Və bir gün… Təqvimlərin miladi tarixlə 610-cu ili göstərdiyi bir bazar ertəsi… Ramazan ayının on yeddisi… Nur dağında nurlar qovuşmuş, səma ilə dünya arasında möhkəm bir bağ qurulmuşdu. Vəhy mələyi Cəbrail gəlmiş, rəhmət peyğəmbəri Məhəmmədül-Əminə peyğəmbərlik vəzifəsini aşkar təbliğ edirdi. İki nur Nur dağında bir-birinə qovuşmuşdu və beləliklə, bəşəriyyətə yeni bir əmanət gəlirdi. Artıq Nurun Nuru qarşılamaq mövsümü gəlmiş, yer üzündə nurlu bir mərhələ başlayırdı. Səmavi Nur ərzi olanı (yerdən olanı) qucaqlayacaq və “Oxu” deyəcəkdi. Bu əmanət dağ-daşın da daşımaqda aciz qaldığı bir məsuliyyəti çiyinlərə yükləmək idi… Vəzifənin əzəməti qarşısında hiss edilən ağırlıq dözülməz görünürdü.
Həm də nəyi oxuyacaqdı? Oxumağı, yazmağı bilmirdi axı… Heç kimin yanında təhsil də almamışdı. Onun Rəbbindən başqa üfüqünü dolduracaq ikinci pənah yeri olmamışdı.
− Mən oxuya bilmirəm, − deyə cavab verir. Cəbrail yaxınlaşır və yenidən Onu qucaqlayır. Taqəti kəsilənə kimi sıxır, ardınca buraxaraq:
− Oxu, − deyir. Allah Rəsulu eyni cümləni təkrar edir:
− Mən oxumağı bacarmıram!
Görünür, bu məsələnin arxasında başqa bir məqam vardı. Çünki Cəbrail yenidən yaxınlaşmış və Məhəmmədül-Əmini belindən qucaqlayaraq bərk-bərk sıxırdı. Bir müddət sonra buraxır və yenə:
− Oxu! − deyir.
− Mən oxumağı bacarmıram axı! Nəyi oxuyum? − deyə Allah Rəsulu təkrar dillənir. Cəbrail yenə Rəsulullahı qucaqlayır. Nəhayət, məsələ yoluna qoyulur. Qucaqladığı Allah Rəsulunu buraxan Cəbrail bunları deyirdi:
− Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki insana bilmədiklərini öyrətdi.[1]
İndi məsələ aydınlaşmışdı, çünki mərhəmətli Rəbbin adı ilə olunca hər şey oxunardı. Amma hələ nəyin oxunacağı deyilməmişdi. İnsan qarşısında duran hər bir varlıq Yaradandan bəhs edirdi öz dili ilə. Və şüurlu məxluq olan insan bu dili oxumaq üçün məxluqatı yaxşı dərk etməli idi.[2]
Həmçinin bu əmrdə o günədək qazandığı mənəvi dəyərləri bundan sonra gələcək olanlarla eyni paralellikdə dəyərləndirmə təlqini də var idi… Hissə-hissə nazil olan Quran ayələrini hər dəfə təkrar oxumağa təşviq də vardı burada… Çünki bu Kitab həyatdan təcrid olunacaq və ya bahalı qumaşlarda, rəflərdə həbs ediləcək bir kitab deyildi, o, hər cəhəti ilə möminlə yaşayan bir bəyan olmalı, insanın həyat tərzinə çevrilməli idi. Buna görə də ilk növbədə onu yaxşı oxumaq və başa düşmək və ciddi bir təvəccöhlə (yönəlişlə) ona yönəlmək lazım idi. Çünki o, təvəccöh nisbətində qapılarını açar və istəyənlərə xəzinələrindən ən nadir incilər bəxş edərdi.
Eyni zamanda bu əmr bundan sonrakı vəzifə ilə bağlı yeni başlanğıcı ifadə olunur; O, bu vəsilə ilə insanlara üz tutacaq və onları haqq dinə dəvət edəcəkdi. Allah Rəsuluna bu vəzifəni yerinə yetirərkən müxatəblərinin (xitab etdiyi şəxslər) xarakterini yaxşı oxumaq təlqin edilir və müxatəbini yaxşı tanıyandan sonra, onunla başa düşəcəyi dildə danışmağın zəruriliyi izah edilirdi.
Bu vaxt artıq Hirada ilk vəzifəsini icra edən Cəbrail getmiş, bir anda gözdən itmişdi. Yaşadığı hadisənin təsiri bütün ehtişamı hələ də üzərində idi. Bir müddət sonra anlayır ki, dilində tərənnüm etdiyi kəlamlar bir az əvvəl Cəbrailin dedikləridir. Onun gətirdikləri hərf-hərf qəlbinə həkk olmuşdu və O da bunları təkrar edirdi.
Artıq məsələnin mahiyyəti aydın idi: o günədək yanlışlıqlarına şahid olduğu insanlığın bundan sonra həqiqəti tapmasında rəhbərlik vəzifəsi Ona verilmişdi. Məsələni anlamışdı; mağaradan aşağı enəcək, Məkkədəki ilk müxatəblərindən başlayaraq dünyanı Rəbbin arzuladığı istiqamətdə yeni bir boya ilə tanış edib hər kəsi Rəhmani bir mövqeyə dəvət edəcəkdi. Çünki Ona əvvəlkilər kimi, amma onlardan fərqli olaraq bütün insanlığı qucaqlayan bir vəzifə − peyğəmbərlik vəzifəsi verilmişdi və O da bu vəzifəni yerinə yetirmək üçün artıq Məkkə tərəfə yönəlmişdi.
Məkkəyə doğru
Artıq Nur dağında birləşən iki Nur bundan sonra daha tez-tez görüşmək vədi ilə bir-birindən ayrılmış və Allahın Rəsulu (s.ə.s.) aldığı yeni xəbərlə sürətlə Məkkəyə yönəlmişdi. Bir tərəfdən çiyninə yüklənən missiyanın ağırlığı ilə ikiqat olmuş, digər tərəfdən qəlbi Hirada yaşadığı vüsalın həzzi ilə fərəhə qərq olmuşdu. Çünki vəhyin ağırlığı bütün vücudunu bürümüşdü. Bu əsnada səmada əks-səda verən bir səs eşidir:
− Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!
Allah Rəsulu mübarək başını yuxarı qaldıranda Cəbraili bütün möhtəşəmliyi ilə qarşısında görür. O, yenə eyni sözləri təkrar edirdi:
− Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!
Rəsulullah (s.ə.s.) durduğu yerdə donub qalmışdı, nə bir addım irəli atır, nə də dönüb arxaya gedə bilirdi. Bir müddət belə gözləyib, nəhayət, başını tərpədir. Bu, nə idi? Baxdığı hər yerdə eyni mənzərə vardı. Bütün üfüqü Cəbrail əhatə etmişdi.
Bir yanda Hz. Xədicə həyat yoldaşının gec qayıtmasından narahat olmuş və bir xəbər gətirmək üçün arxasınca adamlar göndərmişdi. Onlar da Allah Rəsulunun Hiraya getdiyini bildikləri üçün oraya üz tutmuş, amma bir nəticə əldə edə bilməmişdilər.
Heyrətli və təlaşlı anları artıq sona çatmış və Allah Rəsulu Məkkəyə yönəlmişdi. Qəribə idi ki, yolda gedərkən hər tərəfdən Onu müşayiət edirdilər:
− Allahın salamı üzərinə olsun, ya Rəsulullah! − səsləri eşidilirdi. O, bu səslərin gəldiyi tərəfə yönəlir, amma heç kimi görmürdü. Çox keçmədən başa düşür ki, qarşısına çıxan hər daş, hər ağac Ona ehtiramını bildirir və Ona salam verib peyğəmbərliyini açıq-aşkar təsdiq edir.[3]
Həyəcan içində evə çatır:
− Üstümü örtün, üstümü örtün, − deyə vəfalı yoldaşına üz tutur.[4] Sonra da mübarək başını Xədicə anamızın dizi üstə qoyur. Diqqətlə ərinə baxan mətanətli qadın şəfqət dolu səslə:
− Ey Əba Qasım! Haralarda idin? Allaha and olsun ki, arxanca adamları göndərdim. Məkkədə baxmadıqları yer qalmadı, amma Səndən bir xəbər çıxmadı, − deyə həyat yoldaşına olan məhəbbətini dilə gətirirdi.
Bir müddət sonra Allah Rəsulu:
− Özümdən qorxuram, ey Xədicə! Bir ziyana uğramaqdan əndişə edirəm, − deyincə sevimli həyat yoldaşı:
− Qətiyyən narahat olma, qorxma! Allah Səni heç vaxt hədər etməz, əksinə Səni qoruyar, − deyir və ardınca da əlavə edir:
− Çünki sən qohum-əqrəbalarını himayə edir, imkansızların əlindən tutur və ehtiyacı olanları da geyindirirsən. Eyni zamanda, evindən qonaq əskik olmaz. Sən hər hərəkətinlə həmişə Haqqın yolundasan və özünü tamamilə xeyirli işlərə həsr etmisən.[5]
Allah cəmiyyətin bu cür boşluqlarını doldurub çatışmazlıq və qüsurları aradan qaldırmağı özünə vəzifə bilən bir Şəxsi heç tək-tənha qoyardımı? Əslində Hz. Xədicə bu hərəkəti ilə hər bir müsəlman qadın üçün nümunəvi davranış sərgiləyir və dünya adına xeyirdə birinci olmanın nümunəsini ortaya qoyurdu. Əlbəttə, Allah ən sıxıntılı vaxtlarda rəşadətini isbat edənləri heç vaxt tək qoymazdı!
Və nəhayət, Allah Rəsulu başına gələnləri Hz. Xədicəyə danışır. Təcrübə, mətanət və səbir insanı olan Hz. Xədicənin təvəkkülü (Allaha inamı) tam, xarakteri möhkəm idi. O, başqalarının əmin-amanlıq dilədiyi Əminin də sahibsiz olmadığını bilirdi. Xədicə anamız ondan gözlənilən iradəni ortaya qoyacaq və lazım gələndə də Allah Rəsulunu tək qoymayacaq, Ona dəstək olacaqdı:
− Sənə müjdələr olsun, ey əmim oğlu! − deyə sözə başlayır. Ardınca da:
− Mövqeyində dəyanətli (sabitqədəm) və qərarlı ol! Xədicənin nəfsi əlində olan Allaha and olsun ki, Sən bu ümmətin gözlənilən Peyğəmbərisən, − deyir. Ona görə, bu, gözlənilən bir nəticə idi. Elə oradaca heç tərəddüd göstərmədən Onu və Onunla birlikdə gələnləri təsdiq edir[6]… Sonra da üstünü örtdüyü Rəsulullahı otaqda Rəbbi ilə birlikdə qoyub başqa qapıya yönəlir…
Varaqanın rəhbərliyi
Məkkənin bu xəbərə sevinəcək başqa bir sakini də vardı. Xədicə də vaxt itirmədən dərhal əmisi oğlu Varaqa ibn Nəvfəlin yanına qaçır. İzzətli ərinin danışdıqlarını bir-bir anladır Varaqaya. Xədicənin dediyi hər söz Varaqanın dünyasında fırtınaların qoparırdı. Bir anda özünü saxlaya bilmir:
− Quddus!… Quddus,[7] − deyə hayqırmağa başlayır bu qoca müdrik. Ardınca da əlavə edir:
− Ey Xədicə, Varaqanın nəfsi qüdrəti əlində Olana and olsun ki, əgər mənə danışdıqların həqiqətdirsə, bu gələn Musa və İsaya gələn Mələkdir. Şübhəsiz ki, O da bu ümmətin Peyğəmbəridir. Get Ona söylə ki, yerində sabit (qərarlı) olsun.[8]
Deməli, torpaqdakı toxumun qabığı çatlamış və cücərməyə başlamışdı. Gözlənilən an artıq gəlib çatmış, bəşərin uğursuz taleyi dəyişməyə üz tutmuşdu. Bəşəriyyətin istiqamətini dəyişdirəcək bu hadisəni bir də vasitəsiz dinləmək lazım idi və çox keçmədən yenə Hz. Xədicənin köməyi ilə Kəbənin həyətində görüşdülər. Yaş fərqi itaətə mane deyildi və yaşlı Varaqa əvvəlcə Allah Rəsulunun alnından öpüb:
− Ey qardaşımın oğlu! Eşidib gördüyün şeyləri mənə də danış, − deyir mərhəmət diləyən bir adam kimi…
Allahın Son Nəbisi başına gələnləri bir-bir Varaqaya danışır. Eşitdiyi hər söz, qulağına çatan hər kəlmə Varaqanın ruh dünyasında fırtınalar qoparır, ona həyəcanlı anlar yaşadırdı. Çünki illərdir qovuşmaq həsrəti ilə alışıb-yandığı və yalnız sətirlərdə oxuyub cani-könüldən gələcəyini gözlədiyi Müjdə o an yanında dayanan şəxs idi. Allah Rəsulunun sözləri qurtarınca bu dəfə Varaqanın dili açılır, aradığını tapan bir könlün həyəcanı və titrəyən səsi ilə bu tarixi cümlələri söyləyir:
− Nəfsim qüdrəti əlində olana and olsun ki, Sən bu ümmətin peyğəmbərisən. Səninlə görüşən daha əvvəl Musanın yanına gələn mələkdir. Unutma ki, Sən buna görə yalançılıqda ittiham ediləcək, əziyyət və işgəncələrə məruz qalacaq və ağlagəlməz düşmənçiliklərlə üzləşəcəksən. Kaş mən həmin vaxt cavan və sağ olaydım, qövmünün Səni yurdundan çıxardığı gündə Sənə dəstək verəydim.
Təsəlli üçün gedilən qapıda eşidilən sözlər, həqiqətən də, çox diqqətəlayiq idi. Bəli, gələcək ümidlə dolu idi. Ancaq bu ümidin gerçəkləşməsi elə də asan görünmürdü… İşin digər tərəfində Onu möhnət dolu, əzablı və məşəqqətli günlər gözləyirdi.
Allah Rəsulu da təəccüblənmişdi. Görünür, bu yaşlı müdrik çox şey bilirdi. Maraq və heyrət içində Varaqadan soruşur:
− Qövmüm məni buradan çıxaracaqmı?
Verilən cavab təkcə bu sualın cavabını ehtiva etmirdi, ümumi ifadələrlə həm Onun başına gələcək hadisələri sadalayır, həm də Onun davamçılarının bütün müqəddəs köçlərinin səbəbini izah edirdi:
− Bəli… Səni də çıxaracaqlar. Çünki Sənin gətirdiyin həqiqətlə gələn elə bir insan yoxdur ki, öz elindən-obasından çıxarılmasın, vətənindən ayrı salınmasın…[9]
Qırx günlük fasilə
Hirada artıq vüslət başlamışdı, amma günlər keçsə də, bu vüslətin arxası gəlmirdi. İllərdir bu anı gözləyən Allah Rəsulu “Artıq qovuşdum” dediyi bir vaxtda Cəbrailin həyat verən nəfəsinə həsrət qalmışdı.
Bu müddətdə yenə özünü tənhalığa vermişdi: bəzən Sebir dağına gedir, əksər hallarda Hiraya yollanırdı. O qədər sıxılmışdı ki, bu geniş yer üzü Onun üçün daralmış, zaman ayaqlarını sürüyür, keçmək bilmirdi.
Qırx yaşına kimi gözlədiyi vəhyin kəsilməsindən qırx gün də ötmüşdü ki,[10] səmada Cəbrailin səsi eşidilir:
− Mən Cəbrailəm, − deyirdi. Peyğəmbərimiz səsin gəldiyi tərəfə dönür, başını səmaya qaldırır. Bu səsin sahibi Hirada gördüyü Cəbrail idi. Səma ilə yer arasında bir taxtın üstündə:
− Ey Məhəmməd! Sən Allahın haqq peyğəmbərisən, − deyirdi.
Bəli, yenidən səma ilə bir əlaqə qurulmuş, iki Əmin təkrar görüşmüşdü. Bu, gözü aydın edən, könülə sürur gətirən görüş idi. Əslində Allah Rəsulu (s.ə.s.) Cəbraillə yeni bir görüş üçün intizarla yanıb-yaxılmış, bir də görmək arzusu ilə qovrulmuşdu. Eyni zamanda belə bir fasilə bundan sonra vəhyin ard-arda (fasiləsiz) gələcəyinə bir işarə idi. Çünki Quran insanları bir hədəfə doğru aparmaq, əsrlərdir insanların şüuraltına işləmiş yanlış fikirləri, düşüncə tərzlərini söküb yerində öz taxtını qurmaq üçün gəlirdi. Elə isə hər enən yeni vəhy cəmiyyət tərəfindən mənimsənilir, sosial həyat üçün bir prinsip halına gəlirdi.
Bu, şükür tələb edən, şükrə layiq bir nemət idi və Allah Rəsulu (s.ə.s.) əvvəlcə yerə qapanıb şükür səcdəsi edir. Sonra da vaxt itirmədən səadət xanəsinə üz tutur. Yenə vəhyin ağırlığı üstünə çökmüşdü. Yayın qızmar istisində bir yandan tir-tir titrəyir, digər tərəfdən inci-inci tər tökürdü. Xədicə anamızın yanına gəlir, üstünü dərhal örtməsini istəyir. Qəlbinə nəqş edilən vəhylə yeni bir mərhələ başlayırdı. Çünki Allah (c.c.) Onu müxatəb kimi qəbul edib bunları buyururdu:
– Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş![11]
Yenə beş ayə nazil olmuşdu: amma bu dəfə fasilə olmayacaq, ardı-arası kəsilmədən başqa ayələr də enəcək, insanlıq Cəbrailin nəfəsi ilə külli aydınlığa qovuşacaqdı. Qısa fasilədən sonra yenidən başlayan vüslətdə diqqəti cəlb edən əsas məqamlar təbliğ vəzifəsinin Ona açıq-aşkar bildirilməsi, Rəbbinin böyüklüyünə təzim edib bu böyüklüyü var gücü ilə ətrafına hayqırması, son olaraq da maddi-mənəvi bütün mənfiliklərdən arınıb dünyəvi həyat yaşamaqla bunu başqalarına da şamil etməsi idi.
“Muddəssir” surəsi eyni zamanda bütöv halda nazil olan ilk surə idi. Çünki “Ələq” surəsinin ilk beş ayəsi Hirada gəlmiş, amma digər hissəsi sonralar nazil olmuşdu. Buna görə də bir qisim alimlər peyğəmbərliklə (nəbiliklə) bağlı ilk gələn surənin “Ələq”, risalətlə (rəsulluq, elçilik) bağlı gələn ilk surənin isə “Muddəssir” olması şəklində surələr arasında fərq qoyurlar.[12]
Həmçinin bu dəfə enən ayələr Son Peyğəmbərin missiyasını müəyyənləşdirir, Ondan başqa insanlara da əl uzatmaq və Rəbbinin adını hamıya eşitdirmək tələb olunurdu. Belə ki, Peyğəmbərlik vəzifəsi ilə birlikdə belə bir məsuliyyət lap başlanğıcdan Onun çiyninə yüklənmişdi. Artıq O (s.ə.s.), Allahın varlığını və tək olduğunu insanlara anladacaq və başa salacaq, axirət gününə inamın vacibliyi üzərində israrla dayanacaq və iman həqiqətlərinin bütünlüklə cəmiyyətdə kök salmasına çalışacaqdı. Bunu həyata keçirmək üçün ilk müxatəblərindən bu kimi şeylər istəyir, özlərini Haqqa həsr edənlərin şəxsi həzlərdən uzaqlaşmaqla həyatlarını cəmiyyətin islahına fəda etməsi zərurətini ifadə edir və səbəblərdə qüsura yol verməməklə yanaşı, nəticəni Allaha həvalə etmənin vacibliyinə diqqət çəkirdi.
Aydın olurdu ki, fərdi mənada inkişaf dövrünə sosial inkişaf mərhələsi əlavə edilmişdi. Bundan sonra hər iki istiqamətdə fəaliyyət göstərmək lazım idi. Açıq desək, bu, pak vicdanlı insanların mənfiliklərdən uzaqlaşmaları və Haqqın razılığını qazandıran əməllər işləmələri üçün onlara xəbərdarlıq etməyin zəruriliyi mənasına gəlirdi. Bundan sonrası əvvəlkilərdən çox fərqli olmalı idi. Çünki bu ayə Peyğəmbərimizə “Qalx” deyərək hər yönü ilə fərqli bir cəmiyyətin inşası məsuliyyətini yükləyir, qəlb və ağıl süzgəcindən keçməyən hər şeyə qarşı da əks mövqedə durma prinsipi müəyyənləşdirirdi.[13]
Bu gələn ayələrdə diqqət çəkən bir xüsus da səbir etməyin vurğulanması idi. Hələ hər şey təzə başlamışdı. Qət ediləcək məsafə çox idi və bu işə könül verən insanların sayı da məlum idi. Məkkə kəskin etiraz edir və məkkəlilərin münasibəti baş verəcək hadisələrdən xəbər verirdi. Yol uzun, sular dərin, azuqə isə məhdud idi. Elə isə, bu çətin mərhələdən sahilə sağ-salamat çatmaq üçün səbir adlı sirli qüvvədən möhkəm yapışmaq lazım idi. Çünki səbir güclü düşmənlərə qarşı ən təsirli cavab demək idi. Allaha ibadət və itaət vəzifəsini icra edərkən günahların cazibəsi qarşısında səbr edib harama əyilmədən və din düşmənlərinin qopardığı fırtınada başa gələn hər cür müsibətə sinə gərərək onu qəbul etməklə səbir etmək… Bütün bunları edərkən də qətiyyən yerində saymamaq və hər dəqiqəni Haqqın razı olduğu fəaliyyətlə dolu keçirmək… Quranın müəyyən etdiyi səbrin mənası bu idi və Quran hələ işin başlanğıcında inananlara səbri tövsiyə edirdi.
Çox keçmədən Allahın Onu insanların təhlükələrindən şəxsən qoruyacağı da bildiriləcək və:
− Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni − Quranı təbliğ et. Əgər bunu etməsən, risalət vəzifəsini yerinə yetirmiş olmazsan. Allah Səni zərər vermək istəyən insanların şərindən qoruyacaq,[14] − buyurulacaqdı. Bundan sonra da təbliğ vəzifəsinin Peyğəmbərimizə aid bir vəzifə olduğu tez-tez xatırladılacaq, haqq-hesab işinin isə Allaha məxsus olduğu vurğulanacaqdı.[15]
Onu peyğəmbər kimi vəzifələndirən Allah (c.c.) özü təminat verir və Ona Rəbbinin adını yaymaq üçün səy göstərməyin vacibliyini bildirirdi.[16] Təbii ki, belə bir yolda bəziləri narahat olacaq və Haqqın dərgahından gələn hökmləri dilləri ilə, sözləri ilə söndürməyə çalışacaqdılar. Amma inkar karvanının başını çəkən və şirk bataqlığına batmış küfr fanatikləri istəməsə də, Allahın təminatı vardı, kim nə edir-etsin, O (c.c.), nurunu mütləq tamamlayacaqdı.[17] Buna görə də Onun istədiyi ortaya güclü və sarsılmaz bir iman, təqva ölçülərinin biçdiyi bir həyat tərzi və səbəblərə riayət edən saleh bir əməl nümayiş etdirmək idi.[18] Elə isə başqalarının dediyinə qulaq asmadan, Rəhmanın çağırışlarını əldə rəhbər tutub yer üzündə Onun razı olduğu şəkildə yaşamaq lazım idi.
Tez-tez tarixdən nümunələr verilir, peyğəmbərlik vəzifəsinin yeni zühur edən bir təsisat olmadığı bildirilərək haqq düşüncəsinə mane və qarşı olanların hər zaman məğlubiyyətə məhkum olduqları misallarla və dönə-dönə edilirdi. Hz. Adəmdən Hz. Nuha, Hz. İbrahimdən də Hz. İsaya kimi bəşəriyyət səmasının ay və günəşləri olan rəhbər şəxsiyyətlərdən nümunələr gətirilir, onların risalət vəzifəsini yerinə yetirərkən nələrə məruz qaldıqları göstərilir, bundan sonra baş verə biləcək hadisələrə qarşı hazır olmağın əhəmiyyəti vurğulanırdı.
Ölümdən sonrakı həyatla bağlı mövzular gündəmə gətirilir, haqq-hesab dünyasının qapıları açılır, həyatı hesabı veriləcək şəkildə yaşamağın vacibliyi ortaya qoyulurdu.
Xülasə, artıq nazil olan vəhy müntəzəm şəkildə enirdi və riza dairəsində yeni toplumun qurulmasında ən təsirli faktor rolunu oynayırdı. Bu mərhələ vəhyin leysan kimi yağdığı dövr idi. Beləliklə, “Muzzəmmil”in ardınca “Muddəssir”, “Təbbət”in arxasınca “Təkvir” enəcək, “Əla”dan “Leyl”ə, “Fəcr”dən də “Mutaffifin”ə kimi, demək olar ki, Quranın yarısı Məkkədə nazil olacaqdı.[19]
Küsmək də yoxdur, inciklik də…
Digər tərəfdən Məkkə müşrikləri bu mərhələni (40 günlük fasiləni) diqqətlə izləyir və vəhyin dayanmasına için-için sevinirdilər. Onlar elə fikirləşirdilər ki, Peyğəmbərimiz (s.ə.s.) addım atdığı bu yolda cəmiyyətdən təcrid edilib tək qaldığı kimi, səma ilə də əlaqələri kəsilmiş və O, hərtərəfli bir “qürbət” yaşayırdı. Hətta məkkəli bir qadın Allah Rəsulunun yoluna çıxaraq:
− Ey Məhəmməd! Görürəm ki, şeytanın Səni tərk etmişdir, − deyirdi. O, özünə görə bununla Rəsulullahı məsxərəyə qoyurdu. Ancaq Hz. Məhəmmədi kədərləndirən bu hadisə səmanın qapılarını yerindən oynadacaqdı. Çünki çətin vəziyyətdə imdada yetişən bir Cəbrail vardı.
Cəbrail yenə gəlmiş və bu ayələri gətirmişdi:
− Ya Peyğəmbər! Günəşin yüksəlib ən parlaq olduğu duha vaxtına və getdikcə sakitləşən gecəyə and olsun ki, Rəbbin nə Səni tərk etdi, nə də Sənə acığı tutdu. Əlbəttə, Sənin üçün gələn hər yeni gün əvvəlkindən, hər zaman işin axırı əvvəlindən daha xeyirlidir. Həqiqətən, Rəbbin sənə elə şeylər bəxş edəcək ki, nəticədə Sən həm Ondan, həm də verəcəklərindən razı qalacaqsan![20]
Bunlar necə də gözəl iltifatlar idi… Mərhəmətli Rəhman Həbibi-Zişanın əlindən tutur, Onu, sanki, pillə-pillə gələcəyə aparırdı. Elə isə, yerində saymağın nə mənası vardı?
Hər gələcək günün əvvəlki gündən daha xeyirli olacağı bildirildiyi üçün bu gün görüləsi iş − ara vermədən xeyri tövsiyə edib ilahi gözəllikləri Allahın bəndələri ilə bölüşmək, onları çirkin və pis olanlardan uzaqlaşdırmaq naminə səy göstərmək idi. Müəyyən müddət sonra ilahi bəyan da nazil oldu:
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun![21] − deyərək eyni şeyləri buyuracaqdı. Çünki bundan sonra yenidən formalaşdırılan ümmət orta yolun təmsilçisi olacaq və Allaha imanda dərinliklə, xeyir məsələsində xeyirxahlığın, şərə qarşı davranışı ilə doğruluğun şüarı olacaqdı.[22] (Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz; (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız).
Həmçinin bu, cəmiyyətin bütün zümrələrini bir-birinə bağlayan ən mühüm əsaslardan biri idi. Çünki bu, sosiallaşmanın bir nəticəsi idi. Səhvlərin görməməzliyə vurulduğu, gözəlliklərin də bölüşülmədiyi cəmiyyətlərdə daxili tənəzzül özünü hiss etdirirdi ki, belə cəmiyyətlərin də ömrü əsla uzun ola bilməzdi. Quranın bir ibrət vəsiləsi kimi təqdim etdiyi israiloğulları bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi üçün aralarında ixtilaflar meydana gəlmiş və onlar parçalanmışdılar.[23] Demək ki, görünən şərə laqeyd yanaşmaq müsibətlərə dəvətnamə göndərmək mənasına gəlir və bu vəziyyətdə qurunun oduna yaş da yanırdı. Elə isə ümumi qurtuluş xeyir naminə canından keçmək yarışından: bəndələri Allaha, Allahı da bəndələrinə sevdirməkdən asılı idi.[24]
Məhəmməd ümməti sonu, yekunu təmsil edəcəkdi və bu təmsil əvvəlkilərdən də ibrət götürməklə yaxşı icra olunmalı idi. Çünki günəş artıq qüruba yönəlmiş və insanlıq üçün zaman qürubun astanasında idi. Buna görə də “ikindi vaxtı”na and içiləcək, ehtimal olunan sapmaların baş verməməsi üçün imanın nə qədər zəruri olduğu bildirilməklə bu yolun yolçularına haqq yolunda səbir və dözümlülük tövsiyə ediləcəkdi.[25]
Gecə ibadəti
Allah Rəsulu (s.ə.s.) Hirada yaşadığı vüslət və ondan sonra olanlar barədə Məkkə müşriklərinə danışmasa da, onlar bəzi məsələləri artıq eşitmişdi, öz aralarında bu haqda danışırdılar. Onlara görə Məkkədə artıq yeni bir vəziyyət meydana gəlmişdi və bu durum onların iradəsi xaricində formalaşır, hadisə heç kimdən asılı olmadan cərəyan edirdi. Elə ilk gündən məkkəlilər bu hadisəyə bir qulp qoyub onun qarşısını almaq üçün planlar qurmağa, dünənə kimi “Əmin” adlandırdıqları Peyğəmbərimizə “məcnun, kahin, sehrbaz” kimi ləqəblər qoymağa başlamışdılar.
Əlbəttə ki, bu danışıqlar Peyğəmbərimizin qulağına çatmış və hələ ilk gündən məruz qaldığı bu çirkin düşmənçiliyə çox kədərlənmişdi. Evinə qayıdanda üstünü örtmüş və dərin bir fikrə dalmışdı ki, Cəbrailin yanında dayandığını görmüşdü.[26] Yeni bir vəhy gəlirdi:
− Ey əbasına bürünən Peyğəmbər! Gecəni − az bir hissəsi istisna olmaqla − qalxıb ibadətlə keçir! Vəziyyətə görə gecənin yarısına qədər, yaxud bir qədər ondan az və ya bir qədər ondan çox! (“Müzzəmmil” surəsi, 73/1−4).
Allah (cəllə cəlaluhu) Rəsuluna bir bəyan göndərər, O da (s.ə.s.) bu bəyana biganə qalardımı heç? Artıq bundan sonra Onun gecələri gündüzləri qədər aydın, gündüzləri də gecələri kimi fəzilətlə dolu olacaqdı. Gecə ayağa qalxıb ibadət etmək Allahın əmri olduğuna görə Kainatın Fəxrinə ilk könlünü açan hər kəs bu yolu məslək seçəcək və gecələri gündüzlər kimi aydınlaşdırmaq naminə bir-biri ilə yarışacaqdılar. Çünki bu əmr fərz kimi qəbul edilmişdi və ilahi əmri yerinə yetirməmək olmazdı. Artıq gecə ibadəti mömin üçün şərəf idi. Gündəlik məşğuliyyətlərdən usanıb ruhun və qəlbin özünü dinlədiyi bu səssiz dəqiqələrdə isti yataqlar tərk ediləcək, sevgi və qorxu hissləri içində Rəbbə yönələrək əllər açılacaq, səmimi duyğularla dua və niyaz ediləcəkdi.[27] Çünki Rəhmanın mərhəməti gecənin zülmət qaranlığında fəzilət ovuna çıxan insanların üstünə leysan kimi yağar və rəhmli Rəbbimiz də bu anlarda Ona yönələn əlləri boş qaytarmazdı.[28]
Nəhayət, aradan bir müddət də keçəcək və Allah Rəsulunun Cəbraillə görüşdüyü bir gün bu vəhy nazil olacaqdı:
− Gecənin bir vaxtı durub ancaq Sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin Səni qiyamət günü hamı tərəfindən bəyənilib təriflənən bir məqama − axirətdə ən böyük şəfaət məqamına göndərsin![29]
Artıq təhəccüd bir anlayış idi və gecə yuxudan qalxılmaqla qılınan namazı ifadə edirdi. Ancaq əhəmiyyətli fərq vardı: təhəccüd namazı yalnız Allah Rəsuluna fərz qılınmışdı, ümməti isə onu qəbir və bərzəx yoluna işıq tutan, təşviq edilən bir namaz kimi əda edirdi. Çünki təhəccüd Məqami-Mahmuda (Məqami-Mahmud − Allah tərəfindən Peyğəmbərimizə (s.ə.s.) vəd edilən ən yüksək şəfaət məqamı ) çatmağın da ən böyük vəsilələrindən biri idi.
Eyni surənin sonrakı ayələrində Quranın tərtillə (Tərtil − Qurani-Kərimi üsul və qaydasına görə, tələsmədən, aramla, anlaya-anlaya oxumaq. Qurani-Kərim tərtil üzrə nazil olmuşdur) oxunması təşviq edilirdi. Buna görə Rəsulullah (s.ə.s.) həm namaz qıldığı vaxt, həm də namazdan kənar vaxtlarda Quranı yüksək səslə və aramla, oxuyurdu. “Bismillah” deyib dayanır, sonra “ər-Rahmən” və “ər-Rahim” deyərək davam edirdi.[30] Eyni diqqəti və həssaslığı ümmətindən də istəyən Allah Rəsulu (s.ə.s.) bunu edərkən belə deyirdi:
− Oxu və yüksəl! Həmçinin dünyəvi işlərində nizam-intizama və tərtibata həssas yanaşdığın kimi, onu (Quranı) da tərtillə oxu. Çünki sənin mənzilin, oxuduğun axırıncı ayə qədərdir.[31]
Demək ki, Quranın əhatə etdiyi həqiqətlərin yaşanması qədər, onun cəmiyyətdə inikası və icrası da əhəmiyyətli idi. Səs Allahın verdiyi böyük bir nemət idi və bu nemət Quran oxunarkən özünü göstərməli, səsin gözəl ahəngi və harmoniyası ortaya çıxmalı idi. “Quranı səsinizlə gözəlləşdirin (zinətləndirin)”[32] mənasındakı hədis də bunu ifadə edirdi. Səhabələrinin arasında Quranı gözəl səslə oxuyan gördükdə başını sığallayar və:
− Davudun (əleyhissalam) səsindəki ahəngə oxşar bir qabiliyyət verilmişdir,[33] − deyə tərifləyərdi. Çünki O (s.ə.s.), ətrafa nizamsız səpələnən qum dənələri kimi Quran hərflərinin ağızdan ahəngsiz çıxmasını xoşlamır və:
− Oxuyarkən onun məna dərinliklərinə dalıb əsas yerlərində dayanıb təfəkkür edin, onunla qəlblərinizi hərəkətə gətirin və “Bir qurtarıb örtsəm” düşüncəsi ilə əndişəyə qapılmayın,[34] − deyə buyururdu.
Beləcə, başda Allah Rəsulu olmaqla artıq hər bir mömin gecələr durur və Rəbbin rizası üçün namaz qılıb Quran oxuyurdu.
Gecə ibadəti ilə bağlı gələn ayələrdəki ardıcıllıq da çox maraqlı idi. Əvvəlcə gecənin böyük hissəsini qulluqda keçirməyin zəruriliyi qeyd edilmiş, sonra da bu iş üçün gecənin yarısının kifayət edəcəyi buyurulmuşdu. Buna görə də bəzi səhabələr oyaq qalmağın çətin olduğu uzun gecələrdə dirəklərin arasına iplər çəkir və özlərini bu iplərə bağlayaraq ibadət etməyə çalışırdılar.[35] Sonralar isə təhəccüdün ancaq Rəsulullaha (s.ə.s.) məxsus ibadət olduğu vurğulanır, başqa insanlar üçün nafilə olması şərtilə gecənin müəyyən vaxtında ibadət etmənin yetərli olduğu bildirilirdi. İlk əmrlə onu yüngülləşdirən vəhyin arasından təxminən bir ilə yaxın vaxt ötmüşdü. Səhabələr bu müddət ərzində ayaqları şişənə qədər gecə ibadətlərini əda edir, səhərə kimi ibadət edirdilər.
Demək, işin başlanğıcında və öndərlər üçün gecənin qaranlığında yerinə yetirilən bu cür ibadət Allahın dərgahında ayrı bir məna ifadə edirdi. Deməli, hamının ölümün kiçik qardaşı olan yuxuya dalıb rahat döşəklərdə uzandığı vaxtlarda möminlər gələcək günlərdə qarşıya çıxan çətinliklərə sinə gərib mətanətlə irəliləmək üçün belə bir ibadətə böyük ehtiyac duyurdular. Çünki uzun və məşəqqətlə dolu bu qulluq yolunda dayanmadan və sürəti azaltmadan gedə bilməyin zəmini Haqla münasibətlə yaxından bağlı idi.
Bununla yanaşı, Allah (c.c.) yenə mərhəmət göstərir, qullarının arasındakı mətanəti əsas götürür və hər kəsin imanın qüvvətlənməsi dolması zərurətini ifadə edirdi.[36]
[1]. Bax: “Ələq” surəsi, 96/1-5
[2]. Quranda qeyd edilən “ayə” qavramlarının, bəlkə, 90 faizi bu cür oxumaqdan bəhs edir və insanı Allaha çatdıran dəlillərin ancaq surələri meydana gətirən cümlələr deyil, həmçinin ən kiçiyindən ən böyüyünə kimi varlığı meydana gətirən ünsürlər olduğunu anladır.
[3]. İbn Hacer, İsabe, 7/601; Munavi, Feyzu’l-Kadir, 3/19
[4]. Buhari, Sahih, 4/1874 (4638)
[5]. Buhari, Sahih, 1/4 (3)
[6]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275
[7]. Varaqa ibn Nəvfəlin bu təəccüblü sözləri başqa bir rəvayətdə “Subbuh! Subbuh!” şəklindədir. Bax: İbn Hişam, Sire, 2/73
[8]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275
[9]. Bax: Buhari, Sahih, 1/4 (3); Muslim, Sahih, 1/97, 98
[10]. Bəziləri bu müddətin üç ilə kimi davam etdiyini qeyd edir. İyirmi üç illik vəhy mərhələsi ərzində bu müddət çox böyük zaman kəsiyi deməkdir. Halbuki Quranın haradasa yarısı Məkkədə nazil olmuşdur və Peyğəmbərimizin Məkkə həyatında elə bir il olmamışdır ki, Quran ayələri nazil olmasın.
[11]. “Muddəssir” surəsi, 74/1-5
[12]. Bəzi təfsirçilər isə ilk nazil olan surənin “Fatihə” olduğunu bildirir, bir qrup alim də “Fatihə” surəsinin “Ələq” və “Muddəssir” surələrindən sonra gəldiyini qeyd edirlər. Nəticəsindən asılı olmayaraq, ilk nazil olan ayənin “Bismilləhir Rahmənir Rahim” olduğuna heç bir şübhə yoxdur. Bax: Suyuti, İtkan, 1/75-77
[13]. Bu nə qədər böyük həssaslıqdır ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Uca dostluğa qovuşacağı günə kimi bu köynəyi əynindən çıxarmayacaq, o, axirətə köçərkən də bu əmri yerinə yetirmək məqsədilə təşkil etdiyi Üsamə ordusu ilə Haqq məfkurəsini başqa yerlərə çatdırmağın ağrısını çəkəcəkdi.
[14]. Bax: “Maidə” surəsi, 5/67
[15]. Bax: “Rəd” surəsi, 13/40; “Bəqərə” surəsi, 2/272
[16]. Mövzu ilə bağlı bax: “Maidə” surəsi, 5/55, 56; “Nur” surəsi, 24/55; “Saffat” surəsi, 37/171-173; “Mumin” surəsi, 40/51, 52; “Mucadələ” surəsi, 58/20, 21.
[17]. Bax: “Ali-İmran” surəsi, 3/139; “Tövbə” surəsi, 9/32, 33; “Səd” surəsi, 38/8, 9; “Saff” surəsi, 61/9.
[18]. Bax: “Bəqərə” surəsi, 2/212; “Əraf” surəsi, 7/128; “Hud” surəsi, 11/49; “Qəsəs” surəsi, 28/83; “Mumin” surəsi, 40/51; “Ənbiya” surəsi, 21/105.
[19]. Bunları nazil olma ardıcıllığına görə sıralamaq lazım gələrsə, Məkkədə bu surələr nazil olmuşdur: “Ələq” (bəzi rəvayətlərdə “Ələq” surəsindən sonra “Nur” surəsinin gəldiyi bildirilir), “Muzzəmmil”, “Muddəssir” (bəzi məlumatlarda “Muddəssir” surəsinin “Qələm” surəsindən sonra nazil olduğu nəql edilir), “Təbbət”, “Təkvir”, “Əla”, “Leyl”, “Fəcr”, “Duha”, “İnşirah”, “Əsr”, “Adiyat” (bəzi rəvayətlərdə “Əsr” və “Adiyat” surələrinin yeri dəyişdirilərək qeyd olunur), “Kövsər”, “Təkasur”, “Maun”, “Kafirun”, “Fil”, “Fələq”, “Nəs”, “İxlas”, “Nəcm”, “Əbəsə”, “Qədr”, “Şəms”, “Buruc”, “Tin”, “Qureyş”, “Qariə”, “Qiyamə”, “Huməzə”, “Mursəlat” (bəzi rəvayətlərdə “Mursəlat” surəsinin “Qiyamət” surəsindən sonra nazil olduğu bildirilir), “Qaf’, “Bələd”, “Tariq”, “Qəmər” (bəzi rəvayətlərdə “Qəmər” surəsinin “Qaf’ surəsindən sonra gəldiyi qeyd olunur), “Sad”, “Əraf’, “Cinn”, “Yasin”, “Furqan”, “Fatir”, “Məryəm”, “Taha”, “Vaqiə”, “Şüəra”, Nəml”, “Qəsəs”, “Saff”, “Yunus”, “Hud”, “Yusuf”, “Hicr”, “Ənam”, “Saffat”, “Loğman”, “Səba”, “Zumər”, “Mumin”, “Səcdə”, Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə”, “Əhqaf’, “Zariyat”, “Ğaşiyə”, “Kəhf”, “Nəhl”, “Nuh”, “İbrahim”, “Ənbiya”, “Muminun”, “Səcdə”, “Tur”, “Mülk”, “Haqqa”, “Məaric”, “Ammə”, “Naziat”, “İnfitar”, “İnşiqaq”, “Rum”, “Ənkəbut” və “Mutəffifin”… Digər surələr isə sonralar Mədinədə nazil olacaqdı. Uzun surələrin arasındakı bəzi ayələrin də Məkkədə ikən nazil olması bir həqiqətdir. Bax: Suyuti, İtkan, 1/38, 39; Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 20/117, 118; Zuhri, Tenzilu’l-Kur’an, 1/23-29
[20]. Bax: “Duha” surəsi, 93/1-6
[21]. Bax: “Ali-İmran” surəsi, 104
[22]. Bax: “Ali-İmran” surəsi, 3/110
[23]. Bax: “Maidə” surəsi, 5/78, 79
[24]. Mövzu ilə bağlı bax: Buhari, Sahih, 2/520 (1368), 3/1314 (3393); Muslim, Sahih, 1/69 (78), 1/69 (80)
[25]. Bax: “Əsr” surəsi, 103/1-3
[26]. Bəzi rəvayətlərdə eyni hadisənin “Muddəssir” surəsinin nazil olmasının səbəbi kimi qeyd olunduğunu görürük. Bax:İbn Kesir, Tefsir, 4/441, 442
[27]. Bax: Ebu Nuaym, Hilyetu’l-Evliya, 6/267; İbn Hacer, Fethu’l-Bari, 1/466
[28]. Bax: ibn Hibban, Sahih, 1/444 (212); İbn Mace, Sünen, 1/435 (1366)
[29]. Bax: “İsra” surəsi, 17/79
[30]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Sa’d, Tabakat, 1/376
[31]. Bax: İbn Kesir, Tefsir, 4/558; İbn Hibban, Sahih, 3/43 (766); Tirmizi, el-Camiu’s-Sahih 5/177 (2914)
[32]. Buhari, Sahih, 6/2742 (4653); Ebu Davud, Sünen, 1/464 (1468)
[33]. Bu səhabə Əbu Musa əl-Əşari idi. Peyğəmbərimizin bu iltifatının müqabilində o da: “Əgər Sizin qulaq asdığınızı bilsəydim, bir az da məşq edər, daha yaxşı oxumağa çalışardım,” – demişdi. Bax: Buhari, Sahih, 4/1925 (4761); İbn Mace, Sünen, 1/425 (1341)
[34]. Heysemi, Mecmaü’z-Zevaid, 7/167; Ahmed b. Hanbel, Müsned, 3/428
[35]. Bax: İbn Hibban, Sahih, 6/239 (2492); Muslim, Sahih, 1/541 (784)
[36]. Məlum olduğu kimi, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dini ən ağır formada yaşayır, amma ümməti üçün qaydaların yüngülləşdirilməsinə, asanlaşdırılmasına çalışırdı. Başlanğıc etibarilə, fərz olan gecə ibadəti (təhəccüd namazı) üçün də sonralar ümmətinin Onu gözlədiyini görüb yenidən fərz olacağını və bunun da insanlara çətin olacağını nəzərə alaraq etiraz etmiş və:
− Ey insanlar! Gücünüz çatan əməlləri edin, çünki Allah siz əməldən bezmədiyiniz müddətdə sizə savab verməkdən bezməz. Əməllərin də ən fəzilətli olanı az da olsa, davamlı olanıdır, – buyurmuşdu. Bax:İbn Hibban, Sahih, 6/309 (2571); Beyhaki, Sünenu’l-Kubra, 3/109 (5020)