Mənəviyyata Açılan Pəncərə

Xalq içində haqq ilə birgə olmaq

 عَنْ ابْنِ عُمَرَ قَالَ قَالَ رَسُولُ اللَّهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَ سَلَّمَ:

الْمُؤْمِنُ الَّذِي يُخَالِطُ النَّاسَ وَيَصْبِرُ عَلَى أَذَاهُمْ أَعْظَمُ أَجْرًا مِنْ الْمِؤْمِنِ الَّذِي لاَ يُخَالِطُ النَّاسَ وَلاَ يَصْبِرُ عَلَى أَذَاهُمْ

 “İnsanların içində olub onlardan gələn əziyyətlərə səbir edən möminə inzivaya çəkilib bu əziyyətlərə qatlanmayan mömindən daha böyük əcr (savab) vardır”.

(İbn Mace, Fiten, 23; Tirmizi, Kıyame 55, Ahmed ibn Hanbel, Müsned. 2/43,5)

Dünyanın bir neçə üzü vardır. Bunlardan biri dünyanın özüdür ki, fanidir, keçicidir, bir üzüm yedirsə, yüz zillət verər. Onun bu fani üzü sadəcə oyun və oyuncaq­dan ibarətdir. Əhli-dünyanın pərəstiş etdiyi bu üz bizim üçün mən­furdur, iyrəncdir və nə qədər nifrət edilərsə, yeri var.

Dünya və axirət müvazinətini buna əsasən qurmalıyıq. Dünya fa­ni, axirət isə əbədidir. Allah Rəsulu dünya işlərini heç vaxt ehmal etməmişdir, lakin daim xalq içində Haqq ilə (cəllə cəlaluhu) birlikdə olmuşdur. Belə ki, Rəsulullah nurlu bəyanında da buyurur: “İnsanların içində olub onların əziyyətlərinə dözmək bir dağ başında inzivaya[1] çəkilməkdən daha xeyirlidir”.

Biz də belə davranmalıyıq. Çirkabın sel kimi axdığı yerlərdə gəzəcək, müəllim və tələbə kimi məktəb və universitetlərə gedəcək, bir qisim mənəvi çətinliklərə qatlanacaq, özümüzü maddi-mənəvi feyzlərdən məhrum edəcək, hətta çox vaxt Allah-Təalaya (cəllə cəlaluhu) yaxınlıq və bağlılıq, yəni vəlayət yollarından belə şəxsi olaraq iradi və ya qeyri-iradi vaz keçəcək, cənnətlərin cazibəsinə qapılmayıb xalqın arasına qayıdan Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) əxlaqı ilə “əxlaqlanacaq” və Onunla göndərilən böyük ilahi həqiqəti layiqincə təmsil etməyə çalışacağıq. Dininə, imanına bu qədər həssas yanaşan insanlar heç vaxt dünyanın pis və fani üzünə könül bağlamaz, onun əsirinə çevrilməz, onunla məşğul olmazlar. Onlar daima xalq arasında olarlar,  amma  həmişə Haqla bərabər…

Dünya Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) ayaqları altına sərilmişdi, amma O, bundan istifadə etməyi belə düşünməmişdi. Dünyaya təşrifi ilə dünyadan gedişi fərqlənməmişdi; təşrif gətirərkən bir bezə bürüyüb beşiyə qoymuşdular, dünyadan köçərkən də bir parça kəfənə…

Allah Rəsulu bütün ömrü boyu mədəniyyətləri mədəniyyətlə süsləyən, gözəlləşdirən dünya-axirət müvazinətli bir dünya qurmağa səy göstərdi və ömrünün sonunadək də bu ülvi məfkurəsindən zərrə qədər də güzəştə getmədi. Nəfsini Allaha (cəllə cəlaluhu) təslim etməyin rahatlığı içində Onun rizasını qazanma və bəşəriyyəti xilas etmə yolunda keçirdi bütün ömrünü. Onun baxışları, amalı heç vaxt dünyanın zövqü-səfası ilə yaşamaq arzusu bulanmadı.

Bir dəfə Hz. Ömər hücreyi-səadətə (Peyğəmbərimizin (s.ə.s.) otağı) girir və İki Cahan Sərvərinin bir həsir üstündə yatdığını görür. Riqqətə gəlib ağlayır. Allah Rəsulu nə üçün ağladığını soruşanda: “Bizanslılar, kisralar qu tükündən yataqlarda yatarkən Sən Allahın Rəsulu ola-ola, həsir üstündə yatırsan, buna ağlayıram,” – deyir. Allah Rəsulunun verdiyi cavab nə qədər ibrətamizdir: “Ya Ömər, istəmirsənmi, dünya onların, axirət də bizim olsun..!?”

Allah Rəsulu dünyanı tərk etməmişdi. Gül-gül, çiçək-çiçək hər şeyin simasında həqiqəti görmüş‒göstərmiş, eşitmiş‒eşitdirmiş, təşkil etdiyi ordularla dünyanın dörd bir yanında İslamı ucaltmış və gətirdiyi ilahi həqiqəti bütün könüllərə hiss etdirmişdi.

Burada müasir sosioloji araşdırmaların qənaətini qeyd et­mə­dən keçə bilməyəcəyik:

“Bəşəriyyət Hz. Məhəmməd əleyhissalama qədər yüzdə iyirmi beş faiz tərəqqi etmişdir. Onunla birlikdə, yəni iyirmi üç illik qısa zaman kəsiyində bu rəqəm yüzdə əlliyə çatmışdır. Bu günə qədər buna ancaq iyirmi beş faiz əlavə edilmişdir ki, yüz faizlik tərəqqinin  ancaq bundan əldə ediləcəyi gözlənilir”. Düşünün: O, bəşəriyyətin əsrlər ərzində əldə etdiyi tərəqqiyə sadəcə iyirmi üç illik qısa zaman kəsiyində müvəffəq olur və bununla qiyamətədək bütün nəsillərə mütləq Rəhbər olduğunu göstərir.

Bir də təkrar edək ki, O, özünü dünyadan tamamilə təcrid etmirdi. Sadəcə nəyə nə qədər əhəmiyyət verildiyini bilir və ümmətini də bu istiqamətə yönəldirdi.

Səbir, dözüm, tab gətirmə gücüdür. Yəni insan iradəsini ancaq sə­birlə göstərir. Həmçinin insan səbir vasitəsilə yüksək mənəvi hal­ və keyfiyyət əldə edir və bu hal və keyfiyyət onun ruhunun də­rin­liklərində yatan gücü üzə çıxarır.

Səbrin səbir edilənlər baxımından bir neçə növü var. Səbir edilən şeylər insanın kamalı və tərəqqisi həqiqi insan, yəni kamil insan olması yolunda pillələr, mərtəbələr mahiyyətindədir. Bunlardan birincisi ibadət və itaətdə səbirdir.

İkincisi, günahlara qarşı günah etməməkdə səbirdir. Bu sə­bir,­ xüsusən, müasir gənclər üçün çox əhəmiyyətlidir. Xüsusilə, gözlə qəlbə sirayət edən günahların vicdanları yaraladığı bir dövrdə canını dişinə tutub günaha girməmək və günahlar qarşısında sarsılmamaq çox əhəmiyyətli məsələdir. Bu da insanın mənəvi tərəqqisində ikinci pillədir ki, bu pillə ilə insan kəmalat, fəzilətlər səmasına yük­sələ bilər.

Üçüncüsü, səbirlərin ən çətini olan müsibətlərə səbir etməkdir. Yəni insanın Allahdan gələn müsibət və bəlalara səbir etməsidir.

Dördüncüsü, dünyanın zinətindən, dəbdəbəsindən və nəfsi qıcıqlandıran cazibəsindən uzaqlaşaraq səbir etməkdir ki, bu da  bilavasitə qəhrəmanlıq yoludur.

Beşincisi, maddi-mənəvi feyzlərdən keçməklə səbir etməkdir ki, bu da yalnız kamil insanlara müyəssər olur.


[1]. Dünya ilə bütün əlaqələri kəsərək Allaha yönəlmək, Quran və imanla, ibadət ve itaətlə yaşamaq

Exit mobile version