Bismilləhir-rahmənir-rahim.
Həmd aləmlərin Rəbbi Allaha məxsusudur!
Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və əshabına səlat və salam olsun!
Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən! Ümidimiz, pənahımız sənsən, dönüşümüz sənədir. Bizi kafirlərin fitnələrinin hədəfinə çevrilməkdən qoru, bağışla bizi! Sən üstün qüdrət və hikmət sahibisən. Qəlblərimizi iman nuru ilə nurlandır, Sən hər şeyə qadirsən!
Allahım! Hz. İbrahimə və ailəsinə səlat və səlam etdiyin kimi, son rəsulun olan Hz. Muhammədə də səlat və səlam eylə. Sənin nemətlərin və lütflərin sonsuzdur.
Ey Rəbbimiz, (oxuduğum/oxuduğumuz bu Quranın xətmini) bizdən qəbul et, Sən hər şeyi eşidənsən, bilənsən. Xətalarımızı, qüsurlarımızı bağışla.
Allahım! Bizi Quranın zinəti ilə zinətləndir, Quranın kəraməti ilə kəramətləndir, Quranın şərafəti ilə şərəfləndir, bizi Quranın libasına bürü, bizi Quranın şəfaəti ilə Cənnətə daxil elə! Unutduqlarımızı bizə Quranla xatırlat, onu haqqı ilə oxumağı və anlamağı, anladığımızı da həyatımıza tətbiq edib yaşamağı nəsib eylə!
Allahım! Bizə dərgahından qəlblərimizi doğru yola hidayət edəcək rəhmət bəxş eylə! Birlik və bərabərliyimizi qoru!
Allahım! Quranın hörməti xatirinə, bizi hər cür dünya və axirət bəlasından qoru. Ey rəhimlilər rəhimlisi, bütün Muhəmməd ümmətinə rəhm et! Bizi özündən başqasına möhtac eləmə! Varlıq və düzənimizi pozma, davam etdir. Bizi halal dairəsinə qane olub, haramlardan uzaq duran bəndələrindən eylə, bizi günahlardan qoru!
Ey Mövlamız! Tövbələrimizi qəbul elə, çünki tövbələri qəbul edən ancaq Sənsən, Rəhimlisən. Əzəmətli Quranın bərəkəti və aləmlərə rəhmət olaraq göndərdiyin Peyğəmbərin xatirinə bizə hidayət et, bizləri haqqa və doğru yola müvəffəq elə. Ey lütf və kərəmi bol, rəhməti geniş olan Rəbbimiz bizi əfv et, bağışla!
Allahım! Lütfün, səxavətin və kəramətinlə Quranı Kərimi bizə dünyada dost, qəbirdə munis, qiyamətdə şəfaətçi, sirat körpüsündə nur, Cənnətdə yoldaş, Cəhənnəmdən örtü və pərdə, bütün nemətlərə yolgöstərən və rəhbər elə!
Allahım! Bizi sənə haqqı ilə ibadət edən bəndələrdən olmağı nəsib elə!
Allahım! Elmimizi artır, qəlblərimiz yumşalt, təqva libası geydir. Bizləri həm dünyada, həm də axirətdə gözəlliklər bəxş et, əziz eylə. Cəhənnəmin od- alovundan qoru! Allahım, ixlası-ətəmm, ehsan şüuru, Sənə qovuşmaq arzusu bəxş et bizə, sal içimizə!
Allahım! Əzəmətli Quranın hörmətinə qəlblərimizi pak elə, eyiblərimizi gizlət, xəstələrimizə şəfa ver, borclarımızı ödəmə imkanı ver, üzümüzü ağ elə, dərəcələrimizi ucalt, ata-anamızı rəhm et, bağışla; dinimizi və dünyamızı islah et; düşmənlərimizi zəiflət, pərən-pərən sal, onlara qarşı nüsrət ver bizə; ailəmizi, malımızı, ölkəmizi hər cür müsibətdən, xəstəlikdən və bəladan qoru; bizə qüvvət ver; bizi dinində sabitqədəm elə!
Allahım! Bu Qurandan oxuduğumuzun savabını, başda Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.s) ruhuna və onun qardaşları olan bütün rəsul və nəbilərin (onların hamısına Allahın səlatı və salamı olsun!) ruhlarına; Allah Rəsulunun əhli-beytinin, əshabı-kiramın, pak zövcələrinin, övladlarının, tabeunun və o nurlu yolun davamçılarının (Allah onların hamısından razı olsun!) ruhuna hədiyyə etdik; müqədəsatı qorumaq üçün canından keçən şəhidlərimizin ruhlarına; həmçinin ata-analarımızın, əcdadlarımızın, dünyadan köç edən yaxınlarımızın, , ustadlarımızın, alimlərimizin, üzərimizdə haqqı olan böyüklərimizin, həyatda olan və ya vəfat bütün mömin, müsəlman kişi və qadın qardaş-bacılarımızın ruhlarını şad eylə və savabdan onları da hissədar eylə!
Ey ehtiyacları yox edən, ey duaları qəbul edən, ey rəhimlilər rəhimlisi, Öz mərhəmətinlə dualarımızı qəbul elə!
Duamızın başında olduğu kimi sonunda da deyirik: Allahım, salam olsun bütün peyğəmbərlərə!
Həmd olsun Aləmlərin Rəbbi Allaha! Amin!