İslamdakı ticarət qaydalarına bütün yönləri ilə baxmaq lazımdır. Çünki İslamın gətirdiyi iqtisadi qaydalarla digər sistemlər arasında böyük fərqlər mövcuddur. Həyatı sadəcə bu dünyadan ibarət sayan və yeganə qayəsi maddi rifahı yüksəltməklə fərdin dünyəvi xoşbəxtliyini təmin etmək olan sistemlər üçün hər şey maddiyyatdan ibarətdir. Məqsəd maddiyyat olduğuna görə onları buna aparan bütün səbəbləri də mübah olaraq qəbul edirlər.
İslama görə isə, mülk Allahındır (Fatir surəsi, 35/13). Biz isə qoruyucularıq, yəni bu mülk bizə əmanət olunub. Bu isə o deməkdir ki, əlimizdə olanlar bizə mülk olaraq verilməyib, sadəcə halal dairədə istifadə etmək üçün verilib. Hətta sahib olduğumuz bədənimiz belə bizim deyil. Bu səbəbdən də intihar etmək və ya qəsdən hər hansı orqana zərər vermək haram sayılmışdır. Biz Allahın mülkündə Onun verdiyi əmanətləri qoruduğumuza görə bütün hərəkət və davranışlarımız da Onun əmr və qadağalarına müvafiq olmalıdır. Bir möminin ticarət həyatı da bu düşüncəyə – şəriətə uyğun olub olmamağa görə şəkillənməlidir. Yəni o, ticarətlə əlaqəli bütün məsələlərdə halal-harama həssaslıqla yanaşmalı, boğazından keçən hər loğmanı halal yoldan qazanmalı və qazandığı hər qəpiyin axirətdə hesabını verəcəyini əsla unutmamalıdır. Sadəcə özünü yox ətrafındakı insanları və yaşadığı cəmiyyətin xeyrini də düşünməli, onların ayrılmaz bir parçası olduğunu bilməlidir.
Buna görə də malını israf etmək, başqalarını aldadaraq pul qazanmaq, faiz yemək, malı yalan və hiylə ilə müştəriyə satmaq, süni qiymət artırmaq, satdığı malın qüsurunu gizlətmək, müştərinin məlumatsızlığından sui-istifadə edərək malı baha satmaq və bənzəri xüsuslar dinimizdə qadağan edilmişdir. Nisa surəsindəki “Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət istisna olmaqla mallarınızı öz aranızda haqsız yerə yeməyin və bir-birinizi məhv etməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”[1] ayəsi bu məsələdə əsas ölçüdür.
İslamda ticarətdə kar həddinə keçəzdən əvvəl sadalanan xüsuslara toxunmağı lazım bildik. Bəli, İslamda alış-verişdə hər hansı kar məhdudiyyəti (həddi) qoyulmamışdır. Yəni Quran və Sünnədə və səhabələrin tətbiqatında buna rast gəlinmir. Peyğəmbərimiz (s.ə.s) qiymət artımından şikayətə gələrək buna müdaxilə etməyini istəyən səhabələrə belə demişdir, “Şübhəsiz ki, qiyməti təyin edən, qıtlıq və bolluq bəxş edən, ruzi verən ancaq Allahdır. Mən sizdən heç birinizin mal və canına etdiyim haqsızlıqdan dolayı haqqını məndən istədiyi halda Rəbbimə qovuşmaq istəmərəm”.[2]
Hakim ibn Hizamla (r.a) Allah Rəsulu (s.ə.s) arasında cərəyan edən bu hadisəyə də nəzər salaq: Peyğəmbərimiz (s.ə.s) Hakim ibn Hizamı bir dinar verərək özünə qurbanlıq qoyun almaq üçün bazara göndərir. O da bir dinara iki qoyun alır. Qoyunlardan birini bir dinara satır. Əlində bir dinar və qoyunla Rəsulullahın (s.ə.s) yanına gəlir. Rəsulullah (s.ə.s) Hakim ibn Hizama (r.a) heç bir müdaxilə etmir, əksinə ona xeyir dua edir.[3] Yəni Rəsulullah (s.ə.s) Hakim ibn Hizamın ticarət edərək qazandığı əlavə qazanca qarşı çıxmamışdır.
Əslində ticarətdə hər hansı kar (qazanc) məhdudiyyətinin gətirilməməsi, ticarət həyatının daha canlı olması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Əgər ticarətdə hər hansı kar həddi qoyulmuş olasaydı bir çox çətinliklər ortaya çıxardı. Çünki bir maldan əldə olunan gəlir, birbaşa həmin malın alış qiymətinə bağlıdır. Bu isə vəziyyətə görə dəyişir. Yəni eyni növ və keyfiyyətə malik malın qiyməti müxtəlif səbəblərə görə dəyişə bilər. Məsələn, bir tacir istənilən malı topdan alaraq və pulunu nəğd ödəyərək gətirə və ya özü emal edərək daha ucuz qiymətə sata bilər. Üstəlik dükanın kirayə olub olmamasını, digər xərcləri nəzərə aldıqda məsələ aydın olur. Malın alış qiymətinin belə dəyişkən olduğunu nəzərə alsaq, ticarətə müəyyən kar həddi gətirməyin doğru olmadığını görərik.
Bu və bənzəri səbəblərdən İslam ticarətə aid məsələlərdə müsəlmanlar arasında gözəl ticarət əxlaqının formalaşmasına çalışmış, onları ədalətli olmağa, doğruluqdan ayrılmamağa səsləmişdir. Onlarda fədakarlıq, mərhəmət və başqalarını düşünmək kimi yüksək əxlaqi məziyyətləri inkişaf etditmiş qiymətləri də bazar şərtlərinə və onların vicdanlarına həvalə etmişdir.
Yəni İslama görə qiymətlər kənar təsirlə yox, təbii olaraq sərbəst rəqabət şəraitində, hər cür aldatma və hiylədən uzaq özlüyündən formalaşır. Bundan əlavə adət-ənənədəki məntiqə zidd olmayan qaydalara görə hərəkət etməyi də qəbul edir.
Bununla yanaşı bazarda sui-istifadə və qaçaqmalçılıq olduqda, xalqın əsas zəruri ehtiyacı sayılan mallarda süni qiymət artımları müşahidə edildikdə dövlətin buna müdaxilə etmək haqqı var ki, bu İslam hüququnda “nəhr” adlanır. “Nəhr” bir mənada bazarda pozulan qiymətlərin yenidən tənzimlənməsi və xalqın zərər görməməsi üçün dövlətin təyin etdiyi aidiyyatı şəxslər tərəfindən edilən müdaxilədir. Yəni “nəhr” zərurətdən ortaya çıxır. Dövlət belə bir qayda tətbiq etdiyi təqdirdə buna tabe olmaq məcburidir.
Rəsulullah (s.ə.s) da hədislərində ticarət əxlaqının formalaşması haqqında bir çox tövsiyələr vermişdir. Onun (s.ə.s) hədislərindən bəziləri bunlardır:
“Bizi aldadan bizdən deyildir”.[4]
“Dürüst və etibarlı ticarətçi şəhidlərlə, siddiqlərlə və nəbilərlə bərabərdir”.[5]
“Doğru danışan və doğru davranan ticarətçi qiyamət günü ərşin kölgəsi altındadır”.[6]
“Bir şəxs qida maddələrini yığaraq gündəlik qiymətə uyğun satsa sanki onu yoxsullara və ehtiyac içərisində olanlara pulsuz paylamış kimi savab qazanar”.[7]
“Ən xeyirli qazanc insanın əlinin zəhməti və dürüst alış-verişlə əldə etdiyi qazancdır”.[8]
“İnsan əlinin zəhmətindən daha xeyirli bir qazanc yeməmişdir. Allahın nəbisi Davud peyğəmbər də zireh düzəldərək öz əlinin zəhməti ilə dolanırdı”.[9]
“Şeytan və günah (yalan) and və (boş) söz özünü alış-veriş yerinə yetirir. Alış-verişinizi sədəqə ilə qarışdırın!”.[10]
“Satanda çəkib sat, alanda da çəkib al”.[11]
“Ərzaqları ölçün və ya çəkin ki, sizin üçün bərəkətli olsun”.[12]
Səhabələr də Rəsulullahın (s.ə.s) bu və bənzəri tövsiyələrinə uyğun yaşamağa çalışmışlar. Səhabələrdən Cərir ibn Abdillah (r.a) bir at almaq istəyir. Satıcı atın 500 dirhəm oldunu deyir. Cərir isə onu daha baha qiymətə 600 və ya 800 dirhəmə ala biləcəyini söyləyir. Satıcı atının bu qədər bahalı olub olmadığını soruşanda Cərir “At bəlkə də 800 dirhəmdən də bahadır, fəqət mən bundan artıq verə bilmərəm” – cavabını verir. Bu hadisəyə şahid olanlar 500 dirhəmə atı ala bildiyi halda niyə qiyməti qaldırdığını soruşada Cərir belə cavab verir, “Biz alış verişdə hiylə etməyəcəyimizə dair Rəsulullaha söz verdik”.[13]
Nəticə olaraq İslam ticarətdə hər hansı kar həddi gətirməmişdir. Ancaq təmiz vicdanlı fərdlər yetişdirməyə çalışmış və hər cür yalan, hiylə və faizdən uzaq dorğuluqla ticarət etməyi məqsəd halına gətirmişdir.