60. 419 dəfə oxunub ,   0 şərh   Çap et

Yaddaşı necə gücləndirmək olar?

Yadda saxlamaq və ya unutmaq beynin funksiyaları ilə əla­qədardır. Hafizə dərk edilən, qəbul edilən, öyrənilən şeyləri ağılda saxlama və xatırlama xüsusiyyətidir. Hafizə yerinə yaddaş sözü də işlədilir. Hafizə böyük bir nemətdir. İnsan keçmişini hafizəsi ilə yadda saxlayır, gələcəyini də bu hafizə ilə qurur. Unutqanlıq da öz-özlüyündə bir nemətdir. İnsan əziyyət çəkir, çətinliklərə qatlanır, ağrı-acını hiss edir. Bir müddət sonra isə unutqanlıq sayəsində sıxıntılarını xatırlamır, psixoloji baxımdan rahatlayır. Hətta keçmişin məşəqqətlərini xatırlamamaq bir xoşbəxtlikdir.

Müasir dövrdə yaddaşı gücləndirmək və mühüm məlumatları unutmamaq əksər insanların əsas problemidir. Görəsən, komp­yuterlər, yaddaş kartları və s. texnologiyalar yaddaşı gücləndirir, yoxsa zəiflədir?

Tibbi baxımdan unutqanlıq

İnsan beyninin inkişafı müəyyən yaşa qədər (18-20 yaş) beyin­ hü­ceyrələrinin sayca artması ilə beyin həcminin böyüməsi şəklində gerçəkləşir. Mövcud beyin hüceyrələrindən istifadə və hüceyrələrarası əlaqələrin formalaşması ilə beynin inkişafı davam edir. Bu da beyindəki neyronlarla bağlıdır. Hamımız 20 yaşa qədər necə sürətlə öyrəndiyimizi və öyrəndiklərimizi uzun müddət unutmadığımızı bilirik. Bu sürətli qavrayış prosesi beynin iki istiqamətdə inkişafı ilə əlaqədardır. 20 yaşdan sonra isə beyin sadəcə mövcud olan beyin hüceyrələri arasındakı əlaqələri artıraraq inkişaf edir. Digər yandan da yavaş-yavaş hüceyrə ölümü başlayır. Biz nə qədər çox sahə ilə maraqlanır, intellektual səviyyəmizi nə qədər genişləndirirksə, beynimiz də o səviyyədə inkişaf edir.

Yaşın artması ilə hüceyrələrin ölməsi nəticəsində istifadə olunan hüceyrə bazası getdikcə azalır. Yenilənmə də həmçinin. Quran yaşlanma ilə əlaqədar insanın geri gedişini belə ifadə edir: “Kimə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?”.[1]

Bu səbəbdən bir müddət sonra beyin yeni şeylər öyrənərkən çox istifadə olunmayan bəzi məlumatları silir, kompyuterin yad­daşı kimi. Kompyuterin yaddaşı dolanda bəzi istifadəsiz  mə­lumatları silib boş yer açmaq lazım gəlir. Beyinin öyrənməsi də keçmiş məlumatların silinib yenilərinin yazılması ilə mümkün olur. Dolayısilə, müəyyən yaşdan sonra hafizəmizdə təbii unutma prosesi baş verir. Zehin əhəmiyyətli saydığı məlumatları saxlayır, daha az əhəmiyyətli bildiklərini isə unudur.

Müəyyən yaşlarda həyatın axarında rastlaşdığımız stress, iş və ya dərsin çoxluğu, şəxsi həyatda itkilər kimi çətinliklər zamanı “unutqanlıq”dan şikayətlənirik. Bu şikayətlərin çoxu da diqqətin azlığı, depressiya kimi səbəblərlə bağlıdır. Unutqanlığın səbəbi nə olur-olsun, əgər bu hal gündəlik həyatımıza, iş və şəxsi həyatımıza təsir edirsə və unutqanlıq üzündən həyatda problemlərlə üzləşməyə başlamışıqsa, mütləq mütəxəssisə mü­raciət etməliyik.

Unutqanlıq fiziki xarakterli olduğu kimi, şeytani də olur

Şeytan yaradılışı etibarilə insanın damarlarında gəzib-dolaşa bilir. Beyindəki neyronlardan qan damarlarına qədər, hər yerdə gəzmə qabiliyyəti vardır. Allah Rəsulu buyurur: “Şeytan damarlardakı qan kimi insanın vücudunda gəzir. Mən onun qəlbinizə bir pislik salmasından qorxuram”.[2] Unutqanlığın şeytanın hiyləsi olduğunu göstərən Quran ayələri də vardır: “(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o, (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.”[3] Bir başqa ayəyə nəzər salaq: “Çünki bəndələrimdən bir zümrə (möminlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz.”[4] Bu ayədə də şeytanın bəndələrə Allahı yada salmağı unutdurmasından bəhs edilir.

“Kəhf” surəsindəki ayədə isə Həzrət Musaya yoldaşlıq edən gənc şeytanın üzündən balığı yaddan çıxardığını deyir: “Gö­rür­sənmi, biz (həmin yerdə) qayanın yanında gizləndiyimiz zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız Şeytan unutdurdu. (Balıq dirilib) əcaib bir şəkildə dənizə yollanmışdır!” – deyə cavab verdi.”[5]

Beyinin möcüzəvi quruluşu və unutqanlıq

Tibbi araşdırmalara görə insan beyninə milyonlarla neyron (sinir hüceyrəsi) yerləşdirilmişdir. Allah-Təala bu neyronlar sayəsində insana neçə kitabxana həcmində biliyi öyrənmək və yadda saxlamaq qabiliyyəti vermişdir. Hafizənin əsas vəzifəsi məlumatı toplamaq, yaddaşda saxlamaq və lazım gələndə istifadəyə təqdim et­məkdir.

İnsanların zehnini lüzumsuz və zərərli şeylərdən qoruduğu və yaradılış qayəsinə uyğun yaşadığı dövrlərdə bir şeyi bir dəfə eşitməklə əzbərləyən Əbu Hüreyrə (r.a) kimi fitri hafizəyə malik şəxsiyyətlər yetişmişdir. Allah Rəsulunun (s.a.s.) əmri ilə cəmi on-on beş gün ərzində ibranicəni məktub yazma, gələn məktubları tərcümə etmə səviyyəsində öyrənən Zeyd ibn Sabit (r.a) kimi yüzlərlə səhabə eşitdiyini bir dəfəyə öyrənən və bir daha yaddan çıxarmayan insanlardır. Xüsusilə, Tabiun və Təbeyi-tabiun dövrü güclü yaddaşını İslama sərf edən, elm öyrənib öyrədən  alimlərin çoxluğu ilə yadda qalmışdır. Məsələn, Əhməd ibn Hənbəl mövzusu eyni olsa da, fərqli sənəd və mətinlərdə nəql olunan bir milyon hədisi əzbərləmiş və 40 min hədis ehtiva edən məşhur “Müsnəd”ini üç yüz min hədisin içindən seçərək ərsəyə gətirmişdir. İmam Buxari hədisləri rəvayət edənlərin adını və hədislərdəki fərqli sözləri əzbər deyirdi.

Ancaq son dövrlərə doğru hafizələr elə bil dondu, cılızlaş­dı.  Bu gün insanlar qısa və sadə mətnləri iyirmi dəfə oxuyub­ öyrənə bilmirlər. Bulanıq zehinlər, dağınıq fikirlər və kirli qəlblər həm öyrənmə müddətinin uzanmasına, həm də unutqanlıq xəstəliyinə gətirib çıxardı.

Hafizənin zəifləməsinin səbəbləri

Hafizənin zəifləməsinin bir çox səbəbi var. Beyin və hafizəni araşdıran alimlər beyin üçün zəruri fermentlərin çatışmamasını, stress və gərginlik zamanı beyin enerjisinin qısa müddətdə tükənməsini əsas səbəblərdən sayırlar. Bəzən də insanın fizioloji quruluşunun və fiziki xüsusiyyətlərinin də hafizə zəifliyinə səbəb olduğunu bildirirlər. Mütəxəssislər yaşlandıqca bədənin bəzi orqanlarının yorulduğunu, buna görə də bəzi funksiyalarını yerinə yetirə bilmədiyini deyirlər.

Bütün bunlarla yanaşı, keçmişdən bu günədək bəzi İslam alimləri həddən artıq yatmağın beyni kütləşdirdiyini, dolu mə­də­nin zehnə mənfi təsir etdiyini, sübh namazından sonra­ kə­rahət vaxtında yatmağın və harama baxmağın da unutqanlı­ğa­ səbəb olduğunu bildirmişlər. Həmçinin zehin kirliliyinin­ ha­fizəni zəiflətdiyini düşünən müsəlman alimləri lüzumsuz iş­lər­dən, faydasız söhbətlərdən, lazımsız məlumatlardan və uzun-uzadı xəyallar qurmaqdan çəkinməyin vacibliyini vurğulamışlar. Hətta sistemsiz düşünmə vərdişinə yol açar və yaddaşı lüzumsuz məlumatlarla doldurar deyə qəbir daşlarının üstündəki yazıların oxunmasını belə düzgün saymamışlar. Bugünkü reklam lövhələri, maşın nömrələri, televiziya və qəzetlərdəki lüzumsuz səhnə və şəkillər qəbir daşlarındakı yazılar kimi zərərli ola bilər. Hərçənd, zehinləri kirlədən, qəlbləri bulandıran və hafizəni zəiflədən qarmaqarışıq bir dünyanın sakinləri olaraq bizlər qəbir daşlarındakı yazıların unutqanlığa səbəb olduğunu anlamaqda çətinlik çəkirik. Ancaq yaddan çıxarmayaq ki, saleh sələflərimiz məsələyə öz təmiz mühitlərindən yanaşmışlar.

Hesab edirəm ki, şəhvət hislərini körükləyən və nəfsani duyğuları oyadan amillər hafizənin zəifləməsində başlıca “rol oynayır”. Bu gün ailə və cəmiyyətin vəziyyəti xüsusən, gənclərin gözəl və sağlam yetişməsi baxımından qənaətbəxş deyildir. Üstəlik kənardan axıb gələn və ruhu zədələyən zərərli təlqinlər təmiz beyinləri iflic edir. Filmlər, televiziya verilişləri, teatr tamaşaları, moda sərgiləri, maqazin proqramları, gündəlik xəbərlər, siyasi polemikalar, idmançı və sənətçilərin əhəmiyyətli hadisə kimi nümayiş etdirilən hərəkət və sözləri, sırf maraq oyatsın deyə uydurulan yalanlar, hər cür sensassiyalar… onsuz da kifayət qədər zəifləmiş beyinləri büsbütün zəbt edir.

Və çağdaş dünyanın insanları haram dinləmək, haram danışmaq və harama baxmaq kimi günahlar bataqlığında çırpınmaqdadır.

Harama baxmaq hafizəni kütləşdirir

Allah dostları harama baxmağın unutqanlığa səbəb olduğunu israrla vurğulamışlar. Gözlərinə hakim ola bilməyən və daima şəhvani şeylərə baxan bir adamın hafizəsinin getdikcə kütləşdiyini bildirmişlər. Belə ki, İmam Şafei həzrətləri müəllimi Vəki ibn Cərraha hafizəsinin zəifliyindən şikayətlənmiş, o böyük alim də tələbəsini ən kiçik günahdan belə uzaq durmağa çağırmışdır: “Elm ilahi bir nurdur. Allah daima günah işləyən insana öz nurunu lütf etməz”. İmam Şafei ehtimal ki, mətni bir dəfə deyil, iki və ya üç dəfə oxuyaraq əzbərləməyə başlayanda hafizəsindən gileylənmişdir. Yoxsa İmam Şafei kimi böyük alimin, Allah dostunun bilə-bilə günah işlədiyini düşünmək olmaz.

Ümmətini harama baxmamağa səsləyən Allah Rəsulu (s.a.s.) kişi-qadın hər kəsin iffət libasına büründüyü bir dövrdə, özü də həcci yerinə yetirib Ərəfatdan qayıdarkən ətrafdakı qadınları görməsin deyə tərkinə aldığı (Həzrət Abbasın oğlu) Fəzlin başını sağa-sola çevirmişdi. Rəsulu-Əkrəm (s.a.s.): “Baxmaq şeytanın zəhərli oxlarındandır”, – buyuraraq onlardan qorunmağın vacibliyini vurğulamışdı.[6] Həzrət Əliyə, onun timsalında da bütün ümmətinə xitabən: “Ey Əli, qeyri ixtiyari gözünə ilişən harama ikinci dəfə baxma. Çünki ilk baxış lehinə, ikinci baxış isə əleyhinədir”, – buyurmuşdur.[7] İlk baxış qeyri-iradi, ikinci baxış isə iradidir. Həzrət Cərir (r.a.) Allah Rəsulundan (s.a.s.) ani baxışla əlaqədar hökmü soruşmuş, Peyğəmbərimiz (s.a.s.) də: “Nəzərini dərhal çevir”, – deyə buyurmuşdur.[8]

Yaddaşı nə cür gücləndirə bilərik?

Hafizəni zəiflədən şeylər olduğu kimi onu gücləndirən səbəblər də vardır. Xüsusilə, rejimli həyat, prinsipial işləmək, sistemli düşünmək və beyni daima işlətmək kimi amillər hafizənin qüvvətlənməsində vacib rol oynayır. Mütəxəssislər: “Çox işləmək beyni yorur” fikrini düzgün hesab etmir. Beyin yorğunluğunun səbəbi çox işləmək deyil, yanlış istifadə və ya istifadəsizlikdir. Bəli, beyin çox çalışmaqdan yorulmur, əksinə işlədikcə itiliyini, səmərəliliyini artırır. Beyni yoran və kütləşdirən işləmək yox, boş-bekar durmaq, düşünməmək, təfəkkür etməmək və bekar qalmaqdır. İstifadə olunmayan orqanlar passivləşdiyi, işlən­mə­yən kotan pas atdığı kimi, hafizə də düzgün istiqamətdə işlə­dilməyəndə kütləşir.

Əfsuslar olsun ki, gündən-günə inkişaf edən texnologi­ya­ insan beyninin işini müəyyən qədər azaldır. Bu günün tə­lə­bələri hesablayıcı maşınlara və kompyuterlərə arxayın olub vur­ma cədvəlini belə əzbərləməyə ehtiyac görmürlər. Bu hazıra nazirlikdən irəli gələn tənbəllik də beyin şöbələrinin ak­tiv­ləşməsini əngəlləyir. Bəli, insan mütləq texnoloji imkanlardan yararlanmalı, ancaq tarazlığı pozmamağa çalışmalıdır. Məsələn, hafizə kütləşməsin deyə sadə işlərdə kompyuterdən istifadə etməmək daha məqsədəuyğundur. Kompyuter hafizənin işini asanlaşdırmaqla yanaşı, elə proqramlaşdırılmalıdır ki, beyni məşq etdirsin. Kompyuterdən alternativ beyin kimi istifadə olunmalıdır. Özümüzü kompyuterə əmanət etməməliyik. İnsan əzbərləməkdən çox öyrənməyə önəm verməli və daha çox bu istiqamətə yönəlməlidir. Lakin bəzi əhəmiyyətli mətnləri əzbərləmək də zehni məşq etdirmək baxımından çox faydalıdır.

Digər tərəfdən, mütəxəssislər bəzi qidaların beynin işinə birbaşa təsir göstərdiyini də qeyd edirlər. Məsələn, səhər yeməyi beynin fəaliyyətinə müsbət təsir göstərir, səhər yeməyi yeməyən insanlarda isə diqqət dağınıqlığı meydana gəlir. Unutqanlığı azaltmaq və hafizəni qüvvətləndirmək üçün tərkibində beynin əsas qida maddəsi – qlükoza olan kişmiş kimi qidaların qəbulunu məsləhət görürlər.

Hafizəni qüvvətləndirmə namazı

Bilik və təcrübələri ilə bizə yol göstərən alimlərimiz hafizəni gücləndirib unutqanlığı azaltmaq üçün həm bir qisim dualar oxumuş, həm də hər səhər 21 dənə çəyirdəkli quru üzüm yeməyi adətə çevirmişlər. Allah dostları həmçinin yaddaş zəifliyindən gileylənən insanları bu hədisi-şərifdə göstərilən dörd rükətli namaza və namazın ardınca edilən duaya yönəltmişlər:

Bir gün Həzrət Əli Allah Rəsulunun yanına gəlib Qurani-Kərimi yadda saxlaya bilməməkdən şikayət edir:

− Quran qəlbimdən uçub gedir. Yadımda qalmır.

Rəsulu-Əkrəm:

− Cümə gecəsinin son üçdə birində qalx, mələklər o zamana şahidlik edirlər, o vaxt edilən dualar qəbul olunur. Əgər o saatda qalxa bilməsən, gecənin əvvəlində və ya ortasında qalx, dörd rükət namaz qıl. Birinci rükətdə “Fatihə” və “Yasin”, ikinci rükətdə “Fatihə” ilə “Duxan”, üçüncü rükətdə “Fatihə” və “Səcdə”, dördüncü rükətdə “Fatihə” ilə “Mülk” surəsini oxu. “Əttəhiyyat”ı bitirdikdən sonra Allaha həmd-səna et. Mənə və başqa peyğəmbərlərə də salavat gətir. Kişi-qadın – bütün möminlərdən ötrü Allahdan bağışlanma dilə. Daha sonra da bu duanı oxu” − buyurur və “Hifz duası” adı ilə  kitablara düşən duanı təkrar etməyi tapşırır .

Həzrət Əli (kərrəməllahu vəchəhu) bu məsləhətə beş və ya yeddi gecə əməl edir və gəlib Allah Rəsuluna belə deyir:

− Ey Allahın Rəsulu! Əvvəllər dörd-beş ayəni belə əzbərləyə bilmirdim. Amma indi qırxa yaxın ayəni əzbərləyə bilirəm. Ayələri oxuyanda da Allahın kitabı gəlib gözümün qabağında dayanır. Əvəllər bir hədisi eşidəndə təkrarlasam da, tam əzbərləyə bilmirdim. Amma indi hədisləri eşidib onları danışanda bir hərfini belə qaçırmıram.[9]


[1] “Yasin” surəsi, 36/68
[2] Əbu Davud, “Sünnət”, 18

[3] “Yusif” surəsi, 12/42

[4]  “Möminlər” surəsi, 23/109-110

[5] “Kəhf” surəsi, 18/63

[6] Hakim, “Müstədrək”, 4, 314

[7] Tirmizi, “Ədəb”, 28; Əbu Davud, “Nikah” 44

[8] Müslim, “Ədəb”, 45; Əbu Davud, “Nikah” 44

[9] Tirmizi, “Daavat”, 114



Bənzər məqalələr

Oğurluq malı almaq olarmı?

Oğurlanan və ya qəsb edilən mal əmanət hökmündədir. Bu mal qorunmalı və sahibinə qaytarılmalıdır. Belə ki, malın əsl sahibi malının ona aid olduğunu isbat etdikdə onu oğrudan və qəsbkardan ala bildiyi kimi, malın satıldığı şəxsdən də almağa ixtiyarı var.

Yaddaşı gücləndirmək

Sual: Yaddaşı gücləndirmək üçün nə edə bilərik? Yaddaşı gücləndirmək üçün öncəliklə haram olan şeylərə baxılmamalı, diqqəti dağıdan şeylərdən də uzaq qalmalıyıq. Alimlərimiz yaddaşı gücləndirmək üçün səhər acqarına 21 ədəd kişmişin (qurudulmuş üzüm) üzərinə 21 dəfə “Bismillah” oxuyaraq yeyilməsini tövsiyyə etmişlərdir. Tibbi Nəbəvidə 21 ədəd qara rəngli çəyirdəkli üzümün kişmişinin yeyilməsi tövsiyyə edilir.

Haramla məkruh arasındakı fərq

Sual: Haramla məkruh arasındakı fərq nədir? Cavab: İslam dinində edilməsi qəti olaraq qadağan edilən şeylər (davranış, hərəkət və s.) haram sayılır. Dini cəhətdən qadağaları yalnız Allah və Rəsulu (s.ə.s) qoya bilər. Bir şeyin haram buyrulmasının səbəbi həmin şeyin zərərli olmasıdır. Bu haramlıq zərər və ya qadağan edilən şeyin ya özündən qaynaqlanır, ya da dolayı olaraq bir səbəbə isnad edilir.

Kimlərlə evlənmək olmaz?

Quranda bəzi qohumlarla evlənmək qadağan edilmişdir. Nəsəb, süd, evlilik, din fərqi, zinakarlıq kimi səbəblər evlənmə maneələri sayılır. Bu səbəblərdən evlənmələri caiz olmayan qadınlara “məhrəm” deyilir. Aşağıdakı ayələrdə bunlar bildirilmişdir:

Nərd oynamaq günahdır?

Nərd oynamaq haramdır. Bunun səbəbi isə zaman israfı yox, Rəsulullahın (s.ə.s) bunun haram olduğunu bildirməsidir. Allah Rəsulu (s.ə.s) “Kim nərd oynayarsa Allah və Rəsuluna isyan etmişdir” buyurmuşdur. Nərdin haram olmasındakı səbəb vaxtın boşa xərclənməsi və ya qumara alışmaq deyil. Bunlar sadəcə onun qadağan olunmasının hikmətləridir. Nərd oynayarkən zərlərin hər atışda fərqli düşməsi, zərdən nəsə ummaq, qədərə üsyan düşüncəsinə səbəbiyyət verməsi onun qadağan olunmasının hikmətlərindən sayıla bilər. İnanan bir insan da Allah Rəsulunun (s.ə.s) sünnəsinə səhabələr kimi sorğulamadan tabe olmalıdır.


Şərh yaz