Qloballaşan dünyada yaşayırıq. Dünya qloballaşma ilə sanki böyük bir şəhər halına gəlmişdir. İnformasiya texnologiyalarının inkişafı da bunu zəruri hala gətirmişdir. Buna baxmayaraq bu gün dünyada mədəniyyətlərarası dialoq, tolerantlıq və dözümlülük həllini gözləyən məsələlərdən biridir.
Təxminən iki-üç əsrdir ki, bir zamanlar öz əzəmət və ehtişamlı ilə bəşəriyyətə ali dəyərləri aşılayan, yer üzündə sülh və əmin-amanlığın təsisçisi, elm və mədəniyyətin beşiyi olan İslam coğrafiyası dünyada baş verən inkişafdan geri qalmışdır. Bunun müxtəlif səbəbləri var. Əsas səbəblərindən biri İslamın, bu din mənsubları tərəfindən layiqincə bilinməməsi və lazımi şəkildə yaşanmaması, insanlara izah edilməməsidir. Əfsus ki, bu səbəbdən dövrümüzdə Peyğəmbərimizin (s.a.s.) təbliğ etdiyi dini bilməyən bir çox radikal cərəyanın İslamdan sui-istifadə elədiyinə şahid oluruq. Bunu ancaq tolerantlıq düşüncəsilə düzəltmək mümkündür.
Tolerantlıq fransızca kəlmədir və mənası “dözümlü olmaq, səbir eləmək, yaxşı qarşılamaq” deməkdir. Tolerantlıq başqalarının inanc və düşüncələrinə hörmət etmək, onlara xor baxmamaqdır.
Eyni dili danışmasaq, eyni irqdən olmasaq da, inanc və əqidəmiz müxtəlif olsa da hamımız eyni dünyada yaşayırıq. Buna görə də ortaq məxrəcə gələrək birlikdə yaşamağı bacarmalıyıq. Fərqlilikləri ayrılıq vəsiləsi görmək də olar, zəngilik olaraq anlamaq da. Allah-Təala istəsəydi bütün bəşəriyyəti eyni din və əqidə ətrafında toplaya bilərdi. Onun sonsuz qüdrəti qarşısında bu o qədər də çətin deyil. Ona görə Quranda buyurulur ki:
“Hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsə idi, hamınızı bir tək ümmət edərdi. Elə isə dayanmayın, xeyirli işlərdə bir‑birinizlə yarışın.”[1]
“Əgər Rəbbin diləsə idi, bütün insanları haqda ittifaq edən tək bir ümmət edərdi. Fəqət O, bunu istəmədiyindən ittifaq etməmişlər və bax beləcə ixtilaf edən vəziyyətdə davam edəcəklər. Ancaq Rəbbinin lütf edərək haqda birləşməyi nəsib etdiyi insanlar istisnadır. Əsasən, O, insanları bunun üçün yaratmışdır.”[2]
Bəli, dini tolerantlıq inancından asılı olmayaraq hər kəsi öz mövqeyində qəbul etmək və onunla uzlaşma yolları axtarmaqdır. Həmçinin sərhədsiz bir anlayış da deyil.
Başqalarına qoşulmaq, onlar kimi düşünmək, yaşamaq, öz dəyərlərindən tamamilə uzaqlaşmaq tolerantlıq deyil. Əksinə, başqalarını öz mövqelərində qəbul edib, onlarla yaxşı davranmağı bacarmaq tolerantlıqdır. Volter tolerantlıq haqda belə deyir:
“Anlaşılmazlıq insanın ən böyük xəstəliyidir. Tolerantlıq isə ən böyük çarəsi.”
Qurandakı “Dində məcburiyyət yoxdur”[3] və “Rəbbin istəsə idi, yer üzündəkilərin hamısı birdən inanardı. O halda Sənmi insanları mömin olana qədər məcbur edəcəksən?”[4] ayələrindən anlayırıq ki, yer üzündə yaşayan hər kəsin müsəlman olması mümkün deyil. Deməli, birlikdə yaşamaq bir məcburiyyətdir. Həmçinin Quranın “Ey insanlar! Həqiqətən, biz sizi bir erkəklə bir dişidən yaratdıq. Və bir‑birinizi tanıyasınız deyə sizi millətlərə və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah qatında ən dəyərli və üstün olanınız Ondan ən çox qorxanınızdır. Şübhəsiz, Allah biləndir, hər şeydən xəbərdardır”[5] ayələri bu şəkildə yaradılışın hikmətlərini göstərərək bizi insanlarla münasibətə sövq edir.
Müxtəlif sosial və etnik qruplara mənsub olmağı üstünlük kimi görmək doğru deyil. Belə ki, həqiqi üstünlük Allah dərgahında yaradılışdan gələn millət, irq, nəsil, mal və s. kimi xüsusiyyətlərlə yox, insanın öz iradəsi ilə qazandığı mənəvi dəyərlərlə ölçülür. Quranda buna təqva deyilir. Allah Rəsulu (s.a.s.) da bir hədisində belə buyurur:
“Ey insanlar! Buna diqqət edin ki, sizin Rəbbiniz birdir, atanız birdir. Ərəbin ərəb olmayandan, ərəb olmayanın ərəbdən, ağın qaradan, qaranın ağdan üstünlüyü yalnız təqva ilədir”.[6]
Eyni dünyanı paylaşdığımız insanlarla birlikdə yaşamağa məcburuq. O halda “Bu dünyada biz də varıq”, − deyərək bir masa ətrafında oturub qərar verən bir fərd olmaq məcburiyyətindəyik. Müsəlman olaraq dini, milli və mədəni dəyərlərimizlə insanlara çox faydamız toxuna bilər. Elə dəyərlərimiz var ki, o dəyərlərdən bir çox insan xəbərsizdir. Bundan onları xəbərdar eləmək isə ancaq tolerantlıqla mümkündür. Çünki, tolerantlıq olmadan insanın özü kimi düşünməyənlərin fikirlərinə hörmət eləməsi demək olar ki, qeyri-mümkündür.
Hikmət əhlindən biri buyurur ki, bu əsrdə mədəni insanlara İslamın həqiqətlərini ancaq ünsiyyət və gözəl nümunə olmaqla öyrətmək olar. Buna görə də dininin gözəlliklərini başqa insanlara aşılamaq istəyən şəxslər öz həqiqətlərini doğru şəkildə öyrənməli, həyatına tətbiq etməli və bunu davranışlarında göstərməlidirlər. İnsanlar bu davranışların gözəl olduğunu görüncə həmin həqiqəti mənimsəməyə can atacaqlar. Bu əsnada sual verər, maraqlanarlarsa onlara həqiqətlərdən danışmaq və izahlar vermək olar. Qısacası hal dili, üsniyyətdən bir neçə addım öndə olmalıdır. Qulaq artıq çox şey eşitdiyi, yaxşını pisdən ayırd edə bilmədiyi üçün üçün karlaşıb, gözlər isə nümunə axtarır.
İslam tarixində tolerantlıq nümunələri
Dinimizdə tolerantlığa həmişə böyük əhəmiyyət verilmişdir. Tolerantlıq, dialoq və ya hər kəsi öz mövqeyində qəbul etmək düşüncəsi və bunun həyata keçirilməsi İslam tarixində ilk dövrlərdən mövcuddur. Peyğəmbərimizin (s.a.s.) həyatı kafir, müşrik və əhli-kitabla dialoq içərisində keçmişdir. Müqavilələr, dostluq münasibətləri, ticari ortaqlıqlar və s. tolerantlıq və dialoqun fərqli çöhrələridir. Məsələn, Mədinə müqaviləsində Peyğəmbərimiz (s.a.s.) din, irq, milləti nə olursa-olsun insanın əsas haqlarını və bu haqların toxunulmazlığını bildirir. Bu müqavilə imzası olan hər kəsə və hər qrupa sülh, təhlükəsizlik, azadlıq, bərabərlik, ədalət və ümumbəşəri dəyərlər altında yaşamağa zəmanət verirdi. Müqavilə Mədinədə yaşayan yəhudi və xristianlarla bağlanmışdı. Həmçinin Rəsulullah (s.a.s.) Mədinədə yaşayan ancaq İslam dinini qəbul etməyən başqa din mənsublarına da toxunmamışdır.
Eyni həqiqətlər Vida xütbəsində də təkrar edilir. Bu həqiqətlər sadəcə Mədinə müqaviləsi və Vida xütbəsində zikr edilməklə qalmamış, Peyğəmbərimiz (s.a.s.), Raşid xəlifələr, tabeun, təbeyi‑tabeun və sonrakı dövrlərdə də tətbiq edilmişdir. Fəthlər dövründə müsəlmanlar heç bir yerdə kilsə və sinaqoqları dağıtmamışlar. Heç bir dini azlıqların hüquqlarına toxunmamışlar. Sasani-İran torpaqları fəth edilərkən sabii və məcusi olan kütlələri kitab əhli (yəhudi və xristian dini mənsubları) ilə eyni statusda qənul etmişlər. Heç bir yerdə vicdan və fikir azadlığına məhdudiyyət qoymamışlar. Əsrlərdən bəri tarixin yaddaş səhifələri olan maddi mədəniyyət abidələrini dağıtmamışlar…
Bir dəfə həzrət Peyğəmbər (s.a.s.) Nəcrandan gələn xristianlarla görüşmüş, onları İslama dəvət etmişdi. Dəvəti qəbul etməyən xristianlara heç bir hörmətsizlik edilməmişdir. Hətta onlar öz dini ayinlərini Məscidi-Nəbəvidə yerinə yetirmişlər.
Deməli, İslamın təməli və məhək daşı tolerantlıq olub. Biz də əslinə tolerantlıq, dialoq, hər insana hörmət və hər kəsi öz mövqeyində qəbul etmək deyərkən, Peyğəmbərimizin (s.a.s.) Mədinə müqaviləsi və Vida xütbəsində dediklərini təkrarlayırıq. Tolerantlıq bir mənada İslamın şəfqəti, mərhəmətidir.
İslam fərqli inanaclara münasibəti
“Dində məcburiyyət yoxdur”[7] ayəsinin nazil olması ilə əlaqəli iki hadisə nəql olunur:
Mədinə müqaviləsinin şərtlərini pozan yəhudi qəbilələrindən biri Mədinədən çıxarılanda yəhudiliyi qəbul edən mədinəli gəncləri də özləri ilə aparırdılar. Ənsar (əslən mədinəli olan müsəlmanlar) isə gənclərin Mədinədə qalıb müsəlman olmasını istəyirdilər. Bunun üzərinə “Dində məcburiyyət yoxdur” ayəsi nazil oldu.
İkinci hadisə isə belədir: Husayn adlı bir mədinəlinin oğlanları Suriyaya işləmək üçün getmişdi. Oğlanlar Suriyada xristianlığı qəbul etmişdilər. Aradan illər keçmişdi. Ataları onlar Mədinədə olanda bütlərə sitayiş edirdi, yəni müşrik idi. Peyğəmbərimizin (s.a.s.) Mədinəyə hicrətindən sonra Husayn İslamı qəbul etmişdi. Günlərin bir günü oğlanları gəlib çıxdılar. Atası da onların məcburi müsəlman olmalarını istədi. Bu hadisədən sonra həmin ayə nazil oldu.
Ona görə də İslam dini insanların məcburi İslamı qəbul etməsinə icazə vermir. Dinə inanmaq ona ürəkdən bağlanmaqdır, istəyərək qəbul etməkdir. İslam dinində əsas olan zahiri görünüş yox, insanın qəlbindəki imandır. Zahirdə inanmış kimi görünüb, daxili aləmində dini qəbul etməyənlər münafiq (ikiüzlü) adlanır. Bu isə insanları aldatmaqdır. Həmin şəxs insanları aldatsa da hər şeydən xəbərdar olan, ürəklərdən keçənlərdən belə agah olan Allahı necə aldada bilər?
Tarix boyu müsəlmanların yaşadığı coğrafiyada digər din mənsubları və millətlər yaşamış, öz kimliklərini qoruyub saxlamışlar. Bu gün dünya mədəniyyətinin ən zəngin tarixi qalıqları müsəlmanların yaşadığı ərazilərdə yerləşir.
İbrahimi dinlərin qibləgahı hökmündə olan Qüds şəhərinə müsəlmanların hakim olduğu dövrlərdə bütün din mənsubları, müxtəlif cərəyan və təriqətlərin təmsilçiləri asanlıqla öz ibadətlərini yerinə yetirmişlər.
Rəsulullahın (s.a.s.) həyatı tolerantlıq nümunələri ilə zəngindir. Xəstə yatan bir yəhudi gənc Peyğəmbərimizi (s.a.s.) yanına çağırmış, O (s.a.s.) da, xəstə yəhudi gəncin ziyarətinə getmiş, kəsdiyi qurban ətindən yəhudi qonşusuna pay vermiş, xristian əsilli təbibin Mədinədə müəyyən müddət qalaraq xəstələri müalicə etməsini rica etmişdir.
Həzrət Ömər fəth olunan İraq torpaqlarının əsgərlər arasında qənimət kimi bölüşdürülməsinə icazə verməmişdir. Məcusi olduğu halda yerli xalqın şəxsi torpaqlara toxunmamağı əmr etmiş, sadəcə illik gəlirlərindən vergi tutulmuşdur. Hətta çox kasıb, ehtiyac sahibi olan məcusilərə dövlət xəzinəsindən ianə verilmişdir. Yerli əhalinin məhsul hasilatını artırmaq üçün suvarma kanalları da inşa etdirmişdir. Sonralar müsəlmanların bu qədər adil və haqpərəst olduğunu görən xalqın çoxu İslamı qəbul etmişdir. Ancaq bir qrup insan köhnə dinlərində qalmışdır. Onlara da heç bir təzyiq göstərilməmişdir.
Əməvi və Abbasi xilafəti dövründə də saray əyanları içərisində bir xeyli xristian əsilli əyanlar vardı.
İslamda zorakılıq yoxdur
Əfsuslar olsun ki, hal-hazırda yaşayan müsəlmanların əksəriyyəti dinlərini doğru-dürüst bilmədiyindən zahirə ilişib qalırlar. Üstəlik dövrün şərtlərini və tələblərini düzgün qiymətləndirə bilmədiklərindən İslamın gətirdiyi sosial-ictimai prinsipləri yaşamaq bir yana, sosial-iqtisadi inkişafdan da geridədirlər. Bu səbəbdən də İslamı lazımi qaydada təmsil edə bilmirlər.
Cəhalətin ən təhlükəlisi dini bilməməkdir, dindən bixəbər olmaqdır. İnsan başqa elmləri bilməsə, bunu müxtəlif şəkillərlə ortadan qaldırmaq olar. Ancaq din yönündən cahil olan insan radikallığa meyl edir, qarşı tərəf də onun bu davranışından qorxduğu üçün dindən uzaqlaşır. Bunun nəticəsində də qütbləşmə yaranır. Bunun qarşısını ancaq dini maarifləndirmə ilə almaq mümkündür. Bu sahədə dini bilikləri yaxşı mənimsəmiş, bununla yanaşı dövrün şərtlərini yaxşı dəyərləndirən, hal və hərəkətləri ilə nümunə olacaq insanlara ehtiyac var.
Unutmamaq lazımdır ki, terrorun dini olmur. Müsəlman terrorist olmaz, terrorist də müsəlman deyil. İslam sülh və əmin-amanlıq dinidir.
Bu gün kimsə öz fikirlərini İslam adından deyirsə, ona etibar etməmək lazımdır. Radikal qrupların tüğyan etdiyi yerlərə baxdıqda görürük ki, onlar özləri kimi düşünməyən hər kəsi özlərinə düşmən sayırlar. Peyğəmbərimizin (s.a.s.) xətrini öz nəvəsi kimi istədiyi Üsamə ibn Zeyd (r.a) bir döyüşdə “la iləhə illəllah” deyən şəxsi öldürür. Bu xəbər Peyğəmbərimizə (s.a.s.) çatanda bunun səbəbini soruşur. O da: “Qorxduğu üçün belə dedi. Mən də öldürdüm.” – deyə cavab verir. Peyğəmbərimiz (s.a.s.) ona “Yarıb qəlbinə baxdın?” – deyərək Zeydi qınayır. Bizim anlayışımıza görə, iman əməldən ayrıdır. Heç kimsə müsəlman olduğunu ifadə etdikdən sonra əməllərindəki əskikliklərə görə dinsizliklə ittiham edilə bilməz.
Ölkəmizdə tolerantlıq
Azərbaycan coğrafi mövqeyinə görə fərqli mədəniyyətlərin qovuşduğu yerdə yerləşir. Dini anlayışı, milli və etnik mənsubiyyəti fərqli olsa da tarix boyunca bütün xalqlar ölkəmizdə birlikdə, dostyana yaşamışlar. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri var. Onlar bir-biri ilə çox mehriban yaşayır. Mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Müstəqillik illərindən sonra ölkə rəhbərliyinin xüsusi qayğısı ilə məscidlərlə yanaşı kilsə və sinaqoqlar da təmir edilmişdir. Ölkə əhalisinin əsas tərkib hissəsi müsəlman olsa da, müxtəlif dini və etnik mənsubiyyəti olan hər bir ölkə vətəndaşı dövlət və özəl sektorda rahatlıqla işləyə bilir, kimsə onun dini və etnik kimliyinə görə təzyiq göstərmir. Dövlət səviyyəsində keçirilən bütün mötəbər tədbirlərdə müxtəlif dini qrupların mənsubları iştirak edirlər.
Həmçinin tolerantlıq nümunəsi kimi bunu da qeyd edə bilərik. Ermənilərin işğal etdiyi ərazilərdə maddi mədəniyyət abidələrimiz olan məscidləri dağıtmasına baxmayaraq Bakıdakı erməni kilsəsinə müqəddəs sayıldığı üçün toxunulmamışdır.
Qloballaşma nəticəsində bizim qərb mədəniyyətinin elm və texnika, sosial inkişaf və s. sahələrdə əldə etdiyi uğurlardan faydalanmağımız qaçılmazdır. Ancaq qərb mədəniyyəti də yaxın və uzaq şərq ölkələrinin dini dözümlülük, tolerantlıq, birlikdə yaşamaq təcrübəsi kimi milli xarakteri halına gəlmiş dəyərləri nümunə götürməlidir.