5. 147 dəfə oxunub ,   0 şərh   Çap et

Rəbbimizi bizə tanıdan, Onun varlığını və birliyini, daha yığcam və düzgün (dəqiq) ifadə ilə desək, tövhidi göstərən o qədər dəlil var ki, dənizlər mürəkkəb, ağaclar qələm olsa, yenə də yazmaqla bitirə bilmərik. Burada Allahın izni və inayəti ilə sadəcə bir neçə tövhid dəlilini yazı çərçivəsində təqdim etməyə çalışacağıq.

Kainatda hüceyrədən insana, atomdan ulduzlara, aya, günəşə və qalaktikalaradək hər bir şeydə heyrətamiz nizam-intizam vardır. Ancaq böyük mikroskoplarla görünən kiçik varlıqlardan ta günəş sisteminəcən böyük-kiçik, canlı-cansız bütün varlıqların həm ilk yaradılışı, həm də qüsursuz işləməsi, varlığını davam etdirməsi hər yerdə və hər şeydə möhtəşəm qayda-qanunun, mükəmməl bir sistemin olduğunu göstərir. Sadə bir saatın, yaxud dəzgahın ağıllı, mahir bir usta, ixtiraçı olmadan öz-özünə və ya təsadüflər nəticəsində meydana gəldiyini zərrə qədər də ehtimal edə bilmərik. Elə isə, şübhəsiz, bu möhtəşəm kainatı və canlı-cansız milyonlarla varlığı belə əsrarəngiz ahəng içində var edən, yönəldən və idarə edən elmi və qüdrəti sonsuz bir Yaradan var. O da tək və bir olan Allahdır.

Kainatı yoxdan var edən Uca Rəbbimizlə bağlı milyonlarla dəlildən bir neçəsinə nəzər salaq:

1. Kainatdakı xariqüladə ahəng, nizam və intizam Allahın var­lığını açıq-aşkar göstərdiyi kimi, Onun bir və tək olduğunu da isbat edir. Kiçik bir kənddə iki kətxuda olsa, orada sakitlik, qay­da-qanun olmaz.

Bir ölkəyə iki dövlət başçısı və ya iki baş nazir rəhbərlik etsə, hər şey alt-üst olar, işlər bir-birinə qarışar, özbaşınalıq və anarxiya baş alıb gedər. Bu nəhəng kainatda da – haşa – Allahdan başqa bir ilah olsa və bu kainatın işlərinə Ondan başqa bir əl müdaxilə etsə, ulduzlar bir-biri ilə toqquşar, göy parça-parça, yer üzü darmadağın olar.

Halbuki atomlardan tutmuş qalaktikalara qədər hər şey çox in­cə nizam içində hərəkət edir, hər şeydə çox həssas tarazlıq və intizam mövcuddur. Deməli, atomdan günəşə, milçəyin gözündən in­sana qədər hər şeyi xəlq edən bənzərsiz, tək və bir olan Allahdır.

2. Hər şeydə bu dərəcədə xariqüladə bir nizam olduğu kimi, canlı-cansız bütün varlıqlar arasında da sıx əlaqə mövcuddur. Sanki, hər şey iç-içə və bir-biri ilə bağlıdır. Məsələn: Yer üzü əgər başdan-ayağa sərt qayalardan ibarət olsa idi, bitki bitməzdi. Bitkilər olmayanda da heyvanlar və insanlar yaşaya bilməzdi. Halbuki Allah Yer üzündə suları, dağları və torpaqları ən uyğun və tarazlı şəkildə yaratmışdır. Torpaq bitkilər üçün əlverişli olan minerallarla təchiz edilmişdir. Toxumlar torpağın köksündə cücərib böyüyür. Daha sonra buludlardan onların üstünə mərhəmət damlaları yağır. Günəş fotosintezlə digər işi icra edir. Hava bitkilər və ağaclar arasında tozlanmanı təmin edir. Bitkilər heyvanların, heyvanlar insanların köməyinə tələsir. İnsanın bütün orqanları və onları meydana gətirən milyardlarla hüceyrə böyük bir ahəng və uyğunluq içərisində bir-birinə yardım edir və qüsursuz həmrəylik sərgiləyir. Halbuki nə torpaq toxumların, nə də bulud və günəş bitkilərin ehtiyacını bilir. Nə də hava insanın yaşamaq üçün nə qədər oksigenə ehtiyacı olduğunu… Elə isə bunların arasındakı həmrəylik və yardımlaşmanı təmin edən Varlıq bütün məxluqların ehtiyaclarını eyni anda bilən və görən, zərrədən günəşədək hər şeyə, hər kəsə eyni anda əmr edən, eyni anda hökm verən, rəhməti, elmi və qüdrəti sonsuz bir Yaradandır. O da Allahdır.

3. Bir şeyin var olması və ya tamamilə olmaması eyni dərəcədə mümkündür. Var olduqda isə saysız-hesabsız formada meydana gəlmə ehtimalı var. Elə isə əşyanı əvvəlcə var edən, sonra da ona ən münasib surəti (formanı) verən bir Yaradan vardır. Məsələn: bir ağac fərz edək. O ağacın çəyirdəkdən başlayan həyat yolunun hər bir mərhələsində milyonlarla şəklə düşmə ehtimalı var. Halbuki o ağacın ən nazik budaq və yarpaqlarına qədər hər bir hissəsi lazım olan ən uyğun şəkli alır.

 Onun ən incə detallarına qədər hər bir parçasında incə bir planın işlədiyini görmək çətin deyil. Canlı və cansız bütün varlıqların belə bir incə planla müəyyən məqsəd üçün yaradıldığını görürük. Deməli, onları əvvəlcə yoxdan var edən, sonra da onlara ən uyğun  surət verən, bir fayda və məqsəd istiqamətində ən mükəmməl şəkildə yaradan bir Varlıq var.

4. Yer üzündə milyardlarla irili-xırdalı canlı var; bəzisi bir gün, bəzisi bir il, bəzisi də daha çox yaşayır. Bütün bu canlıların yaşaması üçün lazım olan qida və su ehtiyacı vaxtlı-vaxtında, ağlagəlməz mükəmməllikdə və müxtəlif yollarla təmin edilir. Bu, o deməkdir ki, bütün canlıları yaradan kimdirsə, onların digər ehtiyaclarını mərhəmət edib verən də Odur. O da yalnız və yalnız bir şeydən hər şeyi, hər şeydən bir şeyi yaradan sonsuz elm və rəhmət sahibi Uca Allahdır. Ehtiyacını əldə edə bilməyən aciz körpələri xəlq edən kimdirsə, onların anasında şəfqət hissi və  südü yaradan da Odur.

5. Birhüceyrəli canlılardan nəhəng qalaktikalara qədər kainatda var olan hər şeydə heyrətamiz gözəllik və incə bir sənətin izləri görünür. Bitkilər, güllər, quşlar, kəpənəklər və  meyvələr bir çox faydaları ehtiva etməklə yanaşı, qeyri-adi sənət əsəridir. Hər bahar mövsümündə zahirən qarmaqarışıq şəkildə birdən-birə ortaya çıxan saysız-hesabsız çiçəklərin, böcəklərin, quşların, tərəvəz və meyvələrin – çoxluğuna baxmayaraq – hər birinin gözəl sənət əsəri olması milyonlarla dillə “Allah varlığını və birliyini” hayqırır. Uca Sənətkarı kor gözlərə belə açıq-aydın göstərir.

6. İnsan süslü, möhtəşəm bir saray kimidir; yüzlərlə otağı var, hər otağını usta və məharətli bir əllə işlənən xariqə sənət əsərləri bəzəyir. İnsan gözü, qulağı, ağzı, burnu, əlləri, ayaqları və bu üzvləri meydana gətirən milyonlarla hüceyrəsi ilə kiçik bir kainatı xatırladır. Elə təkcə insanın siması Allahın varlığını, birliyini və böyüklüyünü göstərmək üçün kifayət edir. Həzrəti Adəmdən bu günədək doğulub-ölən və hal-hazırda yaşayan milyardlarla insandan heç birinin siması, üzü digəri ilə eyni deyildir.  Kiçik bir yerdə bir-birindən fərqli milyardlarla naxış çəkmək ancaq bütün insanları eyni anda görən, bilən elmi və qüdrəti sonsuz Allaha məxsusdur.

Bütün insanların üzvlərinin oxşar quruluşda və eyni mükəm­məl­likdə olması Allahın varlığını və birliyini, milyardlarla insanın­ səsinin, gözünün, barmaq izlərinin bir-birinə bənzəməməsi də Onun şəriksiz, bənzərsiz və tək olduğunu gün kimi göstərir.

 7. Yalan söyləmə ehtimalı olan on adam bizə: “Eviniz yanır,” – desə, inanarıq, ən azından da bu xəbərin düz olacağını düşünərik. O yalançının eyni şeyi söyləməsi həmin sözə qüvvət verir, çünki ortada ittifaq var. Halbuki bəşər tarixi boyunca doğruluq timsalı olan minlərlə peyğəmbər “Allah var və birdir, Ondan başqa ilah yoxdur” demişlər. Hər toplumun incisi və bəşər səmasının ulduzları olan bu minlərlə seçilmiş insanın yanlış sözdə, bəyanda birləşməsi heç mümkündürmü? Elə isə onların bir ağızdan hayqırdığı Tövhid davası heç kimin və heç nəyin qarşısında sarsılmayan güclü bir həqiqətdir.

8. Bütün peyğəmbərlərin və xüsusən də, peyğəmbərlər sultanı Həzrəti Məhəmməd əleyhissəlamın peyğəmbərliyini isbat edən bütün möcüzələri və örnək həyatı Allahın varlığına və birliyinə güclü və əbədi bir dəlildir.

9. Eyni şəkildə əsrlərə meydan oxuyan və zaman qocaldıqca cavanlaşan Qurani-Kərim də Allahın varlığına və birliyinə ən güc­lü və ən böyük dəlildir ki, heç bir ağıllı insan da buna etiraz edə bilməz.

10. Allahın varlığına və birliyinə özü-özlüyündə digər bir də­lil də insanın ruhu və vicdanıdır. Dinin əmrlərinə laqeyd yanaşan, hətta inanmadığını deyən insanlar belə vicdanları ilə baş-başa qalanda və ya dara düşəndə hər an onları görən sonsuz mər­hə­mət sahibi bir uca Yaradanın varlığını daxilən güclü­ şə­kil­də hiss edirlər. Hüzuru, həqiqi qəlb rahatlığını, səadəti yanlış ünvanlarda, fani zövq və fani gözəlliklərdə axtaran neçə-neçə insan­ bir müddət sonra “Bilin ki, qəlblər yalnız Allahı zikr et­mək­lə rahatlıq tapar!” (“Rad” surəsi, 13/28) həqiqətini anlayıb Allaha­ yönəlmişdir. Təmiz fitrətli vicdanlar isə  Allahın rəhmətini, inayətini, məğfirətini (əfvini) lap əvvəldən və hər an iliklərədək hiss edib “Rəbbim Allahdır” deyə şahidlik edirlər.

Yekun olaraq deyə bilərik ki, atomlardan tutmuş nəhəng ulduzlara qədər hər şey milyardlarla dil kimi həm ayrı-ayrılıqda, həm də birlikdə Allahı zikr edir və Onu anladır.

Rəbbimiz bizi Tövhidin ən yüksək zirvəsinə çatdırsın və bir anlıq da olsa, bu istiqamətdən ayırmasın.




Açar sözləri

Allahın varlıgı

Bənzər məqalələr

Allahın varlığının dəlilləri 2

Bu yazı Allahın varlığının dəlillərindən Qurani-Kərim, Peyğəmbərimiz və vicdan dəlilləri haqqındadır.

Hz. İbrahimin (ə.s) gecə yolçuluğu

Həzrət İbrahimin qövmü ulduzlara sitayiş edirdi. Ancaq O: “Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!”, – dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, – söylədi.
(Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.

Allahın varlığının kainat dəlili

Qərəzdən və inkardan uzaq hər bir ağıl sahibi kainatın gözqamaşdırıcı sisteminə və mükəmməl nizamına baxıb həqiqətləri görə, düzgün qənaətə gələ və onu bir kitab kimi səhifə-səhifə oxuya bilər. Kainatı böyük bir kitab kimi götürək. Bu kainat kitabının hər bir kəlməsi, hətta hər bir hərfi mükəmməl yazılmış və yardılmışdır.


Şərh yaz