2. 006 dəfə oxunub ,   0 şərh   Çap et

“Allah sizə analara üsyan etməyi, qız övladlarını diri-diri torpağa basdırmağı, (öhdəlik və borcları) yerinə yetirməməyi, (haqqınız olmayan şeyləri də) almağı (mənimsəməyi) haram buyurmuşdur. Dedi-qodunu, çox sual verməyi, sərvəti orada-burada dağıtmağı da(israf etməyi) kərih (məkruh, xoşagəlməz) görmüşdür”.

(Buhari, İstikraz 19; Edeb, 6; Tefsiru Sure (11), 5; Müslim, Akdiye, 12.)

Analara itaətsizlik etmək bu hədisdə “uququ üm­mə­hət” birləşməsi ilə ifadə edilir ki, bu da “anasının üzünə ağ olan övlad onunla bütün hüquqi münasibətləri kəsib onu tənha qoyur” mənasını verir. Ataya üsyan da eyni dərəcədə haram olduğu halda, yalnız “ana”nın qeyd edilməsini qadınların himayəyə daha çox ehtiyac duyması,­ bəzi zəif cəhətlərə malik olması, şəfqətdə kişilərdən üstün olması və incə, zərif tə­bi­ətləri ilə itaətsizlikdən daha çox və daha tez təsirlənmələri kimi amillərlə izah etmək olar. Eyni zamanda bu ifadə ilə bir məqam da xatırladılır: atanın haqqı ananın haqqı ilə bərabər olduğuna görə atanın üzünə ağ olmaq da üsyan sayılır, amma ataya itaətsizlik anaya itaətsizliklə (üsyanla) müqayisə edilməməlidir.

Cahiliyyə dövründə qız uşaqlarının diri-diri basdırılması “vədi-bənat” birləşməsi ilə ifadə olunur. Cahiliyyə dövründə müəyyən böl­gələrdə və cəmiyyətin müəyyən təbəqələrində dünyaya gələn qız uşaqlarının əksəriyyətini diri-diri torpağa basıdırırdılar. Bu amansızlığı kimisi bir cahiliyyə “qeyrəti” ilə, kimisi dolanışıq çətinliyi ilə, kimisi də “qızım ailə quracaq, sərvət və mülküm başqasının əlinə keçəcək” deyə, kimisi də qəbilə təəssübkeşliyi ilə edirdi. Hansı səbəbdən olursa-olsun, hansı səbəblə edilirsə-edilsin, bu, bir vəhşi adət idi və qarşısı mütləq alınmalı idi… alındı da. Və qarşısı alınarkən  Qurani-Kərim və səhih sünnətdə bir xeyli əmr nazil və varid oldu.

(Yerinə yetirilməli) öhdəlik və borcların ödəmək “mən” kəlməsi ilə, (alınması və istənilməsi) yasaq olan şeyləri müxtəlif yollarla istəmək, almaq da “xati” sözü ilə ifadə edilmişdir ki, hər ikisi də haramdır və bu haram ana-atanın üzünə ağ olma, qız uşaqlarını diri-diri basdırma səviyyəsindədir. Eyni zamanda bu kəlmələrin birincisini (mən) fərdin zəkat, sədəqə və s. kimi yoxsullara aid mükəlləfiyyətləri yerinə yetirməməsi, ikincisini (xati) də dilənçilik etməsi şəklində anlamaq mümkündür. Bu nöqtədən bir az da irəliyə gedib birinci kəlmənin öhdəlik xarakterli haqların inkar edilib mənimsənilməsindən çek və sənədlərin ödənilməməsinə, ondan da “hiyləli” iflas və hər cür spekulyasiyaya qədər bütün qeyri-qanuni yollarla əldə edilən haram qazanclara, sonra da bu haqsızlıqların aradan qaldırılmamasına, həmçinin haqsızlığın davam etdirilməsinə qədər bir çox məsələləri ehtiva etdiyini demək olar. İkinci sözdən də adi dilənçilikdən millətin dini və milli hislərini istismar etməyə, ondan rəsmi, qeyri-rəsmi bəzi qoçuların gizli-aşkar millətdən haqq tələb etməsinə və ondan da böyük, kiçik mafiya dəstələrinin min bir yolla xalqı soyub talamasına qədər hər növ qəsbikarlıq təşəbbüsünü anlamaq mümkündür.

Bu qısa və məzmunlu hədisdə övladların ana və ataya baş çək­məyib yadlaşmasına, ana və ataların da təbiətlərində olan şəfqət və mərhəmət hissinə məhəl qoymamasına, hətta bu hissi inkar edərək övladları ilə rəhmsiz və qeyri-insani rəftar etməsinə və böyük bir ailə sayılan cəmiyyətdə bəzi eqoist insanların şəxsi gəlir və mənfəəti hər şeydən üstün tutub etibar, inam, haqq və ədalət düşüncəsini, dolayısilə də, cəmiyyətin ahəngini, nizamını sarsıtmasına müştərək cəhətlərinə görə haram deyilir. Bunun ardınca eyni ölçüdə olmasa da, yenə də qadağan edilən digər üç xüsusa təmas edilir ki, onlar da dedi-qodu, yerli-yersiz sual vermək və ya dilənçiliyi peşəyə çevirmə, sərvətini orada-burada göyə sovurmaqdır.

“Qilü-qal” dedi-qodu deməkdir. Sözlərin köklərinə toxunmayıb birbaşa məzmunları üzərində dayanmaq istəyirik. “Qilü-qal” dünyəvi-üxrəvi (dünya-axirət) heç bir faydası olmayan, mənasız söhbət və lüzumsuz danışıqlara deyilir. Bu cür danışıqlar istər dilimizdəki “boşboğazlıq” növündən, istər bizim üçün lazımsız şeyləri ifadə et­mə cinsindən, istərsə yasaqlar çərçivəsində dövr edən bəyanlar tipindən olsun, dedi-qodu edənlərin ictimai səviyyələrinə və dedi-qodunun yayılma sahəsinin genişliyinə görə (qəzet, məcmuə, radio və televiziyalara yayılması kimi) fərdləri yararsız, kütlələri şüursuz və üfüqsüz cəmiyyətlərdə ictimai bir xəstəlikdir. İslamın iki dodaq arası günahlardan hesab etdiyi nə qədər çirkab varsa, hamısı bu dedi-qodu bataqlığında kök atıb canlanır. Onun üçün də Allah Rəsulu (s.ə.s.) bir müstəvi üzərində sıraladığı üç xüsus arasına danışma və ya susmağı əlavə edərək buyurur: “Allaha və axirət gününə iman edən insan qonşusuna əziyyət etməsin! Allaha və axirət gününə inanan hər fərd qonağına yaxşı xidmət etsin! Allaha və axirət gününə imanı edən hər kəs ya xeyir danışsın ya da sussun..!”

“Kəsrəti sual” kəlməsi “yerli-yersiz sual vermə” və ya “ehtiyacı olmadığı halda dilənmə”, hətta “dilənməyi peşəyə çevirmə” şəklində şərh oluna bilər ki, ikisi də pis, ikisi də zərərlidir. Qurani-Kərim və səhih sünnətdə zərurət və ehtiyac xaricində dilənmək qınandığı kimi, yerli-yersiz sual vermə də qınaqla qarşılanmış və insanların duyğu və düşüncələri hər fürsətdə faydalı şeyləri öyrənməyə yönəldilmişdir. Bununla belə Qurani-Kərimdə sualların məqbul (qəbul edilən) və məzmum[1] olmaq üzrə iki qrupa ayrıldığını görürük. Məqbul və gözəl suala “Səhabələrin Səndən nəyi infaq edəcəklərini soruşurlar” ayə­­sini, məzmum və xoş qarşılanmayan suala isə “Səndən ruhun həqi­qətindən soruşurlar” ayəsini nümunə göstərə bilərik.

Sual vermə və ya verməmə, dilənçilik etmə və ya etməmə məsələləri bir­ zərurətdən və ya ehtiyacdan asılı olaraq  vacib, haram və ya mübah[2] olur. Buna əsasən açıq-aşkar görünür ki, fərqli görünən bu iki məsələnin “ortaq cəhətlər” ətrafında birlikdə götürülməsi və şərh olunması daha məqsədəuyğundur.

Mal-mülkün israf, hədər edilməsinə sərvətin “maddi-mənəvi, dün­­yəvi-üxrəvi heç bir fayda güdülmədən sərf olunması, boş yerə xərclənməsi şəklində tərif vermək olar ki, həm fərdi, həm də ictimai bir xəstəlikdir. Bəli, bir şəxsə aid sərvət və mal-dövlətin lüzumsuz yerlərdə hədər edilməsi ilk baxışda təkcə fərdin zərəri kimi görünsə də, onun timsalında milli sərvətin də israf olması bütün cəmiyyətin zərərinədir.

__________________________

[1]. Qınanılan

[2]. Edilməsi savab və günah olmayan, edilməsi və edilməməsi şəriətə görə caiz olan əməllər: yemək, içmək, yatmaq kimi

 





Şərh yaz