6. 240 dəfə oxunub ,   0 şərh   Çap et

Və bir gün… Təqvimlərin miladi tarixlə 610-cu ili göstərdiyi bir bazar ertəsi… Ramazan ayının on yeddisi… Nur dağında nurlar qovuşmuş, səma ilə dünya arasında möhkəm bir bağ qurulmuşdu. Vəhy mələyi Cəbrail gəlmiş, rəhmət peyğəmbəri Məhəmmədül-Əminə peyğəmbərlik vəzifəsini aşkar təbliğ edirdi. İki nur Nur dağında bir-birinə qovuşmuşdu və beləliklə, bəşəriyyətə yeni bir əmanət gəlirdi. Artıq Nurun Nuru qarşılamaq mövsümü gəlmiş, yer üzündə nurlu bir mərhələ başlayırdı. Səmavi Nur ərzi olanı (yerdən olanı) qucaqlayacaq və “Oxu” deyəcəkdi. Bu əmanət dağ-daşın da daşımaqda aciz qaldığı bir məsuliyyəti çiyinlərə yükləmək idi… Vəzifənin əzəməti qarşısında hiss edilən ağırlıq dözülməz görünürdü.

Həm də nəyi oxuyacaqdı? Oxumağı, yazmağı bilmirdi axı… Heç kimin yanında təhsil də almamışdı. Onun Rəbbindən başqa üfüqünü dolduracaq ikinci pənah yeri olmamışdı.

− Mən oxuya bilmirəm, − deyə cavab verir. Cəbrail yaxınlaşır və yenidən Onu qucaqlayır. Taqəti kəsilənə kimi sıxır, ardınca buraxaraq:

− Oxu, − deyir. Allah Rəsulu eyni cümləni təkrar edir:

− Mən oxumağı bacarmıram!

Görünür, bu məsələnin arxasında başqa bir məqam vardı. Çünki Cəbrail yenidən yaxınlaşmış və Məhəmmədül-Əmini belindən qucaqlayaraq bərk-bərk sıxırdı. Bir müddət sonra buraxır və yenə:

− Oxu! − deyir.

− Mən oxumağı bacarmıram axı! Nəyi oxuyum? − deyə Allah Rəsulu təkrar dillənir. Cəbrail yenə Rəsulullahı qucaqlayır. Nəhayət, məsələ yoluna qoyulur. Qucaqladığı Allah Rəsulunu  buraxan Cəbrail bunları deyirdi:

− Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu!  Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki insana bilmədiklərini öyrətdi.[1]

İndi məsələ aydınlaşmışdı, çünki mərhəmətli Rəbbin adı ilə olunca hər şey oxunardı. Amma hələ nəyin oxunacağı deyilməmişdi. İnsan qarşısında duran hər bir varlıq Yaradandan bəhs edirdi öz dili ilə. Və şüurlu məxluq olan insan bu dili oxumaq üçün məxluqatı yaxşı dərk etməli idi.[2]

Həmçinin bu əmrdə o günədək qazandığı mənəvi dəyərləri bundan sonra gələcək olanlarla eyni paralellikdə dəyərləndirmə təlqini də var idi… Hissə-hissə nazil olan Quran ayələrini hər dəfə təkrar oxumağa təşviq də vardı burada… Çünki bu Kitab həyatdan təcrid olunacaq və ya bahalı qumaşlarda, rəflərdə həbs ediləcək bir kitab deyildi, o, hər cəhəti ilə möminlə yaşayan bir bəyan olmalı, insanın həyat tərzinə çevrilməli idi. Buna görə də ilk növbədə onu yaxşı oxumaq və başa düşmək  və ciddi bir təvəccöhlə (yönəlişlə) ona yönəlmək lazım idi. Çünki o, təvəccöh nisbətində qapılarını açar və istəyənlərə xəzinələrindən ən nadir  incilər bəxş edərdi.

Eyni zamanda bu əmr bundan sonrakı vəzifə ilə bağlı yeni başlanğıcı ifadə olunur; O, bu vəsilə ilə  insanlara  üz tutacaq və onları haqq dinə dəvət edəcəkdi. Allah Rəsuluna bu vəzifəni yerinə yetirərkən müxatəblərinin (xitab etdiyi şəxslər) xarakterini yaxşı oxumaq təlqin edilir və müxatəbini yaxşı tanıyandan sonra, onunla başa düşəcəyi dildə danışmağın zəruriliyi  izah edilirdi.

Bu vaxt artıq Hirada ilk vəzifəsini icra edən Cəbrail getmiş, bir anda gözdən itmişdi. Yaşadığı hadisənin təsiri bütün ehtişamı hələ də üzərində idi. Bir müddət sonra anlayır ki, dilində tərənnüm etdiyi kəlamlar bir az əvvəl Cəbrailin dedikləridir. Onun gətirdikləri hərf-hərf qəlbinə həkk olmuşdu  və O da bunları təkrar edirdi.

Artıq məsələnin mahiyyəti aydın idi: o günədək yanlışlıqlarına  şahid olduğu insanlığın bundan sonra həqiqəti tapmasında rəhbərlik vəzifəsi Ona verilmişdi. Məsələni anlamışdı; mağaradan aşağı enəcək, Məkkədəki ilk müxatəblərindən başlayaraq dünyanı Rəbbin arzuladığı istiqamətdə yeni bir boya ilə tanış edib hər kəsi Rəhmani bir mövqeyə dəvət edəcəkdi. Çünki Ona əvvəlkilər kimi, amma onlardan fərqli olaraq bütün insanlığı qucaqlayan bir vəzifə − peyğəmbərlik vəzifəsi verilmişdi və O da bu vəzifəni yerinə yetirmək üçün artıq Məkkə tərəfə yönəlmişdi.

Məkkəyə doğru

Artıq Nur dağında birləşən iki Nur bundan sonra daha tez-tez görüşmək vədi ilə bir-birindən ayrılmış və Allahın Rəsulu (s.ə.s.) aldığı yeni xəbərlə sürətlə Məkkəyə yönəlmişdi. Bir tərəfdən çiyninə yüklənən missiyanın ağırlığı ilə ikiqat olmuş, digər tərəfdən qəlbi Hirada yaşadığı vüsalın həzzi ilə fərəhə qərq olmuşdu. Çünki vəhyin ağırlığı bütün vücudunu bürümüşdü. Bu əsnada səmada  əks-səda verən bir səs eşidir:

−  Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!

Allah Rəsulu mübarək başını yuxarı qaldıranda Cəbraili bütün möhtəşəmliyi ilə qarşısında görür. O, yenə eyni sözləri təkrar edirdi:

−  Ey Məhəmməd! Sən Allahın Rəsulusan, mən də Cəbrailəm!

Rəsulullah (s.ə.s.) durduğu yerdə donub qalmışdı, nə bir addım irəli atır, nə də dönüb arxaya gedə bilirdi. Bir müddət belə gözləyib, nəhayət, başını tərpədir. Bu, nə idi? Baxdığı hər yerdə eyni mənzərə vardı. Bütün üfüqü Cəbrail əhatə etmişdi.

Bir yanda  Hz. Xədicə həyat yoldaşının gec qayıtmasından narahat olmuş və bir xəbər gətirmək üçün arxasınca adamlar göndərmişdi. Onlar da Allah Rəsulunun Hiraya getdiyini bildikləri üçün oraya üz tutmuş, amma bir nəticə əldə edə bilməmişdilər.

Heyrətli və təlaşlı anları artıq sona çatmış  və Allah Rəsulu Məkkəyə yönəlmişdi. Qəribə idi ki, yolda gedərkən hər tərəfdən Onu müşayiət edirdilər:

− Allahın salamı üzərinə olsun, ya Rəsulullah! − səsləri eşidilirdi. O, bu səslərin gəldiyi tərəfə yönəlir, amma heç kimi görmürdü. Çox keçmədən başa düşür ki, qarşısına çıxan  hər daş, hər ağac Ona ehtiramını bildirir və Ona salam verib peyğəmbərliyini açıq-aşkar təsdiq edir.[3]

Həyəcan içində  evə çatır:

− Üstümü örtün, üstümü örtün, − deyə vəfalı yoldaşına üz tutur.[4] Sonra da mübarək başını Xədicə anamızın dizi üstə qoyur. Diqqətlə ərinə baxan mətanətli qadın şəfqət dolu səslə:

− Ey Əba Qasım! Haralarda idin? Allaha and olsun ki, arxanca adamları göndərdim. Məkkədə baxmadıqları yer qalmadı, amma Səndən bir xəbər çıxmadı, − deyə həyat yoldaşına olan məhəbbətini dilə gətirirdi.

Bir müddət sonra Allah Rəsulu:

− Özümdən qorxuram, ey Xədicə! Bir ziyana uğramaqdan əndişə edirəm, − deyincə sevimli həyat yoldaşı:

− Qətiyyən narahat olma, qorxma! Allah Səni heç vaxt hədər etməz, əksinə Səni qoruyar, − deyir və ardınca da  əlavə edir:

− Çünki sən qohum-əqrəbalarını himayə edir, imkansızların əlindən tutur və ehtiyacı olanları da geyindirirsən. Eyni zamanda, evindən qonaq əskik olmaz. Sən hər hərəkətinlə həmişə Haqqın yolundasan və özünü tamamilə xeyirli işlərə həsr etmisən.[5]

Allah cəmiyyətin bu cür boşluqlarını doldurub çatışmazlıq və qüsurları aradan qaldırmağı özünə vəzifə bilən bir Şəxsi heç tək-tənha qoyardımı? Əslində Hz. Xədicə bu hərəkəti ilə hər bir müsəlman qadın üçün nümunəvi davranış sərgiləyir və dünya adına xeyirdə birinci olmanın nümunəsini ortaya qoyurdu. Əlbəttə, Allah ən sıxıntılı vaxtlarda rəşadətini isbat edənləri heç vaxt tək qoymazdı!

Və nəhayət, Allah Rəsulu başına gələnləri Hz. Xədicəyə danışır. Təcrübə, mətanət və səbir insanı olan Hz. Xədicənin təvəkkülü (Allaha inamı) tam, xarakteri möhkəm idi. O, başqalarının əmin-amanlıq dilədiyi Əminin də sahibsiz olmadığını bilirdi. Xədicə anamız ondan gözlənilən iradəni ortaya qoyacaq və lazım gələndə də Allah Rəsulunu tək qoymayacaq, Ona dəstək olacaqdı:

− Sənə müjdələr olsun, ey əmim oğlu! − deyə sözə başlayır. Ardınca da:

− Mövqeyində dəyanətli (sabitqədəm) və qərarlı ol! Xədicənin nəfsi əlində olan Allaha  and olsun ki, Sən bu ümmətin gözlənilən Peyğəmbərisən, − deyir. Ona görə, bu, gözlənilən bir nəticə idi. Elə oradaca heç tərəddüd göstərmədən Onu və Onunla birlikdə gələnləri təsdiq edir[6]… Sonra da üstünü örtdüyü Rəsulullahı otaqda Rəbbi ilə birlikdə qoyub başqa qapıya yönəlir…

Varaqanın rəhbərliyi

Məkkənin bu xəbərə sevinəcək başqa bir sakini də vardı. Xədicə də vaxt itirmədən dərhal əmisi oğlu Varaqa ibn Nəvfəlin yanına qaçır. İzzətli ərinin danışdıqlarını bir-bir anladır Varaqaya. Xədicənin dediyi hər söz Varaqanın dünyasında fırtınaların qoparırdı. Bir anda özünü saxlaya bilmir:

− Quddus!… Quddus,[7] − deyə hayqırmağa başlayır bu qoca müdrik. Ardınca da əlavə edir:

− Ey Xədicə, Varaqanın nəfsi qüdrəti əlində Olana and olsun ki, əgər mənə danışdıqların həqiqətdirsə, bu gələn Musa və İsaya gələn Mələkdir. Şübhəsiz ki, O da bu ümmətin Peyğəmbəridir. Get Ona söylə ki, yerində sabit  (qərarlı) olsun.[8]

Deməli, torpaqdakı toxumun qabığı çatlamış və cücərməyə başlamışdı. Gözlənilən an artıq gəlib çatmış, bəşərin uğursuz taleyi dəyişməyə üz tutmuşdu. Bəşəriyyətin istiqamətini dəyişdirəcək bu hadisəni bir də vasitəsiz dinləmək lazım idi və çox keçmədən yenə Hz. Xədicənin köməyi ilə Kəbənin həyətində görüşdülər. Yaş fərqi itaətə mane deyildi və yaşlı Varaqa əvvəlcə Allah Rəsulunun alnından öpüb:

− Ey qardaşımın oğlu! Eşidib gördüyün şeyləri mənə də danış, − deyir mərhəmət diləyən bir adam kimi…

Allahın Son Nəbisi  başına gələnləri bir-bir Varaqaya danışır. Eşitdiyi hər söz, qulağına çatan hər kəlmə Varaqanın ruh dünyasında fırtınalar qoparır, ona həyəcanlı anlar yaşadırdı. Çünki illərdir qovuşmaq həsrəti ilə alışıb-yandığı və yalnız sətirlərdə oxuyub cani-könüldən gələcəyini gözlədiyi Müjdə o an yanında dayanan şəxs idi. Allah Rəsulunun sözləri qurtarınca bu dəfə Varaqanın dili açılır, aradığını tapan bir könlün həyəcanı və titrəyən səsi ilə bu tarixi cümlələri söyləyir:

− Nəfsim qüdrəti əlində olana and olsun ki, Sən bu ümmətin peyğəmbərisən. Səninlə görüşən daha əvvəl Musanın yanına gələn mələkdir. Unutma ki, Sən buna görə yalançılıqda ittiham ediləcək, əziyyət və işgəncələrə məruz qalacaq və ağlagəlməz düşmənçiliklərlə üzləşəcəksən. Kaş mən həmin vaxt cavan və sağ olaydım, qövmünün Səni yurdundan çıxardığı gündə  Sənə dəstək verəydim.

Təsəlli üçün gedilən qapıda eşidilən sözlər, həqiqətən də, çox diqqətəlayiq idi. Bəli, gələcək ümidlə dolu idi. Ancaq bu ümidin gerçəkləşməsi elə də asan görünmürdü… İşin digər tərəfində Onu möhnət dolu, əzablı və məşəqqətli günlər gözləyirdi.

Allah Rəsulu da təəccüblənmişdi. Görünür, bu yaşlı müdrik çox şey bilirdi. Maraq və heyrət içində Varaqadan soruşur:

− Qövmüm məni buradan çıxaracaqmı?

Verilən cavab təkcə bu sualın cavabını ehtiva etmirdi, ümumi ifadələrlə həm Onun başına gələcək hadisələri sadalayır, həm də Onun davamçılarının bütün müqəddəs köçlərinin səbəbini izah edirdi:

− Bəli… Səni də çıxaracaqlar. Çünki Sənin gətirdiyin həqiqətlə gə­­­lən elə bir insan yoxdur ki, öz elindən-obasından çıxarılmasın, vətənindən ayrı salınmasın…[9]



[1]. Bax: “Ələq” surəsi, 96/1-5

[2]. Quranda qeyd edilən “ayə” qavramlarının, bəlkə, 90 faizi bu cür oxumaqdan bəhs edir və insanı Allaha çatdıran dəlillərin ancaq surələri meydana gətirən cümlələr deyil, həmçinin ən kiçiyindən ən böyüyünə kimi varlığı meydana gətirən ünsürlər olduğunu anladır.

[3]. İbn Hacer, İsabe, 7/601; Munavi, Feyzu’l-Kadir, 3/19

[4]. Buhari, Sahih, 4/1874 (4638)

 [5]. Buhari, Sahih, 1/4 (3)

 [6]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275

 [7]. Varaqa ibn Nəvfəlin bu təəccüblü sözləri başqa bir rəvayətdə “Subbuh! Subbuh!” şəklindədir. Bax: İbn Hişam, Sire, 2/73

 [8]. Maverdi, A’lamu’n-Nübüvve, 1/275

 

[9]. Bax: Buhari, Sahih, 1/4 (3); Muslim, Sahih, 1/97, 98




Şərh yaz