93. 648 dəfə oxunub ,   0 şərh   Çap et

Hər insan özü üçün təyin olunan vaxt çatanda bu dünyadan əbədi diyara səfər edəcək. Peyğəmbərlər də daxil olmaqla bu hamıya aiddir. Bu həqiqət Quranda “Hər bir kəs (canlı) ölümü dadacaqdır.” (Ali İmran, 3/185), “De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!” (Cumuə, 62/8), “Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq…” (Nisa, 4/78) və “Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı (ömrünün sona çatma, məhv olma, tənəzzülə uğrama, əzaba, müsibətə düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər.” ayələri ilə bildirilmişdir.

Lakin bu böyük həqiqət bəzən unudulur və insan ölməyəcəkmiş kimi dünyaya bağlanır. Halbuki, ölümü xatırlamaq bir hədisdə də bildirildiyi kimi ləzzətləri insana unutdurur və beləcə axirəti düşündürür.[1]

Müsəlman zamanın qiymətini bilməli, vaxt itirmədən səfər edəcəyi əbədi diyar üçün tədarük görməlidir. Allah Quranda belə buyurur: “(axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə, 2/197)

İnsan axirətdə dünyadakı tarlasına əkdiyini biçəcək. Burada nəfsinə uyaraq yaşayanların aqibəti Quranda belə təsvir edilir: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” (Muminun, 23/99-100)

Heç kim nə vaxt öləcəyini bilmir. Dünyada insanlardan kimisi ölümdən sonrakı həyat üçün tədarük görür, kimisi də qəflət içərisində yaşayır. Elə insanlar da olur ki, vəfat edən yaxınları üçün nə isə etmək istəyir. Görəsən mərhumun adından hansı əməlləri etmək olar?

Mərhum üçün edilənlərin bir faydası varmı?

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur: “İnsan öləndə artıq əməl işləməklə savab qazana bilmir, ancaq əməl dəftərinə üç şeydən: sədəqeyi-cariyədən, öyrətdiyi faydalı elmdən və ona dua edən yaxşı övladdan savab yazılır.[2] Bu hədisdə də bildirildiyi kimi insan qəbirdə ancaq bu dünyada işlədiyi əməllərlə baş-başa qalacaq. Ancaq mömin dünyada işlədiyi bəzi əməllərinin savabını öldükdən sonra da almağa davam edəcəkdir. Çünki, Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurmuşdur:

Möminə ölümündən sonra sağlığında etdiyi bu xeyirli əməl və yaxşılıqlara görə savab qazanacaq: öyrədib yaydığı elm, saleh övladdan, miras qoyduğu müshəf (Qurani-Kərim), tikdiyi məscid, yolçu üçün tikdiyi ev, çəkdiyi su və sağlığında verdiyi sədəqə. [3]

Yəni insan dünyada özünün işlədiyi və başqalarının da etməyinə səbəb olduğu əməllərdən faydalanacaqdır. Əhli-Sünnə alimləri bu xüsusda həmrəydir.

Mərhumun adına edilən yaxşlıqıların savabının ona faydalı olub-olmaması haqda fərqli görüşlər var. Mötəzilə məzhəbinə görə dirilərin əməlləri ölüyə fayda verməz. Dua və sədəqə də bura daxildir. Bu fikri də “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm surəsi, 53/39), “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” (Yasin surəsi, 36/54) “Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir” (Bəqərə surəsi, 2/286) kimi ayələrə əsaslandırırlar.

Onların fikrincə bu ayələrdə insanın yalnız öz elədiklərindən fayda və zərər əldə edəcəyi və başqalarının elədiyi yaxşılıqların savabının mərhuma çatmayacağı  bildirilmişdir. İslam alimləri hansı əməllərin ölüyə faydalı olması məsələsində yekdil fikirdə olmasalar da, əməllərin mərhuma faydalı olduğunu qəbul edirlər. Buna da “Onlardan, sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə” (Həşr surəsi,  59/10) ayəsini əsas gətirirlər.

Peyğəmbərimiz (s.ə.s) də “Cənazə namazı qılarkən ona ürəkdən dua edin“,[4] – buyurmuş və özü də qıldığı cənazə namazlarında mərhuma dua etmişdir. Faydası olmasaydı, nə özü dua edər, nə də başqalarına tövsiyə edərdi. Halbuki O, özü də bir nəfərin cənazə namazını qıldırarkən: “Allahım, onu qəbir fitnəsindən və cəhənnəm əzabından qoru, onu bağışla, ona mərhəmət et![5] – deyə dua etmişdir. O ki qaldı, elə cənazə namazının özü də bir duadır. “Allah üçün namaza, cənazə üçün duaya” şəklində niyyət edilir.

Bu dünyada ölülər üçün edilən dua və ibadətlərin faydasına iki aspektdən yanaşmaq lazımdır: birincisi, mərhumun borcundan qurtulub-qurtulmaması. Bir insan namaz, oruc, zəkat, həcc və qul haqqı kimi borclarla axirətə köçmüşsə, başqalarının – istər vəsiyyət etmiş olsun, istər olmasın – bunları yerinə yetirməsi ilə bu borcunu qaytarmış olurmu?

Fiqh alimləri ibadətləri 3 yerə ayırır:

1) Namaz, oruc kimi fiziki (bədənə aid) ibadətlər. Bunları başqaları etsə belə, mükəlləf mükəlləfiyyətdən azad olmur.

2) Zəkat və maddi kəffarə kimi maddiyyatla bağlı olan ibadətlər. Başqaları mərhum üçün bu borcları ödəyərsə, mərhum mükəlləfiyyətdən azad olar.

3) Həcc kimi həm maddi, həm də bədəni ibadətlər. Başqaları ölən üçün bu ibadəti etsə, mərhum borcdan qurtulmuş olar. Ancaq mərhumun bu haqda vəsiyyəti yoxdursa, varislər buna məcbur deyildir. Əksər mühəddislərin (hədis alimlərinin) qənaətincə, mərhumun yaxınları onun oruc, həcc kimi ibadət borclarını yerinə yetirə bilərlər.

İkinci məsələ isə başqasının etdiyi ibadətin savabının mərhuma çatıb-çatmamasıdır.

İslam alimlərinin əksəriyyəti savabını mərhuma bağışlamaq niyyəti ilə edilən ibadətlərin səhih olduğu və bunun mərhuma faydası olduğu qənaətindədir.

Vəfat edənin borcunun ödənilməsi

Bir insan vəfat edərkən yaxınların ilk işi onun borclarını qaytarıb onu qul haqqından azad etmək olmalıdır. “Möminin ruhu borcuna ilişib qalır, ta ki borc qaytarılana qədər”.[6] Buna görə də ölənin borcu varsa, qoyduğu mirasdan qaytarılır. Ödəyənin kimliyindən asılı olmayaraq, ölü borcdan qurtulmuş olur.[7]

Dua və istiğfar

Mərhum üçün ediləcək ən faydalı əməllərdən biri də dua və istiğfardır. “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla…” (Həşr surəsi, 59/10) ayəsi və “Ey Allahın Rəsulu! Vəfat edən valideynlərim üçün yaxşılıq edə bilərəm? – deyə soruşan səhabəyə, “Bəli, bunun onlara faydası var. Onlar üçün dua elə və Allahdan bağışlanma dilə. Vəsiyyətləri varsa onu yerin yetir. Qohum-əqrəbaları ilə əlaqəni kəsmə, Onların dostları ilə münasibəti davam etdir.”[8] – buyurması dua və istiğfarın mərhum üçün faydalı olduğunu göstərir.

Əhli-Sünnə alimləri edilən dua və istiğfarın mərhum  üçün faydalı olduğunu bildirirlər. Ancaq dua edilən mərhum mömin olmalıdır. İnanmayanların arxasından edilən heç bir əməl onlara fayda verməz. Onlar üçün dua etmək də doğru deyildir. Uca Allah Hz. İbrahimin (ə.s) dilindən “Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!”” (İbrahim surəsi, 14/41) və Hz. Nuhun (ə.s) dilindən “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla…” (Nuh surəsi, 71/28) dualarını öyrədir. Bu sadaəcə yaşayanlara yox dünyadan köçənlərə də aiddir.

Əhməd ibn Hənbəlin Müsnədində nəql olunan bir hədisdə Hz. Aişə (r.anha) Hz. Peyğəmbərin Baqi qəbirstanlığına gedərək oradakı ölülərə dua elədiyini bunun səbəbini soruşduqda isə, “Onlara dua eləmək əmr edildi” – buyurduğunu bildirir.[9]

Allah Rəsulu (s.ə.s) dəfndən sonra məzarın yanında dayanıb: “Qardaşınızın bağışlanmasını diləyin. Çünki o, hal-hazırda sorğu-suala çəkilir“,[10] – buyurmuşdur. Bu hədis duanın mərhuma fayda verəcəyini açıqca bildirir. Əgər duanın mərhuma faydası olmasaydı Rəsulullah (s.ə.s) əshabına bunu əmr etməzdi.

“Allah əməlisaleh bəndəsinin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə, “Ey Rəbbim! Hansı səbəblə dərəcəm yüksəldi?” – deyə soruşduqda, Uca Allah, “Oğlunun sənin üçün dilədiyi bağışlanma sayəsində” buyurar”[11]. İmam Əşari Məqalətul-İslamiyyin əsərində yazır ki, hədisçilər və Əhli-Sünnə alimlərinin əksəriyyəti dua və sədəqənin vəfatından sonra mərhuma fayda verəcəyi qənaətindədir.

Bir hədisdə isə, “İnsan öləndə artıq əməl işləməklə savab qazana bilmir, ancaq əməl dəftərinə üç şeydən: sədəqeyi-cariyədən, öyrətdiyi faydalı elmdən və ona dua edən yaxşı övladdan savab yazılır.[12] buyrulmuşdur.

Sədəqə

Əhli-sünnə alimlərinin fikrincə mərhum adından verilən sədəqənin ona faydası var. Rəsulullahın (s.ə.s) buna işarə edən hədisləri var. Hz. Aişə (r.anha) nəql edir ki, “Bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı öz sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?”, – deyə soruşdu. Rəsulullah (s.ə.s) “Bəli”, – dedi”[13].

Əbu Hüreyrə (r.a) nəql edir ki, atası vəfat edən bir nəfər atasının çoxlu malı olduğunu və vəsiyyət eləmədiyindən onun adına sədəqə verə biləcəyini soruşduqda Rəsulullah (s.ə.s) buna icazə vermişdir.[14]

İbn Abbasın nəql elədiyi başqa bir hədis isə belədir: “Bir nəfər Rəsulullahın (s.ə.s) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam vəfat elədi. Onun üçün sədəqə versəm ona faydası toxunar?” deyə soruşdu. Peyğəmbərimiz (s.ə.s), “Bəli”, dedikdə həmin şəxs, “Bir meyvə bağm var. Hamı şahid olsun ki, onun anamın adından bağışlayıram” dedi”.[15]

 Bütün bunlar vəfatından sonra mərhum adından sədəqə verilə biləcəyini göstərir. Ancaq bir şərtlə ki, həmin sədəqə qəbirin üstündə verilməsin. Sədəqəni cənazə dəfn olunrakən qəbisirtanlıqda paylamaq da məkruhdur.

Sad ibn Ubadə (r.a): “Ya Rəsulallah! Anam vəfat etdi, onun üçün nə etsəm, daha xeyirli olar?” – deyə soruşur. Allah Rəsulu: “Su”, – buyurur.[16] Sad ibn Ubadə də bir su quyusu qazıb: “Anam üçün”, – deyir. Bu, bu dünyada xeyirli əməllərin mərhuma fayda verəcəyini göstərir. Başqa bir rəvayətdə isə Sad soruşur ki, vəfat etmiş anası üçün sədəqə versin, yoxsa verməsin.  Müsbət cavab alanda da nəyin ən fəzilətli olduğunu soruşur. Rəsulullah: “Su”, – deyir.

Nafilə sədəqə vermək istəyənlər bütün müsəlmanların adından niyyət edib sədəqə verə bilərlər. Bunun savabı həm onlara, həm də verən şəxsin özünə çatar və verənin savabından heç nə əskilməz.

Mərhumun adından namaz, oruc və həcc kimi ibadətləri etmək olar?

Oruc: Müsəlman ramazan orucunun qəzasını müəyyən səbəblərdən yerinə yetirə bilmədən vəfat edərsə, buna görə günahkar və borclu hesab olunmur. Müsəlman oruclarının qəzasını tutmaq imkanı ola-ola tutmadan vəfat edərsə, varisi onun əvəzinə oruc tuta bilməz. Yəni fiqh alimlərinin çoxunun fikrincə, ölünün qəza orucunu tutmaq vacib deyil. Çünki oruc namaz kimi bədənə aid ibadətdir. Bədənə aid ibadətlərdə isə vəkalət caiz deyil. Rəsulullah (s.ə.s) belə buyurmuşdur, “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz”.[17] Başqa bir hədisdə isə, “Kim üzərində bir ay oruc borcu olaraq ölərsə, (ailəsi və ya yaxınları) onun adından hər gün bir nəfərə yemək yedirsin”.[18]

Bu səbəbdən vəfat etmiş şəxsin əvəzinə oruc tutmaq yox, onun tuta bilmədiyi oruclarının fidyəsini verməyə çalışmaq lazımdır.

Hənbəlilərə görə, mərhumun valideynləri onun adından oruc tuta bilərlər ki, bu mübahdır. Ola bilsin ki, bununla mərhum qurtuldu.

Əsaslandıqları dəlil, Rəsulullahın (s.ə.s), “Oruc borcu olduğu halda ölən şəxsin yerinə onun valideynləri oruc tuta bilər”, hədisidir[19].

 Bir qadın bir aylıq nəzir orucunu tutmadan vəfat edir. Övladı Peyğəmbərimizin hüzuruna gələrək: “Onun yerinə oruc tuta bilərəm?” – deyə soruşur. Rəsulullah da ona: “Ananın borcu olsaydı, qaytarardın?” – deyə soruşur. Qadının “bəli” cavabından sonra: “Allaha olan borc  qaytarılmağa daha layiqdir, varisi onun əvəzinə oruc tutsun”,[20] – buyurur.

Əhməd ibn Hənbələ görə, Ramazan, nəzir və kəffarə borcu olan mərhumun əvəzinə valideynləri oruc tuta bilər. İmam Malik, Şafei və Əbu Hənifəyə görə isə, mərhumun yaxınları onun tutmadığı hər bir oruc üçün (bir sa) fidyə verməlidir. Lakin əksər alimlərin fikrincə bədənə aid ibadətləri şəxsin özündən başqası yerinə yetirə bilməz. Buna icazə verməklə insanlar sağlığında etməli olduqlarını yerinə yetirməzlər.

Unutmaq lazımdır ki, mərhumun öz əməlləri başqasının onun üçün elədikləri qədər fayda verməz. Əgər belə olsa bütün varlılar öz ibadətlərini başqalarına elətdirər məsuliyyətdən azad olardılar. Bu isə, əsla caiz deyil. Şafei və Malikilər də məhz bu səbəbdən bədənə aid ibadətlərin mərhuma fayda verməyəcəyi fikrini qəbul etmişlər. İmam Əbu Hənifə, Əhməd ibn Hənbəl və bəzi sələf alimləri bədənə aid ibadətlərin yalnız savabının mərhuma çatacağını bildirmiş, onların sağlıqlarında etmədikləri ibadətlərin yerinə keçəcəyini deməmişlər. Çünki ibadəti edən sağ olan şəxsdir və elədiyi ibadət də onun özünə aiddir. Sadəcə savabını başqasına bağışlamış sayılır.

Bundan məqsəd mərhumun üzərindən ibadət borcunu qaldırmaq yox, edilən xeyirli əməldən onun istifadə etməsidir. Uca Allahın bu vəsilə ilə onu bağışlayacağı və əzabını yüngülləşdirəcəyi ümid edilir.

Həcc: sağ və ya mərhum müsəlmanın adından həccə getmək – bu ibadətin maddi yönü də olduğuna görə – əksər alimlər tərəfindən caiz hesab edilmişdir. Ancaq İslam hüquq məktəblərinin bu mövzuda irəli sürdüyü şərtlər bir-birindən xeyli fərqlənir. Bir qadın sağlığında həccə getməyən anasının adına həcc edib-etməyəcəyini soruşmuş, Rəsulullah: “Bəli, onun yerinə həcc et”, – buyurmuşdur.[21] Əksər fiziki ibadətlərin vəkalətlə başqası tərəfindən yerinə yetirilməsi qəbul olunmasa da, acizlik səbəbi ilə (şəxsin vəfat etməsi və ya sağalma ümidinin olmaması) fərz olan həccin edilməsi caiz hesab olunmuşdur. Bəzi alimlər nafilə həccin də vəkalətlə yerinə yetirilməsini caiz görmüşlər. Ümid edilir ki, Allah bu savablara görə ibadət borcu ilə hüzuruna gələnləri bağışlayar.

Alimlər namaz  və Quran oxuma kimi ibadətlərin savabının  əməl sahibindən başqasına çatıb-çatmaması məsələsində fərqli fikirlər irəli sürmüşlər. Bəzilərinə görə, oxunan Quranın savabı və edilən dua ölüyə çatır. Digərləri isə bunun əksini düşünür.

Hənəfi məzhəbinə görə, insan öz əməlinin savabını başqa adama bağışlaya bilər. Üstəlik əməl sahibinin qazandığı savab da azalmaz. Fərqi yoxdur, istər namaz olsun, istər sədəqə…

Malikilərdən bəziləri bununla razılaşsa da, bəziləri bunu məkruh hesab etmişdir.

Şafeilərə görə isə, mərhuma öz əməlində başqa heç nə fayda verməz. Namaz qılmaq, Quran oxumaq və s. əməllərin hamısı üçün bu keçərlidir. Ancaq bəzi Şafei fəqehlər Quran oxuyub mərhuma bağışlamağın mümkün olduğunu bildirmişlər. Çünki, ilan sancmış bir şəxs şəfa niyyəti ilə Fatihə surəsini oxumuş və Rəsulullah (s.ə.s) ona “Fatihənin ruqyə olduğunu hardan bildin?” demişdir.[22] Quranın oxuyana faydası olduğu kimi mərhuma da faydası var.
Bəzi alimlər: “Savabı mərhuma bağışlanmaq şərtilə hər bir gözəl əməlin savabı ölüyə çatır”, – demişlər. Amma bunların Allah rizası üçün edilməsi şərtdir. Buna pul və digər maddi məsələlər qarışmamalıdır. Çünki Quran oxumaq bir ibadətdir. İbadət yalnız Allah rizası üçün ediləndə bir savabı olur.

Bu məqsədlə “Allahım, oxuduğum Quranın savabını filan şəxsə çatdır” demək və Quranı dua niyyəti ilə oxumaq olar. Bunun mərhuma faydalı olacağına inanmaq lazımdır. Peyğəmbərimiz “Cənnətül-Baqi”ni ziyarət edər, məzar sakinlərinə salam verər və belə dua edərdi. “Sizə salam olsun, ey möminlər və müsəlmanlar diyarının sakinləri! Biz də, inşallah, sizə qovuşacağıq. Özümüz üçün də, sizin üçün də Allahdan afiyət (salamatlıq) diləyirik. Siz bizdən əvvəl getmisiniz, biz isə sizin arxanızca gələcəyik. Allah əvvəl gedənlərə də, sonra gələnlərə də mərhəmət etsin”.[23]  Duaların mərhuma faydası olmasaydı, faydasız işlərdən uzaq olan Allah Rəsulu belə etməzdi. O, əməl və sözlərində daima vəhyə söykənmişdir. Oxunan Quranın savabını əvvəlcə Allah Rəsuluna hədiyyə etmək müstəhəbdir. Bu, bir növ təşəkkürdür. Allah dilərsə, saysız-hesabsız insanların ruhu oxunan Quran və edilən duadan faydalana bilər. O, sonsuz qüdrət sahibdir.

Fatihə və Yasin surələrini həmçinin Quranın savabını mərhuma bağışlamaq olar.

Bəzi alimlər həm oxunan Quranın, həm də digər əməllərin mərhuma fayda verəcəyini deyirlər. Bu əməllər ancaq Allah rizası üçün edilməlidir. Pulla Quran oxudaraq bunu mərhuma bağışlamaq olmaz. Çünki Quran oxumaq ibadətdir. İbadət isə pul müqabilində yox Allah rizası üçün edilməlidir. Allah rizası üçün edilən ibadətdən əldə olunan savab mərhumun ruhuna bağışlana bilər.

Maliki və Şafei məzhəbinə görə öz əməli etmədiyi təqdirdə Quran oxumaq da daxil bədənə aid heç bir ibadətin savabı mərhuma çatmır. Sadəcə qəbrin yanında oxunduqda mərhum oxunan Qurandan dinləyici savabı qazanır.

Unutmamaq lazımdır ki, mərhum adından fidyə və kəffarə verməklə o məsuliyyətdən azad olmur.

Qəbir ziyarəti və qəbiristanlıqda Quran oxumaq

Qəbir ziyarəyti ibrət almaq və Allahı xatırlamaq üçün edilir. Rəsulullah (s.ə.s) əvvəllər batil əqidə və adətlərin qarşısını almaq üçün qəbir ziyarətlərini qadağan etmişdir. Bir hədisdə: “Sizə qəbir ziyarətinə qadağan qoymuşdum, artıq qəbirləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır“,[24] – buyurulur.

Əbu Hüreyrə (r.a) nəql edir ki, bir gün Rəsulullah (s.ə.s) anasının qəbrini ziyarət edərək ağladı. Yanındakılar da ağladılar. Sonra belə dedi: “Anama bağışlanma diləmək üçün Rəbbimdən icazə istədim. İcazə verilmədi. Qəbrini ziyarət etmək üçün icazə istədim. Buna icazə verildi. Siz də qəbirləri ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti insana ölümü xatırladır.”[25]

Qəbir zaiyarətinin faydaları

Məzarlar insana ölüm və axirəti xatırladır. Dünyaya hərislikdən, dünyaya ifratcasına bağlanmaqdan və nəfsani həvəslərin əsarətinə düşməkdən çəkindirir. İnsanı yaxşı əməllərə, yaxşılıq etməyə sövq edir.[26]  Saleh insanların qəbrini, xüsusilə, Rəsulullahın (s.ə.s) məzarını ziyarət etmək ruhlara hüzur ələyir, ülvi hisləri pərvazlandırır. Rəsulullah (s.ə.s) bir hədisində: “Məni vəfatımdan sonra ziyarət edən sağlığımda ziyarət etmiş kimidir“, – buyurmuşdur.[27] Ziyarət keçmişə, din kültürünə və tarixə bağlılığın güclənməsində də mühüm rol oynayır.

Peyğəmbərimiz (s.ə.s) dəfndən sonra məzar üstə dua etməyi tövsiyə buyurmuş, hətta şəxsən özü dua etmişdir. Yasin oxumaqla əlaqədar hədisi Makil ibn Yəsar rəvayət edir: “Yasin Quranın qəlbidir. Onu ölüləriniz üçün oxuyun.”[28] Bəzi alimlər bu hədisin səhih olmadığını deyir. Əbu Hənifə, Əhməd ibn Hənbəl və İmam Malikə görə də, məzar üstündə Quran oxumaq məkruhdur. Quran məzar üstündə yox başqa yerdə oxunub savabı bağışlanmalıdır. Əbu Hənifəyə görə, məzarın üsündə səsli Quran oxumaq məkruhdur. İmam Muhammədə görə isə müstəhəbdir. Hənəfi məzhəbində İmam Muhammədin fikri əsas götürülür. İbn Hibbanın fikrincə isə, “Yasin” ölümdən sonra deyil, ölüm ayağında olan xəstənin yanında oxunmalıdır. Başqa bir hədisdə də: “Can verənin yanında “Yasin” oxunarsa, Allah onun ölümünü asanlaşdırar“,[29] – buyurulmuşdur.

Qurban

Mərhumun adından qurban kəsib paylamaq və savabını ona bağışlamaq olar. Hz. Əli (r.a) iki qoç kəsmişdi. “Biri özüm üçün, digəri Rəsulullah üçün”, – dedi və əlavə etdi: “Rəsulullah belə vəsiyyət etdi. Ömrüm boyu bunu edəcəyəm”.[30] Hz. Əli bu qurbanı kəsəndə Rəsulullah (s.ə.s) vəfat etmişdi. Biz də Rəsulullahın şəfaətinə nail olmaq ümidi ilə Onun adına qurban kəsə bilərik. Bundan başqa Allah Rəsulu ümməti adından qurban kəsmişdir.[31]

Ancaq bir çox adamlar ölüləri məmnun etmək və diləklərinə çatmaq üçün qəbirlərin üstündə qurban kəsirlər ki, bu da bidətdir. Çünki qurban bir ibadətdir, sırf Allah üçün edilməlidir. Buna görə də bir qəbir üçün kəsilən qurban savab deyil, əksinə şirkə qədər uzanan günahdır, cahiliyyə adətidir.[32]

Əfusular olsun kimi bəzi əməllər din kimi qəbul edilir. Əslində isə dində bunlar yoxdur. Allah Rəsulu (s.ə.s) bir hədisində: “Dinə sonradan əlavə edilən hər şey bidət, hər bidət də zəlalətdir!” – buyuraraq bizə xəbərdarlıq etmişdir.

Mərhum üçün edilən bidət və xurafatları belə sıralaya bilərik:

  1. Ölünün adına qurabn kəsmək. İslamda qurban ancaq Allah rizası üçün kəsilir. Ancaq bir çox adamlar ölüləri məmnun etmək və diləklərinə çatmaq üçün qəbirlərin üstündə qurban kəsirlər ki, bu da bidətdir. Çünki qurban bir ibadətdir, sırf Allah üçün edilməlidir. Buna görə də bir qəbir üçün kəsilən qurban savab deyil, əksinə şirkə qədər uzanan günahdır, cahiliyyə adətidir.[33]
  2. Məzar üstündə savabını ölüyə bağışlamaq üçün və ya başqa məqsədlə namaz qılmaq. İslamda qəbul olar düşüncəsilə ölüdən mədət ummaq, məzar üstündə namaz qılmaq qadağan edilmişdir. Peyğəmbərimiz (s.ə.s) ömrünün sonuna yaxın xəstələnəndə, “Allahın lənəti yəhudi və xristianların üzərinə olsun. Onlar peyğəmbərlərinin məzarlarını ibadətxanaya çevirdilər.”[34] Buyuraraq ümmətini bundan çəkindirmişdir. Məzarları məscidə çevirmək və ya məzarın üzərində məscid tikmək qadağan edilmişdir. Məzarın başında təzim məqsədilə səcdə etmək və məzara yönələrək namaz qılmaq da olmaz. Bunlar haramdır.
  3. Peyğəmbərin (s.ə.s) qəbri olas belə məzar daşını öpmək və ya ordan nə isə asmaq da xurafatdır.
  4. Rəsuli-Əkrəm lüzumsuz yerə pul xərcləndiyi üçün və ya məzara təzim olduğu üçün orada şam yandırmağı qadağan etmişdir.[35] Bunlar bidət və xurafatdır.
  5. Ölü adından yaxşılıq etmək üçün qırxıncı və əlli ikinci gün kimi xüsusi zamanlar təyin eləmək və bu günlərə məxsus ayinlər keçirmək, ildönümü təşkil etmək də olmaz.
  6. Məzarın üstündə səsli zikir oxumaq.
  7. Pul qarşılığında Quran oxumaq və oxutmaq.
  8. Kəbəni tavaf edərmiş kimi qəbirlərin ətrafında dövrə vurmaq, təbərrük niyyətilə məzar üstündə paltar asmaq və s.
  9. Namaz, oruc, qurban, nəzir, kəffarə kimi ibadət borclarını yerinə yetirmədən vəfat edən şəxsi həmin borclardan qurtarmağa çalışmaq. Bunun sünnəyə uyğun şəkli yuxarıda yazılıb.
  10. Xüsusi gün və gecələrdə mərhumun ruhu üçün mövlud oxutmaq.
  11. Allah dostlarının qəbirlərindən gətirilən torpağı şəfa niyyətilə paylamaq və bunun şəfa olduğuna inanmaq.
  12. Mərhuma gileylənmək, şikayət etmək və bunu yazılı olaraq məzarın üstünə qoymaq.

Bu və bənzəri bidət və xurafatlardan uzaq durmaq lazımdır.

Nəticə etibarilə, mərhum adından ediləcək əməllər və bu haqda alimlərin fikirləri qeyd elədiyimiz kimidir. Bu nöqteyi-nəzərdən əgər mərhumun borcu varsa həmin borclar ödənməli, əda etmədiyi namaz və orucun əvəzinə isə sədəqə vermək mümkündür. Bundan əlavə savabını mərhuma bağışlamaqla sədəqə vermək, Quran oxumaq, dua etmək və həccə getmək və qurban kəsmək də olar. Ancaq bütün bunlar şəriətin qoyduğu sərhədləri aşmamaq şərtilə edilməli, bidətlərə girilməməlidir. Allah rizası əsas alınmalıdır.


[1] Tirmizi, Qiyamət 26, Zöhd 4; Nəsai, Cənaiz 3; İbn Macə, Zöhd, 31; Əhməd ibn Hənbəl, Müsnəd, II, 292.
[2] Müslim, Vəsiyyət, 14; Əbu Davud, Vəsayə, 14.
[3] İbn Macə, Müqəddimə, 20.
[4] Əbu Davud, Cənaiz, 59.
[5] Əbu Davud, Cənaiz, 56.
[6] Buxari, Cənaiz, 76; İbn Macə, Sədəqat , 12.
[7] Buxari, Havalat, 3.
[8] Əbu Davud, Sünən, Ədəb, 12; İbn Macə, Sünən, Ədəb, 2.
[9] Əhməd ibn Hənbəl, Müsnəd, IV, 252.
[10]  Əbu Davud, Cənaiz, 67-69, 73.
[11] İbn Macə, Ədəb, 1.
[12] Müslim, Vəsiyyət, 14; Əbu Davud, Vəsayə, 14.
[13] Əhməd ibn Hənbəl, Müsnəd, II, 372.
[14] Əhməd ibn Hənbəl, Müsnəd, II, 371.
[15] Buxari, Vəsaya, 15, 20.
[16] Əbu Davud, Zəkat 42.
[17] Malik, Muvatta, 18, Sıyam, 43, (II, 303).
[18] Tirmizi, 6, Savm, 23, (III, 96); İbn Macə, 7, Siyam, 50, (I, 558).
[19] Buxari, Savm, 42; Müslim, Siyam, 27.
[20] Buxari, Savm, 42; Müslim, Siyam, 27; Əbu Davud, Savm, 41.
[21] Müslim, Siyam, 27.
[22] Buxari, Tibb 39; Müslim, Səlam 66.
[23] Müslim, Cənaiz, 104; İbn Macə, Cənaiz, 36.
[24] Müslim, Cənaiz 105; Əbu Davud, Cənaiz, 75
[25] Müslim, Cənaiz, 106; Əbu Davud, Cənaiz, 77; Nəsai, Cənaiz, 101; İbn Macə, Cənaiz, 48; Əhməd ibn Hənbəl, Müsnəd, II, 44.
[26] İbn Macə, Cənaiz, 47
[27] Əcluni, Kəşfül-Xafa, II, 329.
[28] Əbu Davud, Cənaiz, 24; İbn Macə, Cənaiz 4.
[29] Şevkani, Neylul-Evtar, IV, 25.
[30] Əbu Davud Ədahi, 1; Hakim, Müstədrək, IV, 255.
[31] Heysəmi, Məcməüz-zəvaid, IV, 23; Təbərani, Mucəmul-Kəbir, III,182.
[32] Şevkani, Neylül-evtar, IV, 9.
[33] Şevkani, Neylül-evtar, IV, 97.
[34] Buxari, Salət 55; Əbu Davud, Cənaiz 70-72, 3227
[35] Müslim, Cənaiz, 98; Əbu Davud, Salət, 24.


Açar sözləri

cənazə qəbir mərhum ölü

Bənzər məqalələr

Mərhumun adına oruc tutmaq

Vəfat edən şəxsin ailəsi və ya yaxınları onun qəzaya qalmış oruclarını tuta bilməzlər. Rəsulullah (s.ə.s.) belə buyurur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz.”

Ölüyə toxunmaq qüslu pozurmu?

Sual: Xalq arasındakı belə bir inanclar var ki: bir, evdə ölən olduqda, orada iştirak edənlər qüsl almadan namaz qıla bilməzlər. İkinci olaraq da, evdəki bütün əşyalar, hətta xalça-palaz yuyulmalıdır. Bu nə dərəcədə doğrudur?

Cənazə namazı

Cənazə namazı Allahın şəninə tərif və Ona ibadət, Rəsulullaha salət-salam və mərhuma duadan ibarətdir. Cənazə namazında rüku, səcdə yoxdur, rüknləri iftitah təkbiri və qiyam ilə birlikdə dörd təkbirdir. Namazı bitirərkən salam vermək vacibdir. Sünnətləri isə Allaha həmd etmək, Rəsulullaha salavat gətirmək, həm mərhuma, həm də müsəlmanlara dua etməkdən ibarətir.

Ölüyə ağlamaq olarmı?

Elə bir ölüm yoxdur ki, yaxınları kədərləndirməsin. Yaxınını itirən insanın kədərlənməsindən və ağlamasından daha təbii bir şey varmı? Bu, sevgi və mərhəmətdən doğur. Bu cür üzülüb ağlamaq caizdir. Ancaq özündən çıxıb qışqırmaq, xoşagəlməz sözlər demək və mərhumu incidən ağılar söyləmək doğru deyildir.


Şərh yaz