəşid xəlifələrdən biri olduğuna görə onun etdiği də sünnət hökmündədir.
Bütün bunlardan göründüyü kimi təravih namazı Peyğəmbərimizin təşviq və tərtib ettiği bir sünnətdir. Həzrət Ömər sadəcə Rəsulullahın (s.ə.s.) arzuladığı və xoşnud olduğu bu sünnəti tətbiq etmişdir. O, xəlifəliyi dövründə fərzlərdə hər hansı bir artma və ya azalmanın olamayacağını bildiyinə görə təravihin yenidən camaatla qılınması üçün Übey İbn Kabı vəzifələndirmişdir.[22]
Həzrət Ömər dəvəti ilə Übey ibn Kabın arxasında Həzrət Osman, Həzrət Əli, İbn Məsud, İbn Abbas, Talha ibn Übeydullah, Zübeyr ibn Avvam, Muaz ibn Cəməl kimi bir çox seçkin səhabə namaz qılmışdır. Heç kim buna etiraz etməmişdir. Etiraz etmək bir yana, Həzrət Ömərin tətbiqatının Allah Rəsulunun sünnəti olduğunu bildiklərindən bunu təqdirlə qarşılamış, sonralar bunu davam etdirmişlər.[23] Həzrət Ömərin bu icraatını hər zaman xeyirlə yad edərək, onun üçün belə dua etmişlər: “Ömər məscidlərimizi nurlandırdı; Allah da onun qəbrini nurlandırsın.” [24]
Təravih namazı, İslamın simvollarından qəbul edilmiş və Səadət Əsrindən günümüzə qədər məscidlərdə camaatla qılınmışdır. Belə bir sünnəti görməzlikdən gəlmək doğru deyil. Çünki bu namazı inkar edən İslam alimlərinə görə, bidətçi, dəlalətə düşmüş sayılır və şahidliyi qəbul edilmir.
Təravih namazı neçə rükəttir?
Təravih namazının neçə rükət olması haqqındakı fikirləri iki kategoriyada dəyərləndirmək mümkündür.
1. Təravih namazının 20 rükət olduğunu söyləyənlər və dəlilləri:
Təravih namazı Hənəfî[25], Şafei[26], Hənbəli[27] məzhəblərinə görə 20 rükətdir.[28] Maliki məzhəbindəki bir görüşə görə isə 20, bir görşə görə isə 36 rükətdir.[29] Şafei məzhəbi imamlarından İmam Nəvəvi, təravih namazının alimlərin icması ilə sünnət olduğunu vurğuladıqdan sonra, məzhəbinə görə 20 rükət olduğunu bildirmişdir. [30]
Əvvəl qeyd etdiyimiz kimi Həzrət Aişədən nəql olunan hədisdə Peyğəmbərimiz ramazanda bir neçə gecə təravih namazı qıldırmış, sonra da fərz qılınar qorxusu ilə bu namazı tərk etmiş, fəqət əshabının qılmasını təşviq etmişdir. Bu hədisdə Peyğəmbərin (s.ə.s.) neçə rükət qıldırdığı bildirilmir.
Həzrət Ömər, Übey İbn Kabı səhabələrə[31] 20 rükət təravih namazı qıldırmaq üçün təyin etmiş, heç bir səhabə də buna etiraz etməmişdir. Bu isə onu göstərir ki, onlar bu mövzuda nə isə bilirdirlər. Əbu Hənifə buna diqqət çəkərək Həzrət Ömərin bunu özbaşına etmədiyini Allah Rəsulundan öyrəndiyi bir bilgiyə əsasən belə etdiyini bildirmişdir.[32]
Səhabələrin də Həzrət Ömərin etdiyinə qarşı gəlməməsi, onların bu mövzudakı icmalarını göstərir. Bu icmanın əsaslandığı dəlil də Rəsulullahın əməli tətbiqidir. Onların bir məsələdə icması dini dəlil hökmündədir.[33]
Təravih namazı, sonralar Həzrət Osman və Həzrət Əlinin dövüründə də 20 rükət olaraq qılınmış[34] və o gündən bu yana belə davam etmişdir. Təravih namazının 20 rükət olduğu haqda mühəddislərə görə mərfu sayılan səhih rəvayətin olmaması, bu məsələ haqqındakı hökmü dəyişmir. Çünki sahabələrin icma ilə ortaya qoyduğu qılınış şəkli məlumdur.
Həzrət Ömərin təravih namazını 20 rükət olaraq camaatla qıldırması birlik və bərabərliyi qorumaq üçündür. Çünki onun bu tətbiqatından əvvəl təravih namazı məsciddə fərdi və ayrı-ayrı qruplar şəklində qılınırdı.
Məşhur fiqih alimi İbn Abidin, təravihin şərqdə də, qərbdə də 20 rükət qılındığını qeyd edir.[35]
Səhabələrin təravih namazını 20 rükət qıldığını dəstəkləyən başqa hədislər də var:
İbn Abbasdan (r.a) “Peyğəmbərimiz ramazanda 20 rükət təravih və vitr namazını qıldırdı” deyir.[36] Bu rəvayət zəif olsa da, səhabələrin icması ilə qüvvətlənir.[37] Çünki Həzrət Aişənin Rəsulullahın ramazan gecələrində çox namaz qıldığını bildirən hədislər, səhabənin 20 rükətdə icması və cumhur alimlərin təravihin 20 rükət olduğu haqqında həmrəy olması, İbn Abbasdan gələn bu hədisi dəstəkləyir.
Saib İbn Yəzid: “Biz Həzrət Ömər dövründə 20 rükət təravih və vitr namazı qılardıq.”[38] deyir.
2. Təravihin 8 rükət olduğunu söyləyənlər və dəlilləri:
Təravihin 8 rükət olduğunu söyləyənlər də var. Onların əsas dəlillərindən biri Həzrət Aişədən (r.anha) nəql olunan “Həzrət Peyğəmbər, nə ramazanda, nə də ramazan xaricində 11 rükətdən artıq namaz qılmazdı.”[39] – hədisidir. Yenə ondan nəql olunan, “Ramazan ayı gəlincə Allah Rəsulunun bənizi dəyişər, çox namaz qılar, Allaha dua edərək yalvarardı.” “Allah Rəsulu ramazanın son on günü başqa vaxtlarda ibadət xüsusunda göstərmədiyi cəhdi göstərərdi.”[40] kimi hədislərin təravihdən çox, təhəccüd namazı haqqında olduğu söylənilir. Həmin 11 rükətdən 8 rükətin təhəccüd, 3 rükətin isə vitr namazı olduğu qəbul edilir.[41]
Təravihin 8 rükət olduğunu deyənlərin diğər dəlilləri, Həzrət Cabirdən (r.a.), Peyğəmbərimizin ramazanda 8 rükət və vitr namazı qıldırdığı” hədisi və Həzrət Ömərin Übey ibn Kaba təravihi 11 rükət qıldırmasını əmr etməsidir. Bu rəvayətlərdən birincisinin sənədində (ravilər silsiləsi), Yahya ibn Main olduğuna görə münkərül-hədis deyilmişdir. Əbu Davud və Nəsəiyə görə isə, bu hədislər mətrukdur. Çünki ravilər içərisində İsa ibn Cariyə [42] yer alır. Übey ibn Kabdan təravihin 13 və 23 rükət qılındığı haqda rəvayətin sənədindəki Muhamməd ibn Yusif olduğuna görə bu hədis mualləldir (illətli hədisdir). Ayrıca Həzrət Ömər dövründə təravihin 20 rükətdən az qılındığına dair səhih rəvayət olmadığı, əksinə 20 rükət qılındığına dair bir çox səhih rəvayətin olduğu da məlumdur.[43]
Hənəfilərdən İbn Hümam, təravihin 20 rükət olduğunu, bunun 8 rükətinin sünnət, geri qalanının isə müstəhəb olduğunu deyir. İbn Hümamın bu fikri icmaya ziddir. İmam Əbu Hənifə, Şafei və Əhməd ibn Hənbələ görə təravih namazı 20 rükətdir. İmam Malik isə təravihin 36 rükət olduğunu deyir.
Göründüyü kimi, təravihin 20 rükət olmasında icma var. Bu 20 rükətin 8-i sünnət, geri qalanı isə müstəhəbdir şəklində müzakirə olumayıb.
Nəticə etibarilə deyə bilərik ki, İbn Hümam, bu görüşündə münfərid/tək başına qalmışdır. Qaldı ki, yuxarıda iqtibas etdiyimiz “Mənim sünnətimə və Rəşid xəlifələrimin sünnətinə yapışın, həm də azı dişlərinizlə möhkəm yapışın (dört əllə sarılın)” hədisinə görə, Həzrət Ömərin tətbiqatı da sünnət hökmündədir.
Xülasə, təravih namazı İslamın simvollarındandır. Sünnəti-müəkkədədir. Səhəbələrin icması ilə 20 rükəttir və camaatla qılınması sünnəti-kifayədir.
Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.
İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.
“Dəli”nin namazı
Namaz qəlbin nuru, ruhun qidası, möminin meracı, insanın uca Yaradanla vasitəsiz bağlılığıdır. Namaz həddi-büluğa çatmış, ruhi xəstə olmayan hər bir müsəlman kişi və qadına fərzdir.
Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.