2. 178 dəfə oxunub ,   0 şərh   Çap et

Sual: Uşaqların ana-ata üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? İmtahan anlayışını necə başa düşə bilərik?

Cavab: Dünya həyatı şirin-acı bir çox yönü ilə bizim əbədi aləmə keçişimizi təmin edən bir həyatdır. Eyni zamanda, bu həyat bir çox fitnə və imtahanlarla doludur.[1] İmtahan ünsürlərindən biri olan uşaqların isə həyatımızda ayrı bir yeri var. Uşaqlar insan üçün tamamilə fərqli bir nemət və eyni zamanda tamamilə fərqli bir imtahandır.

Ana üçün bu imtahan hamiləlik dövrünün ilk günlərindən başlayır. Hərbir ana öz ruh aləmində uşağın aldığı havada belə öz payının olduğu qənaətini daşıyır. Çünki ağzına qoyduğu bir loğma çörək, içdiyi bir qurtum su qarınında bölünür və hər ikisinin də qidası olur. Doğulduqdan sonra onu əmizdirmə, qayğısına qalma, irəliləyən dövrlərdə onu bəzən çiynində, bəzən qucağında daşıma ananın payına düşür. Gecələri yuxusuz qalır onun üçün. Hər an, uşaq nərdivandan yıxılar, eyvandan sürüşər, elektrikə toxunar, isti suyu başına tökər və ya sobaya yapışıb yanar deyə min cür sıxıntı və narahatçılıq keçirir.

Uşaq Allahın insana verdiyi bir əmanətdir və vaxtı gələndə də geri alacaqdır. Əgər ona yaxşı baxılar, tərbiyəsi yaxşı verilər və başqalarına faydalı insan olaraq yetişdirilərsə, onunla bağlı imtahan qazanılmış olar. Lakin insan yalnız nəfsani istəklə, özündən bir parçaymış kimi ona baxar və bundan həzz alar, Allaha bəsləməsi zəruri olan sevgini tamamilə uşağa yönəldərsə, “bir könüldə iki soltan olmaz” düsturuna nəzərən imtahanda uduzmuş olar.(Araf, 190)

Bir ayədə dünya malı da uşaqlarla birlikdə imtahan olaraq zikr edilmişdir:

“Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız (sizin üçün) ancaq bir imtahandır. Ən böyük mükafat (Cənnət) isə Allah dərgahındadır!” (Təğabün, 64/15)

Bu ayənin ifadə etdiyi həqiqətə görə hər şeydə Allahın (c.c.)  razılığını axtarmaq və Ona yönəlmək, digər şeyləri də ikinci dərəcəli olaraq qəbul etmək çox əhəmiyyətlidir. Həyatını bu istiqamətdə davam etdirənlər imtahanı qazanarkən, digərləri məğlub olurlar. Lakin bu dünyanı və ailə üzvlərini tamamilə tərk etmək demək deyildir. Əksinə bütün bunların sahibinin rizası üçün onlara tam mənası ilə sahib çıxma deməkdir. Bu baxımdan insan bunlara bir əmanət kimi baxmalıdır. Allahın ona əmanət olaraq verdiyi digər nemətlərlə birlikdə, ailə üzvlərinə də sahib çıxmalı və ona verilən bu əmanətə xəyanət etməməlidir.

Ata-ananın başlıca vəzifəsi

İslam dini uşaqlarla əlaqəli ana-atanın üzərinə gözəl ad qoymaq, yaxşı təhsil vermək və vaxtı gələndə evləndirmək və ya ərə vermək kimi üç mühüm vəzifə yükləmişdir. Bu vəzifələri çox yaxşı dərk etmək lazımdır. Çünki bu vəzifələr bütün bir ömrü əhatə edir. Buna görə həkimlərin beşikdəki körpəyə qida cədvəli tətbiq etdikləri kimi, ana-ata da uşaqlarının yaş və dərk etmə səviyyələrinə görə onların təhsilinə diqqət yetirməlidir. Həmçinin onu evləndirərkən Rəsulullahın (s.ə.s) sözü ilə sərvəti, gözəlliyi və soyu əsas götürməməli, seçimdə dini həyatı birinci amil olaraq qəbul etməlidir.[2]

Pərdəni qorumaq

Uşağı tərbiyə etmə mövzusunda da onunla aradakı pərdəni saxlamaq mühüm əsaslardan biridir. Bir tərəfdən təmkin və ciddilik mühafizə edilərkən, digər tərəfdən onun sevinc və kədərini paylaşma çox əhəmiyyətlidir. Ana-ata təmkin və ciddiyyəti qorumadan onunla sadəcə uşaq kimi davranar, oyun oynayarsa, məsafəni qoruya bilməz, digər daha əhəmiyyətli mövzularda uşağa təsir edə bilməz. Belə bir atmosferdə yetişən uşaq pis davranış nümayiş etdirə və hətta həyasızlaşa bilər. Bu baxımdan istər öz uşaqlarımız olsun, istərsə tərbiyə etmək üçün bizə etibar edilmiş uşaqlar olsun, onların yaxşı tərbiyə almalarını istəyiriksə, onlarla aramızdakı bu məsafə daim qorunmalıdır.

Model olma

Bununla yanaşı, uşaq daim özünə ideal tapma ehtiyacını hiss edir. Ana-ata uşağın model olaraq seçdiyi insanlardır. Böyüdükcə öz ailəsində axtardığı ideal modeli tapa bilməyən uşaq xaricə yönəlir və bu da mənəvi dünyasında ziddiyyətlərə səbəb olur. Axtardığı idealı ailəsində tapan uşaq isə xoşbəxt və dinc bir həyat yaşayır.

Bu yazını bir ayənin məalı ilə bitirək:

“Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. (Onlar din və ya dünya işlərində sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməllərdən yayındırarlar.) Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!”. (Təğabün, 64/14)

Deməli, mal və övlad bir yönü ilə potensial düşmən, digər yönü ilə dostdur. İnsan ona bəxş edilən bu imkanları Allah yolunda dəyərləndirərsə, onlar vasitəsi ilə həm dünyasını, həm də axirətini abad edər.

 “Prizma” adlı kitabdan iqtibas edilmişdir.

***


[1] Bəqərə,155; Mülk,2.

[2] Buxari, Nigah, 15; Əbu Davud, Nigah, 2




Şərh yaz