Son dövrlərdə bəzi şəxslər müəyyən proqramlardan istifadə edərək başqasına aid “wi-fi” şifrəsini sındıraraq həmin internetdən istifadə edirlər. Klassik islami əsərlərdə bu haqda hər hansı hökm yoxdur. Ancaq müasir İslam hüquqşünaslar bu məsələyə qul haqqı nöqteyi-nəzərindən yanaşmışlar. Belə ki, “wi-fi” şifrəsi olmayan internetdən istifadə etmək olar. Qonşu istəsə şifrə qoya bilərdi. Başqasına aid şifrəli internetdən şifrə “sındıran” proqramlar vasitəsilə icazəsiz istifadə eləmək isə caiz deyil. Bunu edən şəxs həmin şəxsin internetinin sürətini azaltmış, icazə almamaqla da qul haqqına girmiş olar. İslam hüququna görə, “Zərər vermək və zərərə zərərlə cavab vermək yoxdur.”
İcazəsi alınan internetdən də ehtiyac olan qədər istifadə etmək lazımdır. Pulsuzdur deyə həddindən çox yükləmə edərək sürəti azaltmaq da doğru deyil. İşçilərin iş saatları daxilində iş yerlərindəki internetdən şəxsi yükləmələr üçün istifadəsi də caiz deyil. Belə olan təqdirdə yükləmə edən şəxs iş yoldaşlarının haqqına girmiş olar. Əgər iş yerində rəhbərlik internetdən istifadəyə icazə vermirsə bu təqdirdə internetdən istifadə də caiz deyildir.