Hz. Həmzədən sonra Hz. Ömərin də müsəlman olması Qureyş üçün ard-arda iki böyük itki demək idi. Bundan sonra isə Həbəşistana gedən elçilərin əliboş və apardıqları hədiyyələrlə geri qayıtdığını görən məkkəlilərin hirsi başına vurmuş və qılınclarını yenidən qeyzlə itiləməyə başlamışdılar. Üstəlik Həbəşistana hicrət edənlərdən tez-tez gələn xoş xəbərlər də müşrikləri özlərindən çıxarırdı. Belə davam edərsə, məsələ onların nəzarətindən tamam çıxacaq və qarşısıalınmaz olacaqdı.
Bir tərəfdən də müsəlmanları Hişam və Abdulmuttaliboğulları himayə edirdi və buna görə də, Allah Rəsuluna (s.ə.s.) təsirli bir həmlə edə, qarşısına çıxıb yolunu kəsə bilmirdilər. Bu vəziyyətdə müəyyən adamları hədəfə almaq da mümkün deyildi. Çünki müsəlman olub-olmamasına baxmayaraq, Əbu Ləhəbdən başqa, hər kəs birləşib Məhəmmədül-Əmini həyatı bahasına qorumaq yarışına girmişdi.
Digər tərəfdəndə hər ötən gün bəzi adamların müşriklərin cərgəsini tərk edib qarşı tərəfə qoşulması onların sayını getdikcə azaldırdı. Sel suyu kimi sürətlə artan bu məfkurəyə qarşı daha təsirli və davamlı bir “həll yolu” tapılmalı idi.
Nəhayət, müşriklər bir axşam bir məclisə yığışaraq birlikdə ölümdən də betər bir qərar qəbul edirlər. Həmin qərara görə Məhəmmədi onlara təslim edənə qədər Hişam və Abdulmuttaliboğulları ilə bütün əlaqələr kəsiləcək: onları Məkkədən qovacaq: bütün yolları bağlayacaq; onlardan qız alıb-verməyəcək, bütün qida mənbələrini qurudacaqdılar. Belə olsa, qurunun oduna yaş da yanacaqdı! O dövrün şəraitinə görə bu, yalnız iman gətirdikləri üçün insanları göz görə-görə ölümlə baş-başa buraxmaq idi. Beləliklə, dözülməz səhra şəraitində onların ölümünü gözləyəcək, əsrlərlə davam edən qan davalarına səbəb olmadan bu problemi həll etmiş olacaqdılar. Bu addım indiki ölüm düşərgələrindən də betər idi… Bunun adı boykot idi, müşriklər açıq ərazidə gündüzlərin səssizliyi və gecələrin tənhalığında, qızmar günəş altında və yandırıb-yaxan səhranın dözülməz çətinlikləri arasında müsəlmanların bir-bir həlak olmasını gözləyəcəkdilər.
Bu əməllərinə müqəddəslik qazandırmaq istəyirdilər; buna görə də qərarı maddələr şəklində yazıb Kəbənin divarından asırlar. Bu maddələri kağıza yazan Mənsur ibn İkrimə adlı şəxs idi.[1]
Artıq Varaqanın dedikləri gerçəkləşirdi. Bu qədər kin və nifrət olmazdı, amma o dövrün Məkkə şəhərində bunlar baş verirdi. Buna qarşı çıxmağa da imkan yox idi. Müsəlmanlar vəhyin gəlişindən yeddi il sonra bir Məhərrəm axşamı bu böyük məhrumiyyətlə məcburən Məkkə və məkkəlilərdən ayrılırlar…
Yenə də Əbu Talib onları himayəsi altına almışdı. Məkkənin kənarında, Şibi-Əbi Talibin məkanında çadır qururlar. Çadır deyilən şey də qırx yamaqlı boğçanın çubuqlar üstündə birtəhər dayanmasından ibarət idi. Müsəlman olmasa da, Əbu Talib çox səy göstərirdi. Hətta qardaşı oğlunun başına arzuolunmaz hadisələrin gəlməməsi üçün hər cür tədbir görür, çox vaxt Onun yatağında öz oğlanlarından birini yatırırdı.
Şibi-Əbi Talib şəhərdən kənarda bomboş, çılpaq bir ərazi idi. Bu möhnət dövrü üç il davam edəcəkdi. Çətinliklər getdikcə artırdı, demək olar ki, hər gün bir çadırdan fəryad-fəğan səsləri eşidilirdi. Kefdə-damaqda olan məkkəlilər yoluxucu xəstəliklərin tüğyan etdiyi Şibi-Əbi Talibdə dünyasını dəyişənlərin ardınca ucalan ağıları tez-tez eşidirdi.
Çox çətin, sıxıntılı günlər idi… Sıxıntının ağrı-acısını bütün varlığı ilə yaşayan, hiss edən yenə Allahın ən sevgili qulu Hz. Məhəmməd (s.ə.s.) idi.[2] Ancaq hər cür çətinliyə baxmayaraq, təbliğ vəzifəsi davam etməli və insanlar davamlı olaraq ilahi bəyanlarla qidalanmalı idi. Həmçinin belə bir məşəqqət burulğanından ancaq güclü bir imanla çıxmaq olardı və Rəsulullahın (s.ə.s.) ətrafında halqalanan camaat məhz belə bir iman boyası ilə boyanmışdı. Özləri müsəlman olmadığı halda, yenə də Onu üstün tutanlarda belə bunun əlaməti görünür, heç nəyə baxmayaraq, baş verənlərə müqavimət göstərirdilər.
Təbliğ başqa insanlara da çatdırılmalı idi. Buna görə də Allah Rəsulu (s.ə.s.) fürsət tapan kimi başqa yerlərdən gələnlərlə görüşməyə çalışır və xüsusilə də, haram aylarda həmsöhbət olduğu kütlələrə Allahın əmrlərini çatdırmağa səy göstərirdi. Bu cür cəhdlər qəlbində iman həyəcanı daşıyan hər bir mömində də müşahidə edilirdi, hər şeyə rəğmən, bitib-tükənmək bilməyən bir iman hərəkatı ortaya qoyulurdu.
Aclıq, susuzluq və xəstəliklərin iniltisi ilə keçən üç upuzun il!.. Bu necə zülm idi ki, qoca, qadın, uşaq, xəstə demədən hamıya eyni gözlə baxır və əsla güzəştə getmirdilər. Aclıqdan ağlayan uşaqların səsi əks-səda verirdi Faran dağlarında…
Allah Rəsulu (s.ə.s.) gecələr Rəbbinin hüzurunda, namaz qılarkən qulağına elə hey uşaqların ağlaşma səsləri gəlir, anaların ürək dağlayan hıçqırıqlarını eşidir və bu iniltilər bir ox kimi Onun qanayan ürəyinə sancılırdı. Məkkəlilərin düşmənçiliyi və nifrəti o həddə çatmışdı ki, artıq müsəlmanların mövcud olmalarından da narahat olmağa başlamış və onlarla eyni şəhərdə yaşamağa da dözümləri qalmamışdı. Məkkə bütün gücü ilə hücuma keçir və möminlərə nəfəs almağı da çox görürdü. Bütün bu planları hazırlayıb belə çirkin əməllərə qol çəkənlərə başçılıq edən yenə qövmün fironu Əbu Cəhil idi.
Artıq müsəlmanlar yalnız haram aylarda Məkkəyə gedə və çox məhdud imkanları ilə məhdud sayda azuqə tədarükü görə bilirdilər. Hətta Qureyş müsəlmanların bir şey ala bilməməsi üçün başqa yerlərdən gələn karvanları Məkkədən kənarda qarşılayır və onların müsəlmanlara mal satmamasına çalışırdı. Əksər hallarda ehtiyacları olmasa da, Qureyş kənardan gələn karvanlarda nə varsa, hamısını alır və ehtiyac məngənəsində inildəyənlərə heç bir açıq qapı qoymurdu. Müsəlmanların əlində-ovcunda artıq heç nə qalmamış, olanlar da tükənmişdi.
O qədər aclıq və sıxıntı çəkmişdilər ki, Sad ibn Əbi Vəqqas kimi gecə qaranlığında bir kənara gedib ehtiyacını təmin edərkən tapdığı bir dərini yuyub təmizləyən, sonra da odda bişirib yeyən və nəticədə, daha üç gün ibadət vəzifəsini ifa etmək üçün özünə güc verən Rəbbinə şükür edən böyük insanlar vardı.[3] Müsəlmanların əksəriyyəti ağacın yarpaqları və qabıqlarını yeməklə acından ölməməyə çalışır və buna görə də təbii ehtiyaclarını qoyunlar kimi ifraz edirdilər.[4]
Bu çətin günlərdə Hz. Xədicə müsəlmanlara cüzi də olsa, nəfəs alma imkanı verənlərdən biri idi. Çünki o, hadisələri əli-qolu bağlı seyr edən deyildi. Əlindəki imkanlar boykot dəyirmanında üyüdülsə də, bazarı bilirdi və əksər hallarda qardaşı oğlu Hakim ibn Hizam vasitəsilə əlində qalan nə vardısa, onları xəlvətcə Şibi-Əbi Talibə göndərir və bununla da aclara çarə, paltarsızlara libas olurdu. İbn Hizam yenə belə günlərin birində qaranlıq düşən kimi yola çıxmış, bir ovuc buğdanı gizlicə bibisinə aparmağa çalışırdı. Bu, Əbu Cəhilin gözündən qaçmır və tez yolunu kəsir. Bir fərd təkbaşına cəhalət sisteminə qarşı necə çıxa bilərdi? Əbu Cəhil, qardaşı belə olsa, boykot qərarına itaət etməyənə güzəşt edəsi deyildi. Əvvəlcə çox sərt şəkildə belə deyir:
− Haşimoğullarına yemək aparırsan, hə? And olsun ki, nə sən əlimdən xilas ola bilərsən, nə də onlara yemək aparmağa icazə verərəm. Görəcəksən, səni bütün Məkkədə rəzil edəcəyəm.
Bu əsnada yanlarına Əbul-Bahtəri gəlir. O da Haşimoğullarından idi. İman gətirməmişdi, amma insaflı adam idi. Əvvəlcə hadisənin səbəbini öyrənmək istəyir:
− Nə olub aranızda? − deyə soruşur. Əbu Cəhil:
− Haşimoğullarına yemək aparmaq istəyirdi, − deyə cavab verir. Bundan sonra Əbul-Bahtəri:
− O, bibisinə yemək aparmaq istəyir və sən də buna mane olursan? − deyə narazılığını bildirir. Sonra da:
− Onun yolundan çəkil, − deyə buna son qoymaq istəyincə inadkarlıq edən Əbu Cəhillə aralarında dava düşür. Hətta Əbul-Bahtəri əlinə keçən bir çənə sümüyü ilə vurub Əbu Cəhilin başını yarır. Hz. Həmzə də kənardan bu mənzərəni seyr edirdi. Artıq bu həmlə Əbul-Bahtəri ilə eyni fikirdə olan başqa adamları da cəsarətləndirəcək və Kəbənin divarına asılan müqavilə mətnini qoparıb boykotu ləğv edən bir mərhələni hazırlayacaqdı.[5]
Bu arada Allah Rəsulu (s.ə.s.) əmisi Əbu Talibin yanına gəlib:
− Ey əmi! Şübhəsiz ki, Rəbbim Allah (cəllə cəlaluhu), Qureyşin Kəbədən asdığı boykot kağızına bir qurd saldı və həmin qurd da Allahın adından başqa qalan bütün zülm, boykot və böhtanla bağlı nə varsa, hamısını yeyib qurtardı, − deyə xəbər verir. Əbu Talib təəccüblənmişdi. Qardaşı oğlunun Kəbəyə gedib bu kağızı görməsinin qeyri-mümkün olduğunu bilirdi. Qureyşin kin və qəzəb dolu nifrəti bu boykot kağızına əl vurmaq bir tərəfə qalsın, heç ona yaxınlaşmağa da imkan verməzdi. Yalnız bir seçim yolu qalırdı. Buna görə:
− Bunu Sənə Rəbbinmi xəbər verdi? − deyə soruşur.
− Bəli, − deyə cavab verir Allah Rəsulu (s.ə.s.).
Əbu Talib bu günə qədər qardaşı oğlundan bircə kəlmə də yalan söz eşitməmişdi. Buna görə də yalnız Özü xəbər versəydi də, buna inanacaqdı. Ancaq bu dəfə başqa bir planı vardı. Dərhal gedib məsələdən qardaşlarını da xəbərdar edir. Zülm dövrü artıq yekunlaşmaq üzrəydi. Həyəcanlı idilər. Bu həyəcan təkcə Şibi-Əbi Talib çərçivəsində qalmamalı idi və vaxt itirmədən birlikdə Kəbəyə tərəf gedirlər. Onların gəlişini görənlər Kəbədə yeni bir hadisənin baş verəcəyini fikirləşib kənardan tamaşa edirdilər. Nəhayət, qardaşı oğlunun dediklərinə etimad bəsləyən və mərhəmətli Rəbbinin verdiyi xəbərə güvənən Əbu Talib məkkəlilərə səslənərək belə deyir:
− Şübhəsiz ki, qardaşım oğlu Məhəmməd sizin maddələr yazdığınız kağıza Allahın bir qurd göndərdiyini və bu qurdun da onu yediyini deyir ki, O, əsla yalan danışmaz! Onun sözlərinə görə o səhifədə olan zülm, əziyyət, qohumluq əlaqələrini kəsmək və həddi aşmaq kimi bütün mənfi əməllər yox olmuş və orada təkcə Allahın adı qalmışdır. Budur, sizə fürsət! Əgər qardaşım oğlunun dedikləri düz çıxarsa, bu pis davranışlarınızdan əl çəkərsiniz. Yox, əgər deyilənlər doğru olmasa, o vaxt mən qardaşım oğlunu sizə təslim edərəm və siz də istəsəniz onu öldürər, istəsəniz də, sağ buraxarsınız…
İşin əslindən bixəbər olan qureyşlilər bunu zurna çalıb oynamağa bərabər fürsət hesab edirlər. Çünki onlara görə Əbu Talib ümidlərini tamamilə itirəcəkləri əsnada qardaşı oğlunu gətirib öz əlləri ilə təslim edirdi! Deməli, qorxmağa heç bir əsas yox idi. Buna görə də dərhal:
− Oldu, həqiqətən də, sən insaflı davrandın, − deyirlər.
Dərhal Kəbənin divarına tərəf üz tuturlar, vəziyyəti öyrənmək üçün, sanki, bir-biri ilə yarışırdılar. Üç möhürlə bağlanan zərfi açanda, həqiqətən də, vəziyyətin eynilə Əbu Talibin dediyi kimi olduğunu görür və yerlərində donub qalırlar. Bu, necə olmuşdu! Əyilən başları ilə birlikdə əllərindəki zərf də, yeyilmiş kağız parçası da yerə düşmüşdü. Müşriklər daha bir sarsıntı keçirirdilər. Belə bir vəziyyətdə danışmaq növbəsi və haqqı Əbu Talibdə idi:
− Hər şey əyan-bəyan meydandadır. Artıq bu həbsin və mühasirənin də bir mənası qalmadı, − deyir və yanındakılarla birlikdə örtüyü qaldırıb Kəbəyə daxil olur. Belə dua edirlər:
− Allahım! Bizə zülm edənlərə, bizi insanlarla görüşməkdən məhrum edənlərə və haqları olmadığı halda bizə hücum edib haqsızlıq edənlərə qarşı Sən bizə yardım et!
Sonra da birlikdə üç il fasiləsiz məşəqqət çəkdikləri məkana gəlirlər. Ancaq bundan sonra heç nə əvvəlki kimi olmayacaqdı; çünki Kəbədə edilən dua qəbul olunmuş və bəzi adamlar müsəlmanları himayə etmək üçün artıq hərəkətə gəlmişdi.
Digər tərəfdə Peyğəmbərimizin (s.ə.s.) bibisi Atiqə binti Abdulmuttalibin oğlu Hişam Züheyrə bunları deyirdi:
− Ey Züheyr! Dayılarının vəziyyətini eşidib bildiyin halda, sənin burada rahat yeyib-içməyinə, uşaqlarınla şad-xürrəm gəzməyinə və gözəl paltarlar geyinməyə könlün necə razı olur? Halbuki, onlar nə alış-veriş edə bilirlər, nə də ailələri ilə birlikdə bir zərrə rahatlıqları var! Allaha and olsun ki, əgər onlar Əbul-Hakəmin dayıları olsaydı və mən də onu buna görə çağırsaydım, o, mütləq məni eşidər və dayılarına kömək etməyə tələsərdi.
Züheyr bu sözlərlə nəyin nəzərdə tutulduğunu başa düşmüşdü, amma yenə də soruşur:
− Ey Hişam! Axı sən nə demək istəyirsən? Mən təkbaşına nə edə bilərəm? Vallah, mənimlə bir adam olsa, gedib həmin mətni cırıb ataram, − deyir.
− Sən tək deyilsən. Yanında bir nəfər də var, − deyə cavab verir Hişam.
− Kimdir o?
− Mən.
− Elə isə gəl üçüncü bir adam da tapaq.
Vaxt itirmədən birlikdə Mutim ibn Adiyyin yanına gəlirlər. Ona da buna bənzər sözlər deyirlər. Sayları artmağa başlamışdı. Əbul-Bahtəri onları gözləyirdi… Çox keçmədən Zəma ibn Əsvəd beşinci adam kimi onlara qoşulur…
Bu beş nəfər illərin kin və nifrətinə qarşı silaha qurşanaraq Haşim və Abdulmuttalib oğullarını da öz yanlarına alıb məsələyə son qoymaq üçün Kəbəyə gəlirlər. Onların gəlişini görən qureyşlilər isə artıq təslim olmuşdu.
Kəbəyə gəlib yeddi dəfə təvaf edirlər və sonra da razılaşdırdıqları kimi, əvvəlcə Züheyr danışmağa başlayır:
− Ey Məkkə camaatı! Biz rahat şəkildə yeyib-içərkən, gözəl paltarlar geyinib gəzərkən hər kəslə əlaqələri kəsilmiş, alış-veriş belə edə bilməyən Haşimoğullarının göz görə-görə həlak olmasına göz yuma bilmərik! And olsun ki, bu zülm fərmanı yazılmış boykot kağızını alıb cırmayana kimi, bir addım da geri getməyəcəyəm!
Əbu Cəhil bir kənarda dayanıb baş verənlərə tamaşa edirdi və əvvəlcə:
− And olsun ki, sən yalan danışırsan və həmin kağıza da heç nə edə bilməzsən! − deyib etiraz edir. Əbu Cəhilin etirazına cavab vermək üçün bu dəfə Zəma qabağa çıxır:
− Vallah, əsas yalançı sənsən! Heç biz onun yazılmasına da razı deyildik. Sən yazdırdın, − deyir. Kəbə Əbul-Bahtərinin də dəstəyinə şahid olur:
− Zəma düz deyir, orada yazılanlara və bu icraata susa bilmərik.
Mutim ibn Adiyy və Hişam da yoldaşlarını dəstəkləyir:
− Bu adamlar düz deyir, sən yalançısan! Burada yazılanlardan da, etdiklərinizdən də Allaha sığınırıq!
Kəbə bir anda məkkəlilərin insanlıq naminə həsrətlə gözlənən çıxışlarına qovuşmuş, gecikmiş bir həmlə ilə sevincə qərq olmuşdu. Bu, küfrün tənəzzül yaşadığı anlar idi. Özünü yeyib-tökən Əbu Cəhil:
− Şübhə yoxdur ki, bu, gecədən qurulmuş bir plandır, − deyə reaksiya verir.
Bu vaxt yenidən Kəbəyə gələn Əbu Talib və yoldaşları maraqla baş verənləri izləyirdi. Onlara görə hadisənin sonundakı mənzərə gözlənilməz olmayacaqdı. Amma baş verənləri öz gözləri ilə müşahidə etməyin də ayrı ləzzəti var idi.
Küfr düşüncəsinin ilmələri bir-bir sökülürdü! Bu vaxt Mutim ibn Adiyy son nöqtəni qoyub kağızı cırmaq və bununla da üç ildir, davam edən qeyri-insani rəftara son qoymaq üçün kağıza yönəlir. Aman Allahım! Bir də nə görsələr yaxşıdır; həmin kağızdan yalnız “Allahın adı ilə” ifadəsinin yazıldığı kiçik bir hissə qalmışdı və yanında da bu işi görən balaca bir qurd var idi!
Beləliklə, üç il davam edən bir zülm dövrü sona çatır. Ortada yazılı mətn də olmadığı üçün ümumi boykot da yekunlaşmış olurdu.[6]
[1]. Çətinlik və sıxıntıların sel kimi gəldiyi o günlərdə bir gün Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu şəxsə bəddua etmişdi. Çox keçməmiş Mənsurun boykot maddələrini yazan əli artıq heç nəyi tutmurdu.
[2]. İllər sonra həcc fərzini yerinə yetirmək üçün yenidən Məkkəyə gəldikləri vaxt qurban kəsməmişdən əvvəl bu yerə baş çəkən Allah Rəsulu burada yaşadıqları ağrı-acı dolu o üç ili xatırlayacaq və yanındakılara da həmin günlərdən bəzi hadisələr danışacaqdı. Bax: Buhari, Sahih, 2/576 (1513)
[3]. Ebu Nuaym, Hilyetu’l-Evliya, 1/93
[4]. Ebu Nuaym, Hilyetu’l-Evliya, 1/93
[5]. Bax: ibn Hişam, Sire, 2/195 və b. Taberi, Tarih, 1/550. Əbul-Bahtəri müsəlman deyildi və müsəlman olmadan da vəfat etdi. Ancaq Peğəmbərimizin vəfasından ona da pay düşəcəkdi. Belə ki, Bədir döyüşündə Məkkə cəbhəsində o da vardı. Onun gəldiyini görüncə Allah Rəsulu (s.ə.s.) əshabına belə dedi:
− Əbul-Bahtəri sizə dəymədikcə ona toxunmayın. (İbn Ebi Şeybe, Musannef, 7/357)
[6]. Bax: ibn Hişam, Sire, 2/219 və b. İbn Sa’d, Tabakat, 1/208 və b.