25. 152 dəfə oxunub ,   0 şərh   Çap et

Gərdək gecəsi qorxusu, səbəbləri və fəsadları

Toy əksər xalqlara xas mərasimlərdən biridir. Bir çox insan uşaqlıqdan evlənənə qədər toy günü ilə əlaqəli xəyallar qurur və həmişə toyunun yaddaqalan olmasını arzulayır. Ancaq toy gecəsi baş tutan ilk cinsi münasibət əksər cütlüklərdə həyəcan, qorxu və müəmma dolu bir hadisə təəssüratı oyadır. İlk gecə qorxusu xüsusilə həssas və qapalı xasiyyətli oğlan və qızlarda daha çox müşahidə edilir.

Doğru-yanlış məlumatlar cütlükləri daha da həyəcanlandırır, hətta bərk qorxudur. Xüsusilə, qızlar qızlıq pərdəsi haqda səhv məlumatlar üzündən gərdək gecəsindən daha çox qorxurlar. Bu mövzuda səhv və lazımsız məlumat alan qızlar ilk gecənin çox ağrılı və qanaxmalı keçəcəyini, ya da qanama olmazsa biabır olacağını düşünürlər. İlk gecənin qorxu və təşvişi qızlarda daha çox vaginizm[1] problemi, oğlanlarda da ereksiya (sərtləşmə) və erkən boşalma kimi özünü göstərir Qadınların əsasən qızlıq pərdəsi ilə əlaqəli “yırtılacaq, partlayacaq, çox qan itirəcəm, çox ağrılı olacaq” düşüncələri bəzən bütün bədənin, bəzən də beldən aşağı nahiyənin yığılması, ayaqların qeyri-ixtiyari bir-birinə yapışması kimi hallara səbəb olur. Belə hallarda qadın qorxu və həyəcan keçirir, əl və ayaqları ilə ərini geri itələyir. Nəticədə vagina əzələləri yığılır və cinsi münasibət  baş tutmur. Kişi isə buna qəbul edə bilmir, problemi fiziki təzyiq göstərməklə həll etməyə çalışır ki, ilk münasibət üçün ən böyük xəta deməkdir.

Hər bir ailə üçün ilk gecə xüsusi önəmə sahibdir. Bu gecənin xatirəsi toydan sonrakı intim və cinsi münasibətlərə yön verir. İlk gecə xoşagəlməz hadisə ilə qarşılaşan cütlüklərin xəyalları suya düşür. Bəzən kişilər, bəzən də qadınlar özlərini günahlandıraraq “Mən edə bilmədim, məni sevmir, məni bəyənmir” deyə düşürlər. Bir sıra hallarda isə kişilər qadınları günahlandırır, fiziki şiddət göstərərək bəy otağından “qalib” çıxmağa çalışırlar. Qadınlar belə hallarda özlərini mühakimə edərək lazımi səviyyədə olmadıqları düşünürlər. Bir neçə dəfə münasibətdə olmağa çalışıb bacarmayan qadınlar özləri haqqında natamamlıq kompleksinə qapılırlar.

Toy günü çox yorulmalarına baxmayaraq, ilk gecə cinsi münasibət məcburiyyəti  cütlüyün üzərindəki təzyiqi daha da artırır. Yaxşı olardı ki, cütlük cinsi münasibətə girməyin vaxtı barədə birlikdə qərar versinlər. Cütlüklər ilk gecə cinsi münasibətdə olmadan bir-birinə sarılıb yata, sonra cinsi münasibətə girə bilərlər. Əsas olan cütlüklərin bir-birinə isinişməsidir. İlk gecə həyəcan olması normal sayıla bilər. Cütlük söhbət edərək həyəca və qorxunu aradan qaldıra bilər. Kişi ümumiyyətlə qadına necə yanaşacağını, onunla yataqda necə davranacağını, onun ruhuna rahatladacaq davranışları bilməlidir.

Əvvəllər bəyləri “sağdış” müşayiət edir, xanımı ilə necə rəftar edəcəyini az-çox izah edirdi. Ancaq indiki bəylər “mən hər şeyi bilirəm” deyib sağdışa ehtiyac görmürlər. İstər qadın, istər kişi əgər ilk cinsi münasibətdən əvvəl cinsi münasibət üzrə mütəxəssisdən cinsi münasibət mövzusunda düzgün məlumat alsalar, sadalanan problemlərlə üzləşməzlər. İlk gecə qorxusu keçirən cütlüklər həyatlarının kabusa çevrilməsinə imkan verməməlidir. Bir-biri günahlandırmadan, şübhəyə düşmədən mütəxəssisə müraciət edə bilərlər.

 

İlk gecə haqda tövsiyələr:

Evlənməzdən əvvəl ailə, ailədaxili və cinsi münasibətlər mövzusunda konsultasiya alın.

Başqalarından eşitdiyiniz “nağıllara” inanmayın

Bir-birinizlə xoş vaxt keçirin və rahatlayın

Xanımınızı cinsi münasibətə xoş sözlərinizlə hazırlayın

Birlikdə duş qəbul edin

Öncə bir müddət sevişin.

Səbirli olun

Qadın hazır olduğunu hiss etdikdə cinsi münasibətə başlayın

Cinsi münasibətdən sonra bir-birinizə sevgiilə toxunun

 

[1] Qadın cinsiyyət orqanının çıxışındakı əzələlərin qıcolması və ya  sıxılması




Bənzər məqalələr

Evlilik və ailə həyatı

Müasir dövrdə ailədaxili münaqişələr və boşanma hadisələrinin səviyyəsi narahatlıq doğurur. Ailə həyatını sağlam təməllər üzərində oturtmaq və ailədə daimi xoşbəxtliyi təmin etmək üçün nə etməliyik?

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.

Quran və Sünnədə ailə

Quran və Sünnədə evlilik sadəcə nəfsani arzuları halal yolla qarşılamaq yox, xeyirli övlad sahibi olmaq və insanlığa faydalı övlad yetişdirmək, insanın kamilləşməyində əhəmiyyətli rolu olan müəssisə kimi qeyd olunmuşdur.

Qadın və kişinin ailədəki vəzifələri

(Kişilərin qadınlar) üzərində hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır.

Ailədaxili ünsiyyət

Ailədaxili ünsiyyət dedikdə də ər-arvadın biri-biri və əgər varsa, uşaqları ilə münasibəti nəzərdə tutulur. Bu ünsiyyət ən azı iki nəfər arasında cərəyan edir və müəyyən məqsəd daşıyır.


Şərh yaz