3. 191 dəfə oxunub ,   0 şərh   Çap et

Uşaqlar vaxtlarının çox hissəsini komyuter qarşısında keçirməyi, xüsusilə də kompyuter oyunları oynamağı çox sevirlər. Ancaq ilk vaxtlar “günahsızcasına” başlayan bu oyunlar bəzən düzgün istifadə olunmadığı təqdirdə (təbii ki, bura oyunların düzgün seçilməməsini də əlavə etmək olar) uşaqlarımızı zorakılığa sürükləyir. Bu isə, nəticədə, uşağın zorakılığı adi bir hal kimi qəbul etməsinə gətirib çıxarır. Digər tərəfdən, bu, uşaqda zorakılığa meyillilik hallarının da artmasına səbəb olur. Bundan başqa, kompyuter oyunları ilə yanaşı, sosial şəbəkə portalları da böyüklər qədər uşaqların da maraq dairəsini əhatə edir. Təbii ki, tanımadığı insanlarla ünsiyyətdə olmaları bu dəfə uşaqlarımızı başqa bir təhlükə ilə (və ya təhlükələrlə) qarşı-qarşıya qoyur. Əlbəttə ki, bu mənzərə qarşısında mütəxəssislər uşaqların internetdən istifadə etməsinə məhdudiyyət qoymağı məsləhət görürlər. Bəs elə isə uşaqlarımız, hətta məhdud belə olsa, internetlə nə vaxt tanış olmalıdırlar?

Ən azı ibtidai məktəbə qədər gözləyin

Uşaqlara internetlə ən tezi 7 yaşında tanış olmağı tövsiyə edən mütəxəssislər bunun səbəbini belə izah edirlər: “Uşaqlar internetdən istifadə etməyə başladıqda impulsiv özünənəzarət sistemləri tam inkişaf etmiş olmalıdır. Çünki uşaqlar ilk körpəlik dövrlərində daha çox ehtiyaca malik olurlar və onların bu ehtiyacları ödənildikcə yeni-yeni ehtiyaclar “istehsal edirlər”. Halbuki bir qədər sonra bu dövr başa çatmalı və uşaqların impulsiv özünənəzarət sistemlərinin tam inkişaf həddində olduğu dövr başlamalıdır. Əlbəttə ki, bu prosesin düzgün getməsi ata və ananın uşağını düzgün nəzarətdə saxlamasından, həmçinin uşağı ilə düzgün ünsiyyət qurmasından asılıdır. Uşaq 4 yaşını keçdiyi halda ata və ya ana, hələ də, uşağın hər istədiyini (özü də sorğu-sualsız) yerinə yetirirsə və uşaq da bu vəziyyətdən sui-istifadə edərək, valideynləri üzərində mütləq hakimiyyət qurursa, belə uşaqlarda impulsiv özünənəzarət sisteminin tam inkişaf etməsindən söhbət gedə bilməz. Məsələ burasındadır ki, belə uşaqlar internetdən də səmərəli istifadə etməkdə çətinlik çəkirlər. Belə ki, onlar internetdə sürətlə dəyişən rənglər və təsvirlər qarşısında “aciz qalır” və onlardan tələb edilən vaxtda internetdən ayrıla bilmirlər. Başqa bir problem isə ata-anaların (xüsusilə də, anaların) 3-4 yaşlarındakı uşaqlarını kompyuter qarşısında oturtmaları və onların kompyuter qarşısında keçirdikləri bu vaxtı özləri üçün “qazanc” kimi qəbul etmələridir. Halbuki, bu yaşlardakı uşağın internetlə heç bir əlaqəsi olmamalıdır. Buna görə də, ən yaxşısı, uşağın internetlə tanışlığının ibtidai məktəb yaşına qədər gecikdirilməsidir. Hətta, bundan da yaxşısı, bu yaşa qədər olan bir uşağın evində internetin olmamasıdır. Əgər 7 yaşından əvvəl uşaqları internetlə tanış etsəniz, onda uşaq interneti informasiya vasitəsi kimi yox, əyləncə vasitəsi kimi tanıyacaq və bu da gələcəkdə onun internetdən düzgün istifadə etməsi üçün bir nömrəli maneə olacaq”.

Uşaqlarınıza inrenetdən düzgün istifadə etməyi öyrədin

Hər şeydən əvvəl onu deyək ki, internetdən düzgün istifadə etmək uşağın yaşına uyğun saytlara üstünlük verməsi və internetdən informasiya vasitəsi kimi istifadə etməsi deməkdir. Uşaq, təbii ki, internetdən vaxtaşırı əyləncə vasitəsi kimi də istifadə etməlidir. Ancaq bu, valideynin nəzarəti altında olmalıdır. Uşağınıza interneti qadağan etmək, internetə girməsinə mane olmaq, ya da internetlə bağlı cəza vermək, əlbəttə ki, məsələni həll etmək demək deyil. Buna görə də, uşağınızın internetə hansı “tezliklə” girəcəyini uşağınızla əvvəlcədən müzakirə etməli və bu məsələ ilə bağlı konkret qərar qəbul etməlisiniz. Əlbəttə ki, bu müzakirə zamanı onun bu məsələdəki fikirlərini də nəzərə almalısınız. İnternetdə uşağınız üçün uyğun hesab etmədiyiniz şeylər (bu, oyun, foto, video və s. ola bilər) haqqında uşağınızla “ortaq məxrəcə” gəlməli, onu bunlardan gələcək zərərlərə qarşı hazırlamalısınız. Əgər uşağınız hər hansı bir məsələ barədə araşdırma aparmaq istəyirsə, ona yeganə mənbəyin internet olmadığını öyrətməlisiniz. Təbii ki, kitab, kitabxana, muzey və s. kimi bu mənbələrdən istifadə etməsini də təmin etməlisiniz. Bir də unutmaq olmaz ki, internetdən istifadə məsələsində valideynlər də uşaqlar üçün nümunə təşkil edir. Yəni, ata və ya ana uşağına internetdən düzgün istifadə etməyi öyrədərkən özü vaxtının çox hissəsini kompyuter qarşısında keçirirsə və üstəlik, bu vaxt ərzində lazımsız şeylərlə məşğul olursa, təbii ki, uşağından internetdən düzgün istifadə etməyi gözləyə bilməz. Digər tərəfdən, siz uşağınıza internetdən kənarda da çox əyləncəli vaxt keçirmək mümkün olduğunu göstərməli və uşağınızın yaşına və inkişafına uyğun “əyləncələr” seçərək, onun internetə ehtiyac hiss etmədən əylənməsini təmin etməlisiniz.

İnternetə “yox”, həyata “hə”!

Uşağın sosial inkişafı üçün əsas şərtlərdən biri də cəmiyyətlə ünsiyyətdə olmasıdır. Əgər uşağınız bütün vaxtını kompyuter qarşısında keçirirsə və yalnız “virtual dostluqlarla” kifayətlənirsə, təbii ki, cəmiyyət içərisində özünü normal ifadə edə bilməyəcək və üz-üzə dialoqlarda çox ciddi problemlər yaşayacaq. Buna görə də, uşağınızı virtual yox, real sosial mühitə (ya da mühitlərə) alışdırın. Üstəlik, enerjisini düzgün yerlərdə istifadə etməsinə imkan verin. Uşağınızın “real dostluqlar” qurmasına imkan verəcək, həmçinin, uşağınızın inkişafı üçün faydalı olacaq idman fəaliyyətləri də onu virtual mühitdən uzaqlaşdırmaq üçün çox mühüm bir alternativ ola bilər.



Açar sözləri

internet kompyuter oyun uşaq

Bənzər məqalələr

Şeytanın oyunları

Şeytan insanları haqq yoldan azdırmaq üçün hansı üsullardan istifadə edir?

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Valideyn övlad münasibətləri

Sual: Uşaqların valideyin üçün bir imtahan vəsiləsi olduğunu deyirlər. Bununla nə nəzərdə tutulur? Dilimizdə istifadə olunan “bala” sözü ehtimal ki, ərəbcədən dilimizə keçmişdir. “İbtila” ərəb dilində “imtahan etmək”; “bəla” kəlməsi isə imtahan, dərd, müsibət kimi mənalar gəlir. Bu yönü ilə “bala”, yəni övlad imtahan deməkdir.

Uşaq əmizdirən qadın oruc tutmalıdır?

Hamilə və uşaq əmizdirən qadınlar özlərinə və körpələrinə hər hansı zərər olmayacağı təqdirdə oruc tuta bilərlər.

Ailə yoxsa uşaq problemi?

Bu bir həqiqətdir ki, ailədə uşağın yeri çox böyükdür. Ancaq bütün hallarda ailədə yeganə məqsəd uşaq olmamalıdır. Əgər ailədə yeganə məqsəd uşaqdırsa və o ailədə uşaq yoxdursa, deməli, problemlərin olması da labüddür. Halbuki tərəflər qarşılaşdıqları problemləri öz aralarında müzakirə edə və ortaq bir məxrəcə gələ bilərlər. Problemin həllinə köklənməmək və ya problemi ağlı ilə yox, hissləri ilə həll etməyə çalışmaq əlavə gərginlikdən başqa bir işə yaramır.


Şərh yaz