Mənəviyyata Açılan Pəncərə

Təbliğ ayələri

Bir tərəfdən İbn Ərkamın evindəki fəaliyyət “sirran-tənəvvərat”[1] davam edir, digər tərəfdən də adamlar bir-bir İslama dəvət olunurdu. Buna baxmayaraq, müşriklər hər fürsətdən möminlərin əleyhinə yararlanmağı əllərində şüar etmiş və onları daim narahat etməyə çalışırdılar. Ancaq gələn ayələrdə həm onların vəziyyətindən bəhs edilir, həm də möminləri gözləyən sevincli günlər müjdələnirdi. Möminlər üçün yeganə dayaq Allah Rəsulu (s.ə.s.) idi və O da gələn ayələrlə insanlara yol və üsul öyrədirdi.

Hiradakı ilk görüşdən artıq beş ilə yaxın bir dövr keçmişdi. Allah Rəsulu (s.ə.s.) Allahın ayələrini insanlara təbliğ və təlim edirdi. İbn Ərkamın evində sözün əsl mənasında Rəhmani bir “süfrə qurulmuşdu”, səhabələr də bu “süfrədən” doyunca istifadə edirdilər. Bu süfrənin  qonaqları Nəbəvi söhbətdəki nemətlərdən qidalanmış və buradan aldıqlarını başqalarına da çatdırmağa başlamışdılar. Artıq süfrə darlıq edirdi.

Bir anda oranın mühiti dəyişmiş, vəhyin əlamətləri hasil olmuşdu. Gələn ayədə belə buyurulurdu:

− Sənə əmr olunanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərə qarşı Biz sənə kifayət edərik. O kəslər ki, Allaha başqa ilahlar şərik qoşdular, işin əsl gerçəyini sabah onlar da görüb  biləcəklər![2]

Bunlar həmçinin üç illik mərhələni yekunlaşdıran bir əmr idi. Aydın olurdu ki, ilk dəfə üz tutulan bir cəmiyyətdə təbliğ etmək məsələsi ilə bağlı bəzi mərhələlər vardı və indi bu mərhələlərdən biri arxada qalır, irşad və təbliğlə bağlı yeni bir səhifə açılırdı. Çünki artıq iman cəbhəsindəki maya tutmuş və kəmiyyətcə qırxa çatan müsəlmanlar keyfiyyətcə imanın, bəlkə də, zirvəsində idilər.

Deməli, bundan sonra müşriklərin onları məsxərəyə qoymasının və etirazlarının heç bir əhəmiyyəti yox idi. Bir tərəfdə Haqqa həsrət minlərlə insan varkən məsələ üç-beş nəfər özünü bilməzin etirazlarına qurban verilməməli, imanla bağlı həqiqətlər hər bir adama çatdırılmaqla bunu istəyənlərin onları qəbul etmək mərhələsi sürətləndirilməli idi.



[1]. Başqalarını təhrik etmədən və edilən şeylər əslində gözəl olduğu halda onları çirkin görənlərin fikirlərinə ilişib qalmamaq üçün arxa planda nurlanmaq deməkdir.
[2]. Bax: “Hicr” surəsi, 15/94-96.