Müsəlman hər kəsin xeyrini istəyər və insanlara kömək etməkdən zövq alar. Din qardaşlığı Müsəlmanların dini əmrlər çərçivəsində bir-birinə kömək etməsini zərurətə çevirir. Özü üçün xeyirli bildiyini başqaları üçün istəməmək İslam əxlaqı ilə daban-dabana ziddir.
Yaxşılıq etmə üsulları şərait və mühitdən asılı olaraq dəyişir. Necə gəldi yaxşılıq etmək doğru deyildir. Yaxşılıq və mərhəmət hislərində bəzi motivləri qoruyub saxlamaq vacibdir. Bunlar qəlb həssaslığı, ürəkdən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissi, Allahın razılığını qazanmaq arzusudur. Həmçinin mükafat və təşəkkür umma, mənfəət gözləmə kimi mənfi hislərdən arınmaq da bura daxildir. Üstəlik “Öz nəfsi üçün istədiyi bir şeyi müsəlman qardaşı (və ya qonşusu) üçün də istəməyən həqiqi mömin ola bilməz” hədisi xeyirxahlıq hissinin, başqalarının rahatlığını və sağlamlığını istəməyin və həyata keçirməyə çalışmağın meyarını təşkil edir.”
Mömin Allah rızasını qazanmaqda əzmli, möhtaclara qarşı mərhəmət hissi ilə dolu olmalı, lazım gələrsə, öz dərdini unudub başqalarının dərdini düşünməli və başqalarını özündən üstün tutmağı bacarmalıdır. Allahdan qorxan, Onun rizasını qazanmağa çalışan insanlar olaraq xeyirxahlıq etmək, möhtac insanlara əl tutmaq, təbii ki, yüksək nəticələr verəcək. Belə gözəl əməllərin axirət mükafatını nə göz görüb, nə qulaq eşidib, nə də bəşərin ağlı təsəvvür edib.
Əbu Hureyrə (radiyallahu anh) Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) belə buyurduğunu rəvayət edir:
“Hər gün bütün insanlar əzaların oynaqlarının faydalarına görə Allaha şükür etməyə borcludur və edilən şükür də əhəmiyyətli sədəqədir. Məsələn: iki küsülünü barışdırmaq bir sədəqədir. Heyvana minmək və ya yükünü yükləmək istəyənə kömək edib onu miniyinə mindirmək, yaxud da əşyasını yükləmək də gözəl sədəqədir. Gözəl söz də bir sədəqədir. Namaza getmək (təvaf, ibadət, cənazənin arxasınca getmək, elm öyrənmək kimi hər cür xeyirli işlər) üçün atılan hər addım da bir sədəqədir. Yoldan keçənlərə əziyyət verən şeyləri yoldan təmizləmək də məqbul sədəqədir.”[1]
Hədisi-şərifdə keçən “sülama” kəliməsi “barmaq sümükləri” mənasında olmaqla yanaşı, vücuddakı bütün sümük və oynaqlar nəzərdə tutulmuşdur. Xeyirli hərəkət və davranışların bu böyük nemətə sədəqə olduğu bildirilmişdir. Demək ki, bu nemətlərə bəzi əxlaqi davranışlarla, xeyirxah əməllərlə də şükür etmək olar. Məsələn, insanın namaza gedərkən atdığı hər addım sədəqə sayılır, hər addımın müqabilində dərəcəsi yüksəlir və bir günahı bağışlanır.
[1]. Buxari, Sülh, 114, Cihad, 72, 128; Müslim, Zəkat 56; Müsafirin, 84; Əbu Davud, Tatavvu, 12, Ədəb, 160; Əhməd ibn Hənbəl, Müsnəd, 2/316, 350, 4/423, 5/178.