Mənəviyyata Açılan Pəncərə

Zöhd və zahidlik

“Zöhd” sözü lüğətdə dünyəvi həzləri tərk edib, bədənin arzularına qarşı çıxmaq mənalarına gəlir. Təsəvvufçülərə görə, zöhd dünya ləzzətlərinə meyl etməmək, təqvanı əsas tutmaq, dünyanın nəfsə xoş gələn cəhətlərinə qarşı gözütox olmaq və az şeylə kifayətlənmək deməkdir.

Zöhdə verilən təriflərdən biri də belədir: “Zöhd” əbədi olan axirət səadəti üçün müvəqqəti dünya rahatlığını tərk etməkdir.

Haram və halallara qarşı həssas olmaq zahidliyin ilk pilləsidir. İkinci pilləsi kamillikdir ki, caiz və mübah şeylərə belə həssas  yanaşmaq və bunu həyat tərzinə çevirməkdir.

Zahid üzərindəki məsuliyyətin fərqində olmalı, başına gələn bəla və müsibətlərə və həmişə qabağını kəsən günahlara qarşı səbirlə hərəkət etməlidir. O, küfr və zəlalət istisna olmaqla Uca Yaradanın haqqındakı hər cür təqdirindən razıdır. Rəbbinin ona bəxş etdiyi imkanları yenə Onun özündən xoşnud olması və axirət yurdunu qazanmaq üçün səfərbər edər. Onun yeganə məqsədi və qayəsi Mütləq Həqiqətə qovuşmaqdır. Onun qəlbi hər zaman:

قُلْ مَتَاعُ الدُّنْيَا قَلِيلٌ وَالْاٰخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقٰى

“Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin axirət yurdu müttəqilər üçün daha xeyirlidir.”[1]

وَابْتَغِ فِيمَۤا اٰتٰيكَ اللهُ الدَّارَ الْاٰخِرَةَ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا

“Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et)”. [2]

وَمَا هٰذِهِ الْحَيٰوةُ الدُّنْيَۤا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْاٰخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ

“Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)”[3].

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. (Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir! [4] − ayələrinin sədaları ilə döyünər.

Zahidliyi istənilən çətin şərtlərdə belə şəriətin təyin etdiyi sərhədləri aşmamaq, rahatlıq zamanı isə imkanları başqaları üçün sərf etmək şəklində də tərif edənlər də olmuşdur. Bu hekayəni misal göstərə bilərik:

“Bir gün İbrahim Ədhəm həzrətləri ilə Şəqiq Bəlxi həzrətləri qarşılaşır. Şəqiq Bəlxi:

-Ey İbrahim! Nə edirsiz? Nə ilə dolanırsız? – deyə soruşur. İbrahim Ədhəm:

-Tapanda yeyirik, tapmayanda şükür edirik, – deyir. Şəqiq:

-Xorasanın köpəkləri də belə edir, cavabını verir. İbrahim Ədhəm təəccüblə eyni sualı Şəqiq Bəlxiyə verir:

-Bəs siz nə edirsiniz? Şəqiq cavabında belə deyir:

-Biz isə tapmayanda şükür edirik, tapanda isə başqalarına veririk”.

Zahidliyin bir şərti də Allahın lütf etdiyi nemətlərə şükür edib, bu var-dövlətin haqqını verərək İslamın təbliğində və faydalı işlərdə xərcləməkdir. Bu cür düşünən insanlar ehtiyacdan artıq mal-mülk yığıb saxlamaz, müvəqqəti dünya ləzzətlətinin ardınca getməzlər.[5]

Süfyan Səvriyə görə zahidlik, sadə yeməklər yeyib, ucuz paltar geyinmək deyil. Zahidlik Haqqın rizasını rəhbər seçmək və bitib-tükənməz dünyəvi arzulara qəlbən qapalı olmaqdır.[6] Bu anlayışa görə, həqiqi zahidin üç əlaməti var:

  1. Hər hansı dünyəvi nemət əldə etdikdə sevinməmək, əlindəkiləri itirdikdə məyus olmamaq. Həzrət Əyyub peyğəmbər kimi: اَلْحَمْدُ لِلّٰهِ الَّذِي اَعْطَانِي ثُمَّ اَذْهَبَ عَنِّي “Həmd olsun o Allaha ki, öncə verdi, sonra da aldı.” düşüncəsi ilə hər vəziyyətdə şükür etmək.
  2. Təriflənəndə sevinməmək, tənqid olunanda narahat olmamaq.
  3. Haqqa qulluq və xəlvəti hər şeyə tərcih etmək.

Zahid olmaq istəyən şəxs istənilən vəziyyətdə (yeyib-içərkən, yatıb-qalxarkən, insanlar arasında olarkən və s.) zöhdü düşünməli, bu duyğu ilə nəfəs almalı, bununla yaşamalı, yuxusunda belə zöhd görməlidir. Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir hədisində belə buyurur:

«إِذَا رَأَيْتُمُ الرَّجُلَ قَدْ أُعْطِيَ زُهْدًا فِي الدُّنْيَا، وَقِلَّةَ مَنْطِقٍ، فَاقْتَرِبُوا مِنْهُ، فَإِنَّهُ يُلْقِي الْحِكْمَةَ       

“Dünyaya rəğbət göstərməmək və az danışmaq lütf edilən bir insan görsəniz ona yaxınlaşın (söylədiyinə diqqətlə qulaq asın). Çünki o onun danışığında hikmət vardır (və ya qəlbinə hikmət ilham edilmişdir).”[7]

Bu duyğunu Mövlanə Cəlaləddin Rumi nə xoş tərənnüm edib:

چِسْت دُنْيا اَزْ خُدَا غَافِل بُودَن          نِـي قُمَاش و نُقرَه وُفَـرْزَندوُزَنْ

مَال رَاكَز بپَرِ حَق بَاشِي حَمُول       (نِعْمَ الْمَالُ الصَالِحُ) گُفت آن رَسُول

اٰب دَر كَشْتِي هَلَاكِ كَشْتِي است       اٰب اَنْدَر زِيرِ كَشْتِي پُشْتِي اسـت

“Dünya nədir? O, Xudaddan qafil olmaqdır; parça, gümüş, övlad və qadın deyildir. Əgər dünya malını Haqqın rizası için çiyninə yükləsən nə xoşdur. Həzrət Rəsul bu haqda: ‘Yaxşı insan üçün xeyirli mal nə gözəldir![8]− buyurmuşdur. Gəminin içinə girən su gəminin batırar, ancaq gəmini də onunla üzdürə bilərsən.” Yəni sən də çalış su gəminin içinə girib onu batırmasın.

Bəli, dünyəvi imkanlar, var-dövlət sahibi olmaq zahidliyə mane deyildir. Təki insan onlara qarşı müvazinətini qorusun, onların əsiri olmasın.

Hər məsələdə bizim üçün rəhbər olan Allah Rəsulu ömrü  boyu sadə həyat yaşamışdır.[9] Əlində imkanlar düşəndə belə istiqamətdən ayrılmamışdır.  

Məqaləni Həzrət Əlinin məşhur qəsidəsindən bir neçə beyit ilə tamamlayaq:  

 

اَلنَّفْسُ تَبْكِي عَلَى الدُّنْيَا وَقَدْ عَلِمَتْ        أَنَّ السَّـلَامَةَ فِيهَا تَرْكُ مَا فِيهَا

لَا دَارَ لِلْمَرْءِ بَعْدَ الْمَوْتِ يَسْـكُنُهَا         إِلَّا الَّتِي كَانَ قَبْلَ الْمَوْتِ بَانِيهَا

……………………….                   …………………………

أَمْوَالُنَـا لِـذَوِي الْمِيرَاثِ نَجْمَعُهَا           وَدُورُنَا لِخَـرَابِ الدَّهْـرِ نَبْنِيهَا

كَمْ مِنْ مَدَائِنَ فِي الْاٰفَاقِ قَدْ بُنِيَتْ               أَمْسَتْ خَرَابًا وَدَانَ الْمَوْتُ دَانِيهَا

لِكُلِّ نَفْسٍ وَإِنْ كَانَتْ عَلٰى    وَجَلٍ مِنَ الْمَنِيَّةِ اٰمَـالٌ تُقَـوِّيـهَـا

فَالْمَرْءُ يَبْسُطُهَا وَالدَّهْـرُ يَقْبِضُهَا          وَالنَّفْسُ تَنْشُرُهَا وَالْمَوْتُ يَطْوِيهَا

“Nəfs dünyaya qarşı ahu-fəğan içindədir. Üstəlik qurtuluşun dünya və içindəkiləri tərk etməyə bağlı olduğunu bilir. O biri aləmdə, insanın dünyadan köçmədən inşa etdiyi evlər xaricində oturmağa yer yoxdur.

………………………………………………

Var-dövlət ki, biz onları varislər üçün yığırıq. Tikililərimiz ki, biz onları zamanın aşındırması üçün  ucaldırıq. Ətrafımıza baxaq. Bir vaxtlar neçə-neçə sağlam tikilmiş binalar vardı. İndi dağılıb… Və faniləri ölüm haqlayıb. Hamıda az da olsa ölüm qorxusu var. Ancaq insanları dünyaya bağlayan bitməz-tükənməz amalları da var. İnsan onları düzər, başqalarına göstərmək istər, elə vaxt olar yığar, saxlayar. Nəfs dörd bir yana yayar, arxadan ölüm gələr talayıb gedər…”

[1] Nisa, 4/77

[2] Qəsas, 28/77

[3] Ankəbut, 29/64.

[4] Hədid 57/20-21

[5] “Allahla bağladığınız əhdi ucuz satmayın. (Əhdi pozmadığınıza görə) Allah yanında olan (savab) sizin üçün (dünya mənfəətindən) daha yaxşıdır. Kaş biləydiniz! Sizdə olan (dünya malı) tükənər, Allah dərgahında olan (axirət nemətləri) isə əbədidir. (Allah yolunda əziyyətlərə) dözənləri etdikləri yaxşı əməllərin müqabilində mükafatlandıracağıq (yaxud gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafat verəcəyik!)! Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.” (Nəhl, 16/95-97)

[6] İbn Əbid-Dünya, Qasrul-əməl s. 42; Əbu Nuaym, Hilyətul-övliya, VI, 386.

[7] İbn Macə rəvayət etmişdir

[8] Əhməd ibn Hənbəl, əl-Müsnəd IV, 197; Buxari, əl-Ədəbul-müfrəd s.112.

[9] Baxın Buxari, Riqaq 17; Müslim, Zöhd 18.

Exit mobile version