Mənəviyyata Açılan Pəncərə

Yeni mədəniyyətin qurulması

Artıq Məkkə bir mehrab, Mədinə də bir minbər olmuşdu, Peyğəmbərlərin Sonuncusuna qovuşduqlarına görə “xoşbəxt idilər”. Hz. Adəmdən bu günə kimi yolların birləşdiyi yerdə yeni bir mədəniyyət qurulurdu. Məkkədə bir bünövrə var idi və o da tamamilə buraya axıb gəlmişdi. İndi isə bu bünövrənin üstündə hər gün yeni ayələr gəlir, insanlar Peyğəmbərin sözləri ilə hər gün yeni şeylər öyrənirdilər. Artıq iman adına bir mərhələni geridə qoymuş, fərdlər bunun üstünə bina olunacaq qulluq intizarını yaşayırdılar.

Sosial-ictimai münasibətlər tamamilə yenidən nəzərdən keçirilir və insani münasibətlər üzərində yeni əlavələrlə İslamın solmaz atlazı toxunurdu.

Allah Rəsuluna (s.ə.s.) bir səhabə yaxınlaşır və:

− İslamda hansı iş daha xeyirlidir? − deyə soruşur.

 Gələn cavab belə idi:

−Yemək-yedirmək, tanıdığın və ya tanımadığın hər kəsə salam vermək.[1] Deməli, bu mədəniyyət “ehsan etmək, mənfəət güdməmək və insanlara etibar təlqin etmək” üzərində inşa edilirdi. Ancaq bunların heç biri əsl hədəf deyildi. Əsl hədəf, Allahın da razı qalacağı həqiqi bir müsəlman olmaqla Onun rizasını qazanmaq idi. Bu, cəhalət dövründən qalan bütün qüsurları bir tərəfə atıb yox edəcək bir cəhd idi.

− Bir insan, əgər qonşusu onun şərindən əmin deyilsə, cənnətə girə bilməz,[2] − buyururdu Allah Rəsulu (s.ə.s.). Əlbəttə, cənnət özlüyündə əsas məqsəd deyildi, amma cənnətə aparan yol Allahın razılığını da qazanmaq yolu idi. Deməli, bu razılığa talib olan adam böyük bir ailə kimi qonşuluq əlaqələrinə və onları qucaqlayıb ehtiyaclarını aradan qaldırmaq məsələsinə biganə olmamalı idi. Buna görə də, qonşusu acından qıvrılıb sancılar içində iztirab çəkərkən bir möminin öz qarnını doyurması iman baxımından böyük nöqsan idi.[3]

Peyğəmbərimiz (s.ə.s.) “Müsəlman o kəsdir ki, başqa insanlar onun əlindən və dilindən əmindir,”[4]  − deyə buyururdu. Ən qatı düşmənlərinin də Ona “Əmin” adı verməsi və Ona olan böyük etimadları da elə bu keyfiyyətdən irəli gəlmirdimi? O əminlik ki, həyatına qəsd edənlərin belə vicdan əzabı çəkməsi, amansız təhdidlərə məruz qaldığı vaxtlarda sahib çıxma hissi ilə düşmənlərin Ona yaxınlaşması ilə nəticələnirdi. Deməli, əminlik, əfi ilanları da əhliləşdirən, qurdu quzuya gözətçi edən əhəmiyyətli bir düstur idi. Və indi bunu Allah Rəsulu (s.ə.s.) səhabələrindən tələb edirdi.

“Aranızdan biri özü üçün istədiyini qardaşı üçün də istəməyənə kimi, kamil imana çata bilməz,” − cümləsi də Rəsulullaha məxsusdur.[5] Deməli, imanda hər bir mömin üçün ideal olan bir də kamillik zirvəsi var idi. Bu zirvəyə çatmağın ən qısa yollarından biri də qənimət bölgüsündə ən arxaya keçib yoldaşlarını özündən üstün tutmaq idi. Bunun adı təfani, yəni fədakarlıq idi və o, İbrahimsayağı bir ənənənin məhsulu idi.

Eyni mehrabdan əks-səda verən başqa bir səs bütün möminləri tək bir insana oxşadır və dünyanın harasına bir od düşsə, onun hər bir mömini yandıracağını bildirirdi. Elə isə, harada olmasından asılı olmayaraq bir müsəlmanın başına gələn bəla və müsibətə heç kim biganə qalmamalı və onun üçün əlindən gələni etmək və yaraya məlhəm olmaq yarışına girməli idi. Binanı təşkil edən kərpiclər kimi, bir vəhdət olmalı idi ki, nəticədə ortaya möhkəm bina nümunəsi qoyulsun.[6]

Bunlar müsbəti bərqərar etmək üçün ortaya atılan təşəbbüs və səylər idi. Bunun başqa bir tərəfi də var idi, artıq düşmənçiliyin kökünə yandırıcı zəhər töküləcək və ən böyük düşmən də o sayılacaqdı. Kimsədən üz çevirməyəcək və ehtiyacı olan hər kəsə kömək ediləcək, mömin qardaşının əldə etdiyi gözəlliklər həsəd və paxıllıqla qarşılanmayacaq, əksinə, bununla fəxr ediləcək və insanlar həqiqi mənada qardaş olacaqdılar. Bu cür möhkəm qardaşlıq da, səbəbindən asılı olmayaraq, müsəlman qardaşı ilə üç gündən çox küsülülüyü qəbul etmir, küsülülük hissini məhəbbətə çevirirdi. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bunu belə ifadə etmişdi:

−Əsla bir-birinizə nifrət etməyin, həsəddən də uzaq dayanın və bir-birinizə arxanızı döndərməyin! Ey Allahın bəndələri! Qardaş olun! Bir müsəlmanın digər qardaşı ilə üç gündən çox danışmaması qətiyyən halal deyildir.[7]

Əslində, müsəlman digər bir müsəlmanın qardaşı idi. Ona nə zülm edə, nə də onu zülmün ağuşuna ata bilərdi. Bir qardaş olaraq hər hansı bir müsəlmana kömək etdiyi müddətdə Allah da onun yardımına gələr, mühüm ehtiyacını aradan qaldırardı. Deməli, belə bir hərəkət çətinlik və sıxıntıların aradan qaldırılması ilə mənən rahat bir həyat yaşaya bilmək üçün Allaha edilmiş ən böyük dua mənasına gəlirdi. Bu işin bir də axirətə baxan tərəfi var idi. Allah (cəllə cəlaluhu) da bu dünyada bir müsəlman qardaşının ehtiyacını təmin edib sıxıntısını aradan qaldıranın axirət yurdunda və ən çox ehtiyac hiss etdiyi bir anda çətinliklərini aradan qaldıracaq, onu əmin-amanlıq sahilinə çıxaracaq və insanların sıxıntıdan əzab çəkdikləri həmin vaxtda ona rahat nəfəs almaq imkanı verəcəkdi. Burada bağışlamaq orada bağışlanmağı, burada qüsurları örtmək orada örtülməyi zəruri edirdi və buna görə də bir mömin başqa qardaşının qüsurunu göz yumaraq və nəzərlərini daim öz qüsurları üzərinə yönəldəcəkdi.  Başqalarına hakim kimi davranmaq yerinə, hakimlik köynəyini özünə qarşı geyinəcək, müsəlman qardaşına vəkillik etməyi də bir əxlaqa, xarakterə çevirəcəkdi. Çünki Peyğəmbərimiz (s.ə.s.):

− Müsəlman başqa müsəlmanın qardaşıdır. Nə ona zülm edər, nə də ona edilən zülmə razı olar. Sizdən kim qardaşının ehtiyacını təmin etmək üçün yola çıxarsa, Allah da onun ehtiyacını təmin edər. Kim müsəlmanın çətinliyini aradan qaldırmaq üçün hərəkət edərsə, Allah da axirət günündə onun çətinliyini aradan qaldırar. Allah müsəlmanın eyiblərini görməzliyə vuranların qiyamət günündə eyiblərini örtər, heç kim də onun eybini bilməz,[8] − buyururdu.

Yer üzünün  sakinlərinə mərhəmətlə yanaşıb hər kəsi və hər şeyi şəfqətlə qucaqlamaq, səmadan da mərhəmət küləklərinin əsməsi üçün ən böyük dəvətnamə idi.[9] Bir xurmanın yarısı da olsa, onu mömin qardaşına təqdim etmək cəhənnəm atəşindən qorunmağın mühüm yolu idi. Yarım xurma da tapmayanlar isə insanları şirin dillə və gülərüzlə qarşılamaqla eyni qazancdan istifadə edə biləcəkdilər.[10]

Digər tərəfdən, insanın qarşılaşa biləcəyi ən kiçik məsələlər bir-bir həll edilirdi, çünki din insanın hər cür ehtiyacını aradan qaldıracaq mahiyyətə malik idi. Yeyib-içmək, oturub-durmaq, alış-veriş, ailədaxili münasibətlər, sosial həyatda birgə yaşamaq qaydaları, fərdin cəmiyyətdəki vəzifəsini yerinə yetirməsi və demək olar ki, hər bir məsələ ilə bağlı addımlar atır, bununla da hər cəhətdən əsl yeni mədəniyyət təşəkkül tapırdı. Hətta bu vəziyyət başqa mədinəlilər tərəfindən tənqid edilir və:

− Sizin Peyğəmbəriniz sizə ayaqyoluna necə gedəcəyinizə qədər hər şeyi öyrədir, − deyərək bütün bunları qəribə qarşılayırdılar. Belə bir etirazla üzləşən Salmani-Farisi dəyişilməyin nümunəsi olaraq həmin adama belə cavab vermişdi:

− Bəli, əlbəttə, öyrədəcək. Hətta bundan da çox şey öyrədəcək! Təbii ehtiyacımızı dəf edərkən qibləyə tərəf dönməməyi, sağ əlimizlə təmizlənməməyi və bunu edərkən də ən azı üç fərqli daşdan istifadə edib sümük və qurumuş heyvan peyininə bulaşmamağı da öyrədir![11]

Çünki O (s.ə.s.) bir peyğəmbərdi. Ümmətinin arasında ata möv­qe­yində idi və yeni yetişən camaatının hər cür işlərində onlara rəhbərlik edirdi.

Xülasə, mömin − addım atıb yeriyən, nəfəs alıb-verən, danışan və cəmiyyətin nəbzinə çevrilib döyünən bir Qurana çevrilirdi. Bundan sonra hər bir səhabənin sözləri Qurana, addımları isə Hz. Məhəmmədə uyğun idi. Mömin olmaq da çox mühüm bir seçim idi və bu seçimlə birlikdə insan onun hər prinsipini bütövlükdə qəbul edir, üzərinə düşənləri yerinə yetirməkdə də Allaha və Onun Rəsuluna söz verirdi. Mömin üçün söz sənəddən də dəyərli idi, verdiyi sözü yerinə yetirməkdə isə səhabə heç bir camaata tay tutula bilməzdi. Peyğəmbərimiz (s.ə.s.) Mədinə minbərində oturmuş və peyğəmbərlərdən sonra yer üzündəki ən fəzilətli camaatı meydana gətirirdi. Bəlli ki, artıq Hirada başlayan dəyişiklik gözlənilən nəticəni vermiş və keçmişə aid cahiliyyə ədalı nə qədər problem varsa, hamısını dəyişdirməyə başlamışdı və bu dəyişiklik sadəcə müəyyən bir əraziyə xas deyildi. Bu dəyişikliklə birlikdə ahəngini itirmiş bütün evlər təkrar şənlənməli, dünyanın yalnız bir üzünə yox, hər tərəfinə səadət gəlməli idi. Çünki bu dəyişikliyin rəhbəri bütün aləmlərə mərhəmət olaraq göndərilmişdi. Elə isə, bu nur damlasının düşmədiyi ən kiçik bir nöqtə də qalmamalı idi.



[1]. Buhari, Sahih, 1/13 (12)
[2]. İbn Hibban, Sahih, 2/264 (510)
[3]. Bax: Buhari, Sahih, 5/2240 (5673); Mişkatü’l-Mesabih, 2/424
[4]. Buhari, Sahih, 1/12 (10)
[5]. Buhari, Sahih, 1/14 (13)
[6]. Bax: Muslim, Sahih, 4/2000 (2586)
[7]. Bax: Buhari, Sahih, 5/2253 (5717)
[8]. Bax: Buhari, Sahih, 2/862 (2310)
[9]. Bax: “Bələd” surəsi, 90/12-18. “Sən nə bilirsən ki, əqəbə nədir?! O, bir köləni, bir əsiri  azad etməkdir. Qıtlıq vaxtı yemək verməkdir. Qohumluq əlaqəsi çatan bir i və ya yeri yataq, göyü yorğan edən, sığınılacaq heç bir yeri olmayan kasıbı doyurmaqdır! Həm də bu, könüldən iman gətirib bir-birinə səbir və şəfqət dərsi vermək, səbir və şəfqət nümunəsi olmaqdır. Əməl dəftərləri sağ əllərinə verilənlər bunlardır!” Bununla bağlı həmçinin bax: Ebu Davud, Sünen, 4/285 (4941); Tirmizi, el-Camius¬-Sahih, 4/323 (1924).
[10]. Buhari, Sahih, 3/1316 (3400)
[11]. Muslim, Sahih, 1/223 (262)