1. 661 dəfə oxunub ,   0 şərh   Çap et

Həyat yoldaşının düzgün seçilməsi ailədə yaxşı münasibətlərin, yola getməyin əsasını təşkil edir. Tərəflərin ailədən gözlədikləri ilə bir-birində axtardıqları xüsusiyyətlərin uyğun gəlməsi onların yaxşı və davamlı münasibət qurmasını təmin edir. Şəxsən mən bu məsələyə bir az qismət (tale) nöqteyi-nəzərindən yanaşmağın vacib olduğunu düşünürəm. Bəlkə də, bu qənaətdə patriarxal və görmə üsulu ilə evliliyin hakim olduğu bir mədəniyyətin öz təsiri vardır. Ancaq ailə modellərinə bəşəri müstəvidə baxanda bu qənaətin yalnız mənə aid olmadığına şahid olursunuz. Hətta dünya miqyasında aparılan statistik hesablamalar görmə (göstərmə) üsulu ilə qurulan ailələrin daha möhkəm, uzunömürlü və xoşbəxt olduğunu göstərir. Boşanma səbəbləri ilə bağlı aparılan araşdırmaların nəticələri də eyni nəticəni göstərir. Belə ki, qarşılıqlı razılaşma ilə qurulan ailələrdə boşanma səviyyəsi görmə üsulu ilə qurulan ailələrə nisbətən daha çoxdur. Bu, nəticədə həyat yoldaşı seçimində gənclik hissiyyatının, müvəqqəti həvəslərin rol oynamaması da (əsasən görmə üsulu ilə evlənmədə) mühüm rol oynayır.

“Qədəri yanaşma” anlayışına bir-iki cümlə ilə aydınlıq gətirmək istəyirəm. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) dövlətin idarə olunması ilə bağlı bəyanları vardır. Hər kəsin bildiyi “Necəsinizsə, elə idarə edilirsiniz” (Əli əl-Müttəqi, “Kənzül-Ümmal” VI/89, Acluni “Kəşfül-Hafa” II/166) hədisi-şərifi misal göstərmək olar. Mən də “qədəri yanaşma” deyərkən hadisəyə bu hədisdə əksini tapan külli həqiqət aspektindən baxılmasını nəzərdə tuturam: yəni evli cütlərin vicdani mühakimədə və özünü təhlildə “Deməli, mən istər qabiliyyətimə görə, istərsə də bu günə qədər etdiyim ibadətlərimə görə belə bir həyat yoldaşına layiq olmuşam ki, Allah da bunu mənə nəsib etdi” deməyi, ardınca da “Əgər məndə filan-filan xüsusiyyətlər olsa idi, ona uyğun insan nəsib edərdi” kimi düşünə bilməyi. Əslində, qədər inancımıza görə, biz nə etsək də, işlərin yaxşı və gözəl olması üçün nə qədər çalışsaq da ‒ Allahın insana verdiyi cüzi iradənin haqqı hər zaman qorunur və bu, ayrı məsələdir ‒ son nəticədə Onun dediyi olur, qədər planında müəyyən etdiyi hökm icra olunur.

Üstəlik kim zəmanət verə bilər ki, həyat yoldaşı ilə imtahan olun­muruq, sınağa çəkilmirik? Hər bir müsəlman isə daim imtahan həqiqətini, imtahana çəkildiyini, hər şeyin bir imatahan olduğunu düşünməli deyilmi? Sağlamlıqla, xəstəliklə, var-dövlətlə, yoxsulluqla, xoşbəxtliklə, bədbəxtliklə… Bunların hamısı imtahan səbəbləri deyildirmi? Lütfən, övliya mənqibələrində bəhs edilən örnəkləri xatırlayaq. Bir çox insan mənim kimi adi adamların belə təsəvvür edə bilmədiyi uca məqamlara bədxasiyyət ərinə və ya arvadına dözməklə, səbir etməklə yüksəlməyibmi?

Baxın Quran nə deyir: “Qadınlarınızla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, bilin ki, sizin xoşunuza gəlməyən hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş ola bilər”. (“Nisa” surəsi, 4/19) Bu baxış münasibətlərin qurulması baxımından çox faydalıdır. Bunlar arasında ən önəmlisi, şübhəsiz ki, vaxtdır. İndi yola getməmə səbəblərinə maddə-maddə toxuna bilərik.

Birincisi, zaman. Cütlük yeni ailə qurub. Müəyyən yaş dövrünə çatmışlar. İstisnalar bir kənara, ən azından 20-25 yaşları var. Bu yaşa gələnə qədər ailə, məktəb, mühit, mədəniyyət, din və s. kimi faktorların təsiri ilə formalaşmış və artıq fərdi xüsusiyyətlər qazanmışlar. Bu iki əks cinsin ailə həyat qurması şəxsiyyətlərini, vərdişlərini, umduqlarını ata evində qoymaları anlamına gəlmir. Əslində, belə bir şey mümkün də deyil. Yalnız yeni həyata qədəm qoymuş iki insanın bir-birini qadın-kişi, sevgili, nişanlı və s. özəllikləri ilə deyil, məhz ər-arvad xüsusiyyətləri ilə tanımalıdırlar. Normal ailə münasibətlərinin ən önəmli şərti budur. Bunun üçün ehtiyac duyulan önəmli məsələ vaxt və səbirdir. Əslində, bu, bir sınaq, bir imtahandır. Unutmayaq ki, vaxtı qabaqlamaq qeyri-mümkündür.

Yaxşı, bəs nə qədər zamana ehtiyac var? Bu, şəxslərin xarakterindən asılı olaraq dəyişir. Obyektiv vaxt həddi qoymaq mümkün deyil. Bəziləri bir-birini bir ildə tanıyırlar, bəziləri daha az və ya daha çox müddətdə. Yeni qurulan ailə həyatında ər-arvad bir-birini tanıma ərəfəsində olduğunu dərk etməli və istək və arzularını müsbət və mənfi tərəfləri ilə və açıq ürəklə dilə gətirməlidirlər. Bu, ailəyə nə qazandırır? Çox şey. Hər şeydən öncə tərəflərin təbiət və xasiyyəti aspektindən problem məfhumu çözülür, nəyin problem, nəyin problem olmadığı aydın olur. Və tərəflər, həqiqətən, yola getmək istəyirlərsə, bir-biri ilə buna uyğun davranırlar.

Başqa bir nüans; vintlərdə tez-tez rast gəlinən bir hal var: yeyilmə. Bununla demək istəmirəm ki, ailə bir gün mütləq bu vəziyyətə gəlib çıxacaq. 90%-ə yaxın ailələrdə həyat yoldaşları arasında “yeyilmə”lər olur və artıq “yiv tutmur”. Axırda nə olur? Bu ailələr boşanma ilə qurtarır? Əksəriyyətində xeyr. Ər-arvad gah uşağa görə, gah ilərləyən yaşa görə, gah da cəmiyyət, camaat təzyiqiylə və ya başqa səbəblərə görə sözün əsl mənasında bir-birinə dözürlər. Daha doğru desək, özlərini dözmək məcburiyyətində hiss edirlər. Təbii ki, belə ailə yuvasında sevgi və sayğı yoxdursa, xoşbəxtlikdən danışmağa dəyməz.

Əhməd Kurucan



Açar sözləri

kader qədər

Bənzər məqalələr

İzdivac/evlilik namaz və duası

Evlənmək istədiyimiz qadının haqqımızda xeyirli olub-olmamasını öyrənmək üçün iki rükət namaz qılınır və belə dua edilir.

Qədər dəyişməyəcəyinə görə dua etməyin faydası varmı?

Dua ilə bəla-müsibətin ortadan qalxması da İlahi təqdirdir. Bu yönü ilə dua, bəlanın ortadan qalxmasının səbəbi, ilahi rəhmətin cəlb edicisidir. Bu qalxanın insanı oxlardan qorumasına, suyun otları bitirməyə səbəb olmasına bənzəyir. Necə ki, qəza və qədərə inansa da, əsgər yenə silahını daşımalıdır.

Biz qədərin məhkumuyuq?

Sual: Allah niyə bizə soruşmadan bizi yaradıb və qədərə məhkum edib? Cavab: Qədərdə məcburulik, haqsızlıq və bədbəxtlik yoxdur. İnsan nə edəcəyini cüzi iradəsi ilə seçir. Buna görə də etdiklərindən məsuliyyət daşıyır. Allah-Təala da göndərdiyi peyğəmbərlər və nazil elədiyi kitablar vasitəsilə həmişə insanlara doğru yolu göstərmişdir.

Allah Rəsulu (s.ə.s) qədər haqqında

Peyğəmbərimiz (s.ə.s) qədər mövzusunda mübahisə edən bir neçə səhabəyə: “Sizə bunlar əmr olunub, yoxsa mən sizə bundan ötrü göndərilmişəm? Sizdən əvvəlkilər bu barədə mübahisəyə başladıqları zaman həlak olmuşdular”, – buyuraraq qədər mövzusunda mübahisə edilməsindən narahat olduğunu bildirmişdir.

Qədərlə bağlı ayələrə bir baxış

Qurandakı qədər məfhumu təkcə insanla deyil, mikro aləmdəki zərrələrdən tutmuş makro aləmlərə qədər bütün kainatla bağlıdır. Yəni səbəb və nəticə çərçivəsində varlıq səhnəsinə çıxan hər bir məxluq ilahi bir proqram (qədər) içərisində meydana gətirilir. Bunu ayələrdə açıq-aşkar görürük.


Şərh yaz