Mənəviyyata Açılan Pəncərə

Yeni Mərhələ

Artıq bütün hadisələr yeni bir mərhələnin başlanmasından xəbər verirdi. Yəsrib (Mədinə) mədəni mahiyyətə bürünmüş, ona pənah gətirənləri əmin-amanlığa qovuşdururdu. Məkkə isə öz niyyətindən əl çəkmək fikrində deyildi; qəzəblə oturub kinlə qalxır, Mədinəyə hicrət edənləri oradaca yaxalayıb öldürmək planları qururdu. Bundan ötrü məkkəlilər tez-tez bir yerə toplaşıb müştərək qərarlar verərək qəti nəticə əldə etməyi planlaşdırır, əməllərinə yaraşan düşüncələrini ortaya qoymağa çalışırdılar.

Bu mənasız davranışlar öz-özlüyündə Mədinə üçün bir təhdid idi. Onlar nəinki müsəlmanların hicrətini qəbul etmir, həmçinin başqalarının da qəbul etməsinin qarşısını almaq üçün müxtəlif yollara əl atırdılar. Çünki bu, məkkəlilər üçün qürur məsələsinə çevrilmişdi.

Bu şəraitdə ortaya qoyulan strategiya da əvvəlkilərdən fərqli olmalı idi və elə də oldu. Çünki artıq Mədinədə peyğəmbərlik missiyasının təbliği ilə yanaşı dövlət işlərinə rəhbərlik vəzifəsini də öz üzərinə götürən bir Nəbi vardı. Asayiş və təhlükəsizliyi təmin etmək üçün bundan sonra yeni hərbi birliklələr təşkil olunacaq və başda Mədinə olmaqla get-gedə daha geniş ərazilərdə təhlükəsizliyin təmin olunmasına başlanılacaqdı. Həmçinin Hicazda xəbərləşmə şəbəkələri qurulacaq, hətta uçan quşlardan da xəbər tutmaq üçün tədbirlər görüləcək və mövcud imkanlardan ən səmərəli şəkildə istifadə olunacaqdı.

 Məkkədəki ab-hava

Məkkəlilər qəzəbdən zəncir çeynəyirdilər; hər cür imkanları olsa da, zəif hesab etdikləri insanlara məğlub olmuşdular. Məsələ ciddi idi, nə olursa-olsun, Yəsrib müsəlmanların başına yıxılmalı idi. Bunun üçün lazım olan hər bir vasitəyə əl atılacaq, mütləq nəticəyə çatmaq üçün hər vasitə tətbiq olunacaqdı.

Əvvəlcə Mədinədə rəislik xülyaları quran Abdullah ibn Səlul ilə əlaqə qurulacaqdı. Çünki Məkkə müşriklərinin nəzərində o, hələ də yəsribli (mədinəli) ərəblərin rəhbəri idi. Məkkəlilər Ona göndərdikləri məktubda yazırdılar: “Şübhəsiz ki, siz bizim adamımıza sığınacaq vermişsiniz. Allaha and olsun ki, ya siz Onunla döyüşüb Onu öz yurdunuzdan çıxaracaq, ya da biz qadın və mallarınızı ələ keçirib hamınızı əsir alanadək sizinlə vuruşacağıq!”

Allahın Rəsulu (s.ə.s.) Məkkəni tərk edib hicrət etsə də, hadisələri yaxından izləyirdi: Məkkə müşriklərinin əməllərindən xəbərdar idi. Çünki O, mənəviyyatla yanaşı, maddiyyata da hökm edən bir rəhbər idi. Buna görə də Rəsulullah qiyamətə qədər bütün liderlərə rəhbərlik edən startegiyalara malik olmalı idi və malik idi də. Dolayısilə, məktubdan Peyğəmbərimizin də xəbəri var idi.

 Məktubu alan Abdullah ibn Übeyy və tərəfdarları məsələni müzakirə etmək üçün bir yerə toplaşırlar. Bu zaman Allah Rəsulu (s.ə.s.) gəlib müzakirənin üstünə çıxır. Deməli, Mədinənin nəbzini yaxşı tuturdu.Və onlara səslənir:

– Qureyşin sizi hədələməsindən xəbərim var. Onların sizə qurduqları hiylə və tələ sizin özünüzə qurduğunuzdan böyük deyildir! Sizlər öz övladlarınız və qardaşlarınızlamı savaşacaqsınız!

Rəsulullahın (sallallahu əleyhi və səlləm) bu təsirli sözlərindın sonra oraya yığışanlar planladıqları məsələləri bir kənara qoyub dağılışırlar!

Halbuki Abdullah ibn Səlul öz niyyətindən asanlıqla əl çəkən adam deyildi. Belə ki, rəhbərlik vəzifəsinin əlindən çıxdığı bir məqamda Məkkədən gələn bu təkliflər onun iştahasını daha da artırmış, gözünü vəzifə ehtiras örtmüşdü. Nə desələr, etməyə hazır idi. Məkkə üçün bu yaxşı bir seçim idi; İbn Səlulun əli ilə müsəlmanlar arasına fitnə-fəsad salacaq, onları yollarından azdıracaq, daxildən  parçalayacaq və bu psixoloji müharibə naminə hər cür hiyləyə əl atacaqdılar.

 Allah Rəsulu (s.ə.s.) da hadisələri anbaan izləyir və müşriklərin birlikdə quracağı tələyə düşməmək üçün baş verənlərdən xəbərdar olmağa çalışırdı.

Başqa bir gün Abdullah ibn Übeyy yoldaşları ilə oturub söhbətləşərkən Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) yenə söhbətin üstünə gəlib çıxır və onun gəlişi ilə məclisə su səpilir, ölüm sükutu çökür. Abdullah ibn Übeyy bundan narahat olur, narazılığını dilə gətirməkdən də  çəkinmir.

Orada olan Abdullah ibn Rəvaha ayağa qalxaraq Allah Rəsulunu (s.ə.s.) Abdullahın bu nalayiq davranışından müdafiə edir və bunun nəticəsində kiçik qarşıdurma olur. Allah Rəsulu yenə də bu cəhalətə qurban gedən insanlara sükutla cavab verir və Sad ibn Ubadənin də qənaətini dinləyərək hər şeyə rəğmən, onları əfv edir.

Təhlükəsizlik tədbirləri    

Artıq hadisələr başqa bir məna kəsb etməyə başlamış, başqa bir istiqamətə yönəlmişdi. Rəsulullah (s.ə.s.) eyni zamanda yeni dövlətə rəhbərlik edən lider idi. Məkkədən hicrət edənlərlə yanaşı Mədinədə Ona güvənib ətrafında birləşən insanları qorumaq kimi bir vəzifəsi var idi. Üstəlik Məkkə Mədinəyə hicrət edib burada məskunlaşan mühacirləri və onlara yardım edən ənsarı daim narahat edir və “sabah başınıza nələr gələcək” deyə təhdid yağdırırdı.

“Elə bilməyin ki, qaçmaqla canınızı qurtarmısınız! Evlərinizə qədər gələcək və işinizi bitirəcəyik!” kimi  xəbərdarlıqlar artıq adi hal almışdı.

Peyğəmbərimiz (s.ə.s.) isə heç kimə bir xətər toxunmasını istəmir və həmişə olduğu kimi, əshabı üçün çox narahat olurdu. Ən kiçik təhlükə belə Onu əndişələndirir və məsələ həll olunmayana qədər rahatlıq tapmırdı. Hətta bəzi gecələr gözlərini də yummurdu.

Bir gecə Aişə anamıza səssizcə:

– Kaş ki bu gecə saleh bir səhabə gəlib Məni qoruya idi, – deyir. Sözlərini bitirməmiş bayırdan ayaq səsləri eşidilir:

 – Orada kim var? – deyə səslənir Rəsulullah (s.ə.s.).

– Sad ibn Vəqqas! – cavabını alır. Deməli, eyni əndişəni, narahatlığı yaşayan başqa insanlar da vardı. Buna görə Alllah Rəsulu (sallallahu əleyhi və səlləm) soruşur:

– Gecənin bu vaxtında səni bura gətirən nədir?

Sad ibn Vəqqas belə cavab verir:

– Bu gecə Rəsulallahın təhlükəsizliyi ilə bağlı qəlbimə qorxu düşdü və Onu qorumaq üçün gəldim!

Bu, imanı ilə bütünləşmiş bir camaatın – əshabın həssaslığı idi! Rəsulullah əvvəlcə Sad ibn Əbu Vəqqasa dua edir və istirahət etmək üçün otağına çəkilir.

 Əndişə dözülməz həddə çatanda isə: “Şübhəsiz ki, Allah Səni insanların təhlükəsindən  qoruyacaqdır,”[1] məallı ayə nazil olur. Bu səbəbdən mübarək başını çölə çıxarıb:

– Ey insanlar, – deyə səslənir. Artıq gedə bilərsiniz, çünki Allah (c.c.) Məni qoruyacaqdır!

Ancaq təhlükə davam edirdi. Qarşı tərəf yumruq kimi birləşmiş, müsəlmanların üzərinə birgə hücum planları qururdu. Əslində parçalanmış və dağınıq bir sistemə malik olan ərəblər ortaq düşmən hesab etdiyi İslama qarşı birləşir, bir-birindən dəstək alıb Rəsulullaha (s.ə.s.) hücum edirdi. Hər an gözlənilən təhlükəyə qarşı səhabələr silahları ilə yatır və xırda bir hərəkətlilikdə daha həssas davranırdılar.

Bir gecə Mədinədə böyük bir gurultu eşidilir. Hərə özünə görə hazırlıq görüb səsin gəldiyi tərəfə gedərkən bir nəfərin qarşıdan gəldiyini görürlər. Bu, Rəsulallah idi.

– Mən baxdım, ciddi bir şey yoxdur, − deyirdi.[2]

Görünür, Rəsulullah (s.ə.s.) yüz illər boyu dinclik və əmin-amanlığa həsrət qalmış Mədinədə sadəcə möminlərin deyil, eyni zamanda əksəriyyəti yəhudi və müşrik ərəblərdən ibarət olan yerli xalqın da təhlükəsizliyini düşünür və addımlarını buna müvafiq atırdı. Çünki onlar belə bir təhlükəsiz şəraitin təminatında Allah Rəsuluna səlahiyyət vermişdilər. Mədinə müqaviləsi buna ən yaxşı sübut idi. Belə olan halda, məsələ sadəcə din ilə deyil, eyni zamanda özündə müxtəlif ünsürləri birləşdirən dövlət quruluşunun aktiv hala gətirilməsi ilə yaxından bağlı idi. Və bu vəzifə ilk növbədə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm ) üzərinə düşürdü.

Döyüş izni

Məkkə müşrikləri hər cür zorakılığa əl atsa da, o günədək müsəlmanların buna cavab olaraq  güc tətbiq etmək izni yox idi. Bəlkə də, bu dövrdə edilən hər cür haqsızlığa baxmayaraq,  sükut edib səssiz qalmaq ən böyük güc idi və bunun üçün dəfələrlə Allah Rəsuluna müraciət edib izin istəyənlər istəklərinə müsbət cavab ala bilməmiş və üstəlik, onlara müşriklərdən üz döndərməklə kifayətlənmək əmr edilmişdi.[3]Bir müddət sonra bu qadağa yumşaq və mülayim mübahisələrlə insanlara xitab etmə şəklində yüngülləşdirilmiş, yenə də gücə qarşı güc tətbiq etməyə izin verilməmişdi.[4]

İndi isə vəziyyət dəyişmişdi və artıq hadisələrin mahiyyəti əvvəlki dönəmdən fərqlənirdi. Vəziyyət, hadisələrin gedişatı şəxsi münasibətlər çərçivəsindən çıxıb ümumbəşəri  mahiyyət kəsb etməyə başlamışdı. Göz görə-görə böyük təhlükə gəlirdi. Məkkəlilər onların yurd-yuvalarından məhrum etmiş, doğma vətənlərini tərk etmək məcburiyyəti qarşısında qoymuşdular. Bu azmış kimi Mədinədə məskunlaşan müsəlmanlara hədələr yağdırır, başlarına oyun gətirəcəklərini bəyan edirdilər. Üstəlik bu təhdid təkcə mühacirlərə yönəlməmişdi, onlara dəstək olan ənsara da pay düşürdü. Məhz belə bir şəraitdə vətəni müdafiə etmək qarşıda duran mühüm vəzifə idi. Bu vaxt yeni bir vəhy də nazil olur. Ayədə haqsız yerə zülmə düçar olub yurdlarından qovulanlara döyüşmə izninin verildiyi bildirilirdi: “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir”. [5]

Bəli, bu bir əmr deyildi, ancaq məkkəlilərin zülmündən boğaza yığılan möminlər üçün mühüm çıxış yolunu göstərirdi. Deməli, bundan sonra lazım gəldikdə, döyüşə də başlamaq mümkün olacaq və düşmənçilik edənlərə anladıqları dildə cavab veriləcəkdi.[6]

Mühafizə qüvvələrinin təşkili  

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) hamının ehtiyac duyduğu, gözlədiyi əmin-amanlığı bərqərar etmək üçün Mədinə sərhədlərini də aşır, Ərəbistan yarımadasını nəzarət altına almağa çalışırdı. Bu məqsədlə də sayca bir-birindən fərqlənən hərbi dəstəlar təşkil edib asayişi təmin edən müdafiə qüvvələri quracaqdı. Bu cür təhlükəsizlik tədbirləri ilə Mədinə ətrafında asayiş və əmin-amanlığı təmin etmək, məlumat toplayıb yeniliklərdən Allah Rəsulunu (s.ə.s.) xəbərdar etmək, yolu Mədinədən keçən qureyşlilərin iştahalarını pozub beləcə, mədinəlilərə zərər vermə ehtimalını aradan qaldırmaq, Mədinə civarına qədər gələn Məkkə qüvvələrini geri oturtmaq, müsəlmanların da güc sahibi olduğunu nümayiş etdirərək düşmənə göz dağı vermək, ətrafdakı qəbilələrlə razılaşma yollarını araşdırıb sülh münasibətləri qurmaq, hər hansı çətin  vəziyyətdə məsələyə dərhal müdaxilə etmək,  irşad (yol göstərmə) və təbliğ vəzifəsini Mədinədən kənara da yaymaq kimi məqsədlər hədəf götürülürdü. Müharibəyə izin verildiyi üçün insanlar buna hazır olmalı idi, çünki bu cür fəaliyyətlər, eyni zamanda, gözlənilən müharibələr üçün  faktiki təlim mənasını da daşıyırdı.

Səriyyələr və qəzvələr

Bu məqsədlə göndərilən ilk səriyyə otuz nəfərdən ibarət idi və ona Hz. Həmzə başçılıq edirdi. Hicrətdən cəmi yeddi ay keçmişdi. Qureyşin müsəlmanlara qarşı mübarizədə qüvvələrini artırmaq üçün tərtib etdiyi karvanı nəzarət altında saxlamaq məqsədilə bir heyət hazırlanır və Hz. Həmzə də ona başçı təyin edilir. Məqsəd həmin karvanın qarşısına çıxıb artıq Mədinədə mədəni bir quruluşun formalaşdığını, hər cür təhlükəsizlik tədbirlərinin görüldüyünü göstərmək idi. Eyni zamanda, bu, mədinəlilərin məkkəlilərə bir güc nümayiş etdirməsi olmalı idi.

Sözügedən karvanda Əbu Cəhil də daxil olmaqla üç yüz adam var idi. Səriyyə Seyfül-Bəhr adlı yerə çatanda karvanla qarşılaşır. Onların gəlişindən narahat olan məkkəlilərlə qısamüddətli gərginlik yaşanır. Hər iki tərəfin də dostu olan Məcdi ibn Amrın səyləri ilə ara sakitləşir və geri qayıdırlar.

Şəvval ayı idi. Allah Rəsulu (s.ə.s.) ramazan ayında həyata geçirilən Hz.Həmzə səriyyəsinin ardınca bu dəfə əmisi oğlu Ubeydə ibn Harisi altmış nəfərlik qüvvə ilə Əbu Sufyanın başçılıq etdiyi iki yüz nəfərlik Qureyş dəstəsinə qarşı göndərir. Rabiğ adlı yerdə qarşılaşan iki qüvvə arasında ox atışmları olsa da, yaxın təmas baş vermir.

Bu səriyyənin ən böyük qazancı məkkəlilərlə birlikdə Rabiğə qədər gələn və təzyiq altında müsəlman olduqlarını gizlətmək məcburiyyətində qalan iki səhabənin – Utbə ibn Qəzvan və Miqtad ibn Amrın müsəlmanların cərgəsinə qatılması idi.

Bu səriyyədən təxminən bir ay sonra zülqədə ayında isə Sad ibn Əbu Vəqqasın rəhbərliyi altında iyirmi nəfərlik bir dəstə təşkil olunur və o da Qureyş karvanını təqib etmək üçün Hərar adlı yerədək gedib geri qayıdır. Bu müddətdə Rəsulullah (sallallahu əleyhi və səlləm) da bu birliklərə qatılır və bəzilərində şəxsən iştirak edirdi.[7] Qəzvələr də səriyyələr kimi eyni məqsədə xidmət edirdi. Bir fərq var idi ki, qəzvələrə şəxsən Rəsulullah rəhbərlik edirdi.

Hicrətdən bir il keçmişdi. Səfər ayının əvvəlində Allah Rəsulu (s.ə.s.) Mədinədə yerinə Sad ibn Übadəni qoyub, yetmiş nəfərlik hərbi dəstə ilə yola çıxır. Bayrağı Hz. Həmzə aparırdı. Hədəf yenə Qureyş karvanı idi. Çünki bu karvanın yükünü mühacirlərin Məkkədən gətirə bilmədiyi mal-mülk təşkil edirdi. Belə ki, Məkkə müşrikləri ələ keçirdikləri bu malları karvanla Şama gətirib orada satacaq, əvəzində isə müsəlmanlarla vuruşmaq üçün hərbi sursat tədarük edəcəkdilər.

Nəhayət, dəstə Vəddan adlı yerə çatır. Ancaq möminlərin gəlişindən xəbər tutan karvan çoxdan uzaqlaşmışdı. Bir müddət burada gözləyən ordu yenidən Mədinə istiqamətində yola düşür və on beş gün sonra Mədinəyə çatır. Bu qəzvə zamanı Rəsulullah (s.ə.s.) Əbvada anası Əminə validəmizin məzarını da ziyarət edir.

 Bu  qəzvədə diqqəti çəkən ən mühüm məsələ isə Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) müsəlman olmayan Damraoğulları qəbiləsinin rəisi Amr ibn Mahşiyy ilə dostluq müqaviləsi bağlaması idi. Buna razılaşmaya görə, din uğrunda aparılan müharibələrdən başqa, düşmənə qarşı mübarizədə Damraoğullarına yardım ediləcək, onlar da öz növbəsində müsəlmanlara kömək göstərəcəkdilər. Beləliklə, Mədinə ətrafındakı əmin-amanlıq dairəi genişləndirilmiş olurdu.

Rəbiüləvvəl ayında iki yüz nəfərlik bir dəstə də tərtib edilir, bu birlik Ümeyyə ibn Xələfin başçılıq etdiyi Qureyş karvanını təqib etmək üçün Buvat adlı yerə qədər gəlir. Karvan yüz nəfər adam və iki min beş yüz dəvədən ibarət idi. Görünür, qureyşlilər böyük bir hazırlıq görürdü.

Bu birliyə şəxsən Allah Rəsulu (s.ə.s.) başçılıq edirdi. Mədinədə yenə Sad ibn Muazı vəkil qoymuş, bayrağı da Sad ibn Vəqqasa vermişdi.

Yenə həmin ayda (rəbiüləvvəl) qureyşlilərdən Kürz ibn Cabirin rəhbərlik etdiyi bir dəstə Mədinənin yaxınlığına qədər gəlir və müsəlmanlara məxsus bir neçə qoyunu götürüb aparır.

Yerinə Zeyd ibn Harisəni vəkil qoyan Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yetmiş nəfərlik dəstə ilə dərhal yola çıxır və hadisənin baş verdiyi yerə doğru yönəlir. Bayrağı Hz. Əli aparırdı. Bədir yaxınlığındakı Safəvan vadisinə çatdıqda qureyşlilərin  çoxdan uzaqlaşıb getdiyi məlum olur və onlar da buradan geri qayıdırlar.

Cəmadiüləvvəl ayının son günləri idi. Mədinədə Əbu Sələməni vəkil qoyan Rəsulullah (s.ə.s.) bayrağı da Hz. Həmzəyə verib yola çıxır. Çünki Qureyşin otuz dəvəlik karvanla Şama yola düşməsi, hərbi sursat tədarükü görüb Mədinəyə hücum planları qurması barədə xəbərlər gəlmişdi. Vəziyyət getdikcə daha da ciddiləşirdi. Görünür, Qureyş böyük bir plan hazırlayırdı.

 Vəziyyətdən xəbərdar olan Allah Rəsulu (s.ə.s.) da yüz əlli nəfərlik bir dəstə[8]  ilə yola çıxır. Zül-Üşeyrə adlı yerə çatanda karvanın bir neçə gün əvvəl Şam istiqamətinə getdiyi məlum olur və buradan geri qayıdırlar.

Bu səriyyə zamanı həmin ərazidə yaşayan və Damraoğullarının müttəfiqi olan Müdlicoğulları ilə də bir saziş bağlanır və beləliklə, Mədinə ətrafında yeni bir təhlükəsizlik dəhlizi formalaşır.

Abdullah ibn Cahş səriyyəsi

Hicrətdən on yeddi ay keçmişdi. Rəcəb ayı idi. Qureyşin Şama göndərdiyi karvanın geriyə qayıtmaq vaxtı idi. Peyğəmbərimiz xalası oğlu Abdullah ibn Cahşı hüzuruna çağırıb ona bir məktub verir. Abdullah ibn Cahş on iki adamla[9] birlikdə iki gün Allah Rəsulunun (s.ə.s.) göstərdiyi istiqamətdə gedəcək və məhz iki gün sonra məktubu açıb oxuyaraq lazım olan işi görəcəkdi.

Deyilən istiqamətdə iki gün gedib, məktubu açdıqda Rəsulullahın Hz. Abdullaha bu təlimatı verdiyi məlum olur: “Taif və Məkkə arasında yerləşən Nəhləyə doğru get və burada qureyşliləri gözləyib bizi baş verən hadisələr barəsində məlumatlandır”.

Nəhlə Məkkənin yanı sayılırdı və belə bir hücumu ancaq polad kimi möhkəm imanı olan insanlar bacarardılar. Buna görə Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həm onların gedəcəyi istiqaməti gizli saxlamış, həm də bu işdə heç kimin məcbur edilməməsi təlimatını vermişdi.

Rəsulullah (s.ə.s.) istər, səhabələr yerində dayanardımı? Dərhal hədəf müəyyənləşdirilir və həmin yerə doğru yola çıxırlar. Ancaq Hz.Abdullah bu yolu birlikdə getmək və ya geri qayıtmaq məsələsində yoldaşlarına sərbəstlik vermişdi.

Çünki Allah Rəsulunun (s.ə.s.) təlimatı belə idi. Ancaq onlar tərəddüdsüz irəli gedən insanlar idi və bir nəfər də olsun, geri qayıtmaq istəmir və hamı bir nəfər kimi hədəfə doğru gedir. Geri qalan iki nəfərin isə üzrlü səbəbləri var idi. Onlar yolda ikən dəvələrdən biri karvandan ayrılıb uzaqlaşmışdı. Sad ibn Əbu Vəqqas və Utbə ibn Qazvan da qaçan dəvənin arxasınca getmiş, dəstədən geri qalmışdılar.

Abdullah ibn Cahş və yoldaşları Nəhlədə pusquda gözləyərkən yaxından keçən bir karvanla qarşılaşırlar. Bu karvan da Qureyşə aid idi və görünür, döyüş  üçün sursat daşıyırdı.

Karvanı görən möminlər nə etmək barədə məsləhətləşməyə başlayırlar, çünki Rəcəb ayının son günü idi və bu ayda müharibə etmək yasaq sayılırdı.[10] Ayın çıxmasını gözləsələr, bu dəfə də karvan Hərəm sərhədlərini keçəcək və göz görə-görə əldən çıxacaqdı.

 Nəhayət, karvanı saxlamaq qərarına gəlirlər. Müsəlmanlardan biri karvana tərəf ox atır. Ox Amr ibn Hadramiyə dəyir və o, yerindəcə keçinir. Bir anda ara qarışır. Baş vermiş çaxnaşmada Osman ibn Abdullah və Hakəm ibn Keysan  əsir alınır, Nəvfəl  ibn Abdullah  isə qaçır.

Bütün bunlar yeni bir mərhələnin başlanğıcını göstərən hadisələr idi. İlk dəfə idi ki, bir müşrik öldürülür, ikisi də əsir götürülərək malları müsadirə olunurdu. Həm də bu hadisə haram ayda baş verirdi.

 Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Mədinəyə qayıdan Abdullah ibn Cahş və yoldaşlarını tənbeh edir və:

– Mən sizə haram aylarda döyüşməyi əmr etmədim, – deyə etirazını bildirir, iki əsir və karvandakı mallar barəsində isə gözləməyə üstünlük verir.

Abdullah ibn Cahş və yoldaşları mənən sarsılmışdılar! Allah uğrunda çıxdıqları yolda Allah və Rəsulunun xoşuna gəlməyən addımlar atmışdılar. Dünya başlarına dar gəlir və hər kəsin qarşısında özlərini günahkar sayırdılar. Ancaq  iş işdən keçmiş, ox yaydan çıxmışdı.

 O biri tərəfdən isə qaçıb canını zorla qurtarmış Nəvfəl ibn Abdullah özünü Məkkəyə yetirir və başına gələnləri oradakılara çatdırır. Qureyş bu hadisədən təbliğat vasitəsi kimi istifadə etməyə başlayır. Onlar müsəlmanların haram aylarda adam öldürdüklərini və adətlərə hörmətsiz yanaşdıqlarını irəli sürür, hətta Rəsulullahı da günahlandırırdılar.

 Çox keçmədən Cəbrail yeni vəhylə gəlir. Gələn ayədə deyilirdi: “Haram olan ayda döyüş haqqında səndən soruşanlara söylə: “O ayda döyüşmək böyük günahdır, lakin Allah yolunu insanların üzünə qapamaq, onu inkar etmək, Məscidül-Harama girməyə mane olmaq və oradakıları kənara çıxarmaq Allah yanında daha böyük günahdır. Din naminə fitnə salmaq isə həmin ayda vuruşmaqdan daha böyük fitnədir!”[11]

Bəli, haram aylarda savaşmaq haramdır, ancaq bu ilahi qadağa yalnız bundan ibarət deyildi. Öz vətənlərindən insanları didərgin salmaq, mal-dövlətlərini talan edərək onlara işgəncə vermək, Məscidül-Haram olmasına baxmayaraq, burada insanları öldürmək və Allahın ən sevgili qulunu qətl etmək  məqsədi ilə  evinə basqın etmək də ən azı bu hadisə qədər böyük bir günahdır.

 Allah Rəsulu (s.ə.s.) bu ərəfədə əsirlərlə görüşüb onları da İslama dəvət edir. Hətta bunu görən bəzi səhabələr Onun bu cəhdlərinin nəticəsiz olacağını deyəcək və əsirlərin edam olunmasını tələb edəcəkdilər. Lakin çox keçmir ki, Hakəm ibn Keysan müsəlman olur. Şəfqət peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) bu vəziyyət qarşısında üzünü əshabına tutub deyir:

– Əgər bir az əvvəl sizə  qulaq  asıb onu öldürmüş olsa idim, cəhənnəmə gedəcəkdi![12]

Ədalət və etibarın təmsilçisi olan Allah Rəsulu hələ də gəlib çıxmayan iki səhabənin öldürülməsi əndişəsi ilə bir müddət gözləyir. Bu ayənin endiyi vaxt Sad ibn Əbu Vəqqasla Utbə ibn Qazvan da gəlib çıxır. Bundan sonra Allah Rəsulu öldürülmüş Amr ibn Hadraminin diyət haqqını (qan haqqı) Qureyşə göndərməklə yanaşı, İslamı qəbul etməyən Osman ibn Abdullahı da Məkkəyə təhvil verir.

Artıq məsələ bir az da aydınlaşır; o vaxta qədər böyük  mənəvi təzyiq altında olan Abdullah ibn Cahş Rəsulullahın (s.ə.s.) hüzuruna gəlir. Boynunu bükmüş, üzünə baxmaqdan çəkinirdi:

– Ya Rəsulallah, bu qəzvəyə görə mücahidlərə vəd edilən savabdan bizə də pay düşəcəkmi?

Rəsulullah (sallallahu əleyhi və səlləm) susmağı  üstün  tutur, çünki onun bu qədər səmimi və özünü sorğu-sual çəkmə hissi ilə yoğrulmuş sualının cavabı nazil olan ayədə idi. Belə buyurlurdu:  “Həqiqətən, Allaha iman gətirənlər (Məkkədən Mədinəyə) köçüb gələn və Allah yolunda cihad edən kimsələr Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayandır, rəhm edəndir!”[13]

 Ancaq məsələ hələ də həll olunmamış qalırdı. Qureyşlilərin niyyəti bəlli idi. Bu gün olmasa da, sabah mütləq Mədinəyə hücum edəcəkdilər.

 Allah Rəsulu (s.ə.s.) bir addım da atır. Çünki Qureyş müharibəyə hazırlaşmaq və silah-sursat tədarük etmək məqsədilə Şama karvan göndərmişdi. O da Talha ibn Übeydullah və Said ibn Zeydi karvan haqqında məlumat toplamaq tapşırığı ilə onun ardınca Şama göndərir.

Beləliklə, bu müddətə qədər həyata keçirilən səriyyə və qəzvələrlə Allah Rəsulu (s.ə.s.) artıq Hicazın sahibsiz və müsəlmanları asan tikə olmadığını göstərir, dörd bir tərəfə göndərdiyi xüsusi dəstələrin köməyi ilə on dörd ildir, ölümünə fərman hazırlayanların fəaliyyətlərini izləyib tədbir görürdü. Eyni zamanda, O, qılınc sahibi olan bir peyğəmbər kimi göndərilmişdi. Buna görə də vəzifəsini yerinə yetirir, İslamın qüdrətini göstərmək naminə gözlənilməz manevrlər edirdi. Bu cür ildırımsürətli hərəkətlər nəticəsində səhradakı özbaşınalığa son qoyulur və insanlar arasında ədalətə söykənən əmin-amanlıq mühitinin bünövrəsi atılırdı.

Təhvili-qiblə (qiblənin dəyişdirilməsi) 

İstər ilk günlərdən etibarən qılınan nafilə namazlarda, istərsə də İsra və Meracdan sonra qılınan fərz namazlarda Qüds itiqamətinə yönəlirdilər.[14] Əlbəttə, bura da içində Beytül-Müqəddəs olan Allahın mübarək məkanı idi, ancaq Allah Rəsulunun könlü Kəbədə və qəlbi intizarda idi. Mübarək başını səmaya qaldırıb üzünü Kəbəyə çevirəcəyi anın həsrətini çəkirdi. Bu intizarı yalnız O yaşamırdı, Hz. Ömər kimi bəzi səhabələr də eyni hisləri keçirir və namaz qılarkən üzlərini Kəbəyə çevirmək istəyirdilər.

Çünki qiblə ilk insan Hz. Adəmdən bu yana Kəbə istiqamətində idi. Hz. İbrahim və Hz. İsmayıl da Kəbəyə dönüb namazlarını qılmış, Hz. Musadan tutmuş Hz. Salehə qədər bir çox peyğəmbər o istiqamətdə namaza durmuşdu. Elə isə Kəbə son Nəbinin də qibləsi olacaqdı. Ancaq ilahi təqdir qiblənin müəyyən müddətə Qüdsə tərəf olmasını murad etmişdi və onlar da buna əməl edirdi. Bəlkə də, bu, Mədinədəki ən nüfuzlu yerli əhalisi ilə bir ortaq məxrəcə gəlməyin əsasını hazırlayırdı. Ancaq Mədinə yəhudiləri bunu dedi-qodu etmiş, müsəlmanların onların qibləsinə dönməsini  bir üstünlük kimi hesab etməyə başlamışdılar. Bu da bəs deyilmiş kimi, işi bir qədər də böyütmüş və məsələni həqarət dərəcəsinə çatdırmışdılar.

Rəsulullah (s.ə.s.) Cəbraillə  görüşərkən:

– Ya Cəbrail, – deyirdi, – Rəbbimdən diləyim budur ki, üzümü İsrail oğullarının qibləsindən Kəbəyə doğru çevirsin!

– Şübhə yoxdur ki, Mən də bir qulam, Sən bunu Rəbbindən istə, – deyir Cəbrail. Allah (c.c.), əlbəttə, Rəsulunun istəyinə cavab verəcək və Ona arzu etdiyi qibləni müyəssər edəcəkdi.

Yenə bir bazar ertəsi idi. Cəbrail hicrətdən on altı ay keçmiş namazlarda Beytül-Müqəddəsin yerinə Kəbəyə yönəlmək haqqında ayələrlə gəlir: “Ya Rəsulum! Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də, səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! Ey müsəlmanlar! Harada olsanız, (namaz vaxtı) üzünüzü oraya döndərin!”[15]

Artıq gözləntiyə cavab gəlmiş və söz-söhbətin qaşısı da alınmışdı. Bundan sonra daimi qiblə təyin edilmişdi. Artıq namazlar da ancaq Kəbə istiqamətində qılınacaqdı.[16] Ancaq fitnənin ardı-arası kəsilmirdi. Bu dəfə də bəzi yəhudilər bu dəyişikliyi dilə-dişə salmışdılar. Səma ilə əlaqə davamlı idi və yenə köməyə Cəbrail yetişir. Allah-taala “Bu müsəlmanlar hansı səbəbdən əvvəlki qibləni dəyişdirirlər?” – deyib ara qarışdırmaq istəyən ağılsızlara cavab olaraq bu ayələri endirir:

“De ki: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. Beləliklə də, sizi ədalətli və seçilmiş bir ümmət etdik ki, insanların əməllərinə qiyamətdə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Ya Rəsulum! İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.”[17]

Bu hadisə Mədinədə olan hər bir zümrə üçün əhəmiyyət kəsb edir, hər kəs bu məsələni öz dünyagörüşü ilə izah etməyə çalışırdı. Yəhudilər:

– Həqiqətən, Peyğəmbər olsa idi, özündən əvvəlki nəbilərin qibləsindən ayrılmazdı, – deyə narahatlıqlarını dilə gətirir, müşriklər:

– Onun geri addım atmaqla dəyişdirdiyi qərarlar isabətlidir; baxarsınız, qibləsini dəyişdirib bizim qibləmizə üz tutduğu kimi mütləq dinini də dəyişib bizim sıralarımıza qoşulacaq! – deyirdilər.

Bu müddət ərzində yavaş-yavaş özlərini göstərən bir dəstə yeni münafiqlər də:

– Məhəmməd də haraya üz tutacağını bilmir! Əvvəlki haqq idisə, niyə ondan vaz keçdi və ya ikincisi doğru idisə, deməli, bu günə qədər batilin arxası ilə gedib! – deyə dedi-qodu etməyə başlamışdılar.

Bütün bunlara baxmayaraq, nazil olan ayələrdə qiblənin dəyişdirilməsi kimi əhəmiyyətli bir hadisənin Allahın əmri ilə cərəyan etdiyini bildikləri halda, məsələni başqa səmtə yönəltmək istəyən şəxslərin ola biləcəyi də nəzərə alınır və buyrulurdu: “Ya Rəsulum! Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!”[18]

Belə ki, Allah (c.c.) hələ başlanğıcda bütün bunların olacağını xəbər vermiş və səfehlərin belə davranacağından bəhs etmişdi. Buna görə də bu cür insanların hərəkət və sözlərinə fikir vermədən yola davam edilməli idi.

Möminlərin dünyasında yaşanan problem, narahatlıq fərqli idi; onlar qiblə dəyişməmişdən əvvəl vəfat edən və təbii ki, Kəbə istiqamətində namaz qılmayan mömin qardaşlarının aqibətindən narahat idilər.

Bu barədə Allah Rəsuluna (s.ə.s.) müraciət edirlər. O da səhabələrinin diqqətini ayələrə yönəldir. Bəli, Allah (c.c.) həmin ayələrdə bu sualı əvvəlcədən açıq şəkildə cavablandırır və heç kimin imanının hədər getməyəcəyini bəyan edirdi.

 Oruc və zəkatın fərz buyurulması

Aradan bir ay da keçir. Cəbrail yeni bir müjdə ilə gəlir. Rəsulullah (s.ə.s.) vəhy halı sona çatdıqdan sonra əshabına müsəlmanlara ramazan ayı boyunca gündüz vaxtı oruc tutma əmrinin gəldiyini deyir. Uca Allah göndərdiyi ayə ilə möminlərə belə səslənirdi: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu!”[19]

Onlar üçün oruc yad ibadət deyildi. O günədək ayın müəyyən günlərində oruclu olurdular. Əvvəlki peyğəmbərlərin də oruc tutması xəbərini almış, bu barədə ilahi əmri intizarla gözləyirdilər. Məhz o gün bu əmr nazil olur. Lap az qalmışdı ramazana, hamı birlikdə oruc tutacaqdı.

Çox keçmədən zəkat vermək də fərz ibadətlər sırasına əlavə olunur. Gələn ayələrdə namaz kimi, zəkatın da fərz olduğu buyrulur, zəkatın veriləcəyi sahələr bircə-bircə sadalanırdı. Maliyyə vəziyyətinin nizama salınması üçün bundan sonra yeni bir quruma ehtiyac var idi və bu ehtiyac zəkat məmurlarının dövriyyəyə girməsi ilə həllini tapır.

Namaz oruc və zəkat ibadətlərin təməlidir, sütunudur. Zəkat namaz və orucdan fərqli olaraq maliyyə (maddi) tərəfi ön planda olan bir ibadət sayılır. Düzdür, səhabələr ehtiyac olduqda bütün imkanını ortaya qoyur və heç bir məsələni dəstəksiz buraxmırdılar. İndi isə bu əməli Allahın təyin etdiyi konkret ölçülər çərçivəsində yerinə yetirəcək və buna qarşılıq da fərz bir ibadəti icra etməyin mənəvi rahatlığını yaşayacaqdılar.


[1]. “Maidə” surəsi, 5/67

[2]. Ənəs ibn Malik kimi sahəbə  şəhadət edir ki,  onsuz da onlar nə vaxt Məkkədə bir fəryad qopsa, Allah Rəsulunu orada görür və bu da onlara güvən, rahatlıq verirdi.

[3]. “Hicr” surəsi , 15/94

[4]. “Nəhl” surəsi, 16/125

[5]. “Həcc” surəsi , 22/39

[6]. Sonrakı ayələrdə bu iznin əhatə dairəsi daha da genişlənəcək və düşmənə cavab verə bilən qüvvəyə malik olmaqdan tutmuş, Allah yolunda mal və canla cihad etməyə qədər geniş bir məzmunu əhatə edəcəkdi. Bax: “Ənfal” surəsi, 8/60; “Maidə” surəsi, 5/35, “Tövbə” surəsi, 9/41; “Həcc” surəsi 22/78)

[7]. Allah Rəsulunun səhabələindən birini komandir təyin etdiyi təhlükəsizlik qüvvələrinə (fəaliyyətlərinə) “səriyyə”, özünün şəxsən rəhbərlik etdiyi bu cür hərəkatlara da “qəzvə” deyilir.

[8]. Başqa bir rəvayətə görə iki yüz nəfərlik. Bax: İbn Seyyidinnas, Uyunul-Eser, 1/298; İbn Kayyım, Zadul-Mead, 3/146

[9]. Başqa rəvayətdə bu say səkkizdir. Bax: İbn Hişam, “Sire”, 3/146.

[10]. Haram aylarda müharibə etmək Cahiliyyə dövründə də haram (yasaq) sayılırdı. Hətta qureyşlilər müharibə vəziyyətində olarkən vaxtla (aylarla) oyun oynayır və ancaq ayların yerinin dəyişdirildiyini elan edəndən sonra müharibəni başlayırdı. Daha sonra gələn ayələrdə Quranın “nəsi” deyə adlandırdığı bu hadisə ilə onlar sözdə haram işləmədiklərini sanır və özlərini aldadırdılar. Bax: “Tövbə” surəsi, 9/37; İbn Kesir, Tefsir, 2/358; İbn Hişam, Sire, 1/161

[11]. “Bəqərə” surəsi, 2/218

[12]. Vâkıdî, Megâzî, 1/15; İbn Sa’d, Tabakât, 4/137; İbn Hişâm, Sîre, 3/150: Hakəm ibn Keysan o gündən sonra saleh bir müsəlman kimi yaşayacaq və Biri-Maunə hadisəsində şəhid olaraq əbədi aləmə köçəcəkdi. Bax. İbn Hişam. Sire, 3/150; Vakidi, Megazi, 1/15; İbn Sad, Tabakat, 4/137

[13]. “Bəqərə”  surəsi, 2/218

[14]. Bəzi şərhlərə görə, Allah Rəsulu hicrətdən əvvəl Məkkədə qıldığı namazlarında Qüdsə elə yönələrmiş ki, Kəbə də Onunla Qüds arasında qalarmış. Mədinəyə hicrətdən sonra şərait buna imkan vermədiyi üçün axtarışını  artırmışdı.  Bax: İbn Kesir, Tefsir, 3/158-160; Salihi, Sübülül-Hüda ver-Reşad, 3/370

[15]. “Bəqərə”  surəsi, 2/144

[16]. Bu ayə nazil olarkən Allah Rəsulunun əshabı ilə birlikdə günorta namazı qılması və üçüncü rükətdən sonra yönünü Kəbə istiqamətinə çevirərək namazını tamamlaması; Bəni-Sələmə yurduna gəlib burada Bişr ibn Bəranın anası Ümmü Bişri ziyarət etdikdən sonra günorta namazını qılarkən bu ayənin nazil olması (burada “iki qibləli məscid” mənasında “Məscidi-Qibləteyn” adlı bir məscid vardır); hadisənin ikindi (əsr) namazında gerçəkləşməsi və ya Rəsulullahla birlikdə ikindi və ya sabah namazını Kəbə istiqamətində qılıb öz məhəllələrinə qayıdan insanların xəbər verməsi ilə yanaşı, səhabənin namaz əsnasında Kəbəyə doğru üz tutması şəklində müxtəlif rəvayətlər vardır. Bax: İbn Sad, Tabakat, 1/241, 242

[17]. “Bəqərə”  surəsi, 2/142, 143

[18].  “Bəqərə”  surəsi, 2/ 144-145

[19]. “Bəqərə” surəsi, 1/183

Exit mobile version