1. 639 dəfə oxunub ,   0 şərh   Çap et

İnsanın malik olduğu və qiyməti olan hər şeyə mal deyilir. Elə isə insan yaşadığı evə, evin döşəmələrinə, soyuducuya, paltaryuyana və ya sənətkar dükanındakı alətlərə, müəllim kitablarına və s. görə zəkat verməlidirmi?

 Bu suala aydınlıq gətirmək üçün zəkata daxil olan malların şərtlərini maddələr şəklində veririk:

1. Tam mülkiyyət

Bir insan işləyərək, müqavilə, bağışlanma, miras və s. kimi məşru (halal, qanuni) yollarla sərvət sahibi ola bilər. Nəticə etibarilə, mal birbaşa sahibinin əlindədirsə, başqa şəxslərlə əlaqəsi və şərikliyi yoxdursa, pulunu öz ixtiyarı ilə istədiyi kimi xərcləyə bilir və gələn gəliri də özünə aiddirsə, deməli, o, malın üstündə tam mülkiyyət hüququna malikdir. Mülkiyyət hüququ tam olmayan vəqf (xeyriyyə məqsədi ilə qurulan cəmiyyətlər) mallarına və girov qoyulmuş mallara zəkat düşmür. Verilmiş borclarla bağlı hökmlər fərqlidir. Belə ki, borclar:

a) Qaytarılma ehtimalı yüksək olan borclar,

b) Qaytarılma ehtimalı zəif olan borclar deyə iki yerə bölünür.

Vaxtında qaytarılacağına ümid edilən və etibarlı şəkildə qeydə alınan (çek, sənəd kimi) borc birinci bəndə daxildir. Bu borcun zəkatını gecikdirmədən vermək lazımdır. Qaytarılacağına elə də ümid olmayan borclar isə ikinci bəndə aiddir, məsələn, müflis bir adamda qalan borc kimi… Bu borcun zəkatı isə qaytarılanadək verilmir. Qaytarıldıqda isə, Hənəfi məzhəbinə görə, keçmiş illərin zəkatı verilmədiyi kimi, həmin ilin də zəkatı verilmir. Çünki o, yenidən əldə edilmiş mal kimidir. Ancaq bu cür borc­lar qaytarılandan sonra keçmiş illərin zəkatını vermək daha məqsədəuyğundur. Beləcə həm Rəbbin əmri yerinə yetirilmiş, həm də kasıbların haqqı yeyilməmiş olur.

2. Nəma

Malın artım, gəlir gətirmə xüsusiyyətinə malik olması. Nəma özü də iki cürdür: həqiqi və təqdiri nəma. Həqiqi nəma malın doğum, istehsal, ticarət kimi yollarla çoxalması deməkdir. Heyvanlar, qızıl, gümüş və ticari əmtəə bu qəbildəndir. Təqdiri nəma malın sahibinin, yaxud onun vəkilinin əlində olması, potensial artma imkanını daşıması  deməkdir. Malın sahibi, və ya vəkili bu imkanlara baxmayaraq, malı hərəkətsiz saxlamağa davam etsələr belə, yenə də zəkatını verməlidirlər. Yox, əgər mal oğurlansa, yaxud qəsb edilsə və bununla da mal sahibi öz malından istifadə edə bilməsə, o maldan zəkat verməmək olar.

3. Nisab

Zəkata daxil olan malın minimum miqdarını göstərir. Bu miq­dara çatan və ondan artıq olan maldan zəkat verilir. İctimai yardım anlayışını ehtiva edən zəkata belə bir minimum hədd qoymadan: “Hər kəs əlində olan hər şeydən verməlidir” — demək doğru olmazdı.

Peyğəmbərimiz (s.a.s.) hər mal üçün nisab miqdarı müəyyən etmişdir. Nisab miqdarı dəvədə 5, qaramalda 30, qoyunda 40 baş, qızılda 20 misqal (təxminən 85 qram), gümüşdə 200 dirhəmdir (595 qram). Ticarət mallarının nisabı qızıl və ya gümüşlə hesablanır. Əkin məhsullarına gəldikdə yağış və çay suları ilə suvarılan ərazilərdən götürülən məhsulların 1/10-i, əl əməyi ilə (vedrə, kiçik kanal) suvarılan ərazilərdən götürülən məhsulların isə 1/20 –i zəkat olaraq verilir. Arpa, buğda, üzüm kimi anbarlara yığıla bilən məhsullar üçün nisab miqdarı 653 kiloqramdır. Kahı, soğan kimi tərəvəzlərdən isə zəkat alınmır. Ancaq İmam Hənifəyə görə, torpaqdan əldə edilən məhsullara nisab şərti qoymamaq, hər bir məhsuldan az, ya çox miqdarda zəkat vermək lazımdır. Hənəfi məzhəbində əvvəlki hökm əsas götürülsə də, hər ehtimala qarşı Əbu Hənifənin görüşünə əməl etmək daha münasibdir.

Zəkatı verilən yeraltı sərvətlər və dəniz məhsullarında (Hənəfi məzhəbi istisna) konkret nisab miqdarı şərt deyil.

4. Malın zəruri ehtiyaclardan çox olması

Bu ehtiyaclar ictimai, iqtisadi və mədəni vəziyyət  baxımından hər bir insanda fərqli ola bilər. Ancaq elə məsələlər də var ki, razılaşmayan qalmaz. Hənəfi məzhəbinin alimləri bunları müəyyən etmişdir: Ailənin yeməyi, geyimi, yaşayış yeri, borclarını qay­tarmağa çatan malı, sənət və peşəyə aid alətlər, ev əşyaları, minik heyvanı (müasir dövrdə maşını) və elm öyrənmək üçün alınan kitablar. Həmçinin zəkatla mükəlləf olan şəxsin şəriətə görə  baxmağa məsul olduğu adamların ehtiyacları da zəruri eh­tiyaclardan hesab edilir.

5. Malın üstündən bir il keçməsi

Yəni mükəlləfin əldə etdiyi malın üstündən bir il keçməlidir. Amma bu şərt yalnız heyvanlara, pula və ticarət mallarına aiddir. Əkin məhsulları, meyvələr, bal, yeraltı sərvətlər, xəzinə kimi mallarda “bir il keçmə” şərti yoxdur. Burada bir məqama aydınlıq gətirmək istəyirik. Zəkatını verən bir müsəlman həmin il yeni mallar əldə edərsə, artıq bu yeni malların zəkatını vermək üçün bir il gözləməyə ehtiyac yoxdur. Bu yeni qazancları mayanın üstünə əlavə edib zəkatını vermək lazımdır. Ticarət malları və heyvanların balalaması ilə əlaqədar hökm də belədir. Ancaq heyvanların növlərinə görə məzhəblər arasında fərqli hökmlər var. Məsələn, nisab miqdarı dəvəsi olan və zəkatını verən bir müsəlman 30 baş qaramal və 40 baş qoyun əldə edərsə, bu yeni heyvanlardan zəkat vermək üçün bir il gözləməlidir. Çünki növlər fərqlidir. Lakin bu heyvanların ticarəti ilə məşğul olan müsəlman yeni aldığı malların qiymətini dəqiqləşdirib zəkatını verməyə borcludur. 40 baş qoyunu olub zəkat verən bir müsəlman başqa bir səbəbdən daha 100 baş qoyun alarsa, Əbu Hənifəyə görə, aldığı yeni qoyunlar üçün bir il gözləməməli, əvvəlkiləri də üstünə gəlib 140 baş qoyunun zəkatını verməlidir.[1]

 


[1]  Burhanəddin əl-Mərginani, “Əl-hidayə”, 1/99…

 



Açar sözləri

zəkat

Bənzər məqalələr

Zəkat necə hesablanır

 Zəkat, qızıl, valyuta və axarı olan, yəni gəlir gətirən mallardan verilir. Qızıl və valyuta, yəni hər hansı pul növü 80,18 qramdan çox olarsa zəkata tabe olur.

Zəkat borcunu ödə, kasıbın haqqını ver!

“Zəkat insanın istəyinə buraxılmış bir sədəqə deyil, eqoizminə və xəsisliyinə qalib gələ bilən möminlərin həmrəyliyini reallaşdıran bir növ müəssisələşmiş, məcburi və dəruni bir ədalətdir. Zəkat hər şey kimi mal-mülkün də Allaha aid olduğunu, insanın ondan kefi istədiyi kimi istifadə etmək haqqını daşımadığını, hər kəsin cəmiyyətin bir üzvü olduğunu daima xatırladır”.

Fitr sədəqəsinin verilmə vaxtı

Sual: Ramazan bayramından əvvəl verilən fitrə sədəqəsinin hökmü nədir?

Varlılar kasıblardan üstündürlərmi?

İslam, ehtiyac sahibi bir şəxsin  başqalarından bir şey istəməsini mütləq mənada qadağan etmir. Lakin, əxlaqi cəhətdən bu davranışı çox da uyğun görmür. Çıxılmaz hallarda, zərurət yarandıqda başqasına müraciət etməyə icazə verir.

Qeyri-müsəlmana zəkat düşür?

İslamın beş əsas şərtindən biri zəkat verməkdir. Zəkat bir ibadətdir. Buna görə də qeyri-müsəlmanlara və dindən çıxanlara (mürtədlərə) zəkat verilmir. Ancaq sədəqə verilir.


Şərh yaz