Rəsulullah (s.ə.s.) Hudeybiyyədən dönəli iyirmi gün idi. Bu müqavilə ilə Məkkədən gözlənilən təhlükələr nəzarət altına alınmış, böyük bir narahatlıq aradan qaldırılmışdı. Çünki Hudeybiyyə müqaviləsi ilə birlikdə Məkkə müşrikləri və Xeybər yəhudilərinin Mədinəyə hücum etmək məsələsində qurduqları ittifaq dağılmış olurdu. Ancaq yenə də Bəni-Qureyzə, Bəni-Qaynuqa və Bəni-Nadir yurdlarından sürgün edilib Xeybərdə məskunlaşan və burada daim təhlükə törədən yəhudilərin nə zaman, necə bir reaksiya verəcəyini, necə hərəkət edəcəyini qabaqcadan kəsdirmək mümkün olmurdu. Xüsusilə, Səlləm ibn Əbu Huqayq, Kinanə ibn Rabi və Huyyey ibn Ahtab kimi nüfuzlu adamlar burada yerləşmiş, Xeybərdəki yandaşlarının dəstəyi ilə “intiqam” təhdidləri yağdırırdılar. Belə ki, onlar ətraf qəbilələri də təhrik edərək Məkkə ordusunun Xəndəyə qədər gəlməsində önəmli rol oynamışdılar. Məkkəyə qədər gəlib müşrikləri Allah Rəsuluna və möminlərə qarşı körükləyən heyətdən on doqquz nəfər Xeybərin nüfuzlu adamları idi, ətrafdakı qəbilələrə də getmişdilər. Mədinəyə hücumun əvəzində onlara Xeybərin məhsullarından verməyi vəd etmişdilər! İntiqam duyğusu ilə hərəkət edir, fürsət gözləyirdilər. Ümid bəslədikləri Xəndək müharibəsinin də “nəticə” verməməsi onları təşvişə salmışdı.
Müsəlmanların bunun hesabını soruşacağını bilirdilər. Bu gümanla da birinci hərəkət etmək istəyir, Rəsulullah və əshabını qabaqlamağı, Teyma, Fədək və Vadil-Qura yəhudilərini də özləri ilə götürüb Mədinəyə ani basqın etməyi planlaşdırırdılar.
Xüsusən, Əbu Rafidən sonra rəhbər olan Üseyə ibn Zarim intiqam alacağına and içmiş, camaatı da buna təhrik edirdi. Qatafanla da görüşmüş, Mədinəyə hücum barəsində onları razı salmağı bacarmışdı. Onun bu səylərini əhali də təqdir edir, onu yoldaşlarının intiqamını alacaq bir lider kimi alqışlayırdılar. Xülasə, Xeybər fitnə ocağına çevrilmiş və hər an partlamağa hazır idi!
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bütün bu baş verənləri yaxından izləyirdi. Vəziyyəti dəqiqləşdirmək və əmin olmaq məqsədi ilə əshabından üç nəfəri təlimatlandırıb Xeybərə göndərir. Nəticə eşitdiklərini, təxminlərini təsdiq edirdi. Xeybərlilərdən Mədinəyə qədər gələn Xaricə ibn Huseyl kimilərin nəbzi də eyni ritmlə vururdu. Sanki, Hudeybiyyə günü nazil olan ayələrlə vəd edilən bolluğun və fəthdən əvvəlki qənimətin[1] nə olacağı aydınlaşmağa başlamışdı.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) səhabələrinə hazırlıq görülməsini əmr edir. Bununla yanaşı bildirir ki, heç kim Xeybərin dünya nemətləri ilə zəngin olmasına görə hərəkət etməsin, onsuz da bu niyyətlə yola çıxanlara qənimət verilməyəcək.
Müqavilə bağladıqları üçün Mədinədə müsəlmanlarla birlikdə yaşayan yəhudilər Rəsulullahın (s.ə.s.) Xeybər üzərinə yerimə niyyətini sezir, təşvişə düşür. Möminləri çətin vəziyyətə salmaq niyyət ilə vaxtı çatmasa da, borclarının geri qaytarılmasını tələb edirlər. Hətta Abdullah ibn Əbi Hadrəd kimi insanlar Xeybərdən qabaq borclarını ödəmək üçün əyinlərindəki paltarlarını belə satmaq məcburiyyətində qalmış, döyüşə də əmanət paltarla getmişdilər! Yola çıxmaq üçün heç bir imkanı olmayan Əbu Abs ibn Cəbrə də şəxsən Allah Rəsulu (s.ə.s.) yardım etmişdi.
Xeybərin fəthini qeyri-mümkün hesab edən Mədinədəki yəhudilər orada olan qalalar, bol sular, müxtəlif növ meyvələr və döyüşçülərin cəsarəti haqqında danışır və möminlərin əhvali-ruhiyyəsini sarsıtmağa çalışırdılar.
Bütün bunlara baxmayaraq, Allah Rəsulu iki yüz süvari və min altı yüz piyada döyüşçü ilə Mədinədən hərəkət başalryır. Hədəf Xeybər idi. Rəsulullah Mədinədə öz yerinə Siba ibn Urfutanı təyin etmişdi.[2]
Bu yolçuluq zamanı Müsəlman ordusuna on nəfər mədinəli yəhudi də qatılır. Bundan başqa yaralılara yardım etmək, ip əyirmək, yemək hazırlayıb su daşımaq və lazım gələrsə, döyüşdə möminlərə kömək olmaq üçün iyirmi nəfərə yaxın da xanım səhabə var idi.
Yola çıxmazdan əvvəl Allah Rəsulu döyüş hazırlığı keçə bilməmiş insanlar və minik heyvanları dəlisov olanların gəlməməsi təlimatını verir. Bu qərarı insanlara Bilal Həbəşi elan edir! Hətta bu ərəfədə bir nəfərin atı gecənin qaranlığında hürküb şahə qalxır və atın sahibi də atdan yıxılıb ayağı qırılır. Qan itirən səhabə çox keçmədən oradaca ölür!
Hadisəni eşidən Allah Rəsulu (s.ə.s.) üzünü Bilal Həbəşiyə tutur və:
– Ey Bilal, – deyə səslənir, – sən xalqa: “Minik heyvanı dəlisov olanlar da savaşa gəlməsinlər,” – deyə xəbərdarlıq etmədinmi?
– Bəli, xəbərdarlıq etdim, – deyə cavab verir Hz.Bilal. Çünki o, elanı çatdırmış, atdan yıxılan bunu dinləməmişdi. Görünür, Allah Rəsulu camaatı arasında nizam-intizamı təmin etmək istəyirdi. Ona görə də həmin adamın cənazə namazını da qıldırmır və Hz.Bilala dönüb üç dəfə:
– Söz dinləməyən kimsəyə cənnət halal olmaz, – buyurur.
Uqqaşə ibn Mihsan və Abbad ibn Bişr müxtəlif istiqamətlərdən kəşfiyyat məqsədi ilə göndərilmiş, səfər zamanı Huseyl ibn Xaricə[3] və Abdullah ibn Nuaym adlı iki nəfər muzdlu bələdçi də tutulmuşdu. Rəsulullah hər yol ayrıcında qarşılarına çıxan məkanın adını soruşur və yerin adının mənasına görə ikisindən birini seçirdi. Əsasən, gecələr yol gedirdilər. Rəsulullah əshabının yüksək səslə təkbir gətirməsini istəmirdi:
– Sizin dua etdiyiniz Allah nə kardır, nə də kor. Şübhəsiz ki, siz ən çox eşidən və ən yaxın olan Allaha dua edirsiniz, – deyir və yolu səssiz getmələrinə çalışırdı.
Görünür, Xeybərə heç gözləmədikləri bir anda çatmaq və onları hazırlıqsız yaxalamaq istəyirdi. Tez-tez dodaqlarından bu dua eşidilirdi: “Allahım! Keçmişə kədərlənib gələcək qayğısı ilə əndişə duymaqdan, gücsüzlükdən, zəiflikdən, xəsislikdən, qorxaqlıqdan, bel bükən borcla zalım və haqsız kimsələrin müdaxiləsindən Sənə sığınıram!”
Abbad ibn Bişr çoban qiyafəsində Xeybər yəhudiləri üçün casusluq edən bir adamla qarşılaşmış və onu yaxalıb danışdırmaq istəmişdi. Əvvəlcə adam yəhudilərin bu döyüş üçün nə qədər hazırlıq gördüyünü və heç bir gücün onları yenə bilməyəcəyini söyləməyə çalışsa da, ancaq Hz.Abbadın sıxışdırması nəticəsində həqiqəti demək məcburiyyətində qalmışdı. Həqiqətən də, qatafanlılar dörd minə qədər əsgərlə Xeybərə köməyə gəlmiş və çoxdan döyüş hazırlıqlarına başlamışdılar!
Rəsulullahın hüzurunda da casus dediklərini təkrar edincə orada olan Hz.Ömər adamın boynunu vurmaq istəmiş, ancaq Hz.Abbadın amanına görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buna icazə verməmişdi.[4]
Bu ərəfədə münafiqlərin rəisi iş başında idi. Yəhudilər tədbir görsün deyə Allah Rəsulu və əshabının Xeybərə doğru hərəkət etməsi xəbərini çatdırmağa çalışırdı.
Səfər zamanı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Xeybər qalalarından Şıqq və Natat arasındakı bir bölgəyə gəlincə düşərgə salmaq əmrini verir. Kol-koslu bir yer olsa da, orada namaz qılırlar!
Yenidən hərəkətə başlayıb Xeybərlə üzbəüz bir yerə çatdıqda əshabına:
– Dayanın, – deyə nida edir.
Əmrə itaətdə örnək olan bu insanların hamısı dərhal dayanır, Rəsulullahın nə edəcəyini maraqla gözləməyə başlayırlar. Görünür, yenə ciddiyyət və təmkinlə Rəhmli Rəbbinə yönələcək və hər zamankı kimi halını ərz edəcəkdi. Əllərini qaldırıb dua edir: “Allahım! Ey yeddi qat səma və onun kölgələdiyi hər şeyin, yerlərin və onların üzərindəkilərin də Rəbbi! Ey şeytanların və onların azdırdıqlarının, küləklərlə onların sovurduqlarının da Rəbbi! Biz Səndən bu bölgənin və bu bölgə insanlarının xeyir və yaxşılığını diləyir, buradan və burada olanlardan gələ biləcək şərlərdən də Sənə sığınırıq!”
Hər şeyə rəğmən, Allah Rəsulu iman əleyhinə birləşib savaşa hazırlaşanlar üçün belə xeyir naminə dua edir, belə bir yerdə səmimi qəlbdən Rəbbinə üz tutub onların yaxşılığını istəyirdi. Duasını bitirən kimi, yenə əshabına dönür və:
– Haydı, indi Allahın adı ilə irəliləyin, – buyurur.
Xeybərin önünə çatanda gecə yarı idi. Rəsulullah bir yer seçib qərargahını qurur və ertəsi günün hazırlıqlarına başlanır. Gecə olduğu üçün Allah Rəsulu təhəccüd namazını da burada qılır, ilk şəfəqlə sabah namazına durur. Əshabı da onun arxasında idi! Yenə əllər duaya açılmış, Uca Allahdan qələbə istəyirdilər!
Bu əsnada Hübab ibn Münzir Rəsulullaha (sallallahu əleyhi və səlləm) yaxınlaşır:
– Ya Rəsulullah, – deyir, – qərargah qurduğun bu yer əgər Allahın bir əmridirsə, buna heç bir söz deyə bilmərik. Ancaq bu hərbi seçimdirsə, biz də düşündüklərimizi söyləmək istəyirik!
Sonrakılara da örnək olan bir çıxış qarşısında Allah Rəsulu:
– Xeyr, bu şəxsi bir seçimdir, – buyurur.
– Onda, ya Rəsulullah! Bura onların qalalarına çox yaxındır və üstəlik onların hamısı Natat qalasında qərar tutmuşdur. Eyni zamanda onlar ox atmaqda mahir insanlardır və atdıqları oxlar yuxarıdan aşağıya doğru daha sürətlə bizə çatar. Bu vəziyyətdə biz onlara ox atmaqda çox çətinlik çəkəcəyik! Heç olmasa, qara daşlıq və qayalıqların arxasına keçək ki, onların oxu bizə qədər gəlib çatmasın! – deyir İbn Münzir.
Rəsulullahın da bir bildiyi var idi və öncə:
– Elə işin doğrusu sənin dediyin kimidir, – deyir, – ancaq yenə də biz bu gün burada mövqe tutaq. Yerimizi, inşallah, axşam dəyişərik.
Bu arada Məhəmməd ibn Məsləməni hüzuruna çağırır, qərargah qurmaq üçün daha əlverişli bir məkan tapmaq barədə təlimat verir.
İndi növbə namazla birlikdə oxunan duanı əmələ çevirmək zamanı idi. Allah Rəsulu ordusunu cərgəyə düzüb Xeybər qalalarının qarşısında gözləyirdi! Uca səslə:
– Allahu əkbər, xarab oldu Xeybər! Biz hücum edib düşmən qövmün yurduna girdiksə, əvvəlcədən elçilərlə xəbərdar edilmiş o kafirlərin halı yaman olur! – deyirdi[5]
Parol yenə “Ya Mənsur! Əmit!” şəklində idi.
İlk qarşılaşmanın sarsıntısı
Hər zaman olduğu kimi, o gün də xeybərlilər bağ-bağçalarına getmək üçün evlərindən çıxmışdılar. Bir anda onları gözləyən bir ordu ilə qarşılaşınca, böyük sarsıntı keçirir və:
– Ey vay, bu da Məhəmməd və Onun nizam-intizamlı ordusu, – deyib geriyə qaçmağa başlayırlar!
Bir tərəfdən qaçır, amma digər yandan həm iman ordusunu kiçiltmək, həm də yoldaşlarına mənəvi güc vermək üçün:
– Məhəmmədmi bizimlə savaşacaq! Çox qəribədir?! – deməkdən də qalmırdılar və heç nəyə baxmayaraq, üstün gələcəklərini düşünürdülər. İşin bu qədər ciddi şəkil alması onları da iki yerə bölür. Bir qismi qalalar içində qalıb müdafiə olunmağın, digər bir qismi isə meydana çıxıb üz-üzə vuruşmağın tərəfdarı idi. Yüksək və möhkəm qalalarına çox güvənirdilər. Çünki içərisi ərzaqla dolu idi və üstəlik bu qalaların içində axar su vardı.
Xüsusən də, Səlləm ibn Mişkəm kimi sözünü bilməyənlər:
– Burada Onunla döyüşməkdə səhvə yol verməyin. Onunla vuruşaraq ölməyiniz sizin üçün təkbaşına qalmağınızdan daha xeyirlidir, – deyirdilər.
Qiymətli əşyaları ilə arvad-uşaqlarını Kətibə qalasına aparmış, ərzaqlarını da Naim adlı qalada yerləşdirmişdilər. Əli silah tutan hər kəs Natat qalasına yığılmış, son damla qanlarına qədər vuruşmağa and içmişdilər.
İlk qığılcım yenə də onlardan parlayır. Günəşin ilk şəfəqləri ilə birlikdə Allah Rəsulu və əshabının olduğu yerə Natat qalasından ox yağmağa başlayır. O qədər sərrast və sürətli atırdılar ki, günün sonuna qədər əlliyə qədər səhabə yaralanır.
Onların atdığı oxlar eyni zamanda möminlərə silah olurdu. Yerə düşər-düşməz səhabələr onları toplayır və yenidən Natat qalasına doğru atırdılar.
Artıq günlərlə davam edən mühasirə başlanmışdı. Axşam olunca qərargahı müəyyən edilmiş yerə köçürəcək və bu məkan Xeybər qalalarının[6] bir-bir təslim olacağı ana qədər sürən mücadiləyə səhnə olacaqdı.
Bu yanda isə məkkəlilər Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Xeybərə səfərə çıxması xəbərini almış və kimin qalib gələcəyi məsələsində bir-biri ilə mübahisəyə girmişdilər. Huveytib ibn Abdiluzza, Safvan ibn Ümeyyə, Abbas ibn Mirdas və Nəvfəl ibn Muaviyə Məkkədə oturmuş, yüz dəvədən Xeybərdə qalibin kim olacağı məsələsində bəhsə girmişdilər.[7]
Allah Rəsulunun (s.ə.s.) xəstəliyi
Bir tərəfdən Xeybərin mühasirəsi davam etdiyi bir vaxtda Rəsulullah xəstələnmişdi: əshab arasına çıxmırdı. Görünür, ilahi qədər (tale) əshabı çətin şərtlərə hazırlayırdı. Rəsulullah Hz.Əbu Bəkri hüzuruna çağırıb ağ bayrağı ona verir. Və Artıq Xeybər önündəki Müsəlman ordusunun sərkərdəsi Hz.Əbu Bəkir idi.
O gün də axşam olur, ancaq bir nəticə alınmır. Sanki, günlər bir-birindən fərqlənmirdi. Səhər erkəndən başlayan ox yağışı axşam saatlarında kəsilir və ertəsi gün yenə eyni şeylər təkrar olunurdu.
O gün səhər Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hüzuruna Hz.Öməri çağırıb bayrağı ona verir. O biri gün ənsardan birinə verilən bayraq hər gün əldən-ələ dəyişir!
Bəzən əlbəyaxa çarpışmalar da olurdu. Fürsət tapan kimi qaladan çıxan bəzi dəstələrlə əshab qarşı-qaşıya gəlir və biri o birini geri oturdana qədər mücadilə davam edirdi.
Havaların çox isti keçir, bəzi səhabələr də zaman-zaman kölgəliyə çəkilib dincəlirdi. Mahmud ibn Məsləmə də Naim qalasının kölgəsinə çəkilib dincəlmək istəyir. Bunu görən yəhudi Mərhab onun üstünə dəyirman daşını diyirləyir və daş dəbilqəsini də əzib başını ağır zədələyir. Şəfqət insanı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yenə özünü köməyə çatdırır və onun üzündən qopan dərisini yerinə qoyub bezlə bağlayır.[8]
Xeybərin məşhur sərkərdəsi Mərhab qılıncını havada oynadaraq Naim qalasından çıxır və döyüşməyə bir igid istəyir. Amir ibn Əqva onun qarşısına gəlir. Ancaq Mərhab cəld tərpənir və dalbadal endirdiyi qılınc zərbələri ilə onu şəhid edir.[9]
Günlərin birində Hz.Amirin qardaşı Sələmə ibn Əqva da ayağından yaralanır. Allah Rəsulu ona üç dəfə üfürüb dua oxuyur və bundan sonra Hz.Sələmə bir daha yarasında ağrı hiss etmir.
Bu arada bir çox səhabə xəstələnir. Aclıqdan əziyyət çəkir, çarəsiz qalıb kal xurma yeyirdilər! Bu vəziyyəti görən Allah Rəsulu (s.ə.s.) onlara tövsiyə edir:
– Bir qədər suyu tuluqda soyudun və azanla iqamə arasında Allahın adını anıb “bismillah” deyərək başınızdan aşağı tökün!
Onun dediyi kimi, suyu başından aşağı tökən səhabələr xəstəlikdən qurtulur!
Düşmən qüvvələrini dağıtma cəhdləri
Bir aralıq Allah Rəsulu (s.ə.s.) xeybərlilərə kömək edən Qatafanı bu yoldan çəkindirməyə çalışır. Bunun üçün səhabə Sad ibn Ubadəni daha öncə aralarında anlaşma olan qatafanlıların rəhbəri Uyeynə ibn Hisnin yanına göndərir. Qalaya yaxınlaşan Hz.Sad:
– Uyeynə ibn Hisnlə danışmaq istəyirəm, – deyə səslənir.
Görünür, bir ismarış gətirmişdi. Ancaq bu səsləniş yeni bir ixtilafa səbəb olur. Çünki Uyeynə qapıları açmaq niyyətini bildirincə ona etiraz edən sərkərdə Mərhab:
– Qalamızın dağılmış və zəif yerlərini görə bilər, onu içəri buraxma. Sən onun yanına get, – deyir və Allah Rəsulunun elçisini içəri buraxmamaqda israr edir.
Halbuki Uyeynə tam əksini düşünürdü. Ona qənaətinə görə, elçi içəri girməli və qalanın nə qədər sağlam və möhkəm olduğunu, qaladakı əsgərlərin sayının da çoxluğunu görüb getməli idi!
Nəticədə, Mərhabın dediyi olur və Uyeynə ibn Hisn qaladan kənara çıxaraq Hz.Sadın durduğu yerə gəlir:
– Rəsulullah məni sənin yanına göndərdi, – deyə Hz.Sad sözə başlayır, ardınca da Allah Rəsulunun bu ismarışını çatdırır: “Uca Allah Mənə müjdəsini verib Xeybərin fəthini vəd etdi. Siz dönüb gedin. Əgər bunu etsəniz, xeybərlilərə qələbə çaldığımızda buranın bir illik xurma gəliri sizin olar! “
Uyeynənin sülh fikri yox idi. Xəndək günü də eyni şeyi etmişdi. Burada da heç bir şeyin qarşılığında müttəfiqlərini tək buraxmayacağını elan edir və xeybərlilərin gücündən danışır, özlərinin qalib gəlib buna bənzər nemətləri əldə edəcəklərini deyir. Bir xeyli danışırlar, amma nəticəsiz olur. Nəticə olmayan yerdə israrın da mənası yox idi və Hz.Sad ayrılarkən üzünü ona tutub xəbərdarlıq edir:
– Şübhəsiz ki, mən bilir və sənə də bildirirəm ki, bu gün təklif etdiyimiz şərtləri bir gün dilənmək məcburiyyətində qalacaqsan. O gün biz sənə ancaq qılınc göstərəcəyik!
Və Bəni-Nadir və Bəni-Qureyzənin başına gətirdiklərini ona xatırladır. Verilən təkliflər qəbul edilsəydi, başlarına o müsibətlər də gəlməyəcəkdi. Ancaq onlar döyüşü seçmiş, məğlublar da döyüşü seçənlər olmuşdu!
Bu bir təklif idi və qəbul olunmayınca Hz.Sad birbaşa Allah Rəsulunun hüzuruna gəlir, Uyeynənin məsələyə münasibətdən bəhs edir və öz qənaətini danışır:
– Ya Rəsulullah! Şübhəsiz, Uca Allah Sənə olan vədini yerinə yetirib köməyini əsirgəməyəcək. Elə isə Sən bu çöl ərəbinə bir xurma belə vermə! Onsuz da Ya Rəsulullah! Onlar özlərinə tərəf yönələn qılıncları görüncə Xəndəkdəki kimi yurdlarından qaçacaqlar![10]
Günəş qüruba doğru əyilmişdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına dönüb:
– Bayrağınızı götürüb Qatafanın yerləşdiyi Naim qalasının yanında gecələyəcəksiniz, – deyərək təklifi qəbul etməyən Qatafanın üstünə hücum təlimatını verir.
Strategiyadakı dəyişikliyi Yəhudilər də görürdü. Qalaların bayır tərəfində hərəkətlilik gözə çarpır. Böyük bir izdiham Naim qalasına doğru irəliləyir. Və əshab qalaya qədər yaxınlaşıb bayrağı ora sancır. Təşvişə düşən qatafanlılar gecəni qorxu içərisində keçirirlər. Üstəlik səhərə yaxın qatı qaranlıqda tanımadıqları bir səs onlara:
– Ey Qatafan camaatı, – deyə səslənir.
Ətraflarına baxsalar da, bu səsin sahibini görə bilmirlər. Təlaş içində:
– Xayfada olan evləriniz! Ailələriniz pərişan oldu! Kömək edin! İmdad! Yurdlarınızda nə mal qaldı, nə mülk! İmdad! – deyə elə hey eyni şeyləri təkrar edir.
Sabah gözlənilən qarşılaşma təlaşına indi də ailə və mal qorxusu əlavə edilmiş, dünya nemətlərini əldə etmək üçün gəldikləri Xeybərdə canlarını təhlükəyə atdıqları kimi, yurdlarında qalan arvad-uşaqlarını da itirmişdilər! Qol-qanadları qırılır! Nə döyüşməyə cəsarət, nə də ayaq üstə durmağa taqət qalır. Və dərhal yurdlarına qayıtma qərarı ilə qalaları tərk etməyə başlayırlar.
Əlbəttə, o gecə təkcə qatafanlıların ürəyinə qor düşmür. Xeybərlilər də min dəfə peşman olurlar. Onların qalanı tərk edib getməsi xəbəri Kətibə qalasında olan Kinanə ibn Əbil-Huqayqa çatanda yanındakılara:
– Biz nə vaxt bu çöl ərəbləri ilə bir araya gələndə xeyir gördük ki! Nə vaxt onların yanına gedib bir yardım istəmişik, hər dəfə bizi aldadıb vədlərinə xilaf çıxıblar! Vallah, əgər onlar işin əvvəlində bizə yardım edəcəklərinə dair söz verməsə idilər, Məhəmmədlə savaş yolunu seçməzdik! Kaş ki Səlləma qulaq asıb bu çöl ərəblərini köməyə çağırmayaydıq! Çünki o, bizə onları çox sınaqdan çıxardığını və hər dəfə də yalnız buraxıldığını söyləyərək bu işdən əl çəkməyi desə də, biz onu dinləmədik!
Xeybərdə düyünlər açılmağa başlamışdı; artıq hər xeybərli qatafanlıların geri dönüşündən və xəyanətlərindən danışırdı. Onların arxasınca ağızlarına gələni deyirdilər.
Bu tərəfdə isə Allah Rəsulu ilə əshab qalanın qarşında baş verənləri izləyirdi. Hər ehtimala qarşı gecələr keşik çəkirdilər. Hz.Ömərin növbəsi idi və bu əsnada qalaların birindən bir qaraltının gəldiyini və:
– Əgər mənə aman versəniz, yanınıza gələrəm, – deyə aman dilədiyini görürlər.
– Sən kimsən? – deyə səslənirlər.
– Yəhudiyəm, – deyir.
Aman istəyənə aman verilirdi və gələn Yəhudiyə də qucaq açılır. Adının Simaq olduğunu deyən bu adam israrla Allah Rəsulu ilə görüşmək istədiyini bildirir. Görünür, Ona deyəsi sözləri vardı və Rəsulullahın (s.ə.s.) hüzuruna aparırlar. Bu vaxt Peyğəmbərimiz (s.ə.s.) namaz qılırdı. Namazını bitirib vəziyyəti öyrənincə üzünü Simaqa tutub:
– Sən kimsən və orada nə xəbərlər var? – deyə soruşur. O da:
– Ya Əbal-Qasım, – deyir öncə, – Sənə qalaların gizli və önəmli məlumatlarını vermək şərtilə mənə və ailəmə aman verərsənmi? – deyə soruşur.
– Bəli, – cavabını verir Allah Rəsulu (s.ə.s.).
Onsuz da bu məlumatları verməsə belə, Ondan aman diləyən hər insana aman verərdi. Bundan sonra Simaq kimin haradan haraya getməsindən, qalada hökm sürən qorxu və təşvişdən, silah və ərzaqları harada saxlamalarından danışır, yer altda olan sığınacaqlara, mancanaq və dəbbabə[11] adlı silahların gizlədildiyi yerlərə və möhkəm qalaların necə ələ keçirilməsinə dair bir çox məlumat verir. Yeganə dərdi uşaqları ilə arvadının həyatda qalması idi. Hər dəfə bunu yada salır və Rəsulullahın sözündə durmasını istəyirdi. Allah Rəsulu da Ona bu qədər əhəmiyyətli məlumatlar gətirən Simaqı əbədi həyatını da qazanması üçün İslama dəvət edir. Ancaq o, hələ buna hazır deyildi və:
– Mənə bir neçə gün möhlət ver, – deyə vaxt istəyir və Rəsulullah da ona möhlət verir.[12]
Nəhayət, bir gün Allah Rəsulu üzünü əshabına tutur və:
– Sabah bayrağı elə bir insana verəcəyəm ki, o, Allahı, Allah da onu sevər, – buyuraraq Xeybərin bir gün sonra fəth ediləcəyi müjdəsini verir.
İfadəsindəki təfərrüat hər bir səhabənin diqqətini çəkir. Rəsulullahın şəhadəti edirdi: Xeybəri fəth edən sərkərdə Allahı sevən və Allahın da onu sevdiyi insan idi. İlahinin rizasından başqa məqam arzusu olmayan səhabələr üçün bu ən əhəmiyyətli məqam idi və hər biri də sabahkı gün bayrağın özünə verilməsini gözləyirdi. Bir gün sonra fəthin müjdəsi ilə könüllərə rahatlıq çökmüşdü. Və o gecəni zikrlə keçiririlər.
Yenə səhər olur və namazın ardından Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əshabına dönüb, nəsihət etdikdən sonra bayrağı gətirdir. Səhabələr isə Peyğəmbər hüzurunda cərgəyə durmuş, bayrağın kimə veriləcəyini maraqla gözləyirdi.
Elə bu vaxt Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
– Əli haradadır? – deyə soruşur.
– Ya Rəsulullah! Əlinin gözləri ağrıyır!
– Onu bura çağırın, – buyurur. Sələmə ibn Əqva Hz.Əlini çağırmağa gedir.
Çox keçmədən Hz.Sələmə Hz.Əlinin əlindən tutub hüzura gəlir! Neçə gündür, gözləri şiddətli ağrıyırdı. Buna görə də gələ biləcəyini belə güman etməyən əshab Hz.Əlinin uzaqdan gəlişini görüncə :
– Baxın Əli gəlir, – deyə onu göstərir. Allah Rəsulu (s.ə.s.):
– Baxın onunla, onun vasitəsilə fəth gerçəkləşəcək, – deyə kürəkəni Hz.Əlini göstərir. Sonra da ona:
– Yaxın gəl! – deyə səslənir. Hz.Əli:
– Ya Rəsulullah! Gözlərim elə ağrıyır ki, ayağımın altını belə görə bilmirəm!
Allah Rəsulu (s.ə.s.) Hz.Əlinin gözlərinə üfürüb dua edir. Eyni zamanda mübarək tüpürcəyindən bir qədər kürəkəninin gözlərinə sürtür və şəfa verməsi üçün Allah dua edir. Bir möcüzə də baş verir. Sanki, bu anadək ağrıyan Hz.Əlinin gözləri deyildi. Çünki gözlərinin ağrısı çəkilib gedir, əvvəlki kimi görməyə başlayır. Elə bil heç xəstələnməmişdi! Allah Rəsulu qılıncı Hz.Əliyə verib üstündən də zirehini geydirir. Sonra da ağ bayrağı ona uzadıb:
– Al bu bayrağı və irəli! Allah fəthi müyəssər edənə qədər çarpış və əsla arxaya dönmə! – buyurur.
– Yaxşı, insanlarla nə üstündə döyüşüm? – deyə Hz.Əli geriyə çevrilmədən soruşur. Rəsulullah (s.ə.s.):
– Allahdan başqa ilah olmadığına və Məhəmmədin də Onun Rəsulu olduğuna şəhadət edənə qədər! Bunu qəbul etdikləri təqdirdə onsuz da malları və canlarını səndən qurtarmış olacaqlar. Hesabları isə Allaha aiddir.
Onların yurdlarına qədər irəlilə və bir müddət gözlə. Onları İslama dəvət et və Allah ilə Rəsulunun haqqı olaraq onaların üstünə düşən vacibləri bildir. Allaha and olsun ki, sənin vəsilənlə bircə adamın müsəlman olması sənin üçün vadilərlə dolu qırmızı dəvələrdən daha xeyirlidir.
Bu nə böyük şəfqətdir ki, neçə gündür, onlara ox yağdıran, mancanaqla daş atan, bəzən ani basqınlarla üz-üzə çarpışdıqları insanların üstünə gedərkən ortaya müəyyən prinsiplər qoyur, onların Allaha qul olmasını asanlaşdıran təkliflər verirdi. Bunun ardınca Hz.Əli və yoldaşlarına Allahdan inayət diləyir.
Rəsulullahın bayrağını alan Hz.Əli birbaşa Xeybər qalalarının qarşısına gəlir. Əshab da onunla birlikdə gedir. Daha sonra bayrağı qalanın önünə sancır. Baş verənlər qalanın içindən də təqib olunurdu. Xeybərlilər Hz.Əlinin bayrağı qalanın qarşısına sancdığını görüb təşvişə düşür və aqibətlərindən qorxmağa başlayırlar.
– Sən kimsən? – deyə səslənirlər.
– Mən Əbu Talibin oğlu Əliyəm, – deyə cavab verir Hz.Əli.
Əli adı onlara yad deyildi. Görünür, kitablarında qalalarını onun fəth etməsinə dair məlumatlar var idi və onun adını eşitcək təlaşlanırlar. “Əli” adını eşidənlərdən biri:
– Ey Yəhudi camaatı, – deyə çığırmağa başlayır, – Musaya endirilənə and olsun ki, artıq sonumuz gəldi və bu gün siz məğlub olacaqsınız!
Qaladan ilk çıxan Mərhabın qardaşı Haris meydan oxuyur. Ancaq qarşısında bir Heydəri-Kərrar (Hz.Əli) var idi və az öncə meydan oxuyan adamın cansız bədəni yerə sərilir. Harisi Üseyr, Üseyri də Yasir əvəz edir və hamısı da Harisin aqibəti ilə üzləşir. Üseyri Məhəmməd ibn Məsləmə, Yasiri Zübeyr ibn Avvam öldürür!
Bu dəfə qaladan ikiqat zireh geymiş Amir çıxır; o da meydan oxuyurdu! Onun da işini Zülfüqar bitirir! İndi sırada Mərhab idi. Qardaşı Harisin də öldürülməsi onu qəzəbləndirmiş və əsgərləri ilə birlikdə meydana girmişdi! Üstündə ikiqat zireh, başında üst-üstə iki dəbilqə və hər iki əlində də qılınc vardı! Öncə:
– Xeybər xalqı yaxşı bilir, – deyə bağırmağa başlayır, – mən o Mərhabam ki, mənim qapıya qədər gəlib dirənən döyüşün qızışdığı dəmlərdə təpədən dırnağadək silahlanmış şəkildə layiqincə döyüşməyimdən heç kimin şübhəsi olmaz!
Cəng yenə qılınclardan öncə başlamışdı. Xeybər qalalarının önündə sözlərin ruhlara işlədiyi döyüş yaşanırdı. Elə isə düşmənlə onun anladığı dildə danışmaq lazım idi. Buna görə Hz.Əli:
– Mən də o adamam ki, anam mənə “Əsəd”(Aslan) adını vermişdir. Mən meşələrin heybətli aslanı kimiyəm! Sizi də tezliklə diz çökdürəcək, öhdənizdən gələcək ər kişiyəm, – deyə səslənir.
“Aslan” kəlməsini eşidincə Mərhabın rəngi qaçır. Çünki o gecə yuxusunda bir aslanın özünü parçaladığını görmüş və təlaş içində oyanmışdı! Bəlkə də, Allah Mərhab röyasını xatırlasın deyə Hz.Əlini bu şəkildə danışdırırdı!
Namazsız şəhid
Rəsulullah (sallallahu əleyhi və səlləm) da o gün ikiqat zireh geyinmiş, başına da dəbilqə qoymuşdu. Əlində də ox-yayı Zarib adlı atının üstündə dayanmışdı. Bu əsnada Yəsar adlı bir zənci gəlir. Amirin çobanı olduğunu söyləyir və:
– Ya Məhəmməd, – deyə səslənir.
Demə, ağası Amir və yoldaşları döyüşə hazırlanarkən onların: “Bu peyğəmbər olduğunu iddia edən adamla vuruşacağıq,” – deyə danışdıqlarını eşitmiş, qəlbində Rəsulullaha qarşı bir yaxınlıq hissi oyanmışdı. Buna görə də məsələnin əslini öyrənmək üçün qoyunları ilə birgə buraya gəlmişdi:
– Sən nələr söyləyir, nələrə dəvət edirsən? – deyə soruşur.
Allah Rəsulu (s.ə.s.) da:
– İslamiyyətə; Allahdan başqa ilah olmadığına inanıb Ona qulluq etməyə və Mənim də Onun Rəsulu olduğuma şəhadətə dəvət edirəm, – buyurur.
Yəsar soruşur:
– Yaxşı, mən belə bir şəhadət və Allaha iman etsəm, mənə nə vəd edirsən?
– Bu iman və şəhadətlə ölsən, sənə cənnət vəd edirəm, – deyə cavab verir Allah Rəsulu.
– Ya Rəsulullah, – deyir Yəsar, – mənə İslamiyyəti və necə müsəlman olmağı başa sal!
Yönəlişi səmimi idi və Allah Rəsulu (s.ə.s.) bu sualdakı səmimiyyətə cavab verirdi. Nəticə etibarilə yer üzünün hər nemətindən daha xeyirli bir iş həyata keçir, bir insan da müsəlman olur! Xeybər önündə qızğın döyüşlər gedərkən Yəsar gəlib ürəkdən kəlmeyi-tövhidi söyləyir.
Ardınca yenidən Allah Rəsuluna (s.ə.s.) dönür:
– Ya Rəsulullah! Mən qara dərili, çirkin üzlü, qoxusu xoş olmayan və imkansız bir adamam. Bu gün yəhudilərlə vuruşub ölsəm, cənnətə gedərəmmi? – deyə soruşur.
– Bəli, – deyə cavab verir Allah Rəsulu (sallallahu əleyhi və səlləm).
Yəsar gözünü cənnətə dikmiş, onun yolunu axtarırdı! Bir daha Allah Rəsuluna (s.ə.s.) yönəlir:
– Ya Rəsulullah! Bu qoyun və davarlar mənim yanımda əmanətdir. Mən onların sahibinin işçisiyəm. İndi mən bunları nə edim?
Məqsədini anlayırdı Allah Rəsulu (sallallahu əleyhi və səlləm) və:
– Onları əvvəlcə qərargahdan çıxart! Sonra üstünə qışqır və kiçik daşlar at. Uca Allah sənə əmanətə riayətini əda etdirəcək, onlar da sahiblərinin yanına dönəcəklər, – buyurur.
Rəsulullahın dediyi kimi edir, qoyun və davarların üstünə xırda daşlar atır və:
– Mən artıq sizinlə məşğul olmayacağam, tez sahibinizin yanına dönün, – deyə sələnir.
Həqiqətən də, qoyun və davarlar sahibinə doğru getməyə başlayır. Artıq Yəsar ancaq özünə cavabdeh bir insan idi və Hz.Əlinin əsgərlərinə qatılıb döyüşə yollanır.
Çox keçmədən qaladan mancanaqla atılan daşlardan biri Hz.Yəsara dəyir və şəhid olur. Bircə namazı belə qılmadan ilahi hüzura gedir. Sonra onun cəsədini Rəsulullahın hüzuruna gətirirlər. Xeybərlilərin adam yerinə qoymadığı zənci kölə Rəsulullahın hüzurunda böyük izzətlə yatırdı. Allah Rəsulu ona bir xeyli baxır. Bəlkə də, bu baxışlarda Haqqa qulluqda heç savabı olmadan vüslətə çatan qərib bir qula qarşı duyulan sevgi var idi! Rəsulullahın baxışları əshabın da diqqətini çəkir, onlar da Yəsara baxmağa başlayırlar.[13] Rəsulullahın dua etdiyini eşidirlər:
– Allah (c.c.) sənin qoxunu və üzünü gözəlləşdirsin, varlığını da çoxaltsın!
Və Fəth
Bir tərəfdə isə qızğın döyüş gedirdi. Qılınclar çəkilmiş, Mərhabla Hz.Əli üz-üzə gəlmişdi. Bir-birini süzə-süzə həmlə edirlər. Xeybər önündə yalnız qılınc şaqqıltıları ilə qarşılıqlı meydan oxumalar eşidilir. Bu əsnada böyük bir gurultu qopur. Öldürücü zərbənin endirildiyini hər kəs anlamışdı. Nəticəni maraqla gözləyirdilər. Toz-duman dağılınca ayaq üstə duranın Hz.Əli olduğunu görən möminlər təkbir gətirməyə başlayır. Demə, ikiqat zireh geyən Mərhabın başına Zülfüqar (Hz.Əlinin qılıncı) enmiş və işini oradaca bitirmişdi!
Yasirdən sonra Mərhabın da öldürüldüyünü görən Rəsulullah (s.ə.s.) əshabına bu müjdəni verir:
– Sevinin. Xeybərin işi artıq daha asan!
Həqiqətən də, belə olur. Mərhabın ölümü ilə döyüş daha da qızışır. Xeybərlilər yıxılmaq üzrə olan qalalarını təslim etməmək üçün var qüvvələri ilə müqavimət göstərirlər. Bütün bunlara baxmayaraq, qalalar bir-bir təslim olur, təslim olduqca da o birililərinə doğru qaçır, burada özlərini qorumağa çalışırlar.
Döyüşlərin birində Hz.Əlinin qalxanı əlindən düşür. Ətrafına baxır, bu zaman gözü qala qapısına sataşır. Qapını bir əlinə alır. Qala fəth edilənə qədər qalanın qapısı qalxan kimi Hz.Əlinin əlində idi!
Müqavimətləri qırılan və arxa tərəflərdəki qalalara qaçan xeybərliləri Hz.Əli və əshab da təqib edir. Artıq “Allahu Əkbər” sədaları Xeybərə hakim idi. Təkbir sədaları ilə əməlli-başlı sarsılan xeybərlilərin qol-qanadı qırılmış, ediləsi bir şey qalmamışdı! Nə qədər digər qalalara sığınmağa çalışsalar da, sonlarının gəldiyini görürdülər.
Razılaşma
Hər bir qala fəth edildikcə qənimət və əsirlər ələ keçirilirdi. Ancaq hələ də döyüşçülər təslim olmurdular. Döyüş davam edirdi. Bu vaxt Qazzal adlı bir nəfər qalaların birindən çıxıb Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir. Bəzi məlumatlar vermək şərtilə ailəsinə aman istəyir:
– Ya Əbal-Qasım! Sən bir ay belə bu qalanı mühasirədə saxlasan da, onu ələ keçirə bilməzsən! Onların yer altı su kanalları var və gecələr gedib oradan su götürür, ehtiyaclarını təmin edirlər. Sonra da gəlib qalalarına sığınır, müqaviməti davam etdirirlər. Əgər Sən onların bu su yollarını kəssən, onda susuzluqdan həlak olarlar!
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Qəzzala da aman verir, onun gətirdiyi məlumatlar əsasında əshabını istiqamətləndirir, xeybərlilərin su yolunu da kəsdirir. Nəticə Qəzzalın dediyi kimi olur. Su ilə əlaqələrinin kəsilməsini görüb təşvişə düşürlər. Çünki bu, onların həyatla əlaqəsinin kəsilməsi demək idi.
Bu arada Rəsulullahın əmri ilə mancanaqdan da istifadə olunur. Xeybərlilərin düzəltdiyi bu alət indi onların öz başlarına daş yağdırırdı. Bu qarşılıqda bir ox da çovuyub Allah Rəsulunun (s.ə.s.) paltarına ilişir. O da yerdən bir ovuc qum götürüb xeybərlilər tərəfə sovurur. Və xeybərlilər zəlzələ olmuş kimi sarsılır, yerə sərilməyə başlayırlar.
Vatih və Sülalim qalalarını da mühasirəyə alıb xeybərliləri küncə sıxışdırınca artıq məhv olacaqlarını başa düşür və təslim olmaq qərarına gəlirlər. Kinanə ibn Əbil-Huqayq Şəmmah adlı adamını göndərib Rəsulullahla danışmaq istədiyini bildirir. Peyğəmbərimiz (s.ə.s.) də:
– Olar, – deyə razılıq verir.
Bundan sonra Kinanə bir neçə adamla Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir. Pərişan idilər. Sanki, nə etdiklərinin fərqinə indi varmışdılar. Veriləcək hökmə razı olmaqla yanaşı, canlarını qurtarmaq hayında idilər. Buna görə də Allah Rəsuluna (s.ə.s.) müqavilə təklif edirlər.
Bu qədər məşəqqət və əziyyətdən sonra qalalarını fəth etdiyi halda, Allah Rəsulu (s.ə.s.) yenə də bu təkliflərə isti münasibət göstərir və məğlub etdiyi adamlarla bir saziş bağlamağa razılıq verir. Bu müqaviləyə görə:
1. Qalalarda vuruşan yəhudilərin qanı tökülməyəcək;
2. Yəhudilərin arvad-uşaqları əsir olmayacaq. Onlara ailələri ilə Xeybərdən və Xeybər ərazilərindən getmələrinə icazə veriləcək;
3. Gedərkən özləri ilə bir heyvan yükündən artıq əşya götürməyəcək, daşınan və daşınmaz bütün əmlakları, hərbi vasitə və ləvazimatları – üstlərində olanlar xaric – və qalalarda yığdıqları qumaşlar Allah Rəsuluna qalacaqdı.
4. Rəsulullaha təhvil verilməli heç bir şey gizlədilməyəcək, gizlətməyə təşəbbüs göstərənlər də sözügedən himayə və amandan məhrum olacqdı.
Başçı Kinanə ibn Əbil-Huqayq bu maddələrə sadiq qalacaqlarına dair şəxsən söz verir. Onların xarakterini çox yaxşı bilən Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
– Əgər siz qənimət mallarından Mənə təslim etməli olduğunuz halda, nə isə gizlətmək istəsəniz, o zaman Allah Rəsulunun himayəsindən uzaq olacaqsınız, – deyə xəbərdarlıq etmə lüzumu hiss edir. Təbii ki, nəticəni görən Rəsulullah bu xatırlatma ilə xeybərliləri xilas etmək istəyirdi.
Eyni zamanda o gün mühüm məsələlərlə bağlı yeni hökmlər gəlir. Bu hökmlərə görə artıq eşşək əti yeyilməyəcək, bölgü olmamış qənimət mallarına əl vurulmayacaq, kəsici dişi olan hər bir yırtıcı heyvanın əti haram qəbul ediləcək və eyni zamanda əsir alınan qadınlara toxunulmayacaqdı.
Xeybərin qənimətləri
Həqiqətən də, Xeybər saysız-hesabsız yemək-içmək, qurudulmuş ət, hər cür meyvə, qoyun və dəvə, paltar və qumaş, silah-sursat, hərbi təchizatla dolu idi! Bunların hamısı müsadirə olunmuşdu və əldə edilən hər cür qənimət artıq müsəlmanlar arasında bölüşdürülməli idi. Əldə edilən qənimətlər arasında Tövrat nüsxələri də vardı. Yəhudilər kitablarının geri qaytarılmasını istəyirdilər. Allah Rəsulunun göstərişi ilə Tövrat nüsxələri sahiblərinə qaytarılır.
Əldə edilən qənimətlər arasında içki dolu küplər də var idi. Bundan xəbər tutan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) dərhal küplərin sındırılmasını əmr edir və illərlə saxlanmış içkilər sel olub Xeybər küçələrində axır. Bu vaxt Abdullah ibn Hammar dözə bilməyib bu içkilərdən içir. Onun bu davranışı birinci dəfə deyildi və Allah Rəsulu nəfsinə hakim ola bilməyib açıq-aşkar haramı içən həmin səhabəyə cəza verir. Əvvəlcə özü çarıqlarını çıxarıb onu vurur və ardınca da səhabələr çarıqları ilə Hz.Abdullahı vurmağa başlayır.
Bu əsnada Hz.Ömərin: “Allahım! Ona lənət et, çünki o, içki içməyi və içki içəndən sonra döyülməyi adətə çevirdi!” – deyə səsini eşidirlər.
Onun bu sözlərini Allah Rəsulu (s.ə.s.) da eşidir və dərhal:
– Ey Ömər! Elə demə. Şübhəsiz ki, o, Allah və Rəsulunu sevir, – buyurur.
Hər məsələyə həssaslıqla yanaşan əshab içində içki içilən və içərisinə halal olmayan müxtəlif növ yeməklər qoyulan, mis və dəmir qablar barədə nə edilməsini soruşurlar. Allah Rəsulu (sallallahu əleyhi və səlləm):
– Onları yuyub yeməklərinizi bişirin! – buyurur. Əshab hər addımda Ondan bir şey öyrənirdi.
Feyrə ibn Amrı qənimətlərin başında məmur təyin edən Allah Rəsulu (s.ə.s.):
– Bölgüsü aparılmadan qənimət mallarından götürdüyünüz bir iynə və ya sap belə olsa, geri qaytarın. Çünki qənimət mallarına xəyanət etmək çox böyük günahdır və qiyamət günündə atəş deməkdir, – deyə bölgü olmadan qənimət mallarından götürməməyin vacibliyini elan edir.
Ancaq səhabələr və onların heyvanlarının qida ehtiyacının təminatı üçün müəyyən miqdara icazə verilir. Məsələ o qədər incə, o qədər ciddi idi ki, bu mallara nəzarət edən Hz.Fevrə qənimət malından bir bez parçası götürüb günəşdən qorunmaq üçün başına bağlamış və Rəsulullahın (sallallahu əleyhi və səlləm):
– Cəhənnəmin atəşindən bir parçanı başına bağlamısan, – deyə xəbərdarlığından sonra min dəfə peşman olub onu da təhvil vermişdi. Rəsulullahdan (s.ə.s) qənimət istəyənə:
– Qənimət bölgüsü olmadan Mənə nə bir iynə, nə də bir sap halaldır! Ondan nə özüm bir şey götürə bilərəm, nə də başqasına bir şey verə bilərəm, – deyə cavab verir, o gün dəvəsini bağlamaq üçün ip istəyən bir nəfərə bunun ancaq mallar bölüşdürüldükdən sonra mümkün olacağını bildirir.
Hətta o gün Rəsulullaha bir nəfərin şəhid olması xəbərini gətirir:
– Filankəs şəhid olmuşdur, – deyə Onu müjdələmək istəyirlər. Allah Rəsulu (s.ə.s.):
– Xeyr! Elə deməyin, – deyə onlara xəbərdarlıq edir, – çünki Mən onu qənimət mallarından apardığı bir əba üzündən cəhənnəm alovunun içində gördüm!
Məsələ çox ciddi idi və üzünü Hz.Ömərə tutan Allah Rəsulu:
– Ey Xəttaboğlu! Get və insanlara: “Cənnətə möminlərdən başqası girə bilməz!” deyə səslən, – təlimatı verir, – bir topluluq arasında qənimət mallarına xəyanət geniş yayılarsa, mütləq onların qəlblərinə qorxu salınar!
Növbə həmin şəxsin namazını qılmağa gələndə Rəsulullah üzünü mərhumun qəbiləsinə tutub:
– Adamınızın namazını özünüz qılın, – buyurur.
Çox ağır durum idi. Demək ki, cəmiyyətə aid bir dəyərin şəxslər tərəfindən halal olmayan yolla götürülüb istifadə olunması nəticə etibarilə Allah və Rəsulunun qəzəbinə səbəb olan bir xüsus idi. İşin bu yerində yoldaşlarının şəhid olub-olmamasında belə tərəddüd etməyə başlayırlar. Çünki Allah Rəsulu:
– Adamınız Allah yolunda bir əmanətə xəyanət etdi, – buyurur.
Bundan sonra qəbilə üzvləri şəhid olan şəxsin əşyalarını axtarmağa başlayırlar. İki dirhəm ağırlığında belə olmayan bir neçə muncuq tapırlar!
Oturub düşünürlər: “Bu qədər kiçik bir şeylə heç nə olmaz,” – deyib başqa səhabələr də eyni muncuqlardan götürmüşdülər və bir-bir Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlib onları təhvil verirlər. Əshabın həssaslığı Allah Rəsulunu (s.ə.s.) məmnun edir. Onlara tərəf dönür və təkrar soruşur:
– Hamınız Allaha and içə bilərsinizmi, götürdüyünüz hər şeyi təhvil verdiniz?
– Bəli, – deyirlər və heç bir şey unutmadan hamısını gətirdiklərinə dair and içirlər. Bundan sonra Allah Rəsulu şəhid olan şəxsin namazını qıldırır.
O biri yandan qənimətdən pay alan bəzi səhabələr kədərli idi. Allah yolunda tökdükləri tərə görə qənimətdən pay almağı qürurlarına sığışdırmır, xəcalət çəkirdilər. Hələ Xeybər başlamadan öncə Əbu Dayyah adlı bir nəfər səhradan gəlib Nəbəvi hüzurla şərəflənərək kəlmeyi-tövhidi söyləmiş və Allah Rəsuluna (s.ə.s.):
– Sənin yanına köçüb gələcəyəm, – deyib bundan sonra birlikdə yaşamağı arzu etdiyini bildirmişdi.
Allah Rəsulu (s.ə.s.) da bunu qəbul etmiş və onu əshabına əmanət etmişdi. Xeybərə gələnlər arasında Əbu Dayyah da var idi.
İlk qalalar fəth edilincə ələ keçirilən qənimətlərdən bir hissəsi bölüşdürülür. Ona da pay ayırıb vermək istəyirlər:
– Bunlar nədir? – deyə Əbu Dayyah soruşur.
– Rəsulullahın sənin üçün qənimətdən ayırdığı hissədir, – deyə cavab verirlər.
Ona verilən paya görə xeyli üzülən səhabə Əbu Dayyah Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir.
– Ya Rəsulullah, bu nədir?
Peyğəmbərimiz (s.ə.s.):
– Bu, sənə bölüşdürdüyüm qənimətdən düşən hissədir, – deyə cavab verir. Bunun cavabında Əbu Dayyah şəhadət barmağı ilə boğazını göstərib:
– Mən buna görə gəlib Sənə iman etmədim, buramdan bir ox dəysin, cənnətə girim deyə iman edib Sənə tabe oldum, – deyir. Onun bu səmimi və qürurlu çıxışını görən Allah Rəsulu (s.ə.s.):
– Əgər sən sözündə doğrusansa, Allah da səni doğrular, – deyə cavab verir.
Görünür, bu şəxsin dünya malında gözü yox idi və qılıncını götürüb hələ də davam edən mühasirəyə qoşulur. Nəhayət, boğazından ox yarası alıb şəhid olan bir nəfər Rəsulullahın hüzuruna gətirilir:
– Bu, odurmu? – deyə soruşur.
Ox Əbu Dayyahın dediyi və əli ilə göstərdiyi yerə saplanmışdı. Məsələyə vaqif olanlar:
– Bəli, – deyə cavab verirlər.
Allah Rəsulu (s.ə.s.):
– O, doğru deyirdi. Allah da onun sözlərini təsdiq etdi, – buyurur.
Daha sonra onu öz cübbəsinə bükür, cənazə namazının qılınması üçün insanların qarşısına qoyur, namazını da özü qıldırır. Namazdan sonra onun üçün dua edir: “Allahım! Bu, Sənin qulun və Sənin başqa bir qulunun oğlu idi. Sənin yoluna mühacir kimi çıxmışdı və şəhid olaraq son nəfəsini verdi! Bunun şahidi Mənəm!”
Xəzinə
Eyni zamanda Xeybərdə Huyeyy ibn Ahtabın dillərdə dastan xəzinəsinin olması da məlum idi. Halbuki ələ keçirilən qənimətlər arasında qızıl və gümüşdən ibarət bir xəzinəyə rast gəlinməmişdi. Bəni-Nadir yəhudiləri yurdlarını tərk edib Xeybərə gedərkən Əbu Rafi Səlləm ibn Əbil-Huqayq içində qızıl, gümüş və digər qiymətli zinət əşyalarının saxlandığı dəvə tuluğunu göstərərək:
– Bu, bizim dünyanı alçaldıb-yüksəltmək üçün hazırladığımız şeydir, – söyləmiş və bunlar sayəsində bir gün əvvəlki qazanclarını əldə edəcəklərinə ümid bağladığını demişdi. Çünki bu xəzinə yalnız Əbu Rafiyə aid deyildi, baba Əbil-Huqayq xanədanından bu yana yığılmış bir əməyin nəticəsi idi. İlk vaxtlar qoyun dərisinə sığan bu xəzinə illər keçdikcə artmış və əvvəlcə inək, sonra isə dəvə dərisinə sığmaz olmuşdu.
Toy edərkən Məkkə əyan-əşrəfi bu xəzinəyə müraciət edər, girov qoymaq şərtilə bir aylığa istədiyi qədər cəvahirat alar, işini bitirdikdən sonra da yenə gəlib onları təhvil verərdi. Bir dəfə də bu əşyaların bir hissəsi itirilmiş və onu itirən şəxs bunun əvəzinə on min qızıl ödəmək məcburiyyətində qalmışdı. Xülasə, bu xəzinənin şöhrəti dillər əzbəri idi.
İndi isə xeybərlilər bununla bağlı müqavilə mətnində ağır cəzalar olmasına və onu da qəbul etmələrinə baxmayaraq, həmin xəzinəni ortaya çıxarmaq istəmirdilər. Buna görə də o gün üçün Əbul-Huqayq xanədanını təmsil edən Kinanə ibn Rabi, onun qardaşı və əmisi oğlu Rəsulullahın hüzuruna gətirilir. Verilən sözə açıq-aşkar xəyanət edilmişdi və Allah Rəsulu onlara:
– Ey Əbul-Huqayq oğulları, – deyə səslənir, – Mən sizin Allah və Rəsuluna qarşı duyduğunuz düşmənçiliyi bilirəm. Bununla birlikdə sizin bu düşmənçiliyiniz adamlarınıza verdiyim aman və himayəni sizə də verməyə əngəl olmamışdır. Qənimət mallarından hər hansı bir şeyi məndən gizlətməmək və qaçırtmamaq şərtilə bu amanı sizə də vermişəm! Siz də bilirsiniz ki, Məndən bir şeyi gizlətsəniz, bizə sizin qanınızı tökmək halal olar, Allah və Rəsulunun aman və himayəsindən uzaq qalarsınız! İndi söyləyin, görüm sizi Mədinədən qovub çıxardığımız zaman özünüzlə gətirdiyiniz, zaman-zaman məkkəlilərə əmanət olaraq verdiyiniz zinət əşyaları ilə nəğd pullarınız haradadır?
Məsələ qızıl və gümüşü əldə etmək deyil, adamların ikiüzlülüyünü ortaya çıxarıb daha sonrakı təhlükələrinə əngəl olmaq, yenidən güc toplayıb müsəlmanlara zərər vermələrinin qarşısını almaq idi. Ancaq adamlar yalançılıqda da mahir idilər və:
– Ey Əbal-Qasım, – deyirlər, – biz onları döyüşlərimizə xərclədik. Vallah, onlardan əlimizdə heç nə qalmadı! Bizi Mədinədən qovub çıxardığın zamandan bəri elə onlarla keçinirik. Döyüşlər və məişət ehtiyacları onların hamısını əridib tükətdi. Onlardan heç nə qalmadı!
Göz görə-görə yalan söyləyirdilər. Allah Rəsulu (s.ə.s.) da bu hərəkətlərin onlara çox baha başa gələcəyini xatırladır. Bunun üçün əvvəlcə:
– Söylədiklərinizə diqqət edin, – buyurur, – o gündən bu yana keçən zaman az, ancaq gizlədilən mal xeyli çoxdur. Az zamanda bu qədər mal necə tükənə bilər? Nə deyirsiniz, bu xəzinəni gizlətdiyiniz tapsam, o zaman Allah və Rəsulunun sizə verdiyi himayə və aman sözü ləğv olunsunmu?
– Bəli, ləğv olunsun!
Kinanə bunları söyləyərkən bir Yəhudi ona yaxınlaşıb deyir:
– Məhəmmədin səndən istədiyi şey əgər səndədirsə və ya sən onun haqqında bir şey bilirsənsə, onu bildir və canını qurtar! Əks təqdirdə O, vallah, bunu əldə etməyə müvəffəq olacaqdır, çünki Allah Onu bundan başqa bizim bilmədiyimiz şeylərdən də xəbərdar edir!
Hələ adam sözünü bitirər-bitirməz Kinanə kəskin şəkildə etiraz edir və çəkilib bir küncdə oturur. Kinanənin iqtidar və nüfuzu qarşısında digərləri də səsini qısır, bildiklərini də söyləmirlər.
Bu vaxt Allah Rəsulunun (s.ə.s.) hüzuruna Saləbə adlı ağıldan kəm bir yəhudi gətirilir. Saləbə Kinanəni bir zibillikdə dolaşarkən gördüyünü söyləyir. Rəsulullah yenidən Kinanəyə dönür və:
– Nə deyirsən, əgər xəzinəni burada tapsaq, səni öldürməli olacağıq, – deyir.
– Öldürün, – deyir, ancaq “sirr” vermir.
Allah Rəsulu səhabələrindən birini hüzuruna çağırır və Saləbənin göstərdiyi yeri qazmağı, tapdığı şeyi də götürüb gətirməyi tapşırır. Adam ağıldan kəm olsa da, dediyi doğru çıxır, çünki deyilən yerə gedən səhabə çox keçmədən xəzinənin bir hissəsini çıxarıb Allah Rəsulunun hüzuruna gətirir. Ancaq bu həmin xəzinənin hamısı deyildi. Demək ki, xəzinə iki yerə bölünmüş və ayrı-ayrı yerlərdə basdırılmışdı.
Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir daha Kinanəyə tərəf dönüb soruşur, ancaq ondan yenə də səs çıxmır. Kinanəni danışdırmaq üçün Zübeyr ibn Avvam da cəhd göstərir, amma nəticəsi olmur. Adamın malı canından qiymətli idi, bütün cəhdlərə baxmayaraq, canını verməyə razı idi, amma malı barədə bir kəlmə də kəsmirdi.
Xəzinənin qalan qismi ilə bağlı heç bir yol, əlamət görünmürdü. Ortada bir xəzinənin olduğunu bilirdilər, amma heç kim onun yerini söyləmək istəmir və ya bundan çəkinirdi. Elə bu vaxt Cəbrail gəlib Allah Rəsuluna (s.ə.s.) xəzinənin yerini xəbər verir. Allah Rəsulu ənsardan bir nəfəri çağırıb Cəbrailin dediyi yeri göstərib oranı axtarmağı və tapdıqlarını da gətirməyi əmr verir. Bu arada üzünü Kinanəyə tutan Rəsulullah (s.ə.s.):
– Sən artıq səmaların təsdiq etdiyi bir fırıldaqçısan, – deyir.
Bir addım da atır Allah Rəsulu və öncə bu işə Hz.Əbu Bəkir, Hz.Ömər, Hz.Əli və Hz.Zübeyr kimi səhabələrini və yəhudilərdən on nəfər şahid tutur. Rəsulullah gedişatı bilirdi, buna görə də qərarın kollektiv şəkildə verilməsini istəyirdi.
Bu dəfə göstərilən yerdən dəvə tuluğunu çıxarıb gətirən ənsarın əlində on min dinarlıq bir xəzinə vardı. Ağzını açıb ortaya tökürlər; qızıl bilərzik və halqlar, sırğalar və boyunbağılar, bazübənd və üzüklər, inci, mərcan və zümrüd kimi dəyərli daşlardan düzəldilmiş növ-növ ləl-cəvahirat bərq vurur.
Hər şey açıq-aşkar ortada idi. İndi insanlar Kinanənin nə zaman edam ediləcəyini gözləyirdi. Çünki Kinanə istifadə edə bilməyəcəyi malının əvəzinə bağladığı müqavilənin şərtləri ilə göz görə-görə ölümü seçmişdi. Allah Rəsulu onu və qardaşı Rabini daha öncə şəhid etdikləri Mahmudun qardaşı Məhəmməd ibn Məsləməyə təslim edir.
İkinci müqavilə
Xeybərdən getməyi könüllü olaraq təklif edən Yəhudilər Rəsulullahın (s.ə.s.) hüzuruna gəlib:
– Ya Məhəmməd! Bizə icazə ver, burda qalıb əkinçiliklə məşğul olaq və əvəzində əldə etdiyimiz gəlirin yarısını Sənə verək, – deyirlər.
Sanki, hər dəfə, hər fürsətdə Rəsulullaha qəsd emək istəyənlər, qarşı çıxanlar onlar deyildi! Məkkəlilərlə əlaqəyə girib, ətraf qəbilələri də özlərinə qoşub Mədinəyə hücm etmək planları quran bu insanlar öhdəsindən gəlmədikləri gücün qarşısında mum kimi yumşalmış və indi heç bir şey olmamış kimi Allah Rəsulundan mərhəmət diləyirdilər!
Məsələnin iki tərəfi vardı; əvvəla, bunu onların istəməsi əhəmiyyətli idi və vəziyyət hər cür şərtləri qəbul etməyə hazır olduqlarını göstərirdi. Son hökmü, əlbəttə, Rəsulullah verəcəkdi. İndi buna izin vermiş olsa belə, istədiyi zaman və arzu etdiyi anda bu müqaviləni ləğv etmə haqqı vardı. Bundan başqa Xeybər Mədinədən uzaq bir yerdə yerləşirdi və buralara nəzarət elə də asan deyildi! Həm də xeybərlilər ərazilərini daha yaxşı tanıyır, harada nə əkildiyini, necə məhsul əldə etməyi yaxşı bilirdilər.
Məsələnin əhəmiyyətli bir tərəfi də bu vəsilə ilə xeybərlilərin daim nəzarət altında saxlanılması idi. Əkin-biçin işləri vasitəsilə əshabla görüşüb-danışmaq imkanları olacaq və bəlkə də, bununla İsalamın gözəllikləri ilə tanış olma fürsətini əldə edəcəkdilər. Ona görə də təkliflərinə müsbət cavab verməklə itirəcəyi bir şey yox idi və Allah Rəsulu (s.ə.s.):
– Allah razı olduğu müddətdə sizi Xeybər torpaqlarına buraxırıq, – deyə təkliflərini qəbul edir və fəth etdiyi ərazıni yenə onlara – köhnə sahiblərinə təhvil verir. Bunun əvəzində onlar hər il əldə edilən məhsulun yarısını Allah Rəsuluna (s.ə.s.) verəcəkdilər.
Xeybərlə bağlı işlər Abdullah ibn Rəvahaya tapşırılır. Hər il gəlir, xeybərlilərin məhsullarını hesablayaraq ikiyə ayırır və yarısını götürüb Mədinəyə aparırdı.[14]
Əsirlər
Xeybərdə əsir alınanlar arasında əmisi qızı ilə birlikdə Hz.Harunun[15] nəslindən olan Huyeyy ibn Ahtabın qızı Safiyyə[16] validəmiz də var idi. Kinanə ibn Əbil-Huqayqla Xeybər döyüşündən qabaq ailə qurmuş, onun öldürülməsi ilə də dul qalmışdı.
Rəsulullahın (s.ə.s.) elçi kimi ətraf ərazilərə göndərdiyi Dıhyətül-Kəlbi (o Dıhyətül-Kəlbi ki, çox zaman Cəbrail onun surətində gəlirdi) Allah Rəsulunun hüzuruna gəlib bir nəfər əsir istəyir. Rəsulullah izin verincə gedib Safiyyə validəmizi götürür. Bunu görən bir səhabə dərhal Allah Rəsulunun hüzuruna gəlib:
– Ya Rəsulullah! Bəni-Qureyzə və Bəni-Nadirin xanımı və onların rəisi Huyeyy ibn Ahtabın qızını Dıhyəyə vermək, vallah, uyğun olmaz. Onu ancaq Sən almalısan, – deyir.
Səhabə doğru söyləyirdi. Belə bir seçim eyni zamanda Xeybəri içəridən fəth etmək demək idi və buna görə də Rəsulullah Hz.Dıhyəni çağıraraq Hz.Safiyyənin yerinə başqa bir əsir götürməsini istəyir. Daha sonra da Hz.Bilala səslənərək onları hüzura gətirməyi əmr edir.
Bu tərəfdə isə Safiyyə validəmiz baş verənləri diqqətlə izləyirdi. İçindəki hiss, sanki, zifaf gecəsi (gəlinlə bəyin görüşdüyü ilk gecə) gördüyü yuxunun çin olacağını deyirdi. Çünki Kinanə ibn Əbil-Huqayqla ailə qurduğu gecə röyasında Mədinə tərəfdən bir ayın gəlib qucağına düşdüyünü görmüşdü. Hətta səhər olunca bunu Kinanəyə danışmış, Kinanə də bərk hirslənmiş və:
– Yoxsa sənin niyyətin Hicaz hökmdarı Məhəmmədə getməkdir? – deyə sərt reaksiya vermişdi. Bununla da kifayətlənməyib bir şillə ilə üz-gözünü göyərtmişdi.[17]
Bu vaxt Hz.Bilal gəlib onları Rəsulullahın hüzuruna aparacağını deyir. Peyğəmbərlər nəslindən olan Safiyyə validəmiz atasından eşitdiyi axırzaman peyğəmbərinin pak hərəminə girmək üzrə idi!
Bu zaman əshab Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) bir incəliyinə şahidi olur. Belə ki, Hz.Bilal onları hüzura gətirərkən iki xeybərli cəsədin yanından keçirir və ölüləri görən Safiyyə validəmizin əmisi qızı qorxur, qışıqırmağa başlayır. Bunları Allah Rəsulu da eşidir. İnsanlara gərəksiz yerə acı çəkdirməyin doğru olmadığını söyləyir və Hz.Bilal gələn kimi ona:
– Ey Bilal! Səndə heç mərhəmət duyğusu yoxdurmu ki, bu qadıncığazları meyidlərin yanından keçirirsən?! – deyir.
Allah Rəsulu hüzuruna gələn Safiyyə validəmizə İslam haqqında danışır və İslamı qəbul etməkdə sərbəstlik verir. Əgər qəbul etsə, onunla evlənəcəyini, qəbul etməsə, azad edib qövmünün yanına göndərəcəyini deyir. Safiyyə validəmiz:
– Ya Rəsulullah, – deyə sözlərinə başlayır. Belə bir müraciət elə Onu qəbul etmək demək idi, – buraya gəlməmişdən, Sən də məni İslama dəvət etməmişdən öncə, onsuz da mən müsəlman olmağı arzulamış və Səni də təsdiq etmək istəmişdim. Artıq mənim nə yəhudilikdə bir əməlim, nə də orada bir yaxınım var! Yəni indi Sən küfrlə İslamdan birini seçmək məsələsində məni sərbəst buraxırsan və mən də Allah Rəsulunu seçirəm. Allah və Rəsulu mənə hüriyyətimdən də, qövmümün arasına qayıtmağımdan da xeyirlidir!
Bu sözlərdən sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Hz.Safiyyə validəmizi azadlığa qovuşdurub zövcəliyə qəbul edir. Hz.Safiyyə çin olan yuxunun sevinc və süruru ilə o günəcən yaşadığı bütün sıxıntıları unudur! Onu Ənəs ibn Malikin anası Ümmü Süleym validəmiz hazırlayır.
Axşam olub çadıra girəndə bayırda bir nəfərin ayaq səsləri eşidilir. Xeybərdə əri və atası da daxil, qövmündən bir çox insanın öldürülən bir qadının – Safiyyə validəmizin Rəsululaha bir zərər yetirməsindən əndişələnən Əbu Eyyub əl-Ənsari qılıncına qurşanmış və hər ehtimala qarşı Rəsulullahın çadırı yanında keşik çəkmək istəmişdi. Çölə çıxan Allah Rəsulu (s.ə.s.) onu qılıncına qurşanmış görüb:
– Bu nədir, ya Əba Əyyub? – deyə səslənir.
– Ya Rəsulullah! Bu qadının Sənə bir zərər verəcəyindən narahat oldum. Çünki o, atası, əri və qövmü Xeybərdə öldürülən bir qadındır, həm də küfrdən yenicə çıxmışdır! Onun Sənə bir şey edəcəyindən qorxdum, – deyir.
Təqdirlayiq hərəkət idi və Allah Rəsulu da əllərini açıb Əbu Əyyuba dua edir:
– Allahım! Gecənin bu vaxtında Əbu Eyyub Məni necə qorumaq istəmişdirsə, Sən də onu qoru!
Rəsulullahı (s.ə.s.) zəhərləmə təşəbbüsü
Allah Rəsulu (s.ə.s.) hələ Xeybəri tərk etməmişdi. Ehtimal olunan problemlərin qarşısını almaq və yeni vəziyyətə görə lazımi addımlar atmaq üçün hələ bir müddət burada qalmağa qərar vermişdi. Bu, xeybərlilərin də iştahasını artırmış, asan bir yolla Allah Rəsulunu öldürmək üçün plan qurmuşdular. Ər meydanında bacara bilmədikləri “düşmən”lərini şeytani bir planla arxadan xəncərləmək istəyirdilər. Bu xain planla təkcə Allah Rəsulunu deyil, eyni zamanda Onun ən yaxın adamlarını öldürməklə böyük bir “uğur”a imza atmış olacaqdılar!
Bunun üçün də Safiyyə validəmizin Rəsulullaha yaxınlığınadan istifadə etmək istəyirlər. Oturub danışır, bu işi Zeynəb binti Harisə həvalə edirlər. Çünki Səlləm ibn Mişkəmin də xanımı olan Zeynəb binti Haris Xeybərdə öldürülən əri Səlləm, atası Haris, qardaşı Mərhab və əmisi Yəsarın intiqamını almağa can atırdı.
Razılaşdıqları kimi, tezliklə bir keçi kəsdirir, onu Allah Rəsuluna göndərirlər. Hətta Onun qoyunun qabaq qolunu xoşladığını öyrənir, bu hissəyə daha çox zəhər vurur. Və beləcə, Allah Rəsulunu (s.ə.s.) qısa yolla öldürmə planını həyata keçirməyə başlayırlar.
Peyğəmbərimiz axşam namazını qıldıqdan sonra qonaq otağında oturmuşdu. Bu vaxt Zeynəb binti Haris gəlir və qızardılmış zəhərli keçini qoyduğu məcməyini göstərib:
– Ya Əbal-Qasım, – deyə səslənir, – Sənə bunu hədiyyə edirəm!
Bu qədər yorğunluqdan sonra belə bir ziyafət əshabın da xoşuna gəlmişdi! Qızarmış keçi əshabın qarşısına qoyulur. Ona ilk uzanan, əlbəttə, Rəsulullahın əli olacaqdı və elə də olur.
Əlini qızarmış keçinin qabaq qoluna uzadan Allah Rəsulu onu mübarək ağzına aparanda ortada bir qəribəlik hiss edir. Bəlkə də, bunu Cəbrail bildirmişdi və dərhal əlini çəkərək:
– Dayanın, buna əl vurmayın. Əlinizdəkiləri də atın, – buyurur.
Hamı donub qalır. Hər kəs bu ani dəyişikliyin səbəbini bilmək istəyir. Allah Rəsulu məsələyə aydınlıq gətirir:
– Şübhəsiz ki, bu keçinin qabaq qolu Mənə zəhərləndiyini söyləyir, – buyurur.
Böyük bir fəlakətin astanasından dönürlər. Ancaq hamı eyni vəziyyətdə deyildi. Belə ki, səhabə Bişr ibn Bəra ətdən bir tikə dişləmiş, çeynəyib udmuşdu. Allah Rəsulunun xəbərdarlığından sonra onu çıxarmaq istəsə də, zəhər öz təsirini göstərir və Hz.Bişrin rəngi göyərməyə başlayır. Zəhər o qədər qüvvətli idi ki, Hz.Bişr elə oradaca canını tapşırır![18]
Allah Rəsulu bu “ziyafət”i vermək istəyən qadını çağırtdırır və:
– Bu keçini sən zəhərlədin? – deyə soruşur. Məsələnin üstü açılmış, zəhər işə yaramamışdı. Plan quranların heç biri gəlib xəbər verə bilməzdi və qadın:
– Bunu Sənə kim xəbər verdi? – deyə suala sualla cavab verir.
– Bu əlimdəki qabaq ayaq, – deyə Rəsulullah cavab verir.
Ancaq hələ ilk sualının cavabını almamışdı Rəsulullah və gözləyirdi. Başqa bir çıxış yolunun olmadığını görən qadın:
– Bəli! Mən etdim, – deyə cavab verir. Günahkar tapılmışdı, amma bunu nə üçün etdiyi də öyrənilməli idi.
– Səni belə bir işə nə vadar etdi? Bunu niyə etdin? – deyə Allah Rəsulu (s.ə.s.) soruşur. Ortada yenə xain bir yəhudi zəkası var idi və qadın bunları söyləyir:
– Qövmümün başına gələnləri bilirsən. Onlara edəcəyini etdin! Öz-özümə dedim ki: “Əgər O, bir məlikdirsə, Ondan canımızı qurtarmış olacağıq. Ancaq həqiqətən, bir Nəbidirsə, onsuz da bundan xəbər tutacaq və qutrulacaqdır!”
Bütün bunlara baxmayaraq, Allah Rəsulu qadını əfv edir. Çünki O (s.ə.s.), şəxsinə qarşı işlənilən günaha görə intiqam almazdı. Hətta səhabə:
– Onu öldürəkmi? – deyə soruşacaq və Rəsulullah da:
– Xeyr, – deyəcək, – ona nə toxunulacaq, nə də işgəncə veriləcək, – buyuracaqdı!
Ancaq Bişr ibn Bəranın şəhid olması hər şeyi dəyişdirəcəkdi. Bundan sonra Allah Rəsulu onun qanına əvəz olaraq qadını Hz.Bişrin yaxınlarına verəcək və onlar da bu uğursuz qadını qisas olaraq öldürəcəkdi. [19]
Xeybərin yeni qonaqları
Allah Rəsulu Xeybər qalalarını fəth etmiş və bununla daim Mədinəni təhdid edən bir düşmən də əzilmişdi. Əlbəttə, məsələ ancaq Xeybərdən ibarət deyildi. Ətrafa təhdid yağdıran digər ünsürlərin də üstünə gediləcək və bu cəhətdən ehtimal olunan təhlükələr aradan qaldırılacaqdı.
Elə bu əsnada Məkkənin od püskürdüyü dönəmlərdə Həbəşistana hicrət edən Hz.Cəfər və yoldaşları Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlir. İllərin ayrılığı, həsrəti sona çatmış, bu vüslət məqamı duyğu seli ilə süslənirdi. Asan deyil, on beş ilə yaxın idi ki, bir-birilərini görməmişdilər! Bir anda Xeybərin ab-havası dəyişir, ortalıq bayrama dönür!
Rəsulullaha doğru yeriyən Hz.Cəfər Ona duyduğu hörmət və sayğıdan ayağını yerə basa bilmirdi. Allah Rəsulu da qollarını açıb onu gözləyirdi. Nəhayət, qucaqlaşmış və illərin həsrətinə son qoymuşdular. Qardaşı oğlunun alnından öpən Allah Rəsulu:
– Vallah, nəyə sevinəcəyimi bilmirəm. Xeybərin fəthinə, yoxsa Cəfərin gəlişinə? – deyir və bu sevincini əshabı ilə də bölüşür.
Onlarla birlikdə gələnlər arasında Əbu Musa əl-Əşarinin də daxil olduğu əllidən çox mömin var idi. Bu möminlər Yəməndən yola çıxmış, gəmi ilə Həbəşistana getmişdilər. Burada Hz.Cəfərlə qarşılaşınca Mədinəyə birlikdə dönmək qərarına gəlmişdilər. Həbəşistan hökmdarı Nəcaşinin verdiyi gəmilərlə Ərəbistan yarımadasına çatmışdılar.[20]
O gün Xeybərə gələnlər arasında Devs qəbiləsindən səksən ailə da vardı; müsəlman olub Mədinəyə qədər gəlmişdilər və Siba ibn Urfutanın rəhbərliyində səhər namazını qıldıqdan sonra Rəsulullahın burada olduğunu öyrənmiş, Ona qovuşmaq həyəcanı ilə Xeybərə yönəlmişdilər. Daha sonralar “Əbu Hureyrə” adı ilə məşhurlaşan Abdüşşəms də onların arasında idi.[21]
Xeybər öz yeni müsafirlərini qarşılayırdı. Rəsulullah (s.ə.s.) Xeybərə qədər gələn bu insanlara da qənimətdən pay ayıracaq, onları da bölgüdən məhrum etməyəcəkdi.
Əmin-amanlıq dairəsi genişlənir
Digər tərəgdən Allah Rəsulu Muhayyısa ibn Məsudu Fədək xalqının yanına göndərmiş, onları da İslama dəvət etməyi tapşırmışdı. Çünki bəzən onlardan da müxtəlif xəbərlər gəlir və Mədinəyə hücum planları qurmaları barədə söz-söhbət gəzirdi. Fədəkə gələn Hz. Muhayyısa onları İslama dəvət edir və orada iki gün qalır. Ancaq Fədək əhli bu işə müsbət yanaşmır: Xeybərin Müsəlmanları məğlub edəcəyi günü gözləyir. Hətta bir fədəkli irəli çıxıb:
– Natatda Amir, Yasir, Haris və yəhudilərin ağası Mərhab kimi adamlar var. Məhəmmədin onların çınqıllığına yaxınlaşa biləcəyini belə sanmırıq! Qaldı ki, orada on min əsgər var, – deyir.
Demək ki, bunlar xeybərlilərin qalib gələcəyi zamanadək qarşı tərəfin başını qatmaq, nəticə məlum olanacan ləngitmək taktikasını tətbiq edir və Hz.Muhayyısanı boş yerə məşğul edirdilər. Bunu görən Hz.Muhayyısa bir dəfəlik geri dönmək qərarına gəlir. Bu dəfə də fədəklilər:
– Biz səninlə birlikdə müqavilə bağlamaq üçün adam göndərəcəyik, – deyir və bir qədər gözləməsini istəyirlər. Taktika davam edirdi!
Elə bu vaxt Xeybərdən Fədəkin gözləmədiyi xəbərlər gəlir. Qalalarla bərabər güvəndikləri qəhrəmanlar da bir-bir diz çökmüşdü! Bu xəbərlər onların qol-qanadlarını qırır və dərhal fikirlərini dəyişirlər. Yeni vəziyyətdə yeni taktika seçməli, ən az zərərlə bu işin içindən çıxmalı idilər. Bu idi onların düşüncəsi…
Bu dəfə Nun ibn Yuşanın başçılığı altında bir heyətlə yola düşür və Rəsulullahla sülh imzalamaq üçün Xeybərə gəlirlər. Canlarının təhlükəsizliyi əvəzində, el-obalarında bir çöp də qoymadan yurdlarını tərk etməyi təklif edirlər. Ancaq Allah Rəsulu bunu qəbul etmir. Hətta onların bu hərəkətini görən Hz.Muhayyısa:
– Əlinizdə döyüşəcək adamlarınız, sığınacaq qalalarınız, sizi qoruyacaq bir gücünüz olmaya-olmaya bu nə iddiadır? Əgər Rəsulullah sizə yüz adam göndərsə, hamınız qarşısında sıraya düzülüb təslim olarsınız, – deyir, onlara həddini bildirir.
Əvvəlki yandaşlarının başına gəldiyi kimi, israr etməyin baha oturacağını anlayan fədəklilər mallarının yarısını müsəlmanlara vermək şərtilə anlaşmaq məcburiyyətində qalırlar. Bu razılaşmaya görə Fədək ərazisinin yarısı Allah Rəsulunun nəzarəti altında olacaq və bu ərazidən istifadə etmək əvəzində də fədəkilər məhsulun yarısını Rəsulullaha verəcəkdilər.[22]
Xeybərə vida
Artıq Xeybərin işi bitmişdi. İki aya yaxın[23] davam edən mühasirə və döyüş nəticəsində müsəlmanlardan iyirmi səkkiz[24] nəfər şəhid olmuşdu. Xeybər tərəfdən isə doxsan üç nəfər öldürülmüşdü.
Təqvim cəmaziyəl-axir ayını göstərirdi. Xeybərdəki işlər yoluna qoyulmuş, artıq getmək vaxtı çatmışdı. Allah Rəsulu da Xeybərdən Mədinəyə doğru hərəkət edir. Vadil-Qura istiqamətində irəliləyir. Çünki burada olan Vadil-Qura və Teyma yəhudiləri xeybərlilər kimi bəni-qureyzəlilərin cəzalandırılmasından sonra bir-birilə ittifaq bağlamış, Mədinəyə hücum edəcəkləri təqdirdə birlikdə hərəkət etmək qərarına gəlmişdilər.
Günəşin batmasına yaxın Vadil-Quraya çatırlar və Allah Rəsulu ilk olaraq onları İslama dəvət edir. Ancaq onlar sözdən anlamaq niyyətində deyildilər və dəvətə oxla cavab verirlər. Buna görə də Allah Rəsulu (s.ə.s.) əshabını döyüşə hazırlayır. Bayraq Sad ibn Ubadəyə verilir, əshab da döyüş vəziyyətini alır. Buna baxmayaraq, Allah Rəsulu bir daha onlara səslənir, təkrar İslama dəvət edir. Bu dəvəti qəbul etdikləri təqdirdə mal və canlarının təhlükəsizliyinə təminat veriləcəyini bildirir, qəlblərindəki niyyətlərin hesabını isə Allaha verəcəklərini xatırladır.
Yenə də qəbul etmirlər və növbə ilə qəhrəmanlarını irəli çıxarırlar. Onları Zübeyr ibn Avvam, Əbu Dücanə və Hz.Əli kimi səhabələr qarşılayır. Meydan oxuyan qəhrəmanlar öldürüldükdən sonra Allah Rəsulu dəvətini təzələyir və onları artıq qan tökülməməsi üçün təslim olmağa çağırır. O gün Vadil-Quranın on bir adamı öldürülür, amma onlar heç cür təslim olmaq istəmir. Namaz vaxtı girəndə Rəsulullah (s.ə.s.) əshabı ilə namaz qılır və yenidən onları İslama dəvət edir.
Belə günlərin birində Rifa ibn Zeydin Allah Rəsuluna hədiyyə etdiyi Midam adlı zənci kölə oxla öldürülür. Bunu görən əshab qibtə ilə:
– Bəxtəvər, cənnətə getdi, – deyir.
Allah Rəsulu onlarla razılaşmır:
– Xeyir, – deyir, – nəfsim qüdrəti əlində Olana and olsun ki, bu anda o, hələ bölgü aparılmamış Xeybərdən götürdüyü enli bir örtünün içində od tutub yanır!
Bu sözlərdən ürəkləri ağızlarına gəlir. Rəsulullahın dəvələrinə baxmaqla keçinən və Ona xidmət edən bir şəxsin döyüş meydanında şəhid olması belə onun cəhənnəm alovlarından xilas olmasına yetməmişdi!
Deməli, İslamı yaşamaq tükdən incə həssaslıq tələb edirdi və Allah Rəsulunun bu ifadələrinin ardınca başqa bir səhabə rəngi qaçmış halda hüzura gəlir. Əlində bir çarıx dərisi var idi. O da bunu qənimətlərin bölüşdürülməsindən əvvəl Xeybərdən götürmüşdü. Əvvəlcə onu Rəsulullaha uzadır, təşviş içində Allah Rəsulunun buna nə deyəcəyini gözləyir. Nəhayət, Peyğəmbərimiz (s.ə.s.):
– Cəhənnəmdən bir və ya iki çarıxlıq dəri! – buyurur.
Xeybər səfərinin başlanğıcından bu yana hadisələri diqqətlə izləyən səhabələr Allah Rəsulunun iradlarını müşahidə edib bir-birinə baxır və din yolunda bundan sonra daha həssas davranılmasının vacibliyindən danışırdılar. Çünki bu günün sabahı da vardı və sabah haqq divanında bunların hesabı bir-bir veriləcəkdi!
Artıq sona yaxınlaşmışdılar. Yenə bir şənbə, Vadil-Quraya gəlişlərinin dördüncü günü idi və Allah Rəsulu (sallallahu əleyhi və səlləm) mühasirəni daha da daraldaraq yeni bir hücum başladır. Günəşin doğması ilə başlayan bu mühasirə Vadil-Quraya son həmlə idi və çarəsiz qalan yəhudilər təslim olurlar.
O gün Vadil-Quradan əldə edilən qənimətlər də beş yerə bölünür və bunların beşdə dördü əshab arasında bölüşdürülür. Xeybərlə olduğu kimi Vadil-Qura əhalisi ilə də eyni şərtlərlə müqavilə imzalanır, yəni torpaqları becərmə və bundan əldə etdikləri gəlirin yarısını Mədinəyə göndərmə şərti ilə yurdlarında qalmalarına icazə verilir. Amir ibn Said də onların başına vali təyin edilir.
Mədinə yollarında
Artıq Allah Rəsulu (s.ə.s.) uzun müddət ayrı qaldığı Mədinəyə yönəlir. Gecə-gündüz yol gedir, çox az fasilə verirdilər. Əshab olduqca yorğun düşmüşdü.
Bir gecə yarısı fasilə verilir. Allah Rəsulu (s.ə.s.) üzünü əshabına tutub:
– Bizi sabah namazına oyadacaq, yuxuya getməyəcək saleh bir adam varmı? Yatıb qala bilərik, – deyə səslənir.
Bu yorğunluqdan sonra oyanmaq çətin ola bilərdi və Rəsulullah (s.ə.s.) namazın keçməməsi üçün qabaqcadan tədbir görmək istəyirdi. Buna cavab olaraq Hz.Bilal:
– Ya Rəsulullah, – deyə səslənir, – mən Səni namaza qaldıraram!
Artıq hər kəs rahatca yata bilərdi və elə də edirlər.
Ordunu sabah namazına qaldırma vəzifəsini könüllü şəkildə üzərinə götürən Hz.Bilal gecənin qaranlığını namazla zinətləndirmək istəyir. Rəbbinə yönəlir, nafilə namazı qılır. Bir müddət beləcə davam edir. Ancaq getdikcə yorğunluğun ağırlığı çiyinlərini əzir. Bu zaman dəvəsinə söykənib oturur, bir az dincini almağa çalışır. Oturduğu yerdəcə sübh namazının girməsini gözləyir.
Rəsulullah (s.ə.s.) yerindən sıçrayıb qalxanda bütün səhabələri yatmış görür. Günəşin şəfəqləri üzlərini isitməyə başlamışdı, amma onlar yorğunluqdan oyanana oxşamırdılar. Gözləri Hz.Bilalı axtarır. O da dəvəsinə söykənib oturduğu yerdəcə yuxuya getmişdi!
– Bu nə işdir, sən bizə nə etdin, ey Bilal?! – deyə səslənir. Rəsulullahın (s.ə.s.) məxmərdən yumşaq səsi ilə oyanıb yerindən sıçrayan Bilali-Həbəşi tutduğu işə peşman olur, nə olursa-olsun, yerdə oturmayacaqdı. Ancaq olan olmuşdu, olmuşu da geri qaytarmaq mümkün deyildi.
Bu arada səhabələr da oyanır, hər kəs üzüntü içində idi. Necə olurdu ki, bir mömin Allahın fərz buyurduğu namazı qəza edirdi?! Hamısı da növbə çəkməyə könüllü razılıq verən Hz.Bilalı qınayır![25]
Onlar üzüntü çəksə də, qədər öz hökmünü icra edir. Allah (c.c.) Məhəmməd ümmətinin namazı keçirməsinə də mərhəmətindən bir qapı açır və bundan sonra eyni vəziyyətdə necə davranmaqla bağlı Rəsulullahın şəxsində hər bir möminə yol göstərir. Öncə:
– Bura şeytanların oturduğu bir vadidir, – buyuraraq hərəkət əmri verir və o bölgəni tərk edirlər.
Ardınca yeni dayandıqları yerdə dəstamaz alıb Hz.Bilalın azan oxuması əmrini verir. Səhabələr də dəstəmaz alıb namaza hazırlaşırlar. İlk öncə sabah namazının sünnətini qılırlar. Beləliklə, camaat yığılır və Allah Rəsulu önlərində imam olaraq sabah namazını qılmağa başlayırlar. Namaz bitdikdən sonra üzünü əshabına tutan Rəsulullah (s.ə.s.) buyurur:
– Hamımızın ruhu Allahın qüdrət əlindədir. İstəsə, onu çəkib alar! Buna ən çox layiq olan da, şübhəsiz, Odur. Ona görə də siz namazı unutduğunuz zaman xatırlayan kimi dərhal qılın! Çünki Allah: “Məni anmaq üçün namaz qıl!” – deyə buyurur və bunu əmr edir.[26]
Səhabələrdə Xeybər zəfərinin nəşəsi və aylardır, cüda düşdükləri Mədinəyə qovuşmanın sevinci var idi. Mədinəyə yaxınlaşarkən dağ-daş təkbir səslərindən titrəyirdi. Allah Rəsulu (s.ə.s.) bunu da dəyərləndirəcək və:
– Səssiz olun, – buyuracaqdı, – çünki nə sizdən uzaq olana, nə də səsinizi eşitməyənə dua edib səslənirsiniz. Sizin dualarla yönəldiyiniz Allah hər şeyi eşidən və hamınıza ən yaxın olandır. Çünki O, hər an sizinlədir!
Bunun ardınca Rəsulullah (s.ə.s.) tərkində oturan Əbu Musa əl-Əşariyə dönür və:
– Ey Abdullah ibn Qeys, – deyə səslənir.
– Anam-atam Sənə fəda olsun, buyur, ya Rəsulullah, – deyə cavab verir.
– Sənə cənnətin xəzinəsi olan kəlməni deyimmi? – deyə soruşur.
– Əlbəttə, söylə, anam-atam Sənə fəda olsun.
– La həvlə vəla quvvətə illa billah, – buyurur Alah Rəsulu (s.ə.s.).
Bunu eşidən səhabələr də artıq təkbir gətirməyi dayandırıb cənnətin xəzinəsi kimi öyrəndikləri bu kəlamı təkrar edirlər.
Gecənin bir vaxtı Curf adlı yerə qədər gəlirlər. Üzünü əshabına tutan Allah Rəsulu (s.ə.s.) gecənin qaranlığında tələsib evlərinə getməməyi tapşırır.
Uhud Mədinəyə girmədən öncə onları uzaqdan salamlayırdı. Allah Rəsulu (s.ə.s.) yetmiş səhabəsini qoynuna alan Uhuda nəzər salaraq əshabına deyir:
– Bu, elə bir dağdır ki, biz onu sevərik, o da bizi!
Uhudu əshabi-Uhuda tərif edirdi. Görünür, insanların könlündə Uhuda qarşı ən kiçicik mənfi hissin belə olmasını istəmirdi. Onsuz da çətin günlər geridə qalmışdı və bundan sonra ürək yandıran acıların yerinə xoş xatirələr yad edilməli idi! Sonra da mübarək əllərini açıb Rəbbinə yönəlir:
– Allahım, – deyir, – Mən Mədinənin bu iki daşlığı arasındakı şeyləri haram və toxunulmaz etdim!
Mədinəyə girərkən də: “Biz günahlarımızdan tövbə edib Rəbbimizə qulluqda durur, səcdə və həmd edib Rəbbimizə yönələrək geri qayıdırıq,” – deyir.
Onun bu ifadələrini eşidən əshab da eyni sözləri təkrar etməyə başlayır və Mədinəyə çatana qədər də bunlar dillərindən düşmür.
[1]. “Fəth” surəsi, 48/21
[2]. Bu səhabənin Nümeylə ibn əl-Leysi olması da rəvayət edilir. Bax: İbn Kesir, e-Bidaye ven-Nihaye, 4/207; Sire, 3/345
[3]. İş sona çatıb nəzərdə tutulmuş pulu alan Huseyl müsəlman olduğunu elan edəcək və Allah Rəsulunun əshabı arasında yerini tutacaqdı. Bax: İbn Esir, Usudul-Ğabe, 1/258, 263
[4]. Yenə də Allah Rəsulu tədbir olaraq işin sonuna qədər adamın bağlı saxlanmasının vacibliyini deyirdi. Onsuz da axırda müsəlman olacaqdı. Bax: Vakidi, Meğazi, 1/641
[5]. Allah Rəsulunun bunu üç dəfə təkrar etməsi haqqında da rəvayət var. Bax: Müslim, Sahîh, 2/1044 (1365); 3/1426 (1365); Ahmed b. Hanbel, Müsned, 3/101 (12011); Nesâî, Sünenü’l-Kübrâ, 3/335 (5576)
[6]. Xeybər möhkəm qalalardan təşkil olunmuş böyük bir qala mahiyyətində geniş bir ərazinin adı idi; Natat, Şıqq və Kətibə adlı üç əsas bölgəyə ayrılan Xeybərdə o gün Naim, Sab ibn Muaz, Zübeyr (Qulə), Übeyy (Sümran), Nizar (Bəri), Qamus, Vatih və Sülalim olmaqla müxtəlif böyüklükdə qalalar var idi. Bunların hamısı da yüksək yerlərdə salınmış və çox möhkəm quruluşa malik idi. Bax: Hamevi, Mucemul-Büldan, 2/409 vd
[7]. Rəsulullahın qalibiyyət xəbərini eşidincə, Allah Rəsulunun qalib gələcəyini deyənlər – Huveytib ibn Abdulizza və onun kimi düşünənlər qarşı tərəfi təmsil edənlərdən yüz dəvəni alacaqdı. Bax: Vakidi, Megazi, 1/701; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/139
[8]. Ancaq Mahmud ibn Məsləmə üç gün sonra şəhid olur. Maraqlıdır ki, onu yaralayan Mərhab da Hz.Mahmudun vəfat etdiyi gün öldürülür. Mahmud ibn Məsləməni dəyirman daşı ilə yaralayıb ölümünə səbəb olan adamın Kinanə ibn Əbil-Huqayq olduğu da bildirilir. Bax: Vâkıdî, Megâzî, 1/658; İbn Hacer, el-İsâbe, 3/70; İbn Kayyım, Zâdu’l-Meâd, 3/283
[9]. Allah Rəsulu Hz. Amiri Mahmud ibn Məsləmə ilə birlikdə Rəcidəki bir mağarada dəfn edir. Bax: Vakidi, Megazi, 1/658
[10]. Rəvayətlərə görə, o gün Qatafanla yanaşı, Bəni-Fəzarəyə də belə bir təklif edilmiş, ancaq onlar da razılaşmamışdı. Bax: İbn Kayyım, Zâdu’l-Meâd, 3/291; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/137
[11]. Dəbbabə – qala divarlarını dəlib içəri soxulmaq üçün hazırlanmış böyük bir arabanın adıdır. Yuxarıdan gözlənilən ox, nizə və qaynadılmış yağlara qarşı üstü örtülü olan bu arabanı əvvəlcə qala divarlarına yaxınlaşdırır, içində gözləyən əsgərlər əllərindəki vasitələrlə qala divarlarının daşlarını sökür və qalaya daxil olmaq üçün burada yarıqlar açırdılar
[12]. Vatih və Sülalim qalaları da fəth edilincə Xeybər qalaları haqqında məlumat verərək işi asanlaşdıran bu şəxsin xanımı Nüfeylə özünə verilir və o da müsəlman olub Xeybəri tərk edir. Ondan bir daha xəbər alınmamışdır. Bax: Vakidi, Megazi, 1/648
[13]. Bu əsnada qəfl üzünü Hz.Yəsardan çevirdiyini görürlər. Adətən, üzünü belə çevirməzdi və dərhal:
–Ya Rəsulullah! Ondan niyə üzünüzü çevirdiniz? – deyə səbəbini soruşurlar.
Allah Rəsulu buyurur:
– İndi onun yanında cənnət hurilərindən iki zövcəsi var! Şəhid olub yerə düşdüyü zaman cənnət hurilərindən iki zövcəsi gəlib onun üzündən tozları silərkən: “Sənin üzünü toz torpağa bulaşdıranların da Allah üzlərini torpağa bulasın, səni öldürəni də öldürsün!” – deyə dua edirlər. Allah (c.c.) bu quluna ikram edib onu xeyrə sövq etdi. Allaha heç səcdə etmədiyi halda, iki cənnət hurisini onun başı üstündə gördüm! Bax: İbn Hişâm, Sîre, 4/316; Vâkıdî, Megâzî, 1/650; İbn Hacer, el-İsâbe, 1/19; Süheyli, Ravdu’l-Unf, 4/87; İbn Esîr, Üsüdü’l-Ğâbe, 1/47, 3/129
[14]. Bu zaman Uyeynə ibn Hisn ilə bəni-fəzarələr qənimətdən pay almaq üçün yenidən gəlib Rəsulullahı razı salmağa çalışırlar. Razı sala bilmədiklərini görüb bu dəfə təhdidə əl atırlar. Ancaq bunun da nəticəsi olmur. Çünki Rəsulullah onlara görüşmə yerlərini göstərir, meydan oxumalarına fikir də vermir. Əliboş geri qayıdan Haris ibn Avf yoldaşlarına deyir:
– Mən sizə demədimmi? Məhəmmədin qərbə və şərqə sahib olacağını mən sizə söyləmədimmi? Bunu bizə yəhudilər xəbər verirdilər! And içirəm ki, mən Əbu Rafi Səlləm ibn Mişkəmin: “Nəbilik məsələsində biz Məhəmmədi qısqanırıq, çünki O, Harun nəslindən çıxmalı idi! Ancaq nə edək ki, O, göndərilmiş bir peyğəmbərdir! Ancaq bu məsələdə yəhudilər məni dinləmədilər, halbuki biz Ona iki qurban verəcəyik. Biri Yəsribdə, o biri Xeybər qalalarında,” – dediyini gün kimi xatırlayıram. Bax: Vâkıdî, Megâzî, 1/676 vd.; İbn Kesir, Sîre, 3/401
[15]. Bir gün digər Əzvaci-Tahirat (Rəsulullahın xanımları) özlərinin Allah Rəsuluna qohumluq yönü ilə daha yaxın olduqlarını deyib Safiyyə validəmizi incik salmışdılar. Onu hüznlü görən Allah Rəsulu (s.ə.s.) məsələni öyrənincə:
– Sən də onlara: “Mənim ərim Məhəmməd, atam Harun və əmim də Musa!” deyəydin, – deyə ona təsəlli vermişdi. İbn Sa’d, Tabakât, 8/127; Kurtubî, el-Câmi’ li ahkâmi’l-Kur’ân, 16/326; İbn Hacer, el-İsâbe, 8/101; İbn Esîr, Usudu’l-Ğâbe, 3/375
[16]. Hz.Safiyyə validəmizin əsas adının Zeynəb olması və Allah Rəsulunun seçiminə görə ona “Safiyyə” adının verilməsi də rəvayət olunur. Çünki o dövrdə döyüşlərdə ordunu idarə edən şəxsə haqqı olaraq ya bir at, ya kölə, ya da bir cariyənin verilməsi bir adət idi və buna “seçmə” mənasında “safiy” deyilirdi. Allah Rəsulu da o gün Huyeyy ibn Ahtabın qızını özü üçün seçmişdi və bu seçimlə birlikdə Huyeyyin qızı Zeynəb də “Safiyyə” adlandırılmışdı. Bax: İbn Həcər, Fəthül-Bari, 7/480
[17]. Allah Rəsulunun hüzuruna gətirildiyi gün şillənin göyərtisi hələ də üzündə idi. Səbəbini soruşunca hadisəni Allah Rəsuluna danışır. Bax: Vâkıdî, Megâzî, 1/674; İbn Kesir, Sîre, 3/374; İbn Kayyım, Zâdu’l-Meâd, 3/290
[18]. Daha sonra Allah Rəsulunun: “Bismillah” deyin və ondan sonra da yeyin,” – deməsi və beləliklə, o zəhərli ətin heç kimə zərər verməməsi, eyni zamanda o qızardılmış əti Allah Rəsulunun yandırması da rəvayət edilir. Həmçinin onun qabaq ayağından bir parça dişləyən köpəyin oradaca öldüyü də bildirilir. Bax: Salihi, Sübülül-Hüdda ver-Reşat, 5/134-135
[19]. Rəsulullahı zəhərləməyə cəhd edən bu qadının müsəlman olması barədə də rəvayət vardır. Buna görə etdiyi çirkin işin məqsədini ondan soruşduqda: “İndi mənə məlum oldu ki, Sən, həqiqətən də, Allahın Rəsulusan”, – deyə cavab vermiş və kəlmeyi-tövhidi söyləyərək müsəlman olmuşdu. Bax: Süheyli, Ravidul-Unf, 4/81
[20]. O gün Həbəşistandan on altı nəfər mühacir qayıtmışdı. Qalan otuz dörd nəfər isə Həbəşistanda qalmağa üstünlük vermişdi. Bəzi səhabələr özləri ilə Həbəşistan mühacirlərini müqayisə edərək özlərinin daha üstün mövqedə olduqlarını söyləməyə başlamışdılar. Bu, Allah Rəsulunun da qulağına çatmış, O da Həbəşisatan mühacirlərinin iki qat hicrət savabı qazandığını bəyan edərək ürəklərinə su səpmişdi. Bax: İbn Esir, Usudu’l-Ğâbe, 2/491; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/136
[21]. Allah Rəsulu (s.ə.s.) onun adını öyrənər-öyrənməz “Günəşin qulu olmaz” deyib “Əbdürrəhman’ adını verir. Daha sonrakı illərdə qucağına götürdüyü pişik balalarını görüncə, ona “Əba Hirr” deyə xitab edəcək və bundan sonra Hz. Əbdürrəhman “pişiyin atası” mənasında Əbu Hureyrə adı ilə anılacaqdı. Bax: Hâkim, Müstedrek, 3/579 (6141); İbn Hacer, el-İsâbe, 7/426 vd.; İbn Esîr, Usudu’l-Ğâbe, 3/258
[22]. Bu, Hz. Ömər zamanına qədər davam edəcəkdi. Hz.Ömər Xeybər yəhudiləri ilə birlikdə Fədək əhlini də sürgün etmiş və əllərindəki torpağın yarı qiymətini, yəni əlli min dirhəmi də İraqdan əldə etdiyi bir gəlirlə ödəmişdi. Bax: Vakidi, Megazi, 1/707; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/139
[23]. Hz.Ənəsin rəvayətinə görə, bu müddət altı ay olmuşdur. Bax: Taberânî, Mu’cemu’l-Kebir, 6/256 (6337); Heysemî, Mecmau’z-Zevâid, 2/160
[24]. İyirmi doqquz da ola bilər
[25]. Hz.Bilal həmin gün onu hamıdan az qınayan adamın Allah Rəsulu olduğunu söyləyəcəkdi.
[26]. Bu hadisənin Huneyn döyüşü zamanı baş verməsinə dair də rəvayət var. Bax: Salihi, Sübülül-Hüda ver-Reşad, 5/155