10. 898 dəfə oxunub ,   0 şərh   Çap et

Hər hansı bir işə ta plan mərhələsindən ciddi yanaşmasanız, o işi möhkəm məntiqi bünövrəyə oturtmasanız, növbəti mərhələlərdə həllolunmaz problemlərlə qarşılaşa bilərsiniz. Bir binanın dizaynını, planını çəkmədən və işlənəsi materiallarını hesablamadan inşaata başlasaq, işin gedişatında “sök-tik”lərdən baş qaşımağa vaxtımız olmaz.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı qətiyyən layihəsiz və plansız qalmamalıdır. Çünki bu məsələdə azacıq laqeydlik və biganəlik bütün xalqa qarşı laqeydlik və biganəlikdir. Bu səbəbdən də biz ailəyə ciddi yanaşılmasının vacibliyinə inanır və bunu çox əhəmiyyətli görürük… və qeyri-məşru (nikahsız, qeyri-qanuni) “izdivac”ların topluma ziyan gətirəcəyini bir daha vurğulamaq istəyirik.

Bəli, həvəslər, keflər, ehtiraslar, qısqanclıqlar üzərində qurulan məqsədsiz-məramsız bir ailə topluma və fərdlərə faydalı olmamaqla yanaşı, xalqın bünyəsində də potensial problem kimi qalır. Belə bir ailə, güman ki, cəmiyyətə küçə sərsərilərindən başqa bir şey verməyəcəkdir. Çünki onu quran fərdlərin məramı və planı bərəkət hasil etmək olmamışdır. Biz bu plana nikah deyirik və nikaha gedən yolda nəfsani hisləri və həvəsləri bir kənara qoyub məntiq, ağıl və qəlblə hərəkət etməyin zəruriliyini düşünür, belə bir izdivacda dini duyğu, dini düşüncənin əsas götürülməsinin çox faydalı olacağına inanırıq. Qadın və kişi Allahdan uzaq, ibadətə yaddırsa, onlardan əmələ gələcək uşaqların şüurlu, həssas, mötədil, ağıllı və məsuliyyətli olacağını düşünmək də əbəsdir. Əgər bu cür ailələrdə müsbət nəticələr əldə edilərsə (ki, bu, çox çətindir), onu da Allah-Təalanın fövqəladə bir lütfü hesab edər və minnətdarlıq hissi ilə ikiqat olub təzim edərik.

Əslində, bu fani dünyada hər şey səbəblərlə bağlıdır. Səbəbləri yerinə yetirərək Allahın tövfiq və inayəti ilə çox vaxt istədiyimiz nəticəni əldə edə bilirik. Təşəbbüslərimizi səbəblərə biganə yanaşaraq həyata keçirməyə çalışsaq, nəticə arzu etdiyimiz kimi olmaya bilər. Buna görə də, uğursuzluğa düçar olmaq istəmiriksə, hər işdə səbəblərə ciddi şəkildə əməl etməli, ondan sonra Allah-Təalanın lütfünə, inayətinə güvənib nəticənin yaxşı olmasını da yalnız və yalnız Ondan gözləməliyik… Bəli, qərar verəndə Allaha tam etimad bəsləməliyik, ancaq qərar mərhələsinədək feili duada – səbəblərə riayətdə də qüsura yol verməməliyik. “Səbəblərə riayət təvəkkül etməyə mane olmur” kəlamı bu həqiqəti bəyan edir, həm də İslami bir qaydadır. Biz ailə kimi ciddi bir institutun qurulmasında da bu prinsiplərə riayəti zəruri sayırıq.

Fərdlər ailənin məqsədini, mahiyyətini və qurulma şəklini dərk edəndən sonra nəsil yetişdirməyə aid prinsiplər də bir məna kəsb edir. Amma məsələnin kökündə bir natamamlıq, çatışmazlıq varsa, sonradan görülən tədbirlərin effekti də bir o qədər az olur. Bünövrəsi xeyir və bərəkətlə atılmış bir ailədə, yəni sağlam qadınla sağlam kişinin, müsəlman qadınla müsəlman kişinin, mömin qadınla mömin kişinin, məsuliyyətlərini yerinə yetirən qadın və kişinin qurduğu bir ailə yuvasında hər şey yerli-yerində olur və bu ailə Cənnət guşələrindən birinə dönür. Zənnimcə, belə bir dam altında dünyaya gələn o körpə balaların səs-küy salmaları belə Allah qatında mələklərin təsbihatıtək müqəddəsdir və dua kimi qəbul edilir.

Qurani-Kərim məsud bir toplumu qadını ilə, kişisi ilə birlikdə götürür (yuxarıda onun bir-iki mübarək cümləsini iqtibas etmişdik): “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, iffətini qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır![1]

Bu kişi və qadınlar millətin ən kiçik hüceyrəsi olan ailədə bir mömin və müsəlman kimi ömür yollarını birləşdirmiş, Allaha etimad etmiş, Ona ürəkdən üz tutmuş, Rəbbə yaxınlaşmışlar və ibadətlə ömür sürməkdədirlər. .

Bəli, dürüst kişi və qadınların nə sözləri davranışlarına, nə də davranışları ağızlarından çıxan sözlərə zidd olur. Onların qurduğu ailədə yalanın zərrəsinə də rast gəlməzsən. O evdə hər şey necə varsa eləcə, olduğu kimi görünür. Başqa sözlə, bir adam bədənnüma güzgünün qarşısında dayanıb özünü qaydaya saldığı kimi, uşaq da bu evdəki dürüstlük nümunələrinə baxıb özünü düzəldir, onların davranışları ilə sözləri arasında heç bir təzada şahid olmur. O evdə nə varsa, doğrudur, düzgündür. Çünki o ailəni dürüst kişi və qadın qurub.

Səbir edən qadınlar və səbir edən kişilər, ibadətin ağırlığına, başlarına gələn müsibətlərin amansızlığına dişini sıxıb dözənlər, günahlar qarşısında mətin dayanıb iffətini qoruyanlar, günaha girməyi Cəhənnəmə girməyə tən bilənlərin hal-hərəkəti, oturuş-duruşu başqa insanlarla yanaşı, uşaqlara da güclü təsir edir. Və zənnimcə, dildən çıxan gözəl və mənalı sözlər bu hal dilinin yanında  çox sönük qalır.

Qəlbi Allaha sayğı hissindən dolub daşan, xəşyət duyğusu ilə tir-tir titrəyən, ömür yolunun sonunda axirət həyatı və müdhiş bir aqibətin olduğunu unutmadan mükəlləfiyyətlərini layiqincə yerinə yetirməyə çalışan, hər an “Axirətə gəl!” dəvətini gözləyən fərdlərdən ibarət belə bir ailədə uşaq ciddiyyət, təmkin, dini həssaslıqdan başqa bir şey görməz. Bu cür ailənin uşaqları simalarda yumşaq bir narahatlıqla təbəssümü, Allahın ululuğu qarşısında məhabətlə[2] Cənnətə ümiddən doğan sevinci qoşa görəcək, rahat və təmkinli, xoşbəxt və uzaqgörən, zövq almağı bacaran, eyni zamanda gələcəyi düşünən insanlar kimi yetişəcəklər.

Bir ailədə valideynlər gözəl əməllər işləməli, daima sədəqə verib insanlara əl tutmalıdır ki, uşaqlarda da comərdlik ruhu, yardımsevərlik hissi formalaşsın. Bəli, biz comərd və xeyirsevər olmalıyıq ki, onlar da əliaçıq, ürəyigeniş olsunlar. Bir hadisənin şahidi olmuşam: “Həmişə arvad ərindən, ər də arvadından gizlin sədəqə verirdi. Üz-üzə gələndə bir-birlərinə nə deyir, nə düşünürdülər, bimirəm, amma bu da bir həqiqətdir ki, onların biri mütəsəddiq (sədəqə verən kişi), o biri də mütəsəddiqə (sədəqə verən qadın) müsəlman idi. O ailədə boy atıb böyüyən uşaqlar da gələcəyin mütəsəddiq və mütəsəddiqələri idilər”.

Allahın oruc əmrini yerinə yetirən qadın və kişidən ibarət ailə, ondan da təşəkkül tapan cəmiyyət və millət səadət və əmin-amanlığın dayağıdır.

Onlar bu vəsflərin hamısına sahib olmaqla yanaşı, ismət və namuslarını qorumaqda, iffətlərinə toz qondurmamaqda da olduqca həssasdırlar. Dinləri, namusları üçün yaşayırlar. Məhz onlardır dünya və axirətdə nicat tapıb bəxtiyar olanlar. Qurani-Kərimin qadın və kişini müştərək götürüb “hördüyü” bu sistem “naxış” və “rəng”ləri yerli-yerində seçilərsə, o, ən müqəddəs sistem olar. Bu iki fərddən əmələ gələn ailədə milli ruh ab-havası varsa, bu, onların övladlarına, nəvələrinə də sirayət edəcək. Bu ab-hava ailənin bütün üzvlərində, yəni toplumun hüceyrələrində var olduqca cəmiyyət əmin-aman yaşayacaqdır. Əks təqdirdə bütün ümidlər puça çıxar. 

Çəyirdəkdən çinara” kitabından istifadə edilmişdir.


[1] Əhzab, 33/35.

[2] Məhabət – Heybət. Hörmət qarışıq qorxu hissi. 




Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Rəsulullahın evliliyə təşviqi

Sağlam cəmiyyətin əsasını sağlam ailələr təşkil edir. İslam dini ailəyə böyük əhəmiyyət vermiş və evliliyə təşviq etmişdir.


Şərh yaz