9. 374 dəfə oxunub ,   0 şərh   Çap et

Qədərlə bağlı əvvəlki yazılarda da qeyd edildiyi kimi, kainatda hər şey Allahın təqdiri, diləyi və yaratması ilə var olur. İnsanların xeyir və ya şər (pislik) – hər cür əməli Allahın təqdiri ilə meydana gəlir. “Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!” (“Saffat” surəsi, 96) məallı ayə bu həqiqəti açıq-aydın ifadə edir. Lakin burada mühüm bir məqama xüsusi diqqət yetirmək lazımdır: xeyir və şər yaradılış baxımından Allahdandır, yəni xeyri və ya şəri istəyən, seçən insan, yaradan isə Allahdır.

Bəli, bütün hərəkətlərimizi, əməllərimizi istəyən bizik, yaradan isə Allahdır. Allah şərə, pisliyə razı deyil, ancaq qul cüzi iradəsini o yolda istifadə edəndə Allah da onu həmin istiqamətə yönəldir. Allah  işə başlamaq vaxtı onu qaldırır, qaçmaq lazım olanda qaçırdır, ona o işi görmək üçün lazım olan güc, qüvvət və enerjini verir. Qaldıran, yeridən, enerji verən Allahdır, ancaq şəri qazanan quldur və nəticəsinə görə də qul məsuliyyət daşıyır.

Bunu sadə bir misalla izah etməyə çalışaq. Bir ata yeriyə bilməyən uşağını kürəyinə alır və ona: “De görüm hara getmək istə­yirsən? Səni gəzdirəcəyəm”, – deyir. Uşaq da: “Məni bu dağın başına çıxar”, – deyir. Ata uşağına xəbərdarlıq edir: “Ora həm soyuqdur, həm də çox təhlükəlidir. Üşüyərsən, xəstələnərsən və ya yıxılıb əzilərsən. Səni daha gözəl və daha təhlükəsiz bir yerə aparım”, – deyir. Amma uşaq israr edir. Atası istəməsə də, onu dağa aparır. İndi bu uşaq: “Dağa mən öz gücümlə çıxdım”, – deyə bilərmi? Yaxud orada üşüsə, ya da bir yerini əzsə, atasına: “Məni niyə bura gətirdin?” – deyib etiraz edə bilərmi? Eynilə bunun kimi hərəkətlərimizi, işlərimizi yaradan Allahdır, ancaq bunları istəyən, seçən bizik. Məhz buna görə hal və davranışlarımızın nəticələrindən də özümüz məsuluq.

İbadətlərə, xeyir və yaxşılıqlara gəldikdə isə onları əmr edən də, diləyən də, yaradan da Allahdır. Burada qula sadəcə xeyrə yönəlmək düşür. Başqa sözlə desək, insanın əlində təkcə gözəl bir niyyət vardır. İnsan bəzən özündə böyük bir güc görməklə, özünü güclü saymaqla xətaya yol verir. Amma əslində, Allahın inayəti olmadan öz vücudunu belə yerindən tərpətməkdə acizdir. Yemək prosesinə bir nəzər yetirək. Əgər hava, su, torpaq, günəş, böyümə və yetişmə qanunu olmasa idi, insan bu tikəni haradan və necə əldə edəcəkdi? Deyək ki, o, tikəni ağzına qoydu. Allah ağız suyu vəzlərini, dili, dişləri yaratmasa idi, insan loğmanı necə çeynəyib yumşaldacaqdı? Loğmanı çeynəyib yumşaltdıqdan sonra Allah nəfəs borusunun avtomatik olaraq bağlanıb qida borusunun açılması mexanizmini yaratmasa idi, o tikəni necə udacaqdı? İndi isə deyək ki, bütün bunlar bir vasitə ilə həll olundu. Əsas məsələ tikəni udduqdan sonra başlayır. Tikənin  mədədə həzm olunması, nazik bağırsaqlar vasitəsilə lazımi qidaların qaraciyərə ötürülməsi, qaraciyərdə bir çox mərhələlər keçib karbohidrat, protein və qlükoza şəklində kapillyar damarlarla lazımi yerlərə göndərilməsi insanın əlindədirmi? Təkcə qaraciyərin üç yüzə yaxın funksiyası var. Bütün bunları nəzərə alanda həqiqi mənada “Yemək yedim” demək yalan olur. Deməli, bu sözü ancaq məcazi mənada işlədə bilərik. Əslinə qalanda “Rəbbim mənə yemək yedirdi” demək daha doğrudur.

Əgər bir yemək məsələsi belədirsə, digər fəaliyyətlərimizi, işlərimizi bununla müqayisə edəndə görəcəyik ki, əlimizdə niyyətdən başqa bir şey qalmır. O halda “(Ey insan!) Sənə yeti­şən­ hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik­ isə nəfsindəndir” (“Nisa” surəsi, 79) məallı ayədə bildirildiyi kimi, hər cür xeyir və gözəllik bütünlüklə Rəbbimizdəndir. Bu səbəbdən insanın gözəl işlərinə görə öyünməyə, qürurlanmağa və təkəbbürlənməyə haqqı yoxdur. Həqiqi mömin gözəl və xeyirli bir iş görərkən: “Məni bu işə vəsilə edən Rəbbimə həmd olsun”, – deyər və təvazökarlıqla Allaha şükür edər.

Burada bir xüsusu da diqqətə çatdırmağa ehtiyac var. İnsan övladı xəstəlik, qəza, zəlzələ kimi müsibətlərə məruz qalır. Bu cür müsibətlərin əksəriyyəti də yenə qulun öz xətalarından qaynaqlanır. “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər” (“Şura” surəsi, 30) məallı ayə bu həqiqəti ifadə edir. Ancaq bəzən də Haqq-Təala sırf qulunun günahlarını bağışlamaq, onu mənən  yüksəltmək və ona savab qazandırmaq üçün müsibətlər göndərə bilər. Belə bir müsibətlə üzləşən qul öz səhvləri haqqında düşünməli, əgər varsa, onları düzəldib tövbə etməli və dişini-dişinə tutub səbir etməlidir. Bu iki ayə sözügedən mövzuda ən gözəl meyar olmalıdır:

“Səbirli insanlar onlardır ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” – deyirlər” (“Bəqərə” surəsi, 156).

“Ola bilsin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuşdur” (“Nisa” surəsi, 19)

Xülasə, xeyir də, şər də Allahdandır. Ancaq şəri insan özü is­tə­yir, dolayısilə, nəticəyə görə də o, məsuliyyət daşıyır. Xeyri istəyən də, yaradan da Allahdır, amma sonsuz mərhəmət sahibi Rəbbimiz qulunu sırf niyyətinə gərə mükafatlandırır. Burada isə qulun vəzifəsi qüsurları özündən, gözəllikləri Rəbbindən bilmək, görmək, bir müsibətlə üzləşəndə də səbir etməkdir.

Rəbbimiz bizləri xəta və günahlarını özündən bilən, xəstəlik və müsibətləri səbir və təvəkküllə qarşılayan, bütün xeyir və gözəllikləri də Allahdan görüb Ona şükür edən qullarından eyləsin.




Şərh yaz