Mənəviyyata Açılan Pəncərə

Təşriq təkbirləri

Qurban bayramının birinci gününə “yövmi-nəhr”, digər üç gününə isə “əyyamu-təşriq (təşriq günləri)” deyilir. Bayramdan bir gün əvvəlki günə isə “yövmi-ərəfə (ərəfə günü)” deyilir. Bu, zilhiccənin doqquzuncu günüdür.

Ərəfə günü səhər namazından etibarən bayramın dördüncü gününün ikindi namazına qədər iyirmi üç vaxt fərz namazın arxasından bir dəfə Allahu Əkbər, Allahu Əkbər, La İləhə İlləllahu vallahu Əkbər. Allahu Əkbər və Lilləhil Həmd deyə təkbir gətirilir ki, buna da təşriq təkbiri deyilir.[1]

Təşriq təkbirinin mənası: “Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır. Allahdan başqa heç bir ilah yoxdur. O Allah hər şeydən ucadır. Allah hər şeydən ucadır. Həmd, şükür Allaha məxsusdur.

Təkbirlərin iyirmi üç vaxt oxunması Əbu Yusiflə İmam Məhəmmədin rəyidir. Fətva da buna əsasən verilmişdir. Əbu Hənifəyə görə təşriq təkbirləri Ərəfə günü səhər vaxtından bayramın ilk günü ikindi vaxtına qədər olan səkkiz vaxt fərz namazının ardından gətirilər.

Təşriq təkbirləri bir çox fəqihə görə vacibdir. Sünnə deyənlər də vardır.

Əbu Yusiflə İmam Məhəmmədə görə fərz namazlarını qılan hər şəxsə Təşriq təkbirlərini gətirmək vacibdir. Bu mövzuda təkbaşına namaz qılanla imama uyan, səfərdə olanla bir yerdə yaşayan, kəndli ilə şəhərli, kişi ilə qadın eynidir. Beləliklə bu təkbirlər camaatla da, təkbaşına da əda edilər. Qəza da edilə bilər. Kişilər təkbiri səsli, qadınlar isə gizli gətirər. Vitr namazı ilə bayram namazının sonunda təkbir gətirilməz.

Əbu Hənifəyə görə isə təşriq təkbirlərinin vacib olması üçün şəxsin, bir yerdə yaşayan azad və kişi olması, namazın camaatla qılınan bir fərz namazı olması lazımdır. Buna görə yolçu, kölə, qadın və təkbaşına namaz qılana bu təkbirlər vacib deyil. Ancaq bu sadalananlar bir imama uyarsa camaatla bərabər təkbir gətirərlər. Cümə və bayram namazı qılınmayan kiçik mərkəzlərdə də təşriq təkbiri gətirilməz və cümə günü günorta namazını camaatla qılan üzrlü şəxslərə də vacib olmaz.

Bir ilin təşriq günlərində qəzaya qalan bir namaz, yenə o ilin təşriq günlərindən birində qəza edilərsə namazdan sonra təşriq təkbiri alınar. Fəqət başqa günlərdə və ya başqa ilin təşriq günlərində qəza edilərsə təş­riq təkbiri alınmaz.

Bayram günlərində müsəlmanların bir-birini təbrik etməsi, bir-birilə əl sıxaraq görüşməsi və bir-birinə “Ğafərallahu lənə və ləkum (Allah bizi və sizi bağışlasın)” və ya “Təqabbəlallahu minnə və minkum (Allah bizdən və sizdən qəbul etsin)” kimi dualar etməsi məndubdur.

Həmdi Döndürənin “Dəlilləriylə İslam Elmihalı” kitabından istifadə edilmişdir.


[1]Təşriq (تشريق) lüğətdə ətləri parçalayaraq günəşin altına qoymaq mənasına gəlir. Qurban bayramı günlərində ətləri parçalayaraq paylamaq adət olduğu üçün bu ifadə işlədilmişdir. Bir cox insan bu sözü təşrik olar ifadə edir, bu yanlışdır. Doğru olan şəkli “təşriq”dir.
Exit mobile version