3. 054 dəfə oxunub ,   0 şərh   Çap et

Düzgün qidalanmaq, həddən artıq yeməmək fiziki və mənəvi sağlamlıq üçün çox əhəmiyyətlidir. Miqdam ibn Madikəribdən (r.a) rəvayət edilən bir hədisi-şərifə görə, Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Heç bir insan mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki ayaq üstə durmaq üçün bir neçə tikə kifayətdir. Əgər mütləq çox yeyəcəksə, mədəsinin üçdə birini yeməyə, üçdə birini suya, üç də birini də nəfəsinə ayırsın”[1].

İsgəndəriyyə hökmdarı Mukavqis Peyğəmbərimizə (s.ə.s) bir neçə hədiyyə ilə yanaşı bir təbib göndərmişdi. Allah Rəsulu həkimə: “Öz ölkənə qayıda bilərsən. Çünki biz acmadıqca yemək yeməyən qövmük. Yeyəndə də doyanadək yemərik”[2], − buyurmuşdu.

Allah Rəsulu (s.ə.s) burada sağlamlıqla əlaqəli çox əhəmiyyətli bir mövzuya toxunmuşdur. Bu da az yeməyin xəstəliklərin qarşısını alması ilə bağlıdır. Acmadan yeməyən, yeyəndə də mədəsini ağzınacan doldurmayan insanlar xəstəliyə çox az hallarda tutulurlar. Allah Rəsulunun (s.ə.s) hələ on dörd əsr əvvəl dediyi sözlər müasir dövrdə daha yaxşı anlaşılır. Bu gün piylənmə xəstəliyi geniş yayılmışdır. Çox yemək daxili orqanların həddindən artıq işləməsinə səbəb olmaqla ciddi fəsadlara yol açır və orqanizmin xəstəliklərə qarşı müqavimət gücünü zəiflədir. Virus və bakteriyalar orqanizmə daha rahat təsir edə bilirlər. Şəkər xəstəliyi bir qayda olaraq insulin ifraz edən mədəaltı vəzin yorğunluğu nəticəsində təxminən altmış yaşlarda özünü göstərir. Ancaq bu gün bu xəstəliyə uşaq və yeniyetmələrdə də az rast gəlinmir. Bunun da əsas səbəbi çox yeməkdir. Digər tərəfdən şəkər, qan təzyiqi və ürək xəstəliklərinin müalicəsi çətin və bahalıdır. Bu xəstəliklərlə yaşamağı öyrənməkdənsə, daha asan və ucuz başa gələn bir yola əməl etmək daha faydalıdır. Bu yol da Allah Rəsulunun (s.ə.s) bildirdiyi kimi, az yeməkdir. Az yeməyin ölçüsü də bəllidir: mədənin üçdə birini yemək, üçdə birini su, üçdə birini də boş saxlayıb tənəffüsə ayırmaq. Bu cür qidalansaq, xəstəliklərə yoluxmaz, eyni zamanda həyatımızın heç bir mərhələsində bəzi dünya nemətlərindən məhrum qalmarıq. Əlbəttə, bunu “Rəsulullahın (s.ə.s) sünnəsidir deyib” etməklə həm də savab qazanmış olarıq.

Hədisi-şərifdə göründüyü kimi, Rəsuli-Əkrəmin (s.ə.s) bizə tövsiyəsi acmadıqca yeməmək, yemək yeyəndə isə mədəni doldurmadan süfrədən qalxmaqdır. Bir müsəlman yaşamaq üçün yeməlidir, yemək-içməyi həyatının amalına çevirməməlidir. Çünki onun əsl qayəsi ibadətdir. İbadət etmək üçün gözlərdə işıq, dizlərdə təpər olmalıdır. Müsəlman ibadət etmək üçün yeməli, ancaq mədəsini ağzınacan yeməklə doldurmamalıdır. Əks halda əsl qayə və məqsədindən uzaqlaşmış olar.

Allah Rəsulu: “Mömin yemək yeyərkən sadəcə mədəsini, kafir isə yeddi bağırsağını da doldurar” sözləri ilə dinimizin bu mövzudakı əsas prinsipini ortaya qoymuşdur. Əbu Hüreyrə (r.a) belə nəql edir: “Allah Rəsulunun evinə qonaq gəlmişdi. Gələn qonaq hələ müsəlman olmamışdı. Peyğəmbərimiz onun üçün qoyundan süd sağılmasını əmr buyurdu. Qonaq gətirilən yeddi qab südü içib qurtardı. Bu qonaq ertəsi gün müsəlman oldu. Allah Rəsulu ona yenə də süd gətirilməsini əmr etdi. Qonaq südü içdi. Peyğəmbərimiz yenə süd gətirtdi. Amma o, südü içib qurtara bilmədi. Bunu görən Allah Rəsulu: “Mömin bir mədəsi ilə, kafir isə yeddi mədəsi ilə yeyib-içir”, − buyurdu.

Kafirlər Allaha iman etmədikləri üçün axirətə də inanmazlar. Buna görə də onların əsas qayəsi və amalı dünya həyatında hər şeydən dadmaq və maksimum faydalanmaqdır. Onlar üçün mədə və şəhvani arzular hər şeydən önəmlidir. Müsəlman onlar kimi olmamalı, yeyib-içməyinə diqqət etməli və Allahın rizasını qazanmağa çalışmalıdır.

Abdullah ibn Ömər (radiyallahu anh) nəql edir: “Bir dəfə həddindən artıq çox yemiş bir nəfər gəyirməyə başladı. Allah Rəsulu: “Gəyirmə! Çünki dünyada çox doyanlar, qiyamətdə çox ac qalacaqlar,” − deyib xəbərdarlıq etdi”[3].

[1]. Tirmizi, “Zöhd”, 47; İbn Macə, “Ətimə”, 50

[2]. Hələbi, “İnsanul-uyun”, 3/299

[3]. Tirmizi, “Qiyamət”, 37

 



Açar sözləri

ac qalmaq yemək

Bənzər məqalələr

Ramazanda necə qidalanmalı

Nəzərə almaq lazımdır ki, bu ilki oruc yay vaxtına düşdüyündən günlər uzun hava isə istidir. Buna görə də mütləq sahura qalxmaq lazımdır. Sahurda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmalı, kəpəkli çörək yeyilməlidir. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec sorulur. Bu uzun zaman ac qalmaq üçün faydalıdır.

Unudaraq yemək orucu pozurmu?

“Oruclu olduğunu unudaraq nə isə yeyən və ya içən şəxs oruca davam eləsin, pozmasın. Çünki onu Allah yedirib-içirmişdir.”

Oruc və səbir

Şəxsiyyətin formalaşmasında səbir və dözümün rolu böyükdür. İnsanın maddi və mənəvi yönləri bir-biri ilə sıx bağlıdır. Biri digərini öz təsiri altına ala bilir.

Oruc ac-susuz qalmaq deyil

Oruc tutan insan bütün pis əməllərdən uzaq olmalıdır. Yəni oruc tumaq yalnız ac-susuz qalmaq demək deyildir. İnsan, xüsusən də, oruc tutanlar bütün üzvlərini günahlardan qorumalı, minalanmış ərazidə gəzirmiş kimi diqqətli olmalıdır. Bir sözlə, o, şeytanın günah oxlarından qorunmaq üçün əlinə, ayağına, başına, qulağına zireh geyməli və onların təsirinə məruz qalmamağa çalışmalıdır.

Oruclu qadın bişirdiyi yeməyin dadına baxa bilər?

Əri tündxasiyyətli olan bir qadın dilinin ucu ilə bişirdiyi yeməyin dadına baxa bilər. Həmçinin bir şeyi alarkən aldanma ehtimalı olan şəxsin, satın alacağı qida maddəsinin dadına baxması da caizdir.


Şərh yaz