Təəssüflər olsun ki, insan yalanın qəbuledilməz bir şey olduğunu bilə-bilə onu söyləməkdən utanmır, hətta bəzi yerlərdə onun söylənməsini “doğru” və “gərəkli” olduğunu düşünür.
İnsanlar bir-birilərini aldadaraq nəyə isə nail olacaqlarını düşünür və işin nəticəsində (əksər vaxtlarda) şəxsi mənfəətləri olduğuna görə özlərinə (daxillərində və xaricdə) bəraət qazandırmağa çalışırlar. Əslində, yalan doğruluğun əksinə söz söyləmək, olan bir hadisəni olmamış, olmamış bir işi isə olmuş kimi göstərməkdir. Yalançı insan özü də bunun pis bir əməl olduğunu bilir və bu yöndən baxdığımızda insan öz yalanları ilə hər kəsdən əvvəl özünü aldadır. Çünki yalançı insan ona “yalançı” deyilməsini istəməz, bundan narahat olar. Özünün yalançı olduğunu qəbul etməməsi isə şübhəsiz ki, başqa bir yalandır.
Dinimizə görə yalan ən çirkin hadisələrdən biri kimi qiymətləndirilmişdir. Yalan insanı cəmiyyətdə etibarsız bir şəxsə çevirər. Yalan danışan insanların əksəriyyəti paxıl və kinli şəxslərdir. Bu növdən olan insanlara isə heç kimsə güvənməz.
Dürüst olmaq, nə qədər insani və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq da bir o qədər qeyri-insani və qeyri-əxlaqi davranışdır. Yalanın qeyri-insani və qeyri-əxlaqi çirkinliyi, insanlar arasında var olan əlaqələri təməldən sarsımaqdadır.
Yalan danışmaq bəşəri əlaqələri köklü bir şəkildə zədələyər. Çünki insanlar arasında gözəl münasibətlərin qurulmasının zəruri şərti, insanların bir-birilərinə qarşı səmimi olmalarıdır. Yalan isə insanlar arasındakı bu səmimi mühitin meydana gəlməsinə mane olur. Qarşılıqlı səmimiyyətin olmadığı bir yerdə isə sağlam insani münasibətlərdən danışmaq mümkün deyildir. Hətta hz. Peyğəmbər zarafatla belə olsa yalan danışmağı qadağan etmiş və yalanı münüfiqliq qəlaməti kimi görmüş və belə buyurmuşdur:
“Münafiqin əlaməti üçdür. danışanda yalan danışar, söz verdiyi zaman yerinə yetirməz və əmanətə də xəyanət edər”(Buxari, Müslim)
“İnsana doğruluq yaraşır. Doğruluq insanı yaxşılığa, o da Cənnətə çəkib aparar. İnsan bir dəfə doğruluğa yönəldimi, həmişə doğru söylər, doğrunu araşdırar. Beləcə o insan Allah qatında “siddiq” (özü-sözü dürüst insan) kimi qeyd olunar.
Yalandan uzaq olun! Yalan insanı fücura (günaha), bataqlığa, o da Cəhənnəmə aparar. İnsan bir dəfə yalana əl atdımı, daima yalan danışar, nəticə olaraq da Allah qatında “yalançı” kimi qeyd olunar…” ( Buxari, Ədəb 69; Müslim, Birr 103-105 )
İnsanlardan ibarət olan cəmiyyət, ən başda yalan olmaq şərti ilə iftira, qeybət, həsəd, rüşvət, təkəbbür və digər müxtəlif qeyri-əxlaqi davranışların təsiri ilə zəifləyir və yoxluğa məhkum olur. Bunlardan xilas olmanın yolu isə insanların bir-birilərinə qarşı səmimi və xoşrəftar olmalarından keçir.
Dr. Qoşqar Səlimli
BDU İlahiyyat Fakultəsi