2. 202 dəfə oxunub ,   0 şərh   Çap et

Evliliyin ilk illəri və bir etiraf. Böyük bir xətadan sonra, həm də çox gec edilmiş etiraf! Bir faydası varmı? “Kaş ki” deməyin heç bir mənası yoxdur. Allah Rəsulunun (s.ə.s) bəyanı ilə desək, bu zəmində “kaş ki” demək, şeytana kömək etməyə bərabərdir. Belə buyurur Nəbilər Sərvəri (s.ə.s): “Sənə faydalı olan şeyin arxasınca get və onu əldə etmək üçün Allahdan kömək dilə. Əsla acizlik etmə. Başına bir iş gələndə də: “Kaş belə edəydim, belə olardı,” – demə. Yalnız: “Bu, Allahın təqdiridir, O dilədiyini edər,” – de. Çünki “kaş” deyib heyifsilənmək şeytana qapı açar, söyləyəni zərərə salar”. (Müslim, “Qədər” 34, Nəsai “Əməlil Yovmi vəl-Leyl” 195, İbn Macə, “Müqəddimə” 10)  Çünki zamanı geri qaytarmaq mümkün deyil. Ah, kaş ki! Bəli, kaş ki zamanı geriyə qaytara biləydik və o xətaları bir daha təkrarlamayaydıq… Və ya madam zamanı geri qaytara bilmirik, barı o vaxtlar zamanı irəli çəkə biləydik, bu peşman günlərimizi görüb ona uyğun davrana biləydik. Heyhat!

Hər nə isə.. Birinci nümunəyə qayıdaq!

İki ailənin timsalında sonradan peşmançılığa gətirib çıxaran səbəbləri araşdırırıq, birinci örnəyə baxaq. Xanım dənizlərin o tayından – başqa ölkədən gəlib. Çox kiçik yaşda ailə qurub yoldaşın, dostun xatirinə. Bir tərəfdən  həyat təcrübəsinin olmaması, bir tərəfdən ana-ata, qardaş, vətən həsrəti, üstəlik ərin – özünün də etirafı etdiyi kimi – bəd xasiyyətli, güzəştsiz, hərbi nizam-intizamlı həyat istəməsi… Bunlardan əlavə, yad dil, yad ölkə, üstəgəl bu zəncirə qoşulan bir övlad halqası. Səadət zənciri deyil, problemlər zəncirinin halqaları belə tamamlanır. Bu yerdə xüsusi qeyd edim ki, nə kişiyə, nə qadına yol göstərən, ailə həyatına istiqamət verən, təcrübələri dəstək olan bir çevrə də yoxdur.

Münaqişələr artıq o həddə çatır ki, bəziləri müdaxilə edərək ər-arvada bir müddət ayrı yaşamağı məsləhət görürlər. Və bu “tədbir” “yerinə düşür”. Və qadın körpəsini qucağına alıb  ata evinə qayıdır. Bu gediş də son gediş olur.

İkinci örnək isə dörd aydır, ailə quran, xanımı üç aylıq hamilə olan bir kişiyə aiddir. Kişi patriarxal ailə mühitində böyümüş, yaşı, təcrübəsi, biliyi, özünə hörmət və inamı yerli-yerindədir. Sağlam xarakteri və bilik səviyyəsi, dost-tanış arasında hörmət və izzəti var. Liderlik xüsusiyyəti və əngin xoşgörüsü ilə dost tanış arasında barmaqla göstərilir. “İnancına sadiq qalaraq, hətta şeytanla belə dostcasına yola gedən adam tanıyırsanmı?” – deyə soruşsa idilər, ilk ağlıma gələn insan o olardı. Amma təəssüf ki, ata-anasının timsalında gördüyü ailə münasibətlərini öz evliliyində görməyincə və ömür boyu da görə bilməyəcəyi qənaətinə gəlincə evliliyin elə ilk aylarında narahatlıqlar zühur etməyə başlamışdı.

Birinci misaldakı peşmançılığı xatırlatmaq istəyirəm. “Kaş ki bir az daha dözümlü olaydım. Kaş hər şeyin hərbi rejim çərçivəsində olmasını gözləməyə idim. Kaş arvadıma və özümə yeni həyata uyğunlaşmaq üçün bir az zaman verəydim”. Amma “sonrakı peşmançılıq fayda verməz”.

Diqqət etsəniz, görərsiniz ki, hər iki nümunədə də problemlərin spesifik örnəyini vermədim. Nə üçün? Qorxdum ki, yanlış anlaşılmalara əsas verər. Ancaq məsələni daha da konkretləşdirmək üçün bu ailələrlə əlaqəli olmayan, ancaq əksər ailələrdə müşahidə edilən bir cəhəti vurğulamaq istəyirəm. Bir atalar sözü var, amma yazılı mənbələrdə rast gəlməmişəm: “Ərindən sonra yuxudan qalxan qadından xeyir gəlməz”. Həqiqətən də, bizim evdar qadın statusuna görə, qadın öz həyat yoldaşından öncə yuxudan qalxır, süfrəni hazırlayır, ütüsü başda olmaqla, kişinin lazımi geyimlərini səliqə-sahmana salır və əri işə gedəndən sonra istəsə, yatır, istəsə, yatmır. Məktəbə gedən uşaq və ya uşaqlar varsa, onlara aid işlər də qadın aiddir.

Lakin biz bu gün bəzi ailələrdə eyni halın tamamilə əksini görürük, həm də əksər ailələrdə. “Ayıbdırmı, günahdırmı?” – deyə soruşa bilərsiniz? Xeyr, nə ayıbdır, nə də günah! Əgər ailə üzvləri bunu bir həyat modeli kimi mənimsəmişsə və burada bir anormallıq görmürlərsə, biz heç nə deyə bilmərik. Amma bu hal birincisi, evdə söz-söhbətlərə səbəb olursa (bu da olduqca normaldır), ikincisi ənənəvi (klassik) ailə sisteminin müəyyən mənada dəyişməsinə gətirib çıxarırsa və övladlarımız vasitəsilə sonrakı nəsillərə ötürülməsi ehtimal daxilindədirsə ‒ halbuki bu, labüddür, ‒ o zaman qadın gündəlik həyat tərzini qədim, ənənəvi anlayışımıza uyğun qurmalı deyilmi?

Fikrimcə, lazımdır, şərtdir, hətta deyərdim ki, qadın buna məcburdur. Madam ki evdar qadındır və adət-ənənələrimizə görə, yuxarıda bəhs etdiyim vəzifələr evdar qadına aiddir, hər şeyə rəğmən, bunları yerinə yetirməklə mükəlləfdir.

Məncə, “bu hal aztərkibli ailə quruluşunun tələbidir və ya həyat standartlarının dəyişməsi bunu zəruri edir” və s. bu kimi bəhanələrin heç bir mənası yoxdur. Belə ki, biz yaşadığımız həyatla yalnız bu günümüzün deyil, gələcəyimizin də təməllərini atırıq. Mən problemin nəticəsini yuxarıda bir cümlə ilə ifadə etməyə çalışdım. Bu həyat tərzinin övladlarımıza necə təsir edəcəyini hər halda düşünürsünüz!

Guya, qəbul olunan həyat tərzindən güzəştə getmək imiş bu! Evin xanımı belə düşünür? Yox bir, nənəsi kimi sübh tezdən qalxacaq, ərini işə yola salacaqmış? Hansı dövrdə yaşayırıq?

Bunlar hissiyyatın ağıl və mühakiməyə qalib gəldiyini göstərən yersiz bəyanlardır. Allah xatirinə etməyin bunları! Qoyun insan ailəsinin səadəti uğrunda azacıq da olsa, fədakarlıq göstərsin. Azacıq da olsa, yuxusundan keçsin. Bu qədər fədakarlığı belə göstərmək istəməyən qadın nə bir ailə yuvasının xanımı, nə də ana ola bilər. Əslində, elə böyük  fədakarlıq da deyil! Sadəcə yuxunu nizama salmaq lazımdır!



Açar sözləri

ailə ilk illər kaş ki qadın

Bənzər məqalələr

Şeytanı sevindirən xəbər

Şeytanı sevindirən xəbər (Hekayə)

Cütlüyün müraciət şəkli

Ər-arvad arasında ünsiyyətin müxtəlif yönləri var. Bunlardan biri də ailədaxili ünsiyyətdə cütlüyün bir-birinə xitab şəklidir.

Ailədaxili problemlərin həlli

Rəsulullah (s.a.s.) ailədaxili problemləri necə həll edərdi?

Ailədə nəyi necə etməli?

Ailə ağac kimidir. Bir dəfə əkməklə qurtarmır. Suyunu, qidasını vaxtında vermək lazımdır.

Sacayaq – iki qadın bir kişi

Xoşbəxt ailədə qaynana-gəlin münasibətləri necə olmalıdır? Qaynana-gəlin münasibətləri sadəcə ikin şəxslə yox, bütün cəmiyyətlə əlaqəlidir. İki qadın var ki, onlar üçün sevimli və əziz olan sadəcə bir kişi var. Bu iki qadın kimdir? Biri yaş və həyat təcrübəsi nisbətən çox olan qaynana, digəri də gənc yaşdakı gəlin.


Şərh yaz