Allahın Quranda and içməsi insanları qane etmə vasitəsi demək deyildir. Bu andlara yer verilməsinin bəzi səbəbləri vardır ki, mənbələr bizə bu mövzuda üç səbəbin olduğunu söyləyirlər.
a. İslam meydana çıxmadan əvvəl də ərəblərin içtimai həyatında andların böyük rolu var idi. Daha çox “insan həyatı”, “şərəf”, “qüvvə”, “qəbilə”, “əcdad” kimi müqəddəs dəyələrə və “mizraq” kimi güc-qüdrət əlaməti olan əşyalara and içilirdi. Qurani-kərimdə də andlara yer verilməklə ərəblərin bu üslub tərzi qorunub saxlanmışdır.
b. Bu andlar söylənilən şeyləri təkid etmək üçün işlənmişdir. Bir çox ayədə Allah təala nazil etdiyi nəsslərini, varlığının dəlillərini, bəşəriyyətin hidayətinə vəsilə olması üçün göndərdiyi peyğəmbərlərini, bu andlar vasitəsi ilə təyid etmişdir (dəstəkləmişdir).
c. Qurandakı andların hikmətlərindən biri də, and içilən şeyin qiymətini, dəyərini və əhəmiyyətini göstərməkdir.
Dini bir termin olaraq and “bir kəsin bir işi edib etməyəcəyi və ya bir hadisənin doğru olub olmaması haqqındakı sözünü Allahın adını və ya sifətlərini zikr edərək qüvvətləndirməsidir.” Allah-təala bəzən öz adına, bəzən Qurana, mələklərə, qiyamət gününə, peyğəmbərlərə və kainatdakı günəş, ay, ulduz, gecə, gündüz və s. kimi şeylərə and içir. Quranın bir çox surəsində andlar olmaqla bərabər onun on yeddi surəsi andla başlayır. Bu da xitab olunan insanların diqqətini cəlb etmək üçündür. Bu andları misal olaraq:
Allahın varlığı və birliyi haqqında:“Cərgə-cərgə duranlara, qovduqca qovanlara və Quran oxuyanlara and olsun, həqiqətən sizin Rəbbiniz birdir.” (Saffat, 37/1-4.)
Axirətdə cəzanın varlığına dair andlar: “And olsun (torpağı) sovurub-səpələyənlərə (küləklərə), yük daşıyanlara (buludlara), asanlıqla üzənlərə (gəmilərə), işləri bilənlərə (mələklərə)! Zariyat, 51/1-5.)
Allah insanların ayələrə olan iman və etibarlarını təmin etmək, verdiyi xəbərləri qüvvətləndirmək, əhəmiyyətli varlıqlar və obyektlər üzərində təfəkkürə təşviq etmək, əhəmiyyətli nemətləri xatırlatmaq, Quranın verdiyi xəbərlərin, qiyamət gününün, axirətin, öldükdən sonra dirilişin, Cənnətin və Cəhənnəmin haqq olduğu mövzusunda insanları razı salmaq və şübhələri ortadan qaldırmaq və s. hikmətlərə görə ayələrdə andlı ifadələrdən istifadə etmişdir.
Sual: Bilərək etmədiyi bir şeyi etdim deyə and içən şəxs nə etməlidir?
And həmsöhbətimizi (müştəriyə) bir şeyə inandırmaq və qəbul etdirmək, bir şeyi etmək və ya etməmək üçün özümüzü və ya başqasını həvəsləndirib hərəkətə gətirmək üçün müəyyən qəliblərdə dilə gətirilən sözlərə deyilir. Doğru da olsa, alış-verişdə and içilməsini qəbul etməyən dinimiz yalan yerə and içməyi isə Allaha ortaq qoşmaq, ana, ataya üsyan etmək, haqsız yerə adam öldürmək kimi böyük günahlar arasında qeyd edir. Yalan yerə and içmək təkcə ticari sahədə deyil, həyatın hər bir sahəsində çirkin bir davranış sayılır.