Mənəviyyata Açılan Pəncərə

Vəhy davam edir

Ayın ikiyə bölünməsi (Şaqqı-Qəmər) möcüzəsi

Bu biri tərəfdə Qureyş əlinə düşən hər fürsətdə Allah Rəsulunu (s.ə.s.) çətin vəziyyətə salmağa çalışırdı. Bir gün Məkkənin böyükləri Minada toplanmış, səhabələri ilə birlikdə burada olan Peyğəmbərimizdən (s.ə.s.) yeni bir möcüzə tələb etmişdilər. Hətta görmək istədikləri möcüzəni də tərif etmiş və əgər bunu edərsə, Ona iman gətirəcəklərini söyləmişdilər. Onların iman gətirməsini ürəkdən arzulayan və Onu məsxərəyə qoysalar da, tələblərini ciddi qəbul edən Rəsulullah (s.ə.s.) ümidlənmişdi. Bu ümidlə də onlardan Ayı iki hissəyə böldüyü vaxt iman gətirəcəkləri vədini almışdı:

− Bəli, əgər Ayı iki hissəyə bölsən, Sənə iman gətirərik, − deyirdilər. Peğəmbərimiz (s.ə.s.) mübarək əllərini səmaya qaldırır və şəhadət barmağı ilə Ayı göstərərək bir həmlə edir. Ətrafına yığışanlar Allah Rəsulunun (s.ə.s.) barmağı ilə işarə etdiyi yerə baxırdı. Bu vaxt birdən Ay iki hissəyə ayrılır; bir hissəsi Əbu Kubeys dağının, digəri də Quayqan adlı başqa bir dağın üstünə qədər ayrılmış, sanki bu dağların üstünə düşmüşdü. Bundan sonra Peyğəmbərimiz (s.ə.s.) ətrafındakılara üzünü tutub:

− Şahid olun, − buyurur. İstədiklərinə çox peşman olan müşriklər çaş-baş qalırlar. Necə ola bilərdi ki, yanlarında dayanan bir adamın işarəsi ilə nəhəng Ay iki yerə bölünsün və sonra da əvvəlki halına qayıtsın? Söz vermişdilər, amma iman gətirmək niyyətində deyildilər, bu işin içindən necə çıxacaqdılar? Aralarında şeytana başmağını tərsinə geyindirən  adamlar da var idi və onlardan biri qabağa çıxdı:

− Bu, ibn Əbi Kəbşənin[1] sehrindən başqa bir şey deyildir. O, bununla sizin gözünüzü bağlamışdır. Həm də ətrafdakı adamlardan soruşun görək, onlar da bu hadisəni görmüşlərmi? Əgər sizin gördüklərinizi onlar da görmüşsə, deməli, Məhəmməd doğru danışır. Ancaq bu hadisəni başqaları görməmişsə, o halda Məhəmməd sizi sehrləmişdir, − deyir.

Bu, ən azı həmin an üçün bir çıxış yolu idi. Hər tərəfə xəbər salırlar, kənarda olan adamları təsbit etməyə çalışırlar və qarşılarına çıxanlardan bu hadisəni görüb-görmədiklərini soruşurlar. Cavab müşriklərin xoşuna gələsi şəkildə deyildi, sanki əvvəlcədən sözləşmiş kimi, hər kəs çox təəccüblü bir hadisəyə şahid olduğunu, Ayın iki yerə bölünərək iki müxtəlif dağın üstünə qədər getdiyini və sonra da yenidən əvvəlki vəziyyətinə qayıtdığını deyirdi. Müşriklərin ümidlə üz tutduğu hər qapı üzlərinə bağlanırdı. Öz gözləri ilə gördükləri və başqaları da şahid olduğu üçün bunu inkar da edə bilmirdilər. Bircə alternativ, daha doğrusu, bəhanə qalırdı; yenə əvvəlki böhtanlarından möhkəm yapışacaq, inadkarlıqlarına qurban getməyə davam edəcəkdilər:

− Bu, İbn Əbi Kəbşənin sehrindən başqa bir şey deyil![2]

Günəşi palçıqla suvamaq olmaz ki! Gözünü bağlayan ancaq özünü qaranlığa qərq edər. Çox keçmədən yenə Cəbrail gəlmiş və müşriklərin inkar edə bilməməklə yanaşı, bir qulp qoyaraq fərqli şəkildə çatdırmağa çalışdığı həqiqəti əbədi olaraq təsdiq edən ayələri gətirmişdi:

− Qiyamət saatı yaxınlaşdı, Ay iki yerə parçalandı. Amma müşriklər nə vaxt bir möcüzə görsələr, üz döndərib: “Bu, uzun müddət davam edən və qüvvətli  bir sehrdir!” − deyərlər.[3]

“Əbəsə” surəsinin nazil olması

Müşriklər hər cür möcüzəni gördükləri halda, həqiqəti inkar edirdilər. Buna baxmayaraq, Allah Rəsulundakı (s.ə.s.) təbliğ sevgisi azalmadan davam edir və O, insanların əlindən tutmaq üçün bütün imkanlarını səfərbər edirdi. Buna görə də müşriklər üz döndərib qarşı çıxsalar da, O, karvanını küfrə çəkənlərlə danışmağı da unutmur və qəlblərinin  nə vaxtsa yumşalacağı ümidi ilə həmişə müsbət hərəkət edirdi. Buna görə də şəxsi həyatını bir tərəfə qoymuş, tamamilə ümməti üçün yaşayırdı. Allahı tanımayan bir sərgərdanla qarşılaşanda ürəyinin yağı əriyir və: “Bu da iman gətirmədən gedəcək,” – deyə özünü həlak edir, qəm-qüssəyə qərq olurdu. Çox keçmədən Quran Onun bu halını da ayələrə nəqş edəcək, ümməti uğrunda  etdiklərini tarixə salacaqdı.[4]

Yenə belə günlərdən birində Ütbə ibn Rəbiə, Ümeyyə ibn Xaləf, Əbu Cəhil, Vəlid ibn Müğirə kimi adamlar oturub[5] öz aralarında boş-boş danışırdılar.

Rəsulullah (s.ə.s.) iman gətirmələrinə bir qapı aralamaq ümidi ilə onların məclisini şərəfləndirir. Ancaq qismətlərində şərəf payı olmayan bu qədirbilməzlər Peyğəmbərin (s.ə.s.) ümidinə biganə idilər. Hz. Məhəmmədə (s.ə.s.) biganə münasibət göstərmələri ilə yanaşı, rəftarlarını da dəyişdirirlər, halları ilə narahat olduqlarını ifadə edirlər. Allah Rəsulu (s.ə.s.) yenə onlara dünya və axirətləri üçün faydalı təkliflər verir, əbədi həyatlarını xilas etmək üçün təkid edirdi. Onlar isə dinləmək belə istəmirdilər. Bəlkə də, o əsnada Allah Rəsulunun (s.ə.s.) əleyhinə danışırdılar, çünki Rəsulullahın (s.ə.s.) gəlişi ilə araya lal sükut çökmüşdü. İmandan heç bu qədər də narahat olmaq olardımı? Amma sözügedən adamlar Utbə, Əbu Cəhil və Vəlid olardısa, bu da mümkün idi! Əllərindən gəlsə, onların yolunda rahatlığından vaz keçən Allah Rəsulunu (s.ə.s.) bir qaşıq suda boğardılar. Çünki Onun olduğu yerdə bu adamlara yer yox idi. Nifrətlə baxır, kinlə oturub dururdular. Qan davasından qorxmasalar, Onun elə oradaca həyatına son qoyardılar. Amma neyləsinlər ki, adətləri buna mane olurdu. Buna görə də, üz çevirib qaşqabaq tökmüş, çıxış yolunu oradan uzaqlaşmaqda görmüşdülər. Əslində bu, yanlarına gələn iman nurunun qaranlığı boğub yox edəcəyinin bir göstəricisi idi: haqq gəlmiş və yoxluğa məhkum olan batil də aid olduğu yerə tərəf üz tutmuşdu.

Çox keçmədən, Cəbrail gəlir, yeni bir vəhy vardı: “Əbəsə” surəsini oxuyurdu:

− O qəlb gözü həqiqətə qapalı və kor olan adam[6] Rəsulullah haqq bəyanla yanına gəldiyi üçün qaşqabağını töküb üzünü çevirdi.[7]

Onların zülmkar rəftarından bəhs etdikdən sonra, ayə bu dönük insanlara müraciətlə davam edir:

− Ey qəlbi haqqa qapalı olan məna koru! O gələn haqq bəyanın, Onu (s.ə.s.) pak edib  xatırlatmalarının da ona fayda verdiyini sən haradan biləcəksən? Sən Ondan uzaq dayananlarla oturub-durur və onlara etibar edirsən! Halbuki, haqq din ilə sənin yanına gələn və Rəbbindən qorxaraq sənə və başqalarına həqiqəti çatdırandan da üz çevirir, açıq qapı buraxıb sevgi göstərmirsən. Yox, yox! Belə etmə! Çünki bu dəvət Haqqın adından edilən öyüd-nəsihətdir. İstəyən bu öyüdə qulaq asar və sizə hər şeyi izah edən Peyğəmbərə tabe olar.[8]

Deməli, inad, qürur və küfr,  sözləri Haqq dərgahında təsdiqlənən Allah Rəsuluna (s.ə.s.) qarşı çıxır, dediklərinə qulaq asmaq istəmirdi. Həqiqətən, ən böyük korluq da gözün tutulması deyil, qəlbin qatılaşması və haqqı görməz hala gəlməsidir.[9] Elə isə buradan da aydın olur ki, qaşqabağını töküb məclisi tərk edənlər, lovğalanıb təkəbbür göstərənlər yenə Məkkənin öndərləri idi və bu hərəkətlər Quran tərəfindən korluq vəsfi ilə şərh edilirdi.[10]



[1]. İbn Əbi Kəbşə Peğəmbərimizin süd anası Həlimeyi-Sadiyənin ərinin künyəsi (ləqəbi) idi və Məkkə müşrikləri onu alçaltmaq üçün bu ifadəni işlədirdilər.
[2]. Bax: Taberi, el-Camiu’l-Beyan, 11/543
[3]. Bax: “Qəmər” surəsi, 54/1-2.
[4]. Bax: “Kəhf’ surəsi, 18/6; “Şüəra” surəsi, 26/3.
[5]. Bəzi rəvayətlərdə bu adamlar arasında Abbas ibn Abdulmuttalibin də olduğu göstərilir ki, oxşar məsələnin bir-birinə bu qədər yaxın əmi-qardaşoğlu arasında cərəyan etməsi məqbul görünmür.
[6]. Ümumiyyətlə, bu surənin enmə səbəbi ilə bağlı adı çəkilən bu şəxsin Amr ibn Ümmü Məktum kimi tanınan Hz. Xədicə validəmizin dayısı oğlu Abdullah ibn Məktum olduğundan bəhs edən rəvayət hədis meyarları baxımından düzgün olmamaqla yanaşı, eyni zamanda Peğəmbərimizin ismət keyfiyyəti ilə uyğun gəlməyən yanlışlıqlar da doğurur. Hərçənd mövzu ilə bağlı digər rəvayətlərdə bu şəxsin digər yeddi nəfərdən biri olması güman edilir, ancaq peyğəmbərlərin “ismət” vəsfi aspektindən baxılanda buradakı şəxsin səhabə olma ehtimalı olduqca zəifdir. Elə isə burada nəzərdə tutulan şəxs küfrdə inad, haqqı tanımamaqda israr edən Vəlid, Utbə və Əbu Cəhil  kimi məna gözü kor olan insanlardan biridir.
[7]. Eyni xüsusu “üzünü turşutdu” və “arxasını çevirib getdi” mənalarında gələn “əbəsə” və “təvaəlla” kəlmələrinin Quranda istifadə şəkli də təsdiq edir. Bu kəlmələrin hər biri küfründə sabit qalmağa üstünlük verən kafir və fironlar üçün işlədilmişdir. Bax: “Müdəssir” surəsi, 74/22; “Taha” surəsi, 20/48, 60; “Bəqərə” surəsi, 2/205; “Nəcm” surəsi 53/33; “Məaric” surəsi, 70/17; “Ğaşiyə” surəsi, 88/23; “Leyl” surəsi, 92/16; “Ələq” surəsi, 96/13
[8]. Bax: “Əbəsə” surəsi, 80/1-12.  Ayələrə xüsusən Peğəmbərimiz (s.ə.s.) və ümumi mənada bütün peyğəmbərlərin “ismət”  anlayışını düşünərək məna verilməyə çalışılmış və məqsədin daha yaxşı başa düşülməsi üçün bu məna təfsirlə zənginləşdirilmişdir. Bax: Ahmed et-Taci, Vahyüs-Sire s. 240)
[9]. Bax: “Həcc” surəsi, 22/46.
[10]. Mövzu ilə bağlı daha ətraflı məlumat üçün Bax: Ahmed et-Taci, Vahyu’s-Sire, s. 222 və b.