“(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”[1]
Uca Rəbbimiz ayədə xəstə olanların sağalandan sonra oruc tuta biləcəyini bildirir. İbn Abbasa görə hamilə və süd əmizdirən qadınlar da xəstələrlə eyni hökmdədir.[2]
Oruc çox savablı ibadətdir. Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər. Allah Rəsulu (s.ə.s.) belə buyurur:
“Allah səfərdə olan şəxsdən (yolçudan) orucu və namazın yarısını qaldırmışdır. Hamilədən və süd əmizdirən qadından da orucu qaldırmışdır.”[3]
Yəni hamilə və ya uşaq əmizdirən qadınlar, özlərinə və körpələrinə hər hansı zərər gəlməsindən qorxduqları təqdirdə dinimizin təyin etdiyi rüxsətdən istifadə edərək ramazan ayında oruc tutmaya bilər. Ancaq həmin orucları sonra qəza etmək lazımdır. [4]
Mütəxəssislər bildirirlər ki, uşağına süd əmizdirən qadının oruc tutub-tutmayacağını müəyyənləşdirmək üçün uşağının neçə aylıq olduğunu bilmək vacibdir. Həkimlər yeni doğulan uşağın ilk altı ayını sadəcə ana südü ilə qidalanmasının onun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirirlər. Buna görə də qərar alarkən mütləq həkimlə məsləhətləşmək lazımdır.
Əgər oruc tutulduğu halda süddə ciddi şəkildə azalma baş verər və ananın sağlamlığı təhlükəyə girərsə, uşaq əmizdirən qadınlar oruc tutmaya bilər. Ancaq uşaq 6 aydan böyükdürsə və əlavə qida qəbul edirsə, süd verən qadın həkimlə məsləhətləşərək oruc tuta bilər.
Uşaq əmizdirən qadın ramazan oruclarını gücü çatdığı qədər hər gün və ya fasilələrlə tuta bilər. Əgər oruc tutmağa gücü çatmaz və ya südünün azalacağından qorxarsa, oruc tutmaz.
Süd əmizdirən ana sahurda oruc tutmağa niyyət edər, ancaq gün ərzində narahatçılıq hiss edərsə, həmin orucunu poza bilər. Daha sonra uyğun vaxtda pozduğu orucu bir gün qəza etməlidir. Bu cür pozulan oruca kəffarə gərəkmir.[5]
Körpəsini ana südü ilə qidalandıran qadın ramazan orucunu tutacağı təqdirdə qidalanmasına xüsusi fikir verməlidir.