7. 465 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Ümrə ziyarətindən qazanclı çıxmaq, səfərdən verim əldə etmək üçün hansı ibadətləri etmək lazımdır?

Ümrə dünya yaranandan mələklərin salam etdiyi, Qurani-Kərimin “şəhərlərin anası” adlandırdığı müqəddəs bir məkana səfərdir. Ümrə səfərinin bir fərqi də insanı günahlardan arındırmasıdır. Allahın Elçisi (s.a.s.) cümə gününün həftəlik, Ramazan ayının illik, ümrənin isə ömürlük günahları təmizləyəcəyini bəyan etmişdir. Ziyarət edən zəvvar da əlinə düşən bu qısa müddətlik fürsəti qaçırmamalı və gəldiyi yerə aid hər şeyi unutmağa çalışmalıdır. Yaddan çıxarmaq olmaz ki, bu səfərin mənəvi qazancı insanın ixlası, pak niyyəti, səmimiyyəti qədərdir. 

Ümrəyə mənəvi hazırlıq insanın zehnində başlayır. Zəvvarın ilk işi zehnini arındırmaq olmalıdır. Zəvvar könlünü və qəlbini Allaha və Rəsuluna açmaq üçün lazım gəlsə, gündəlik həyatın qayğılarından, xəbər, reklam, iş və s.-dən uzaqlaşmağı bacarmalıdır. Ziyarət əsnasında hiss və düşüncələri cilovlayıb səfərin qayəsinə yönəltmək üçün Resulullahın (s.a.s.) həyatını oxumaq olar.

Ümrənin fəziləti

Həcci və ümrəni Allah üçün tamamlayın.”[1]

Bir ümrə, ikinci bir ümrəyə qədər olan günahlara kəffarədir. Məbrur həccin qarşılığı isə ancaq cənnətdir.”[2] 

Abdullah ibn Abbas (r.a.) Rəsulullahın (s.a.s.) belə buyurduğunu nəql edir: “Kim Beyti (Kəbəni) əlli dəfə təvaf edərsə, anadan doğulduğu gündəki kimi günahlardan təmizlənər.”[3] Buradakı təvafa şavtlar daxil deyil.

Cabir ibn Abdullah (r.a.) nəql edir: “Rəsulullahdan (s.a.s.): “Ümrə vacibdirmi?” – deyə soruşdular. Belə cavabı verdi:

“Xeyr! Ancaq, ümrəyə getməkfəzilətli əməldir.”[4]

Həcc və ümrə edənlər Allahın qonaqlarıdır. Ondan bir şey istəyəni əliboş qaytarmaz, əfv diləyəni bağışlayar.”[5]

Həcc və ümrəni bir yerdə edin. Çünki həcc və ümrə körükdə dəmir, qızıl və gümüşün pası təmizləndiyi kimi günahları silər, kasıblığı aradan qaldırar.”[6]

Məscidi-Haram və Məscidi-Nəbəvinin fəziləti

“Bir insanın evində qıldığı namaza bir, məsciddə qıldığı namaza iyirmi beş, cümə namazı qılınan yerdə qıldığı namaza isə əlli savab yazılır. Məscidi-Əqsada və mənim məscidimdə (Məscidi-Nəbəvi) qıldığı namaza əlli min, Məscidi-Haramda qıldığı namaza isə yüz min savab yazılır.”[7]

“Mənim məscidimdə (Mədinədə) qılınan bir namaz (Məkkədəki) Məscidi-Haram istisna olmaqla başqa məscidlərdə qılınan min namazdan daha fəzilətlidir. Məscidi-Haramda qılınan bir namaz da mənim məscidimdə qılınan yüz namazdan daha fəzilətldir.”[8]

Kəbəni ilk görəndə edilən dua məqbuldur!

Allah dostları “Kəbəni ilk görəndə edilən dua məqbuldur” demişlər. Buna görə də Məscidi-Harama daxil olarkən imkan nisbətində Kəbəyə baxmadan yaxınlaşa bildiyimiz qədər başımız ayaq ucuna baxacaq şəkildə ilərləyirik. Tam görülə biləcək nöqtəyə gəlincə başımızı qaldırır və çoxlu dua edirik. Ümrə ziyarəti əsnasında bu fürsətdən çox istifadə etmək lazımdır.

Zəmzəm suyundan doyunca içmək

Allah Rəsulu bir hədisində zəmzəm haqqında belə buyurur, “Bizimlə münafiqlər arasındakı fərq zəmzəm suyunu çox içməkdir. Onlar zəmzəmi doyunca içə bilməzlər.”[9] Bu hədisdə zəmzəm suyunu çox içmək iman və nifaqdan uzaq qalmaq əlaməti olaraq bildirilmişdir. Münafiq zahirən o sudan içsə belə, susuzluğu yatmaz, çünki qəlbində xəstəlik olana, zəm-zəm şəfa verməz.

“Zəmzəm hansı niyyətlə və nə məqsədlə içilsə, ona şəfa olar.”[10]

Abdullah İbn Abbas (r.a.) Rəsulullahın (s.a.s.) belə buyurduğunu nəql edir: “Zəmzəm suyu hansı niyyətlə içilərsə, ona faydalı olar. Şəfa niyyəti ilə içsən Allah sənə şəfa verər. Qarnını doyurmaq niyyəti ilə içsən Allah seni doyuzdurar. Susuzluğunu ardan qaldırmaq üçün içsən, Allah sənin susuzluğunu yatırar. Zəmzəm Cəbrayıl mələyin açdığı quyudur, İsmayılın su içdiyi yerdir.”[11]

Bu hədisin fərqli şəkli belədir: “Allaha sığınaraq içsən, Allah səni qoruyar.”[12]

Təvafdan sonra zəmzəm suyu içmək müstəhəbdir. Zəmzəm suyunu ayaq üstə, üzü qibləyə dönərək, üç qurtuma içmək lazımdır. Allah dostları zəmzəm suyunu içərkən belə dua etməyi tövsiyə edirlər. “Allahım! Səndən bol ruzi, faydalı elm və hər dərdə şəfa diləyirəm.”

Kəbədə edilən hər bir əməl bizim heybəmizə qoyulur. Əsas odur ki, həmin əməl ixlaslı və səmimi olsun. Kəbədə olan zəvvarlar üçün ən fəzilətli əməl təvaf etməkdir. Təvaf nafilə namazdan üstündür. Ziyarət əsnasında Kəbəni həmişə təvaf etmək mümkün deyil. Ancaq yorulanda Kəbəyə baxmaq və gözləri nurlandırmaq olar. Həqiqətən də Kəbəyə baxmaq insana müsbət təsir edir.

Hicri-İsmayılda namaz qılmaq

Kəbənin cənub-qərb divarının qabağında hündürlüyü 90 sm və eni 1,5 m olan yarım dairə şəkilli, ağ mərmərdən tikilmiş divar var. Bu ərazi Xətim adlanır. Bu divarla Kəbə arasındakı boşluğa Hicri-Kəbə və ya Hicri-İsmayıl deyilir. Bu yer Kəbənin bir parçası sayıldığına görə təvaf zamanı ora daxil olunmağa icazə verilmir. Digər vaxtlarda imkan tapdıqca burada iki rükət namaz qılmaq lazımdır. Bura Kəbənin içi sayılır. Orada namaz qılan Kəbənin içində namaz qılmış kimi olar.

Xətmin iç tərəfi Kəbə sayılır. Buna görə burada fərz namazlar qılınmır. Həzrət Aişə nəql edir ki, Kəbədə namaz qılmaq istəyirdim. Bunu Rəsulullaha bildirdim. Rəsulullah da bir gün əlimdən tutub Xətimin iç tərəfinə gətirdi və belə buyurdu: “Kəbəyə girmək istəyəndə xətimə gir və orada namaz qıl. Xətim Beytullahın bir parçadır.”[13]

Əlavə ümrə etmək

Ümrəyə ilin istənilən vaxtı getmək mümkündür. Ümrədə olan zəvvar özü və yaxınlarının adına istənilən sayda ümrə edə bilər. Bunun üçün ən əlverişli marşrut oteldən tunelə düşmək, oradan taksi ilə Tənim məscidi və ya Həzrət Aişə məscidinə gedərək təkrar ehrama girməkdir. Çünki Məkkədə müqim olanlar (ümrədə olan zəvvar da artıq müqim sayılırıq) bu cür ehrama girə bilər. İkinci olaraq Ərafatı ziyarət edərkən də ehrama girmək mümkündür.

Çox dua etmək

Həzrət Ömər (r.a.) ümrəyə getmək üçün icazə istəyəndə Rəsulullah (s.a.s.) ona belə deyir:

“Əziz qardaşım, bizi də duada unutma!” Başqa bir hədisdə bu sözlər əvəzinə “Əziz dostum, bizi də duana ortaq et!” – dediyi nəql olunur.[14] 

Ümrədə olan zəvvar özü, ailəsi, sevdikləri ilə yanaşı İslam aləmi, darda qalan möminlər üçün də dua edə bilər.

Unutmayaq ümrə ziyarəti turist səfəri deyil. Ona görə də hər fürsəti yaxşı dəyərləndirmək və oradan daha çox qazanclı çıxmaq lazımdır.


[1] Bəqərə, 2/196.
[2] Buxari, Ümrə 1; Müslim, Həcc 437;  Nəsəi, Həcc, 3, Zəkat, 49, İman, 1; Darimi, Mənasik, 7, Salat, 135; Tirmizi, Həcc, 6.
[3] Tirmizi, Həcc 41.
[4] Tirmizi, Həcc 88.
[5] İbn Macə, Mənasik, 5.
[6] Tirmizi, Həcc, 2; Nəsai, Mənasik, 6.
[7] İbn Macə, İqamətus-salət, 198.
[8] Müslim, Həcc, 505, 510; Tirmizi, Məvaqit, 126.
[9] Əhməd ibn Hənbəl, Müsnəd, III, 394; İbn Macə, Mənasik, 78.
[10] Əhməd ibn Hənbəl, Müsnəd, III, 357; İbn Macə, Mənasiq, 78. 
[11] Neylul-əvtar, 5/99.
[12] Hakim, Darəqutni.
[13] Tirmizi, Həcc, 48.
[14] Əbu Davud, Vitr 23; Tirmizi, Daavat 109. İbn Macə, Mənasik 5.



Bənzər məqalələr

Peyğəmbərimiz və səhabələrin namazı

Möminin meracı sayılan namaz imanın əkiz qardaşı kimidir. Başqa sözlə, imanın əməli şəkli namaz, namazın da nəzəri şəkli imandır.

Nə üçün namaz?

İnsan yaradılış baxımından çox zəifdir. Hər şey ona təsir edib əziyyət verir. İnsan həm də acizdir. Düşmənləri və bəlaları saysız-hesabsızdır. İnsan xəstəliklər, təbiətdəki fəlakətlər, ölüm qarşısında gücsüzdür.

Qurandan faydalanmaq

Qurandan faydalanmaq üçün nələrə diqqət etmək lazımdır?

İslamın əsası doğruluqdur

Rəsulullahın (s.a.s.) “Məni Hud və oxşar surələr qocaltdı” hədisini necə anlamaq lazımdır? 

Yaradılışın qayəsi

Yardılışın qayəsi, yaxud yaradılışın məqsədi. Daha sadə ifadə ilə, biz niyə yaradılmışıq? Bizimlə birlikdə bu dağlar, daşlar, çaylar, göllər, dənizlər, onlardakı balıqlar, heyvanlar, həşəratlar, bitkilər, səma, Günəş, Ay, ulduzlar, qalaktikalar… bütün bunlar niyə var, kimə və nəyə lazımdır?


Şərh yaz