بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
عَنِ بْنِ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ
مَنْ كَثُرَ كَلاَمُهُ كَثُرَ سَقَطُهُ
وَمَنْ كَثُرَ سَقَطُهُ كَثُرَتْ ذُنُوبُهُ
وَمَنْ كَثُرَتْ ذُنُوبُهُ كاَنَتِ النَّارُ أَوْلىَ بِهِ،
فَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ اْلآخِرِ
فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ
* * *
Allah Rəsulununun (s.ə.s) “O nə gözəl insandır!” buyurduğu, səhabələrin Hz. Ömərə (r.a) “Yerinə xəlifə olaraq onu təyin elə” dediyi, Hz. Ömərin (r.a) oğlu Hz. Abdullah ibn Ömər (r.a) Peyğəmbərimizin (s.ə.s) belə buyurduğu nəql edir: “Çox danışanın çox xətası, çox xətası olanın da çox günahı olar. Günahları çox olanın isə tövbə və istiğfarları onları təmizləmədiyi müddətcə onun yeri cəhənnəmdir. O zaman kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!…”
(Təbərani, Mucəmul-Əvsat, VI, 328; Müsnəduş-Şihab, I, 236; Heysəmi, Məcməuz-Zəvaid, X, 543)
İnsanın yaradılmışların ən şərəflisidir. İnsandan istənilən isə gözəl əxlaqa sahib olmaq, Yaradanın buyruqlarına əməl edib, qadağan etdiklərindən çəkinməkdir. Bu səbəblə çox dinləmək üçün insana iki qulaq, az danışmaq üçünsə bir dil verlilmişdir. Yəni “iki dəfə düşün, bir dəfə danış”, “Danışmaq gümüşdürsə, susmaq qızıldır” və “Udmamışdan əvvəl çeynəmək necə əhmiyyəlidirsə, danışmadan əvvəl düşünmək də o qədər əhəmiyyətlidir” kimi hikmətli kəlamlar da bu həqiqəti açıq-aşkar izah edir. Hətta yerinə görə insanın beş dəfə düşünüb, on dəfə düşünüb bir dəfə danışması Allah dostları tərəfindən tövsiyə edilmişdir.
Allah Rəsulu (s.ə.s) bir səfər zamanı yanında olan Muaz ibn Cəbələ (r.a) “Bundan ehtiyyatlı ol” deyib və əli ilə dilini göstərmişdir. Hz. Muaz (r.a) isə “Ey Allahın Rəsulu! Biz danışdıqlarımızdan sorğu-sual olunacağıq?” deyə soruşduqda, “İnsanları üzüstü və ya burunlarının üstündə oda atan dildən başqa bir şey varmı?” buyurmuşdur.” (Tirmizi, İman, 8)
İmam Qəzzali və daha bir çox İslam alimi insanın əməllərini münciyyat (saleh əməllər) və muhliqat (pis əməllər) olaraq iki qrupa ayırmışdır. Əməllər dildə istifadə şəklinə görə hər iki qrupa daxil ola bilər. Yəni insan xeyir danışıb, insanları yaxşılıq və gözəlliyə sövq edəndə savab qazanar. Boş, faydasız söhbətlər etdikdə və qeybət, böhtan, insanların arasını vurmaq, hər eşitdiyini danışmaq kimi pis əməllərlə məşğul olduqda isə günaha girmə təhlükəsi ilə üzləşər.
Rəsulullah (s.ə.s) bir çox hədislərində dilin gətirdiyi bəlalardan bəhs edərək ümmətini bunlardan qorumaq istəmişdir. “Hər eşitdiyini danışmaq, insana günah olaraq kifayətdir.” (Əbu Davud; Səhihi İbn Hibban), “Nəmmamlıq (söz aparıb gətirən) edən kəs cənnətə girə bilməz.” (Buxari, Ədəb, 50) rəvayətləri dil bəlalarından bəzilərdir. Mövzuyla əlaqəli oxşar bir hədisi-şərifdə isə belə buyurulmuşdur:
سُئِلَ رَسُولُ اللّهِ عَنْ أكْثَرِ مَا يُدْخِلُ النَّاسَ النَّارَ؟ قَالَ: الْفَمُ، وَالْفَرْجُ؛
وَسُئِلَ عَنْ أكْثَرِ مَا يُدْخِلُ النَّاسَ الْجَنَّةَ؟ قَالَ: تَقْوَى اللّهِ وَحُسْنُ الْخُلُقِ
Rasulullaha (s.ə.s) “insanların cəhənnəmə girməyinə ən çox səbəb olan şey nədir?” deyə soruşulduqda, O (s.ə.s) “dil və cinsiyyət üzvüdür!” buyurmuşdur. İnsanları cənnətə aparan ən üstün halın hansı olduğu soruşulanda isə O, “Allah qarşısında təqvalı olmaq və gözəl əxlaq sahibi olmaqdır” buyurmuşdur. (Tirmizi, Birr. 62)
Əfsuslar olsun ki, gündəlik həyatımızda ən böyük problemlərdən biri də dil ilə etdiyimiz xətalardır. Şirindil insan insanları bir yerə toplayıb onları xeyrə təşviq etdiyi kimi, acıdil və nalayiq söhbətlər edən insan da insanaların qəlbini qırıb onların bir-birindən uzaqlaşmasına səbəb olar. Əksər hallarda bizə görə əhəmiyyətsiz sayılan zarafatlar və ya söhbətlər qarşımızdakını incidə, narahat edə bilər. Bu halda, Allah Təalaya dua edərək kömək istəmək və Onun hamımıza bəxş etdiyi iradəmizin haqqını vermək surətiylə dilimizi xeyir və dualara yönləndirməyə səy göstərməliyik. Bəlkə də belə bir cəhd, çox ciddi ibadət səvabına və fəzilətinə səbəb ola bilər.
Allah Rəsulu (s.ə.s) digər bir hədisində də “Kim iki çənə sümüyü arasındakı dilini və iki budu arasındakı (cinsi) orqanını günahlardan qorumağa söz verərsə, mən də ona Cənnəti vəd edərəm!” deyə buyurmuşdur. (Buxari, Riqaq, 23, Hudud, 19; Tirmizi, Zöhd)
Buna görə də xeyir və gözəl şeylər danışmağa cəhd etməli, lazım olan yerdə üsul və ərkanına riayət edərək haqqı söyləməkdən çəkinməməliyik. Həmişə xeyir və gözəl danışa bilmədiyimiz zaman isə susmağa çalışmalıyıq ki, dilin bəla və zərərlərinə məruz qalamayaq. Bu vəsiləylə Allah dostları, “Dilini tutan, ona hakim olan qurtuldu! (Sünəni Tirmizi, Müsnədi Əhməd ibn Hənbəl) hədisi-şərifinə böyük əhəmiyyət verib bizlərə də bunu tövsiyə etmişlər. Mövzumuzu Qurani-Kərim ayəsi ilə sona çatdıraq:
وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ
مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ
“İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın”. (Qaf surəsi, 16-17-18)
اَللَّهُمَّ صَلِّ وَسَلِّمْ وَبَارِكْ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ
وَعَلٰى اٰلِه وَأَصْحَابِهِ أَجْمَعِينْ
وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ
وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ