İslamda böyüklərə hörmət, kiçiklərə sevgi bir əsasdır. Dinimiz əldən-ayaqdan düşən qocalara qayğı göstərməyi tövsiyə etmişdir. Çünki yaşlıların sayəsində insanın ruzisi və ömrü artır və yenə yaşlılara görə Allah (cəllə cəlaluhu) gənclərdən köməyini əsirgəmir.[1]
Böyüklərə, xüsusilə də, valideynlərə hörmət ailələr arasında daha vacibdir. Onları adları ilə çağırmaq tərbiyəyə ziddir. Bir qadının həyat yoldaşını adı ilə çağırması da ədəbə zidd olduğu üçün məkruhdur. Mövzu ilə əlaqədar Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bəzi hədisi-şəriflərə birlikdə baxaq.
“Bir gənc bir qocaya yaşlı olduğuna görə hörmət edərsə, Uca Allah da o yaşlananda ona hörmət edən insanlar xəlq edər.”[2]
Bu hədisi-şərif qocalara hörmət edən gənclərin savab qazanacağını və çox yaşayacağını bəyan edir. Qocaları yük kimi görən gənclər bu barədə bir az düşünməlidirlər.
“Kiçiklərinə şəfqət etməyən, böyüklərinə dəyər verməyən və hörmət göstərməyən bizdən deyildir.”[3] Budur, cəmiyyətin varlığını qoruyub saxlayan, böyüklərlə kiçikləri bir-birinə bağlayan düstur!
Ədəb və əxlaq ailədən başlayır. Yaşlılara sayğı və hörmət, onlarla gözəl rəftar ailədə öyrənilir. Ailəsində nənə-babaya hörməti, ana və ataya itaəti, yaşıdları ilə gözəl rəftarı öyrənən insan bu uca əxlaqı ilə ictimaiyyət arasında da seçilər. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Saçı-saqqalı ağarmış yaşlı müsəlmana hörmət edib qayğı göstərmək Allaha hörmətdən irəli gəlir”.[4] Bununla yanaşı uşaqların gözəl tərbiyə olunması əxlaqlı və sağlam ailədə mümkündür. Böyüklərə hörmət hissini formalaşdırmaq üçün bu məsələlərə diqqət yetirmək lazımdır:
1. Ailə üzvləri evə aid bütün işlərdə ata və ana ilə məsləhətləşməli, onları rəhbər qəbul etməlidir. Belə bir davranış böyüklərə hörmət düşüncəsinin formalaşmasına kömək edir. Bir hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) “Bərəkət böyüklərinizin yanındadır” buyurur.
2. Valideynlərin öz ata və analarına hörmət etməsi uşaqlar üçün ən böyük tərbiyə dərsidir. Ana və ata valideynlərinə həmişə sayğılı və şəfqətli davranarsa, uşaqlar da bunu vəzifə bilib valideynlərinə və digər yaşlılara hörmətlə yanaşmağa çalışar. İnsan bu şüura uzun muddət böyüklərdən görməklə və təkrar etməklə yiyələnir. Uşaq dəfələrlə yaşlılara necə itaət və hörmət edildiyini görməlidir ki, onu qavraya bilsin. Yoxsa valideynlərin quru sözlərlə uşaqlara hörmət etməyi öyrətməsi olduqca çətin, bəlkə də, qeyri-mümkündür.
İndi də gənclərin yaşlı insanlara hörmət etməsinin nə qədər əhəmiyyətli olduğuna dair hədisə baxaq:
“Beli bükülmüş qocalar, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, sel kimi üstümüzə bəla yağardı.”[5]
[1]. Tirmizi, Cihad 24: Əbu Davud, Cihad, 70.
[2]. Tirmizi, Birr 15; Əbu Davud, Ədəb 58.
[3]. Tirmizi, Birr 15; Əbu Davud, Ədəb 58
[4]. Əbu Davud, Ədəb 23.
[5]. Acluni, Kəşfül-Xafa, 2/230.