4. 535 dəfə oxunub ,   0 şərh   Çap et

Birinci növbədə bunu qeyd edək ki, məhdud imkanlara malik insanın bilməsi ilə sonsuz güc-qüvvət sahibi Allahın bilməsi eyni deyil. Allah-Təaladan ötrü keçmiş, bu gün və gələcək deyə bir şey yoxdur. O, indini və gələcəyi bir nöqtə kimi görür. İndi bunu anlamağa çalışaq. Allah əzəli və əbədi elmi ilə keçmişi, bu günü və gələcəyi bir nöqtədə görür və bilir.

Mövzunu ağıla bir az da yaxınlaşdıraq. Bir dağ təsəvvür edək. Tutalım, dağın şimal tərəfində bir nəfər, cənub tərəfində də bir nəfər dayanıb. Belə vəziyyətdə şimal tərəfdə dayanan şəxs cənub tərəfdə olan adamı görə, onun nə elədiyini bilə bilərmi? Mümkün deyil, çünki qarşısındakı dağ ona mane olur. Bu, cənubdakı adama da aiddir. İndi bir başqa varlıq götürək. Bu varlıq dağın lap zirvəsindədir və hər iki adamın nə etdiyini çox aydın görür. Allah-Təala da bu cürdür. O, zaman və məkanın fövqündə dayanır və elmi ilə keçmişlə gələcəyi bir nöqtədə görür və bilir. İnsan isə zaman və məkan çərçivəsindən kənara çıxa bilmir.

İndi isə Allahın bir şeyi qabaqcadan bilməsinin insan üçün məcburiyyət olub-olmadığına baxaq. İnsanın həyatı boyunca etdiyi və edəcəyi bütün yaxşı və pis əməllərin Allah tərəfindən əzəldən bilinib müəyyən edilməsi onun iradəsini inkar etmir. Çünki Allah insanın iradəsini nə cür işlədəcəyini qabaqcadan bilir və təqdirini də ona uyğun həyata keçirir.

İnsanın öz iradəsi ilə hərəkət etdiyinə, dolayısilə də, etdiyi əməllərinə görə birbaşa məsuliyyət daşıdığına dair misallar çəkək.

Məlumdur ki, oruc həddi-büluğa çatmış, əqli cəhətdən sağlam olan hər bir mömin kişi və mömin qadın üçün fərz ibadətdir. Oruc tutmayan məsuliyyət daşıyır. İndi bir adamın gecə yatarkən sahura qalxmağa niyyətləndiyini fərz edək. Həmin şəxs saatını qurur. İmsaq vaxtı saatın zənginin səsinə oyanır. Bir yandan sahura qalxmaq istəyir, bir yandan da arxasından bir güc onu yatağa sövq edir. Yenidən qalxmağa cəhd edir, amma bacarmır. Elə bil, onu iplə yatağa bərk-bərk sarıyıblar. Sonra başını atıb yatmağa davam edir. İndi biz bu adamdan: “Sən nə üçün sahura qalxmadın, oruc tutmursan?” – deyə soruşsaq, o: “Əslində, qalxmaq istədim, amma yataq məndən əl çəkmədi. Mən hər dəfə qalxmaq istəyəndə üstümdəki yorğan məni tutub saxladı. Mən yorğanı qaldırmaq istədim, ancaq icazə vermədi. Məni yataqda həbs elədi. Yəni qədər mənim oruc tutmağıma mane oldu”, – şəklində cavab verə bilərmi?! Gəlin vicdanla düşünək. O adam öz iradəsi ilə sahura qalxa bilərdi. Amma nəfsinə qalib gələ bilmədiyinə görə yatıb qaldı və qədəri günahlandırmağa haqqı yoxdur. Allah insana iradə vermişdir və o, bu yerdə iradəsi ilə hərəkət edir.

Allah insan iradəsinə aid əməlləri, hərəkət, söz və davranışlar haqqında “bu şəkildə olsun” deyil, “bu cür olacaqdır” şəklində hökmünü vermişdir. Yəni biz bir şeyi Allahın onu əzəldən bilib yazdığına görə (qədərə görə) etmirik. Əksinə, Allah etdiyimiz və edəcəyimiz əməlləri bildiyi üçün yazır[1].

Allahın bizim əməllərimizi qabaqcadan bilməsi əsla məc­buriyyət kimi başa düşülməməlidir. Məsələ daha yaxşı anlaşılsın deyə tez-tez çəkilən misalı burada da təkrar et­mək istəyirik. Bir astronomiya mütəxəssisi düşünək. Misal üçün, bu adam deyir ki, 2008-ci il noyabr ayının 11 də günəş tutulması hadisəsi olacaqdır. Sonra da bu məlumatı bir yerə qeyd edir. Təqvimlər o tarixi göstərdikdə hamı günəşin tutulacağını gözləyir. Bu yerdə özümüzə sual verək: “Görəsən, Günəş bu astronomun dəftərində qeyd etdiyi məlumata görə tutulur?” Başqa sözlə, bu məlumatın təsbit olunması Günəşi tutulmağa məcbur edə bilərmi? Əlbəttə ki, yox. Nəticə: O mütəxəssis Günəşin tutulacağını qabaqcadan bildiyi üçün dəftərində qeyd aparıb. Günəş isə o, qeyd aparıb deyə tutulmur.

Başqa bir misal: Bir müəllim şagirdlərini yaxşı tanıdığından yekun imtahanında hansı şagirdin hansı qiymət alacağını qabaqcadan səksən faiz bilir. Müəllimin bu nəticəni qabaqcadan bilməsi şagirdin məhz həmin qiymətləri almasına təsir göstərmədiyi kimi, sonsuz elmi ilə hər şeyi bilən Allahın bizim aqibətimizi qabaqcadan bilməsi və görməsi də əməllərimizə təsir etmir.

Xülasə, Allah-Təala Üluhiyyətindən irəli gələrək bəndələrinin gələcəkdə nə edəcəklərini bilir. Mülkündə meydana gələcək və baş verəcək hər şeydən mütləq xəbərdardır. Bunun əksini düşünmək Onun mütləq sifətlərindən hansındasa nöqsan olduğunu qəbul etmək deməkdir.


[1] Əliyyül-Qari, “Şərhü-fiqhül-əkbər”, s. 74.



Açar sözləri

iman qədər qəza

Bənzər məqalələr

İman və ümid

İnsan ümidlə var olur, cəmiyyət onunla canlanıb inkişaf edir. Beləliklə, ümidini itirmiş insan ölü, ümiddən məhrum cəmiyyət isə iflicdir.

İmanı pozan sözlər

Bəzən insan fərqində olmadan imanını zədələyəcək, Allahı ittiham edici sözlər söyləyir. Qəzəb anında bu sözlər söylənmişsə belə, qəzəbi soyuyunca insan tövbə etməli, peşman olduğunu etiraf etməlidir. Əks təqdirdə uçurumun kənarında dayandığını iş işdən keçəndən sonra anlayar, o zaman da gec olar.

Qəza orucuna niyyət

Qəza, kəffarə və müəyyən vaxta bağlı olmayan nəzir orucları üçün gün batdıqdan etibarən ən gec imsak vaxtına qədər niyyət etmək lazımdır. Nafilə və Ramazan ayında tutulan oruc üçün niyyət bir qədər fərqlidir.

Şəvval yoxsa, qəza orucu?!

Kim Ramazan ayını oruclu keçirər və arxasınca şəvval ayından altı gün oruc tutarsa bütün ili oruc tutmuş kimi olar.

Müsəlman olaraq ölə bilmək

Müsəlman olaraq yaşamaq, müsəlman olaraq ölmək və axirət yurdunda salehlər arasına qatılmaq  üçün nə etmək lazımdır


Şərh yaz