246 dəfə oxunub ,   0 şərh   Çap et

Ümidvar olmaq, tarix boyunca insanın ruh dünyasını bəsləyən, onu ruhlandıran, motivə edən mənəvi bir güc olaraq bilinir. Damarlarda axan qan bədəni bəsləyib ayaqda tutduğu kimi, ümidvar olmaq da insanın ruh dünyasını o dərəcə də bəsləyir, ona, müxtəlif çətinliklər qarşısında əzimli olmağa və aşmağa güc verir. Ümidvar olmaq insan həyatında önəmli bir dinamika olduğu üçün müqəddəs kitablarda, peyğəmbərlərin, filosofların, şair və ədəbiyyatçıların dilində həmişə təlqin və tərənnüm edilir.
Ümidvar olmaq insanın xəyal dünyasında günəşin parladığı, təbiətin canlandığı, insanların sevinc içində güldüyü gələcək gözəl günləri  canlandırar. Ümidvar olan insan, acı və iztirabların qaranlıqları içərisində yaşayarkən belə, gələcəkdə var olacağını düşündüyü aydınlıq üfüqilərin xəyalı ilə ayaqda qalar. Tərəddüdsüz Allah inancı, insana bu güc və qüvvəti qazandırır.

İman və ümid
Ümid və əzmin qaynağı imandır. İnsanın ümidi ilə imanı arasında tənasüb vardır. Ümid etdiyi şeyi əldə etmək üçün Allaha sığınan insan heç bir zaman yarı yolda qalmaz, hər zaman imanının gücü ilə şahlanar, həyəcanı artar, dayanmadan, yorulmadan yolu qət edər, hədəfə çatmaq üçün əzimli olar. Uca Allahın bəyanı وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ “Allahın rəhmətindən ümidinizi kəsməyin!” (Yusuf, 12/87) sarı sim kimi qulağında cingildəyər. Allah izni ilə iman, ümid, əzm və səbir ilə yola çıxanlar hər zaman müvəffəq olmuşdur. قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ “Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!” (Bəqərə, 2/249)
Ümid, yaxşı və faydalı bir şeyin baş verəcəyini ümid etmək və inanmaq, gözləməkdir. Ümid sözü ummaq feli ilə də əlaqəlidir. Bir şeyin olmasını umarkən insanın içində doğan duyğuya ümid deyə bilərik. Ümid, həm də güvən duyğusunun qaynağıdır. Dilək və arzu da ümid sözünə yaxın mənalı sözlərdir. Quranda ümid kəlməsinin qarşılığı rəcadır. Təsəvvüf ədəbiyyatda rəca, “bəndənin ilahi rəhmətin genişliyinə sığınması, rəbbinin lütfünü özünə yaxın hiss etməsi, nəticənin yaxşı olacağını düşünüb sevinməsi, onun cəlalını camal gözü ilə görməsi” şəklində tərif edirlər. (Quşeyri, s. 318).
Ümidin qarşısında isə ümidsizlik durur. Ümidsizlik iradənin iflic olmasıdır. Piri Muğan, ümidsizliyi “Xərçəng kimi bir xəstəlikdir.” -deyə tərif edir. Quranda ümidsizlik yeis, qunut kəlmələri ilə ifadə edilir.

وَلَا تَيْأَسُوا مِنْ رَوْحِ اللَّهِ ۖ إِنَّهُ لَا يَيْأَسُ مِنْ رَوْحِ اللَّهِ إِلَّا الْقَوْمُ الْكَافِرُونَ
“Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, kafirlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz.” (Yusuf, 12/87)
وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ
“İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis əməllər) səbəbi ilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər.” (Rum, 30/36)

Lüğətdə “ümidsiz olmaq, ümidi kəsmək” mənasına gələn yeis (yə’s) ümumi mənada “ümidsizlik, heç bir gözləntisi olmamaq halı”, dini termin olaraq “insanın Allahın rəhmət və yardımından ümidini kəsmək” mənasında istifadə olunur; qunut isə onun sinonimi və rəcanın antonim forması olduğu bildirilir. (Rağib el-İsfahânî, el-Müfredât, “yəis” md.; Lisanul-Ərəb, “yeis” mad.; İbn Əsir, V, 291). Şəhabəddin Mahmud Alusiyə görə ilahi rəhmətdən ümid kəsməyə yeis, ümidsizliyin yeisdən iləri dərəcəsinə qunut, bir şəxsin özünü kafirlərin əzabına bənzər əzaba düçar olacağna inanacaq qədər ümidsiz hiss etməsinə isə Allah haqqında sui-zənnn deyilir. (Ruḥul-məani, XIII, 45; həmçinin bax. İbn Əsir, IV, 113). Bütün bunlardan görürük ki, ümidsizlik, bədbin olmaq kafir və inkarçıların sifətidir.
Mömin əsla ümidsiz, bədbin olmaz. Əslində, inanclı bir insanın ümidsizliyə düşməsi düşünülməz, düşünülməməlidir də. Bu bir reallıqdır, ara-sıra onda da bir qisim xəyal qırıqlığı, inkisarlar görülə bilər. Amma bunların heç biri onda qalıcı deyildir, gəldikləri kimi gedərlər; o da vaxt itirmədən tez özünə gələr, ayağa qalxar və yoluna davam edər.
İnanclı insan, imanı, itminanı və Haqqa etimadı sayəsində, inancsızların tez-tez içinə düşdükləri, o iradəni iflic edən, məntiqli düşünməyə imkan verməyən, əndişə və yersiz vəhmlərə sürükləyən qorxulara boğulmaz, şeytanın, insanların ruhuna axıtdığı bədbinlik, qarabasmalar, əvham və Haqqa etimad etməmək kimi öldürücü viruslardan uzaq durar.
O, bütün duyğularını bürüyən imanı sayəsində, ömür boyu par-par parıldayan ümid və güvən duyğusu ilə işıqlı yolda yürüyər, parlaq hədəfinə çatar.  Ara-sıra üzüntü və qəm-qüssəyə düçar olduğu zaman da, kənardan səbəb axtarmaz, ruhunun Rəbbi ilə olan münasibətini yoxlayar. Hər işində Qüdrəti Sonsuz Rəbbinə etimad edər, Ondan mədəd diləyər. Əlindən gəldiyi qədər qaranlıq ruhlu, bədbin insanlardan uzaq qalar.  Əzim qəhrəmanlarının yolunu tutar. İçinə düşdüyü ən qaranlıq dövrlərdə belə şövqünü, nəşəsini, səhhətini, canlılığını əsla itirməz.
Hədəfinə doğru irəliləyərkən  qarşısına çıxan əngəllər qarşısında “Allahın rəhmətindən ümidinizi kəsməyin.” İlahi bəyanını qılınc kimi çalar, ümidsizliyi, qaranlığı yarar.  Qüdsi hədisdə bildirildiyi kimi “Qulumun zənni üzrəyəm…” (bax. Buxari, Tövhid: 15, 35; Müslim, Tövbə: 1) sözünü əsas götürər, Rəbbinə tam etimad edər. Allahın rəhmətini, üzü hikmət ilə örtülü olan mənfiliklərə görə əsla Rəbbini ittiham etməz.  Vardır bunda da bir hikmət deyər, hər şeyin ya başlanğıc ya da nəticə yönündə xeyirli olacağını düşünər. “…Rəhmətim hər şeyi əhatə etmişdir…” (Əraf, 7/156) ayəsini xatırlayar.
Yaşadığımız dövrdə insanların ən çox içinə düşdüyü  və ya düşürüldüyü girdablardan biri ümidsizlikdir. Şeytan belə olan halda ona yaxınlaşar, zəhərini axıdar, qulağına belə fısıldayar: “buradan əsla qurtula bilməyəcəksən”, deyər. Əgər imanı yoxdur və ya zəifsə həmin şəxs şeytanın toruna düşər, çünki bu hal Allahın rəhmətindən ümid kəsmədir, bu çox yanlışdır.
Yaşadığımız dövrdə bu şəkildə şeytana aldanan insan çoxdur. Belə şəxslər çarə olaraq ya öz canına qəsd edir, ya içkiyə-narkotikə qurşanır, ya da oyun-əyləncəyə ilə vaxtını ziyan edir. Əgər onlar vaxtında müalicə olmasalar qalıcı psixoloji xəstəliklər və travmalar ortaya çıxacaqdır. İnsanın özünə qarşı etdiyi ən böyük səhvlərdən biri məhz Rəbbinin rəhmətindən ümid kəsməsidir.
Uca Allaha canı-könüldən inanan və bu dünyaya imtahan məqsədi ilə gəldiyi bilən şəxs rəhmətindən əsla ümidini kəsməz. Kəsirsə, deməli o şəxsdə imanın səviyyəsi ya çox zəifləyib, ya da qopma nöqtəsinə gəlmişdir. Belə olan halda təkrar tövbə və istiğfarla Rəbbinə yönəlməli, ciddi şəkildə imanını elm və ibadətlə, xeyirxah işlərlə gücləndirməlidir.
“Hər şeyimi yanğında itirdim” deyən birinə, dünya görmüş kişi belə cavab verər: “Mən elə bildim ki, sən ümidini itirmişsən. Ümid ilə hər şeyi yenidən qazana bilərsən, amma qorx ki ümidin də gedə. Bax əsl o zaman işin bitmiş olar.” Bəli ümid elə bir şeydir ki, zindanda olan əsir gözünü yumduqda və ya yuxuda, ya da xəyal qurarkən özünü azad, xoşbəxt dünyada təsəvvür edə bilər, əgər ümidi varsa.
İnsanlar dünya həyatına bərabər şərtlərdə, lazımi təchizata sahib olaraq göndərilirlər. Görmək üçün göz, eşitmək üçün qulaq, gəzmək üçün ayaq, müqaviməti dik saxlamaq üçün bel və s. hamıda əskiksiz şəkildə vardır. Görmək üçün gözə ehtiyacı olduğu kimi, günəşə, ətrafı-aləmə də ehtiyac vardır. Hər kəs bunlardan böyük nisbətdə istifadə edir. “Təşbehdə xəta olmaz.” Avtomobili misal götürək. Onun düzgün hərəkət etməsi üçün müəyyən mexanizmlər lazımdır. Motor, əyləc, sükan, təkərlər və s. Əgər bu mexanizmlərdən biri düzgün işləməsə avtomobil başda hərəkət etməz, ya yarı yolda qalar, ya da yoldan çıxaraq qəza törədər. İnsandakı qorxu duyğusu avtomobildəki tormoz-əyləc sistemi kimidir. Əyləc sistemi olmayan maşını gözləyən təhlükələr, qorxusuz insanları da gözləyər. Bir də maşında “qaz pedalı” var. Maşın hərəkət etməsi üçün hər zaman ayağınız onun üzərində olur. Ayağınızı qaldırdıqda isə yavaşlama başlayır və maşın hərəkətsiz qalır. İnsanın qaz pedalı ÜMİD duyğusudur. Dünyaya lazımi donanımla göndərilən insan, özünə bəxş edilən bu imkanları, alətləri, qabiliyyətləri yerində istifadə etməz və ya yanlış istifadə edərsə əziyyətini də peşin olaraq çəkər.
İnsanın əlində üç zaman dilimin var. Keçmiş zaman əlimizdən çıxdığına və indiki zaman da əlimizdən çıxmaq üzrə olduğuna görə, ancaq gələcək zaman haqqında ümidlər yaranır. Kəndli, əkdiyi toxumdan nə qədər məhsul alacağını və basdırdığı ağacın bar verib-verməyəcəyini  bilmir, ancaq bir ümidlə işini görür. Zira bir bəla və müsibət baş verər, məhsul əldə edə bilməz və ya özü də ölə bilər. Hər kim olursa olsun kəndli, abituriyent, tələbə, iş adamı və ya uşaq gözləyən ana, hər kəs gördüyü işi bir ümidlə “BİR ŞEYLƏR UMARAQ” edir. Hər şeyə yeni ümidlə başlayır, hədəfimizə doğru ümidlə yol qət edirik.

Möminlərin sığortası
Başımıza gələ biləcək hər cür bəla və müsibətə qarşı Allah bizə yetər. O, nə gözəl dost və nə gözəl bir vəkildir “Hasbunallahu və neməl vəkil” deyən bir insan, Allaha sığınar və “…Möminlərə yardım etmək, bizim üzərimizə haqq olmuşdur.” (Rum, 30/47) ayəsini xatırlayar, hadisələrin dağ kimi dalğaları da olsa əngəllərə ilişib qalmadan yoluna davam edər. baş verənləri xeyrə yozar, həyata yaxşı cəhətindən baxar. “Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar.”– deyər, rahatlayar.

Cənnət Xəzinəsi La həvlə
Xəzinə qızıl, gümüş, daş-qaş kimi dəyərli əşya yığını, böyük sərvət, dəyərli şeylərin saxlanıldığı yer mənasına gəlir. Məcazi olaraq mənəvi dəyəri olan bir şeyə, bir şəxsə, bir sözə verilən addır. Allah Rəsulu  (səllallahu əleyhi və səlləm) hədislərdə  “La Həvlə…’nin əbədi Cənnət həyatında bir xəzinə olduğunu, Ərş xəzinələrindən  bir xəzinə olduğunu, Həzrət İbrahim (ə.s) rəvayət olunan cənnət fidanı olduğunu ifadə etmişdir.
Əbu Musa əl-Əşari rəvayət edir: “Allah Rəsulu Xeybər qəzvəsinə gedərkən əshabə vadilərin birində yüksək səslə təkbir gətirməyə başladı. Allah Rəsulu (s.ə.s) bunun üzərinə:
— “Yavaş təkbir gətirin! Çünki siz nə kar olana dua edirsiniz, nə də qeybə səslənirsiniz. Şübhə yoxdur ki, siz, hər şeyi eşidən və sizə çox yaxın olan Allaha dua edirsiniz. O hər zaman sizinlə bərabərdir,”– dedi. Bu əsnada mən Allah Rəsulunun miniyinin arxasında idim.  Mən də: “La həvlə və lə quvvətə illə billəh” deməyə başladım. Səsimi eşitdi və:
Ey Abdullah ibn Qeys! (Ebû Musa el-Eşarinin ləqəbidir) deyə səsləndi. Mən də:
— Buyurun ey Allahın Rəsulu, dedim. Rəsulullah (s.ə.s):
“Ey Abdullah, sənə Cənnət xəzinələrindən bir xəzinə xəbər verimmi?”- buyurdu. Mən də:
— De, ey Allahın Rəsulu! Anam-atam sənə fəda olsun!- dedim. Peyğəmbərimiz:
O kəlmə, “Lə həvlə və lə quvvətə illə billəhdir, buyurdu.”
Həzrət Əbu Əyyub nəql edir: “Merac gecəsi Allah Rəsulu, Hz. İbrahimin yanına dəydi. Hz. İbrahim (əleyhis-salam), Hz. Cəbrayıla yanındakının kim olduğunu soruşdu. O da: “Muhəmməddir” dedi. Hz. İbrahim belə dedi: “Ya Muhamməd! Ümmətinə əmr et, cənnətə daha çox fidan əksinlər. Çünki cənnətin torpağı verimli və yeri de genişdir.” Allah Rəsulu, cənnət fidanının nə olduğunu soruşdu. O da bu cavabı verdi. “Lə həvlə və lə quvvətə illə billəh”

 Ümidsizsəniz, ümid SİZSİNİZ
Əslində bizi üzən qarşılaşdığımız hadisələr, baş verənlər deyil, məsələni ələ alış şəklimizdir. Bunun başlıca səbəbi, baxış bucağımızı səhv yönə çevirdiyimiz üçün bataqlığa sürüklənirik. Məsələn, sağalmaz xəstəliyə düçar olan şəxsi ələ alaq. Hamı bilir ki öləcək, ancaq vaxtı bilinmədiyi üçün onu sıxmır. Ancaq belə xəstə təxminən yaxın vaxtda öləcəyini bilir. Bir parça imanı varsa, ölüm və sonranı yoxluq olaraq görməz, “yoxdan var edən, əlbəttə təkrar yaradar” düşüncəsi ilə axirət  həyatını qəbul edər. Uca Yaradanın əfv etməsini umar, mərhəmətini düşünüb keçmişdəki xətalarına tövbə edər, ibadətləri artırar, axirət yurduna hazırlanar. Məhşərə, hesab gününə ümidlə baxar. Hər kəs onun yaxında öləcəyinə üzülərkən, o yaşadığı günləri etmədiklərini etmə fürsəti tapmış kimi sevinclə qarşılayar. Belə baxmayan insan isə həyatının sonunu düşünmək istəməz. Ya sərxoş olur, ya da əyləcə ilə vaxt keçirir, özü ilə üzləşmək, hesablaşmaq istəməz. Dəvə quşu kimi başını quma soxar. Bizim əcəli, ölümü unutmamız, qəbirə doğru tərs üz yeriməyə  bənzəyər. Ümidsiz isək, baxış bucağımızı düzəltməli və məsuliyyətlərimizi yerinə gətirərək ölümü ümidlə qarşılamalıyıq. O zaman hər kəs kimi gedəcəyimiz qəbirə qorxaraq deyil gülərək ümidlə baxmağa başlayarıq…

 Qaranlıq illər
Xalqımız yetmiş il Sovet hakimiyyəti altında yaşadı. İnancsızlıq, inkar düşüncəsi dövlətin rəmzi oldu. Alimlər, ziyalılar repressiyanın qurbanı oldu, məscidlər bağlandı, Quran oxumaq qadağan edildi. Oruc tutanların orucunu pozdurdular. Bütün mənəvi dəyərlər alt-üst oldu. Bu hal sadəcə bizdə deyil bütün islam aləmində yaşandı. Hər şeyin üst-üstə tarı-mar olduğu bu dövrdə həqiqi alimlər “Ümidvar olun; bu istiqbal inqilabı içində ən yüksək gur səda, İslamın sədası olacaqdır!”, deyərək insanlara ümid aşıladılar. Hər fəlakət bir səadətin carçısıdır. Əsrlərdir fəlakətlərə məruz qalan mənəvi dəyərlər hal-hazırda dünyada yüksəlişə keçmiş vəziyyətdədir.
Unutmayaq! Ümid hər şeydən əvvəl bir inanc məsələsidir. İnanan insan ümidlidir və ümidi de inancı nisbətindədir. Yeis, xoşbəxtlik qalasını uçurar, dağıdar; bütün sevinclərin, səadətlərin açarı ümidlə açılır. Ümidlərin darmadağın edilməyə çalışıldığı belə bir dövrdə igidlik, başqalarına ümid qaynağı olub solmuş iradələrə enerji, ruh verə bilməkdir.”
Sonuca çatmaqda tələsmək, keçmişdən dərs almamaq, bilgisizlik, dürüst olmamaq,  nəticə etibarilə insanı ümidsizlik çuxuruna düşürən səbəblərdir. Ümidsizlik, bədbinlik şeytandan olduğuna görə, ümidsizcə danışmaq şeytanın sözcüsü olmaq kimi bir şeydir. Allah Rəsulu: “Bütün insanlar pozuldu, yaxşı insan qalmadı deyən görsəniz, bilin ki asıl pozulan odur.” (Müslim, Birr 139,; Muvatta, Kəlam 2; Əbu Davud; Ədəb 85) buyurur. Çünki hər kəs həyata öz pəncərəsindən baxar, kirli pəncərədən baxan, ancaq kir görər. Hər kəsin ümidsizliyə düçar olduğu vaxtlarda, ən böyük qəhrəmanlıq insanlara ümid aşılamaq, ümidləri qıran insanlardan da uzaq qalmaqdır.
Türkiyə himnini yazana böyük şair Mehmet Akif yesə neştəri belə çalır:
Atiyi (gələcəyi) qaranlıq görərək əzmi buraxmaq
Alçaq bir ölüm varsa əminəm budur ancaq.
Qəmi-kədəri burax, iradən canlı isə!
Ümid qaynağı ol, ola bilirsən hər kəsə!
Belə insanlar, fəlakət zamanında cəmiyyəti deyil öz mənfəətlərini güdər, hamını da buna sövq edərlər. Yeislə insan, başqasının laqeydliyini, məsuliyyətsizliyini öz tənbəlliyinə bəhanə edər, nəyimə lazımdır deyərək “Aləmin dərdi mənəmi qalıb”, “Hər kəs mənim kimi pis gündədir.” Mömin olmanın, şərəfli, ləyaqətli insan olmağın izzətini tərk edər, dininə. Mənəviyyatına sahib çıxmağı buraxar. Halbuki Allah Təala dininə sahib çıxanları üzü üstə buraxamayacağını bildirir.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
“Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.” (Muhamməd, 47/7)
“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.” (Nur, 24/55)
Bəli, ictimai həyatın düzəlməsi və güclənməsindən ümidini kəsmiş bir insanın dönüb məşğul olacağı tək şey öz həyatı və şəxsi mənafeyidir. Bu cür insanların yeni idealı şəxsi mənfəətləri olacaqdır.
Cəmiyyətdən,  xalqdan ümidli olan bir insan isə şəxsi mənfəətini deyil, ümumun mənafeyi adına mübarizə aparar. Ümidi diri və güclü olan şəxslərdən təşəkkül edən bir toplum, güclü mədəniyyətlər qurar və hər cəhətdə tərəqqi edər. Amma ümidi sönmüş fərdlərdən əmələ gələn toplum böyük bir şer fabriki kimi işləməyə başlayar və ümidi olan tək-tük adamları da öz dişləri arasında əridər.
Belə olan halda toplumu və fərdi ayağa qaldıran ümid ikən, toplumu və fərdi yerə sərən şey de ümidsizlik olar. Həyatının müəyyən dövründə idealist olan amma ümidini itirdikdən sonra bir nömrəli mənfəətpərəst olan çox insanı ətrafımızda görmək mümkündür. Ümidini itirməyən bir insan həyatının hər mərhələsində idealist bir şəkildə yaşayar və səhabələr kimi elə də ölər. Səhabənin dünyanın dörd bir yanına getməsinin səbəbi Allah və Rəsulunun adının dünyanın dörd bir yanına yayılacağı ümidi idi.

Yağışdan çıxdıq yağmura düşdük
Xalqımız yetmiş illik Sovet əsarətindən 20 yanvarda tökülən qan bahasına azadlığını, müstəqilliyini əldə etdi. Əldə etdi, ancaq daha sonra qanlı-qadalı günlərimiz başladı. Torpaqlarımız işğal oldu. Orada yaşayan insanlar öz doğma yurd-yuvasından didərgin düşdü. Qaçqın həyatı yaşadı. Fərasətsiz idarəçilər ucbatından hər şey alt üst oldu. Köhnədən qalan pis-yaxşı düzən də dağıldı. Bir tərəfdən qaçqınlar, digər yandan hər gün gələn şəhid xəbərləri, itirilən ərazilər xalqımızın ümidini qırdı. Daxildə də dərəbəyilik hökm sürməyə başladı. Ümummilli Liderin gəlişi ilə sükunət təsis olundu. Atəşkəs imzalandı. Dərəbəyilik edənlər bir-bir aradan qaldırıldı. Əsrin Müqaviləsi bağlandı. Ölkə iqtisadi olaraq dirçəlməyə, dünya miqyasında tanınmağa başladı.

Təkrar iradənin şahlanışı, ümidlərin coşması
Aradan illər ötdü. Hər kəs doğma yurd-yuva həsrətin ilə yaşayırdı. Hələ, çıxarkən götürdüyü evinin açarlarını yastığı altında saxlayanlar vardı. Aradan 30 il keçmişdi. Çox insanda ümid sönmüşdü. Təkrar geri qayıdacağına, itirilən torpaqların azad olacağına inanmırdı. Ancaq ümidini canlı saxlayanlar da vardı. O kiçik ümidlər bir gün gələcək qığılcım olacaq, bütün xalqın ümidini təkrar alovlandıracaqdı.
Planlanan bir işin uğur əldə etməsi üç şeyə bağlıdır:

  1. Etimad olunan lider.
  2. Düzgün plan, lazımı infrastruktur.
  3. Ümid

Bu üç şeyə sahib olduğumuz gün xalqımızın ümidi təkrar coşdu. Bir yumruq olduq. Dəmir kimi sağlam olan o yumruq düşmənin başına endi, torpaqlarımız azad oldu. Bəli ümid, əzm elə bir şeydir ki, insana ən çox iztirab verən ağrıları da dindirir. 44 günlük həmlə ilə rəşadətli ordumuz Qətiyyətli Liderin rəhbərliyi ilə torpaqlarımızı azad etdi. Qarabağın zirvəsi Şuşa idi. o alınmadan zəfər sədası gur çıxmazdı. İgidlərimizin canı-qanı bahasına oranı da fəth etdik. Şanlı bayrağımız ucaldıldı. Bayraq hər dalğalandıqca düşmən də ümidini itirdi. Ağıllı siyasət nəticəsində geri qalan torpaqlar da bir-bir geri alındı.
Bəli, ümidli olmaq, insanın fərdi həyatı, həm də cəmiyyət həyatı üçün önəmli dinamikadır. Ümidin qarşında ümisizlik dayanır. Ümidsizlik iradənin iflic olmasıdır. Ümidin qaynağı imandır. İnsan, imanının gücü nisbətində ümidli olar. Allahın güc və qüdrətinə, sonsuz mərhəmətinə söykənən bir insan önünə dağlar da çıxsa əsla yarı yolda qalmaz. Bəzi dövrlərdə üst-üstə gələn fəlakətlər, müsibətlər insanların iradəsini öldürər, ümidlərini soldurar. Belə dövrlərdə əsas qəhrəmanlıq sönmüş iradələrə, ümidlərə nəfəs verib canlandırmaq, yıxılanları qaldırmaq, büdrəyənlərə də dəstək olmaqdır. Ümidsizsəniz, ümid SİZSİNİZ.

Ey dipdiri meyit, ‘İki əl bir baş üçündür.’
Davransana… Əllər də sənin, baş da sənindir!
His yox, hərəkət yox, acı yox… Leş mi kəsildin?
Heyrət verirsən mənə… Sən belə deyildin.
Qurtulmağa əzmin niyə bilməm ki sürəksiz?
Özünmü sənin, yoxsa ümidin mi ürəksiz?
Atini (gələcəyi) qaranlıq görməklə apışdın[1]?
Əsbabı əlindən ataraq yesə yapışdın!
Qarşında ziya yoxsa, sağından, ya solundan
Tək bir işıq olsun tapı ver… Qalma yolundan.
Aləmdə ziya qalmasa, xəlq etməlisən, xəlq!
Ey elləri böyründə yatan, şaşqın adam, qalx!
Yeis elə bataqdır ki; düşərsən boğularsan.
Ümidə sarıl sım-sıkı, seyr et nə olursan!
Əzmiylə, ümidiylə yaşayar həp yaşayanlar;
Məyus olanın ruhunu, vicdanını bağlar.
                                                  Mehmet Akif Ersoy
 
[1] qorxdun



Açar sözləri

ümid ümidsizlik

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

Gənclərin yalnızlıq problemi

Bu gün gənclərin ən böyük problemlərindən biri özlərini tək hiss etmələridir. Yeniyetməlik dövrünə keçid, böyüdükcə ailənin diqqətinin azalması, sevgi, şəfqət və  qiymətləndirmənin əksikliyi, ailədaxili problemlər, münasibətlərin korlanması, şiddətə və təhqirlərə məruz qalmaq, həmçinin şəxsiyyətin alçaldılması tənhalıq hislərinin yaranmasına səbəb olur.

Mənəvi xəstəlik – sui-zənn

Sui-zənnin əsas səbəbləri hansılardır? Sui-zənndən necə qorunmaq olar?


Şərh yaz