3. 496 dəfə oxunub ,   1 şərh   Çap et

Mərhəmət və şəfqətdə meyar

Mükafatlandırma

Uşağı gələcəyə hazırlama

Övladlarımıza gözəl tərbiyə vermək üçün müəyyən xüsuslara diqqət etməliyik. Bütün sözlərimizin, davranışlarımızın, hətta həyat yoldaşımızla söhbətlərimizin və hər cür münasibətlərimizin əsas mövzusunu sonrakı dövrlərdə uşağın şüuraltına yerləşdirmək istədiyimiz məsələlər təşkil etməlidir.

Əlbəttə, hər bir evdə dünyaya aid işlərdən, həyatla əlaqədar məsələlərdən də bəhs edilir. Ancaq uşağın yanında bu məsələlərdən danışarkən onu həmişə nəzərə almaq lazımdır. Üstəlik mümkündürsə, valideynlər və böyüklər onun yanında ona aidiyyəti və faydası olmayan məsələlər barəsində danışmamalı və mənfi təsir edən mövzulardan əsla söz açmamalıdır. Müəyyən bir dövrdə onun ruhunda və qəlbində cücərib böyüyəcək xüsuslar həssaslıqla seçilməli və o, gücü çatmayan məsələlərlə üz-üzə qoyulmamalıdır. Evdə, iş yerində, xülasə, onlar nə vaxt yanımızdadırlarsa, dilimizdən çıxan hər sözdə, hər hərəkətimizdə onları nəzərə almağa borcluyuq.

Onların yanında hər sözümüz, hər söhbətimiz imkan daxilində Allah, Ona iman, Onun nemətləri və İslamiyyət haqqında olmalıdır. Valideynlər bir prinsip olaraq evdə uşaqların yanında məhz gələcəkdə onlarda görmək istədiyi xüsusiyyətlərdən, hal və davranışlardan bəhs etməlidir ki, uşaqlar da valideynləri üçün vacib məsələlərin nə olduğunu eşidə-eşidə, görə-görə, o şüurla böyüsünlər. Valideynlər bu tövsiyələri  qəbul və tətbiq etsələr, uşağın gələcək problemlərinin böyük bir qismi həllini tapmış olacaq. Əlbəttə, daha sonrakı dövrlərin də öz problemləri vardır, yeri gəldikcə onlardan da bəhs edəcəyik.

Mərhəmət və şəfqətdə meyar

Bu başlıq altında uşaqlarda mərhəmət və şəfqət hissinin inkişaf etdirilməsi, onların bir mərhəmət timsalı kimi yetişdirilməsi mövzusuna toxunmaq istəyirik. Bu mövzuda da yenə ən səmərəli metod nümunə olmaqdır. Qapıya gəlib yardım üçün əl açan bir adama ərin xanımından əvvəl, yaxud evin xanımı əri ilə birlikdə, hər ikisi olanı-qalanı ilə yardım etməyə tələsməsi, onun dərdinə şərik olub qayğı ilə dinləməsi uşaqların şəfqət hissinə yiyələnməsi baxımından təsirli nümunədir.

Uşaqların şəfqət hissini irsi yolla əldə etməsi də mümkündür. Məsələn, bəzi uşaqlar hələ kiçik yaşdan kövrək olurlar. Bu hal onların daha sonralar bir az həssas, incə, ürəyiyuxa olacağından xəbər verir.  Hərçənd, bəzən onlar da sırf diqqət cəlb etmək, istədiklərini valideynlərdən qoparmaq  üçün özlərini ağlayırmış kimi göstərirlər, amma incəlikdən doğan göz yaşı həmişə fərqli olur. Uşaqların əliaçıq, ürəyiaçıq, comərd, riqqətli, şəfqətli olmasını düşünürüksə, ailəmizin isti, mehriban olmasını və ətrafa şəfqət rayihələri saçmasını təmin etməliyik.

Uşağın xəsis, xalq deyimi ilə desək, əlibərk, dünyagir, maddiyyat düşkünü kimi böyüməsi şəraitdən asılı olaraq eqoist, mənfəətpərəst, həris, zorba və üsyankar bir adama çevrilməsinin ilkin səbəbləri hesab edilir. Əgər belə bir uşaq ilahi əxlaq çərçivəsində tərbiyə edilmir, yetişdirilmirsə, bu hal onun həm dünya, həm də axirətdə bədbəxtliyə düçar edə bilər.

Bəli, mərhəmət və şəfqət çox önəmlidir. Comərdlik və cavanmərdlik bu fəzilətin bir təzahürüdür. Şəfqət qəhrəmanları həmişə qazanır, mərhəmətsizlər isə itirirlər. Comərd adam fasiq olsa belə, yenə Cənnətə gedə bilər. Xəsis isə mömin belə olsa, Cənnətə getmə ehtimalı çox azdır. Ona görə də uşaqlarda şəfqət və acıma hissi inkişaf etdirilməli, yardımsevərlik və yaxşılıq etmə duyğusu gücləndirilməlidir ki, hərislik edib dünyadan dördəlli yapışmasınlar, Allahı və insanları unutmasınlar. Uşağa möhtaclara kömək etməyi öyrətməlisiniz ki, maddiyyat hərisi olmasın, ruhən, mənən, qəlbən, həyatın həqiqəti etibarilə Allaha bağlı yaşasın. Ancaq unutmayaq ki, yardımsevərlik xüsusiyyətini əməli olaraq göstərmədən, əməlləri sözlərlə dəstəkləmədən uşaqlara aşılmaq qeyri-mümkündür. Fəzilətləri davranışlarımızla təlqin edərkən sözlərimiz də onlara mələklərin pıçıltısı təsirini bağışlayacaqdır.

Mükafatlandırma

Digər bir məsələ də uşaqların qazandıqları müvəffəqiyyətə uyğun mükafatlandırılmasıdır.  “Uyğun” sözünü xüsusi vurğulamaq istəyirəm. Çünki böyük müvəffəqiyyəti böyük mükafatla, kiçik bir uğuru kiçik mükafatla qiymətləndirmək ədalət anlayışı ilə yanaşı, “Nə qədər zəhmət o qədər səmərə” prinsipi ilə də üst-üstə düşür. Bəli, istər dini, istər dünya həyatına aid məsələlərdə, – söz yox ki, söhbət məşru olandan gedir, – hər bir müvəffəqiyyətin mütləq mükafatlandırılması ilahi əxlaqın tələbidir.

Bu baxımdan ana-ata bir az da alim, müdrik və tərbiyəçi sayılır. O bilir, düşünür, baxır, qoruyur və onların üstündə tir-tir əsir. Bəli, əgər ana-ata maşınına, bağına-bağçasına fikir verdiyi qədər uşaqlarına əhəmiyyət verməsə, o uşaqların duyğu və düşüncələrinin qısır və cılız qalması qaçılmaz olar. Bu baxımdan bir az əvvəl haqqında bəhs etdiyimiz prinsiplərdən rəfət, şəfqət, qədirşünaslıq, Haqqın nemətlərinə təzim etmə ilə yanaşı, həqiqi malikiyyətin və sahibliyin bir növ təzahürü olan “uşaqların bütün hallarına nəzarət” məsələsində də əsas qaynağa müraciət etməyə məcburuq.

Bu əsas qaynaq Allah əxlaqıdır. Allah dünyada yaxşı əməl işləyənlərə axirətdə Cənnət, pis əməl işləyənlərə də cəza verir.

Qurani-Kərim: “…Əgər  şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (“İbrahim” surəsi, 14/7) buyurur.

İlahi əxlaqa yiyələnərək uşaqla əlaqədar mövqe və davranışlarımızı o qədər müvazi şəkildə ortaya qoymağa çalışmalıyıq ki,  Allah da bizi tənhalığa sürükləməsin.

Uşağı gələcəyə hazırlama

Son olaraq faydalı bildiyim bir mövzu da var ki, o da uşaqlarla münasibətdə onların formalaşdığı mühiti, yaş, dünyagörüşü, bilik və mədəni səviyyələrinin nəzərə alınmasıdır. Uşaq beş yaşındadırsa, yemək rejimində ehtiyaclarını nəzərə aldığınız kimi, dini bilgiləri öyrədərkən də onun səviyyəsini unutmamalısınız. Yeddi yaşında öyrədilən biliklə on yaşında öyərdilənlər, təbii ki, eyni olmamalıdır.

Ancaq burada mühüm bir məqam var, o da öyrədilən və təlqin edilən hər şeyin uşağın hal-hazırda yaşadığı dövrə və yaş-baş səviyyəsinə deyil, növbəti dövrə və səviyyəsinə aid olmasıdır, çünki o, hazırkı dövrü onsuz da, necə olsa görəcək, hiss edəcək və yaşayacaqdır. Bu baxımdan mövcud mühitdən və ya müəllimlərdən öyrəndikləri kafi sayıla bilər. Demək, biz ona həyatının növbəti mərhələsinə uyğun tərbiyə verməliyik.

Həzrət Əli (r.a): “Uşaqlarınıza yaşadığınız dövrün elmini və mədəni dəyərlərini deyil, daha sonrakı dövrün ədəb və ərkanını öyrədin, çünki onlar sizin zəmanəniz  üçün deyil, başqa bir dövr üçün yaradılıbdır”, – buyurur. Bu prinsipə ümumi bilgi və mədəni dəyərlər baxımından yanaşmalı olsaq, “Mövcud bilik və mədəni dəyərlərlə kifayətlənmək hədəfi kiçik götürmək, az səy göstərməkdir”.  Bunun nəticəsində başqaları tədricən gəlib sizi keçər və çox geridə qalarsınız. Bu prinsipin təlim və tərbiyə prosesində nəzərə alınması və tətbiq edilməsi uşağın yaşadığı zamanın hüdudlarını aşıb gələcək dövrlərə və yaş mərhələlərinə uyğun istiqamətdə yetişməsini asanlaşdırır. Bəli, altı yaşlı uşağa yeddi yaşın tərbiyəsi verilməli, yeddi yaşına çatanda da səkkiz yaşın proqramı tətbiq edilməlidir.

Xülasə, uşağa beş yaşına qədər verilən dini və milli təlim-tərbiyə həddi-büluğ yaşı sayılan on beş yaşına qədər mərhələ-mərhələ artırılaraq davam etdirilməli və mütləq yaşa-başa uyğun olmalıdır ki, mənimsəməsi də çətin keçməsin. İyirmi yaşına çatmış, gənclik dövrünün tam ortasına qədəm qoymuş bir cavana on beş yaşın dini təlim-tərbiyəsini verməyə başlasanız, onun din, iman və əxlaq baxımından hər şeyini alt-üst etmiş olarsınız. Orqanizm hər bir mərhələdə fərqli qidaya ehtiyac duyduğu kimi, fikir, ağıl, hiss, şüur, idrak və könül kimi lətifələr[1] də öz səviyyələri nisbətində “bəslənmə” tələb edirlər.

Siz təlim-tərbiyəsinə cavabdeh olduğunuz bir fərdin ictimai, düşüncə və əqli səviyyəsini anlamadan ona bir şey öyrətməyə başlasanız, o şəxsi özünüzdən uzaqlaşdırmış olarsınız. Bu gün bir sıra yanlış təlim-tərbiyə üsullarına baxmayaraq, bəzi gənclərin hələ də fikirləri, hisləri, duyğuları sağlamdırsa, bu, tamamilə Allah-Təalanın onlara bir inayətidir, ya da düşüncə etibarilə hələ inkişaf etməyiblər, yaş iyirmi beş, baş isə on və ya on beş yaşdadır, öz dövrlərindən çox geridə qalıblar. Məhz belə bir insanın günlərin bir günü dini, milli, ictimai mövzuda öz səviyyəsindən üstün bir fikir və düşüncə ilə üz-üzə gələndə, Allah qorusun, sarsılaraq öz dəyərlərindən qopması  qaçılmaz olur.

Tərbiyəni yaşla-başla bərabər səviyyədə və ya bir iki addım öndə aparmaqla əlaqədar din bizə bu tövsiyəni verir: Əgər uşağın on beş yaşında namaz qılması fərzdirsə, siz onu on yaşında namaza alışdırın. Bu eyni zamanda “Ona oruc tutmağı da mükəlləf olduğu dövrdən bir neçə il əvvəl öyrəşdirin” mənasını da verir. Bu prinsipi digər bütün məsələlərə də şamil edə bilərik ki, bu da uşağı əvvəlcədən növbəti yaş mərhələlərinə uyğun formalaşdırmaq deməkdir.

Qeyd edim ki, əgər buradakı dəyər hökmləri və mühakimələrdə qəti və tərəddüdsüz cümlələr işlədiriksə, bu, həmin məsələyə Quran və Sünnə perspektivindən baxmağa inamımızdan və ən az o istiqamətdəki güclü zənnimizdən irəli gəlir. Biz uşaqlara kiçik yaşlarında müəyyən bilik və fəzilətlərinin öyrədilməsinin daha səmərəli olduğuna inanırıq. Belə ki, əgər onların mükəlləf yaşda   dinin fərzlərini mütləq yerinə yetirmələrini istəyiriksə, buna çox erkən yaşlarda başlamaq lazımdır. Biz bu cür yanaşmanın səmərələrinə indiyə qədər çox şahid olmuşuq.

Burada İmam Cəfərin[2] bizə verdiği bəzi yaş ölçülərindən də bəhs etmək istəyirəm:

“Yeddi yaşa qədər uşaqlıq dövrü sayılır ki, uşaq bu yaş mərhələsində gördüklərini təqlid edir və daha çox oyun oynayır. Siz onunla oynayar və əylənərsiniz, o da sizinlə əylənər. Sizdən nə görsə, öyrənir və təqlid edir. Bu yaşa qədər uşağın həyatı bir növ təqlid və oyundan ibarətdir. Bundan sonra yaşına-başına, idrak səviyyəsinə görə təlqin mərhələsi başlayır. Bu mərhələdə dərrakə və qavrama səviyyəsindən asılı olaraq tez-tez reabilitasiyadan keçirilərək milli və mənəvi dəyərlərə meyil və maraq oyadılmasına çalışılır. Məhz bu yaş mərhələsi Kitabullahın təlim dövrü olub bir o qədər zaman tələb edir. Bundan sonra ağlı, məntiqi  və mühakiməsi ilə haram və halalı öyrənmə dövrü gəlir ki, bu da əvvəlki mərhələ qədər çəkir”.

İmam Cəfərə görə, fərdin ictimai və dini baxımdan tam formalaşması iyirmi bir yaşında başa çatmalıdır. Deməli, bu yaşdan sonra uşağa bir şey öyrətsəniz də, çətin qəbul edəcək. Elə isə iyirmi bir yaşına qədər dini və milli dəyərlərə mükəmməl yiyələnməlidir. O yaşadək dini həyatı əməli, nəzəri, əqli və məntiqi yönləri ilə bir bütöv kimi mənimsəməlidir ki, “qış rüzgarlarına” tuş gələndə sarsılmasın. Tirmizinin rəvayət etdiyi bir hədisi-şərifdə Allah Rəsulu (s.ə.s) belə buyurur: “Uşaqlarınıza yeddi yaşından namazı öyrədin”[3]. Bəli, uşaq o yaşadək bizdən nə görübsə, onları öz təcəssüsləri[4] ilə qavramışdır. Bir mənada artıq sizə sadəcə onun əlindən tutub o günədək öz təcəssüsləri ilə görüb qavradığı şeyləri izah etmək, bəzən həvəsləndirmək və təşviq etmək, bəzən də bir az qorxutmaq və xəbərdarlıq etmək qalır. Demək, dini məsələləri müəyyən yaşa qədər hal və davranışlarla göstərmək əsas olduğu halda, müəyyən dövrdən sonra idrak səviyyəsinə uyğun olaraq məntiqli izah etmək lazım gələcək. Bu dəlillərin işığında bəzi uşaqları altı yaşında, bəzilərini səkkiz yaşında, bəzilərini də ən geci on yaşında yetkin bir insan kimi görərək onları  ruhlandırmalı, onların şəxsiyyətinə ehtiram göstərməli və hər şeyi peyğəmbəranə bir əzmlə izah etməliyik. İbadətə alışdırmaq məsələsində də eyni ciddiyyətlə səy göstərməkdən qalmamalıyıq.

Allah Rəsulu (s.ə.s): “Həya imanın mühüm bir parçasıdır[5], – buyurur. Digər bir hədisi-şərifdə isə: “Həyası olmayanın imanı da yoxdur[6], –  deyə fərman edir.

İndi ki məsələ belədir, o zaman həyalı və ədəbli yetişdirmək istədiyimiz nəsillərin təlim-tərbiyəsinə ta kiçik yaşlardan ciddi fikir verməliyik ki, yetkinlik dövrünə gələndə Quran əxlaqının canlı nümunəsi olsunlar.


[1]Lətifə – bədənin fiziki, cismani üzvlərinə orqan, ruhi-mənəvi üzvlərinə isə lətifə deyilir.
[2] İmam Cəfər – İmamiyyə məzhəbinin qəbul etdiyi on iki imamın altıncısıdır. Həzrət Əlinin nəvəsinin nəvəsidir. Atası Məhəmməd Baqirin yerinə imamətə keçmişdir. Həzrət Hüseynin şəhid edilməsindən sonra Peyğəmbər övladları siyasətlə məşğul olmamış, özlərini elmə həsr etmişlər. Bu ailədə yetişən Cəfər də özünü elmə vermiş, fiqh, hədis və digər dini elmlərlə yanaşı, təbiət elmlərini də öyrənmişdir. Tarsuslu İbn Həyyanın müəllimi İmam Cəfərin beş yüz risaləsini toplayaraq min vərəqdən ibarət bir kitab yazdığı rəvayət edilir. (İbn Xalliqan, “Vəfəyatul-ayan,” Misir, 1948, I, 291).
[3] Tirmizi, “Salət”, 182.
[4]Təcəssüs – Gizli şəkildə birinə göz qoymaq, bir şeyi xəlvətcə öyrənmək. Burada “araşdıran, saf-çürük edən baxışlar” nəzərdə tutulur.
[5]Müslim, “İman”, 57, 58; Buxari, “İman”, 3; Əbu Davud, “Sünnət”, 14; Nəsayi, “İman”, 16; İbn Macə, “Müqəddimə”, 9.
[6]Bax: Əli əl-Müttəqi, “Kənzül-ümmal”, 3/119.



Bənzər məqalələr

Peyğəmbər metodu – fərdi tərbiyə

Hər insanın, mənəvi və zehni qabiliyyətləri bir-birindən fərqlidir. Bu baxımdan hər kəs fərdi xüsusiyyətlərə malikdir. Dolayısı ilə insanlara nəyisə öyrədərkən fərdi keyfiyyətlərini də nəzərə almalı və hər kəsin fərdi xüsusiyyətlərinə görə təlim metodları tərtib edilməlidir. Rəsulullah (s.a.s.) da insanların xarakter və qabiliyyətlərindəki bu fərqlilikləri üç ayrı bənzətmə ilə izah etmiş və insanlara nəyisə öyrədərkən hər […]

Nəfsin cilovu – oruc

Başqa canlılardan fərqli olaraq, insanların duyğularına məhdudiyyət qoyulmamışdır, yaxşılıq və pisliklərin sərhədi yoxdur. Çünki bu dünya insanlar üçün imtahan dünyasıdır.

Nəbəvi tərbiyənin əsasları – təmkin

Bu yazı Rəsulullahın insanlara nə isə öyrədərkən istifadə etdiyi metodlardan təmkinli davranmaq haqqındadır.

Uşaqlara ölüm həqiqətini anlatmaq

Gəlimli-gedimli, ölümlü-itimli bir dünyada yaşayırıq. İnsan həyatında önəmli və həll edici bu hadisəyə hazır olmaq insan olmanın gərəyidir. Uşaqlara bu ölüm həqiqət kiçik yaşlarından etibarən uyğun bir dillə anlatılmalıdır. Valideyini və ya bir yaxını vəfat etdikdə, bu uşaqdan gizlədilməməlidir.

Orucun faydaları

Namaz dinin, oruc ruhun, zəkat da cəmiyyətin dirəyidir. Yəni namazsız dinin, orucsuz ruhun, zəkatsız cəmiyyətin var olması çox çətindir.


1 şərh yazılıb
  1. Peri , 04/04/2015 tarixində, saat 18:04

    Cox sagolun. oxudum. Biz de valideyn olaraq bunlara emel edecik InsAllah.. ovladimizi terbiye etmekde atasi ile birlikde cox boyuk arzularimiz var. Allah Teala arzularimiza catdirsin inSAllah.. Amin..

Şərh yaz