9. 671 dəfə oxunub ,   1 şərh   Çap et

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir?

Yuxunun növləri və ruhun yuxuda gələcəyi görməsi.

Sadiq yuxular

Sadiq yuxularla əlaqədar bəzi misallar

  

Yuxuda hərəkətsiz bədənimizlə görən, gəzən və danışan kimdir?

Gecələr yuxuya dalırıq. Göz qapaqlarımız bağlanır, qulaqlarınız eşitmir, diliniz lal olur, əlimiz tutmur və ayağımız yerimir. Əgər yuxuda olarkən yanımızda kimsə danışsa onu görmür, danışdığını isə eşitmirik. Onun da, bizim yuxuda gördüklərimizdən, hiss edib yaşadıqlarımızdan xəbəri olmur.

Səhər yuxudan qalxar, səhər yeməyini yemədən gecə gördüyümüz şirin yuxunun təsirində qalar, sevinc və həyəcanla dolaşaraq gördüyümüz yuxunu əzizlərimizdən və ya yaxınlarımızdan kiməsə danışmaq istəyərik. Qarnımız ac olsa da, bu toxluq və sevinc görəsən haradan gəlir? Gündəlik həyatda insana aclığını unutduran və ona təsir edən hadisələr var… Bunlar, ruhun sevinməsi və coşqunluğudur.

Yuxunun növləri və ruhun yuxuda gələcəyi görməsi

Bu qəbil suallar hər kəsə maraqlı gəlir. Heç yuxu görmürəm deyən bir şəxs belə bu mövzuda söhbət düşəndə səssizcə sizi dinləyir. Yuxuya dalan bir insan, dənizə və ya fəzanın  dərinliyinə dalan bir insan kimidir. Ya gözü bağlı dalar və heç bir şey görmədən geri qayıdar, ya əlində apardığı oyuncaqlarla oynayar, onlarla məşğul olduğuna görə gözü heç nəyi görməz, ya da dənizdəki dalğaların şirin laylası ilə suyun üzündə bərq vuran ayın gözəlliyini tamaşa edər və ya səmanın əsrarəngiz ahəngini seyr edib, onları öz dünyasına daşıyar.

İnsan çox vaxt ancaq yatdığını və oyandığını bilir. Yatarkən gözü bağlı qaranlıqlara dalmış kimi olar və heç nə görmədən dünyaya qayıdar.

Bəzən elə olur ki, insanın “şüuraltı”na yerləşən (heç yadından çıxamayan), başından keçən həyəcanlı hadisələr və ya üzərində çox düşünüb, götür-qoy elədiyi problemlər yuxu əsnasında şüur üstünə çıxır (yəni insan yuxuda yuxarıda dediklərimizdən hər hansı birini görür). Döyüşdən yeni gəlmiş bir şəxsin uzun müddət yatağından qorxaraq qalxması bu qəbildən hadisələrə misal göstərilə bilər.

Bundan əlavə xəstəlik, narahatlıq, psixoloji sıxıntılar və temperament[1] pozulması nəticəsində görülən yuxular vardır. Buna misal olaraq, yatmadan öncə duzlu yemək yeyən şəxsin özünü gölün kənarında görməsi, kiməsə əsəbləşərək yatanın yuxuda dalaşması, şəhvət hisslərini təhrik edən şeylər haqqında düşünənin qeyri-əxlaqi yuxular görməsi göstərmək olar.

 Bir insan həmişə yuxuya inanar, yuxugörmə üçün yatar, xəyallara dalar, yumurta üzərinə yatan kürt toyuq kimi yuxu görmək üçün yatar və gördüyü yuxunu yozumuna görə hərəkət edərsə, belə bir şəxsin “yuxu görmə xəstəliyinə” tutulduğunu söyləyə bilərik.

Sadiq yuxular

“Şüuraltı”na yerləşən bir problem, bir xəstəlik, xəyallara dalma olmadan dupduru və apaydın duyğularla gözlənilməz anda görülən yuxulara sadiq röyalar deyilir. Məsələn, peyğəmbərlərin, övliyaların və saleh qulların yuxuları. Bu cür yuxuları inamlı insan da görə bilər, inamı olmayanda.

Sadiq yuxular, Allah (cəllə cəlaluhu) tərəfindən lütf edilən bir müjdə, bir xeyirli əmələ təşviq, bir ilham və yol göstərmə ola bilər. Həmçinin baş verə biləcək bir problem barədə öncədən xəbərdarlıq və ya ibrət almaq üçün irşad məqsədli də ola bilər. Burada daha çox, ruhun hüdudları aşan, gələcəklə əlaqədar görülən yuxular üzərində dayanacağıq.

Bu yuxular, gedilməsi şübhə olmayan qəbir və axirət aləmindən yaşadığımız, beş duyğu orqanımızla müşahidə etdiyimiz bu aləmə – yəni şəhadət aləminə gələn dalğaların sızmasıdır. İnsan yuxuya dalanda duyğu orqanları sanki içində yaşadığımız bu maddi aləmlə əlaqəsini kəsir. Ruhun bədənlə əlaqəsini təmin edən elektrik bağı bir növ kəsilərək sanki mənəvi aləmə-yəni metafizik, qeyb aləminə aid fərqli bir şəbəkəyə qoşulur və oradan bəslənməyə başlayır. Maddi aləmə baxan pəncərələr bağlandıqda, mənəvi aləmə pəncərələr açılır. Və açılan bu pəncərələrdən misal aləmi ilə əlaqəli təmsilləri, simvollari, bərzəx aləmindən əks edən lövhələri, basar və bəsirətə ərz edilən tabloları və gələcəyə aid hadisələrin səhifələri görünər. Beləliklə yuxuya insanı bu aləmdən başqa aləmlərə aparan sirli bir vasitə və ya zaman tuneli deyə bilərik.

Məsələni bir az izah edək: Hər şeyin yaşadığımız bu aləmdə varlığı ortaya çıxmadan əvvəl  dəyişməyən,  sabit əsli var. Yəni, ilahi elmdə hər şeyin sabit əksi mövcuddur. Və sonra bunlar Allahın qüdrət və iradəsi nəticəsində cismani aləmə ötürülür. Bu prosesdə, yəni, əşyanın həqiqətlərinin maddi aləmə inikasına vasitəçilik edən ayrı bir aləm də var ki, buna aləmi-misal-yəni “təməssül aləmi” deyirik. Maddədən mütəşəkkil, cismani bədənimizin dar məhbəsindən xilas olan ruh, onu tamamilə tərk etmədən misal aləminə doğru pərvaz edib, yüksəlməyə başlayır. O aləmə yüksəlincə, cismaniyyətə aid fiziki aləmlərdən ayrılıb, tamam fərqli hüdudların içinə daxil olur. Bu hüdudların içində zaman məfhumu olmadığından keçmiş, indiki və gələcək zaman bir-birinə qarışar. Ruh, orada keçmiş və gələcəyi eyni anda və eyni zamanda görə bilər. Yəni iyirminci əsirdə ikən, eyni anda Əsri-Səadətdə Rəsulullahla (s.ə.s) birgə yaşayıb, özünü səhabə kimi görə bilər. Necə olar deməyin?! Məsələn, hündür bir dağın ətəyində və ya bir kənd evində olan insan, o anda ancaq öz əhatəsində olan dar ərazini müşahidə edə bilir. Lakin, helikopterlə yüksəldikdə, dağın həm zirvəsini, həm də dörd bir yanını görə bildiyi kimi, eyni zamanda bir ev deyil, bir çox evləri, hətta kəndləri görə bilir. Yuxularda da belə olur. Trans (yuxuda və ya ayıq halda ruhun metafizik aləmdəki seyri) halında ruh bədəndən ayrılaraq, misal aləminin dərinliklərinə yelkən açar və eyni şeyləri hiss edə bilər.

Misal aləmində yuxu vasitəsilə ruhumuz müəyyən şeyləri kino pərdəsində film seyr edirmiş kimi-olmuşu, olanı və olacağı eyni anda görə bilər. Elə ki, bu gördüklərimiz bəzən açıq-aydın görünər. Bəzən, simvollar şəklində olar və təvil edilməsi, yozulması gərəkir. Məsələn, misal aləmində gördüyünüz bir damla su, həqiqətdə almadır. Misal aləmində gördüyünüz pislik, bu aləmdə mal deməkdir. Və əlinizə pul keçəcək deməkdir. Əgər bu pislik (nəcasət) başqasına məxsusdursa, haram mal, sizə məxsusdursa halal maldır. Misal aləmində bir atın üzərinə minsək, bu muradımıza çatacağımız mənasına gəlir. Bu səbəblə, İlahi təqdirin işarəsi ola biləcəyindən, gördüyümüz yuxunu dərhal özünüz yozmamalıyıq. Haləti-ruhiyyəmizdən xəbərdar,  nəzərlərimizdən məna çıxara bilən və üz çizgilərimizdən qədərimizi oxuyan hikmət əhli şəxslərə yozdurmaq gərəkir.

Sadiq yuxularla əlaqədar bəzi misallar

Prof. Seyyid Qütb, təfsirində nəql edir: “Amerikada olarkən, yuxumda Qahirədə olan bacım qızının gözündə görməsinə mane olacaq dərəcədə qan gördüm. Yazdığım məktuba gələn cavabda, həqiqətən gözündə iç qanama olduğu və müalicə edildiyi yazılmışdı.”[2]

Övliya Çələbi, “Səyahətnamə”sində nəql edir: “Dördüncü Muradın qızı Qayə Sultan, yuxusunda babası Sultan Əhmədi Cənnətdə görür. Sultan Əhməd, Qayə Sultana: “Qızım, Yeni Came inşa edilərkən ətəyimdə daş daşıdım, Rəbbim də məni Cənnətə qoydu. Sən də gəl”, − deyir. Bu vaxt, orda olan əmisi Mustafa isə: “Qayə üçün bu qədər tələsmə, bir qızı olsun, ondan sonra gəlsin”, − deyə cavab verir. Babası, bu niyyətlə “əl-Fatihə” deyib, əllərini üzünə çəkir. Qayə Sultan, həqiqətən doğum əsnasında vəfat edir.”[3]

“Tanrıya qaydış” adlı əsərdə Ana Ostrovsky adlı bir yazarın anası, almanların Rusiyaya girməsindən beş il əvvəl yuxusunda müharibə əsnasında döyüşlərin baş verdiyi bir çox səhnəni görmüş və bunları o günkü qəzetlərdə nəşr edilmişti.[4]

Bir yoldaşımızın xanımı gecə yarısından sonra vəfat edir. Bundan heç kimin xəbəri yoxdur. Səhər Quran təlimi üçün uşaqlar məsciddə toplanırlar. Dərs əsnasında 12-13 yaşlarında bir uşaq, “Mən gecə bu sinif yoldaşımın anasının öldüyünü gördüm, doğrudurmu?” – deyə soruşur.

Bir qadın, rəfiqəsi kimi ana olacağını gözləyir. Bunlardan biri, digərinə “Əvvəl sən ana olacaqsan” deyir.

“Haradan bildin?” − deyə soruşanda “Yuxumda bir yerdə idik. Yerə bir jilet düşdü, onu sən götürdün” − cavabını verir.

Həmin qadın, yuxusunda babasının divara söykənən nərdivandan yıxılıb ayağının qırıldığını görür. Aradan bir ay keçdikdən sonra gələn məktubda, “Baban məscidin divarını təmir edərkən nərdivandan yıxılaraq ayağı qırıldı, xəstəxanada yatır.” yazılmışdı.

Yenə həmin qadın, dayısının bir masa başında tapança ilə vurulub öldürüldüyünü görür. Dörd il sonra dayısının masada oturarkən güllələndiyi xəbəri gəlir .

Bu əsrin əvvəllərində Niels Bohr, yuxusunda günəş və günəşə ipliklərlə bağlı hərəkət edən planetlər görür. Oyananda bunlarla atomların quruluşu arasında bənzərlik olacağını düşünür.

Kimyaçı Kekul, yuxusunda atomları və ilan kimi bir şəklin meydana çıxıb, quyruğunu ağzına aldığını görür. Oyananda, benzolun kimyada halqa şəklindəki (altıbucaqlı) düsturunu (C6H6) tapır.

Elias Howe, bütün təcrübələrinə baxmayaraq tikiş maşınının iynəsini kəşf edə bilmirdi. Bir gecə yuxusunda, əsir düşdüyü vəhşi qəbilələrin əlində tər tökərkən, birdən gözətçilərin əlindəki mizraqların ucunda göz şəklində dəlik gördü. Oyandı və bir ucu dəlik, kiçik “mizraq” kəşf etdi.

Bu və bənzəri yüzlərlə misallar var ki, bunların hər biri, ruhun sirli aləmindən gələn bir mesaj kimidir.


[1] Şəxsiyyətin psixi fəaliyyətində dinamik cəhətlərin xarakteristikası.

[2] Seyyid Qütb, Fi Zilalil-Quran, IV, 1972.

[3] Övliya Çələbi, Səyahətnamə, VIII, 112.

[4] Ostrander, Shelia; Schroneder, Lynn: Rusiyada Tanrıya Dönüş, s. 172-173 .



Açar sözləri

röya yatmaq yuxu yuxugörmə

Bənzər məqalələr

Yusuf surəsi və röya təbiri

Röya əsrlər boyu insanlara ən çox diqqətini, marağını cəlb edən mövzulardan biridir. Ən qədim dövrlərdən bəri yuxuların mahiyyətini araşdırmışlar. Röyan, “misal aləmindəki qədərlə əlaqəli lövhələrin, eyniylə və ya fərqli formada yuxu halında ruhumuza əks etməsidir.”

Yuxu və beynin istirahəti

Yuxu beyin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitlə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii-fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.

Rəsulullahı (s.ə.s) yuxuda görmək

Rəsulullahı (sallahu aleyhi va salləm) yuxuda görmək möminin görəcəyi ən sadiq röyaların birincisidir. Çünki, Onun (sallahu aleyhi va salləm) müsafiri olduğu yuxular (bəzilərinin izaha ehtiyacı olsa da) doğrudur. Rəsulullah (sallahu aleyhi va salləm) bir hədisində bu haqda belə buyurmuşdur: “Yuxusunda məni görən həqiqətən məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz.”

Rəsulullahın (s.ə.s) yatış və uzanma tərzi

Ərəbcə “nəvm” sözünün qarşılığı olan yuxu bədənin dincəlib yenidən fəaliyyətə başlaması üçün vücuddan və xarici aləmdən gələn siqnalları müvəqqəti olaraq qəbul etməməsi, daxili orqanların fəaliyyətinin passivləşməsi deməkdir. Yuxu insanlar üçün bir nemətdir. Bütün günü işləyib yorulan vücud gecə istirahəti ilə əvvəlki gücünü bərpa edir.

Yuxu nədir? Hansı növləri var?

Yuxu həqiqət aləminə açılan pəncərələrdən, olmuş və olacaq hadisələrin eyni ilə görülməsindən, yaxud bəzi işarələrlə müşahidə edilməsindən ibarətdir. Yuxularda gözə, maddəyə və işığa ehtiyac olmur, hər şey bəsirət və ruhla sezilir. Məhz buna görə də yuxular bir çox hallarda insana təsəvvürəsığmaz gözəllikləri göstərir.


1 şərh yazılıb
  1. Yuxu Yozma , 18/09/2020 tarixində, saat 20:09

    Yuxu haqqında çox geniş məlumatlardır. Çox az yerdə var bunlar.👍

Şərh yaz