1. 272 dəfə oxunub ,   0 şərh   Çap et

Zarafatda əsas prinsiplərdən biri yalan danışmamaqdır.

Əbu Hureyrə (radiyallahu anh) nəql edir ki, səhabələrdən bəziləri: “Ya Rəsulullah, sən bizimlə zarafat edirsən?” – demişdi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) də: “Əlbəttə ki, zarafat da olsa, mən yalnız doğrunu deyirəm”[1] – buyurmuşdu.

Yalan qarışmamış zarafatlar zehni dincəldir, insanın eynini açır. Həzrəti Ənəs (radiyallahu anh) nəql edir:

 “Bir nəfər Rəsulullahın hüzuruna  gəlib: “Ey Allahın Rəsulu, mənə  bir dəvə ver”, – dedi.

 O da:

– Mən səni dəvənin balasına mindirəcəyəm, – dedi. Həmin şəxs:

– Ya Rəsulullah, dəvə balası mənim nəyimə lazımdır? – de­yən­də Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm): “Görəsən, dəvə dəvədən başqa nəyin balasıdır ki?” – buyurdu. [2]

Diqqət yetirsək görərik ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) səhabəyə “Səni dəvə balasına mindirəcəyəm” deyəndə böyük dəvənin də bir dəvə balası olduğuna işarə etmiştir. Belə zarafatlar zehin itiliyi baxımından da faydalıdır.

 Xəyal dünyası geniş olan uşaqlar üçün də zarafatlar əhəmiyyətlidir. Zarafatlaşma bir mənada uşaqla uşaq olmaqdır. Həzrəti Ənəs (radiyallahu anh): “Uşaqlarla zarafatlaşmaqda Ona çatan olmazdı”[3] – deyərək Həzrəti Məhəmmməd Mustafanın (sallallahu əleyhi və səlləm) bu mövzuda da örnək olduğunu bildirmişdir. Məsələn, Hz. Ənəs bir dəfə Rəsulullahın ona zarafatla: “Ey iki qulaqlı” – deyə müraciət etdiyini nəql edir.[4]

Ancaq burada incə bir məsələyə toxunmalıyıq. Uşaqlara yaşlarına və psixoloji vəziyyətlərinə uyğun edilən zarafatla alçaldıcı zarafatları bir-birindən ayırmaq lazımdır. İstər yetkin fərdlərin, istərsə uşaqların gözündə dəyərli olan bir əşya və ya düşüncəni bir anlıq gülmək üçün ələ salmaq çox təhlükəlidir. Xüsusilə, alçaltma məqsədi ilə edilən zarafatlar insanda mənfi təsirini dərhal hiss etdirir. Bir çox insan özü və ya başqalarının etdiyi zarafatlarla gözəl vaxt keçirəcəyini düşünür. Lakin bir az diqqət etsələr, görərlər ki, etdikləri (xüsusən, insanları çıxılmaz vəziyyətə salan)  zafatların arxasında hansısa pis niyyət yatır. Bu, şüuraltında yatan qarşıdakının çətin vəziyyətə düşməsindən və ya alçalmasından həzz alma hissidir. Ancaq tədqiqatlar göstərir ki, insanlar ən yaxın dostu tərəfindən də olsa, istehzalı zarafatlara hədəf olmaqdan xoşlanmır. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir adamın dəyənəyini zarafatla götürməyi belə xoş qarşılamamışdır.

Abdullah Yezid ibn Səibdən (radiyallahu anh) rəvayət edilir: “Rəsulullah (sallallahu əleyhi və səlləm) buyurdu ki: “Heç kim nə zarafatla, nə də ciddi (din) qardaşının dəyənəyini götürməsin. Götürsə də, dərhal geri qaytarsın.[5]

Aqressiv zarafatlar zarafat həddini aşmaq sayılır. Bu cür zarafatlar insanları qorxutduğuna görə zarafat ədəbinə ziddir. Qorxunc maska taxıb insanları qorxutmaq və bununla əylənmək də eyni qəbildəndir. Halbuki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) təkcə uşaqlara deyil, böyüklərə də bu cür zarafatlar edilməsini qadağan etmişdir. İbn Əbi Leyla səhabələrin nəql etdiyi bir hadisəni rəvayət edir: “Səhabələr bir dəfə səfərdə imişlər. Yolda bir  yerdə dincələndə biri yatır. Digər yol yoldaşı gedib onun kəndirini götürüb gizlədir. Yuxudan duranda ipini tapa bilməyən həmin səhabə “Kəndiri itirmişəm” deyə təşvişə düşür. Hadisədən xəbər tutan Rəsulullah (sallallahu əleyhi və səlləm): “Bir müsəlmanın başqa müsəlmanı qorxutması halal deyil” – deyə buyurur.[6]

Qorxulu və ya aqressiv zarafatlara məruz qalan uşaqlar, xüsusən də, zehni inkişafda hələ konkreti qavramadan mücərrədi qavrama mərhələsinə keçməmişdirsə, bunu düşmənçilik və pislik kimi başa düşürlər. Ələlxüsus da, qorxulu zarafatlar zamanı özlərini alçaldılmış hiss edirlər. Buna görə də valideyn və yaxın-uzaq qohumlar uşaqları zarafatla qorxutmaqdan çəkinməlidir. Əks halda uşaqların valideynə və ya qohumlara inamı və sevgisi ciddi zədələnər.

Bu səbəbdən uşağın qüsurlarını və ya bir işi bacarmamasını ələ salmamalı, başqalarının da ələ salmasına imkan verməməliyik. Bu məsələlərə kifayət qədər ciddi yanaşılmasa,  uşaqların qapalı, incik, bədbin xarakterdə böyüməsi qaçılmaz olar. Bu da uşağa ən böyük pisliyi etmək deməkdir.


 [1]. Tirmizi, Birr 57, (1991).

[2]. Tirmizi, Birr 57, (1992); Əbu Davud, Ədəb  92, (4998).

 [3]. Suyuti, Camiüs-Sağir, II, 30.

 [4]. Tirmizi, Birr 57, (1993); Əbu Davud, Ədəb 92, (2005).

 [5]. Əbu Davud, Ədəb 93, (5003); Tirmizi, Fitən 3, (2161).

 [6]. Əbu Davud, Ədəb 93, (5004).

 




Şərh yaz