Üç aylarda oruc tutmağın hökmü nədir?
İslamda müəyyən vaxta bağlı oruc, yalnız Ramazan orucudur. Quran və Sünnədə Ramazan orucu xaricində “üç aylar” orucu adlı oruc yoxdur. Müsəlman Rəcəb və Şaban aylarında istədiyi qədər oruc tuta bilər. Ancaq bu ayları tamamilə oruclu keçirmək məcburiyyətində deyil. Yəni mənbələrdə üç aylarda oruc tutmağın vacibliyinə dair məlumat yoxdur. Həzrət Aişə bildirir ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) Ramazandan başqa heç bir ayı tamamilə oruclu keçirməmişdir. Onun Ramazandan sonra ən çox oruc tutduğu ay Şaban ayı idi.
Bəzi insanlar üç aylarda 7 il oruc tutur, sonra da qurban kəsirlər. Halbuki, bu cür ibadət yoxdur və bidətdir. İnsanlar bu cür şeylərlə savab qazanacağını düşündüyü halda günaha girə bilərlər. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) qıldığı namaz da, tutduğu oruc da insan fitrətinə uyğundur. O (s.a.s.), insanlara çətinlik çəkməyəcəyi şəkildə ibadət etməyi öyrətmişdir. Hətta daha çox ibadət etmək istəyənlərə belə buyurmuşdur: “Sizin Allaha qarşı ən müttəqi olanınız mənəm. Mən bəzən namaz qılır bəzən yatıram, bəzən oruc tutur, bəzən iftar edirəm.” Çünki O, tarazlığı qoruyurdu. Özü bəzən ard-arda iftar etmədən oruc tutardı, eyni şeyi səhabələr etmək istədikdə buna mane olar və özünün Allah tərəfindən yedirilib-içirildiyini bildirərdi. Biz də Onun göstərdiyi şəkildə ibadət etməliyik.
Rəsulullah daha çox oruc tutmaq istəyənlərə günaşırı olaraq tutulan Həzrət Davud orucu tutmağı tövsiyə etmişdir. Xülasə, istəyənlər Rəcəb və Şaban aylarda oruc tuta bilərlər. Ancaq bunu fərz orucla qarışdırmamaq lazımdır. Bu aylarda oruc tutmağı məcburi edən hökm yoxdur.