Mənəviyyata Açılan Pəncərə

Uşaqların suallarını cavablamaq

Kim olursa-olsun, sizə məntiqsiz də gəlsə, verilən suala gülməyin. Şagirdlər, müəllimlər, ana-atalar, övladlar – heç kəs istəməz ki, ona gülsünlər.

Kitab mağazalarında insanların ən çox marağına səbəb olan kitabların mövzuları adətən belədir:

“Gözəl nitq söyləmək sənəti, kürsüyə çıxanda həyəcanlanmamaq, güclü liderlik qabiliyyəti və s.” Görəsən insanların bu kitablara olan marağının səbəbi nədir?

Çünki xəta etməyi bağışlaya bilmirik.

Heç kim “bunun verdiyi suala bax!” kimi bir istehzayla qarşılaşmaq istəmir.

Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.

Sual vermək özünəinamla bağlı bir məsələdir. Özünə inamı olan insanlar rahat şəkildə sual verir, özlərini cəmiyyətdə asanlıqla tanıdırlar.

Uşaqlara bəsit suallar verməklə onların təfəkkürünü inkişaf etdirmək və özünəinam duyğusunu gücləndirmək olar. Bunun üçün ona bildiyi mövzuda sual verməlisiniz. “Adın nədir, neçə yaşın var ?” və s. kimi suallardan sonra əlindəki oyuncaq haqqında suallar vermək olar.

Özünəinam duyğusunu inkişaf etdirmək üçün ilk növbədə ünsiyyət qurmaq lazımdır. Anası otağı səliqə-sahmana salanda: “Bunu hara qoysaq, yaxşı olar, övladım?” – deyərək məsləhət almaqla uşağını sevindirər.

Müraciət etdiyiniz şəxsin fikri, təklifi və cavabı sizə çox bəsit gəlsə də, heç vaxt əhəmiyyətsiz görməyin və ona gülməyin. Sizi dəyərli edən xüsus da məhz tərəfmüqabilinizə əhəmiyyət verməyinizdir. Belə etsəniz, məsləhət aldığınız yoldaşınız, uşağınız, tələbəniz, işçiniz özünü sizin yanınızda çox dəyərli hiss edəcəkdir. Bunu yadınızdan çıxarmayın. Cəmiyyətə ən çox belə insanlar fayda verirlər və müsbət enerji təlqin edirlər.

Exit mobile version