Mənəviyyata Açılan Pəncərə

Ayrılıq vaxtı yaxınlaşarkən

Vida  həcci

Artıq Kəbə müşriklərdən təmizlənmiş və Beytullah da özünə layiq ibadətlə tanış olmuşdu. Onu təvaf edənlər nə əl çalır, nə də libaslarını soyunurdular! Allah Rəsulunun (s.ə.s.) həcc vəzifəsini yerinə yetirməsinə bir əngəl qalmamışdı və onuncu ilin zilqədə ayında Allah Rəsulu əshabına da elan edərək həcc vəzifəsinin icrası üçün hazırlıq görür!

Zilqədə ayının sonuna beş gün qalmış, bir şənbə günü günorta namazını qılıb Mədinədən hərəkət edir. Şəcərə yolunu tutub Zül-Hüleyfəyə qədər gəlir və gecəni burada keçirir. Səhər açılan kimi əshabına "gecə ikən Ona Rəbbindən bir elçi gəlib bu mübarək vadidə namaz qılmağı əmr etdiyini" bildirir; bununla səfərdə həcc və ümrəyə eyni anda niyyət etdiyini göstərirdi.

Ehrama girməzdən əvvəl qüsl alan Allah Rəsulu (s.ə.s.) gözəl ətirlər vurur və bayrama gedirmiş kimi həcc səfərinə çıxır. Yola başlanğıcında üzünü insanlara tutub ehramdan təkbir və təlbiyəyə qədər bir çox məsələlərlə bağlı onları məlumatlandırır. Qurban kəsmək üçün özü ilə yüzə yaxın dəvə götürmüş və bunların hamısına da qurbanlıq olduğunu bildirən işarə qoymuşdu!

 Əshab da Onun təlbiyəsinə qoşulur:

– Ləbbeyk, Allahümmə ləbbeyk. Ləbbeykə lə şərikə ləkə ləbbeyk. İnnəl-hamdə vən-nimətə ləkə vəl-mülk; lə şərikə lək, – nidaları ilə yeri-göyü inlədirlər!

Hicrət etdikləri yolla gedir və növbə ilə Beyda, Mələl, Şərəfüs-Səyyalə, Rəvha, İrquz-Zibya, Munsaraf, Əsayə, Arc, Ləhyi Cəməl, Süqya, Əbva, Cuhfə, Humm, Ərzaq, Qudeyd, Müşəlləl, Ufsan, Gamım, Mərruz-Zəhran, Sərif məntəqələrindən keçirlər! Bir həftə çəkən səfərdən sonra Zi Tuvaya çatırlar. Zi Tuvada fasilə verir, gecəni də burada keçirirlər. Zilhiccə ayının dördüncü günü idi və Allah Rəsulu sabah namazını qıldıqdan sonra qüsl alıb  Məkkəyə hərəkət edir. Günəşin tən ortada olduğu vaxt Məkkəyə girir. Yenə üst tərəfdən daxil olurdu!

Gələn kimi Kəbəyə yönəlir. Rüknü istilam edir, sonra da təvafa başlayır. İlk üç şaftda addımlarını sürətləndirirmiş kimi rəml edir* (*Rəml etmək – "addımları qısaldıb çiyinləri silkəyərək yerimək" deməkdir). Qalan dörd şaftı isə normal yerişlə tamamlayır. Təvafı bitirən kimi Məqami-İbrahimə yönəlir, "Biz Beytullahı insanlara savab və əmin-amanlıq yeri etdik. Siz də "İbrahimin durduğu yeri (Məqami-İbrahimi) namazgah edin! İbrahim və İsmailə də: "Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar (etiqafa girənlər), rüku və səcdə edənlər üçün tərtəmiz saxlayın!"[1] deyə əmr etmişdik" məallı ayəni oxuyur!

 Qarşısında Məqami-İbrahim, üzü Kəbəyə iki rükət namaz qılır, "Kafirun" və "İxlas" surələrini oxuyur.

Sonra yenə Rüknə gəlib onu istilam edir, ardınca Səfaya yönəlir. Buraya yaxınlaşarkən də "Həqiqətən, Səfa və Mərvə Allahın müəyyən etdiyi əlamətlərdəndir (ibadət nişanələrindəndir). Evi həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, mükafatını alar. Çünki Allah şükrün qarşlığını verir. O, az əmələ çox mükafat verir və hər şeyi bilir"[2] məallı ayələri oxuyur.

Artıq Rəsulullah (s.ə.s.) Quranın göstərdiyi ardıcıllığa əsasən səy etməyi (Səy etmək həcc Səfa və Mərva arasında gedib-gəlmək) Səfadan başlayaraq Mərvə ilə Səfa arasında gedib-gəlirdi! Səfanın üzərinə çıxıb Kəbəyə dönür və təkbir gətirdikdən sonra əllərini qaldırıb dua edir.

Daha sonra üz qoyur Hacuna. Allah Rəsulu orada üç il əshabı ilə birlikdə əzablı günlər yaşamışdı. Əmisi və ən böyük arxa-dayağı olan Əbu Talib burada vəfat etmiş, əziz zövcəsi – iyirmi beş  illik həyat yoldaşı Hz.Xədicə də buradan haqq dünyasına köçmüşdü. Məzarı da orada idi. Vəfa insanı idi Rəsulullah və görünür, əshabına da əhli vəfa olma yollarını göstərirdi.

Ərəfat

Bazar günündən etibarən dörd gün Məkkədə qalan Allah Rəsulu (s.ə.s) əshabı ilə  cümə axşamı quşluq vaxtı Minaya yönəlir. Nəmira adlı yerdə özünə bir çadır qurdurur və burada beş vaxt namazını qılır. Bətni-Vadidən keçib Ərəfata gələndə əshabına xütbə verir. Ətrafında yüz iyirmi min səhabə vardı. Hər biri də Rəsulullahın dediklərini diqqətlə dinləyirdi:

– Ey insanlar! Sözlərimi yaxşı dinləyin! Bəlkə də, bu ildən sonra bir daha sizinlə burada görüşə bilməyəcəyəm!

Heç kim Rəsulullahın (s.ə.s.) dünyadan köçəcəyini ağlına gətirmirdi. Ancaq bunu o gün şəxsən özü xatırladır! Ürəklər yanıb qovrulmuş, hüzn rüzgarı əsməyə başlamışdı qəlblərdə! Belə gözəl günlərin astanasında Rəsulullah ayrılıqdan danışırdı!

– Necə bu günləriniz, bu aylarınız və bu şəhəriniz (Məkkə) sizə müqəddəsdir, canınız, malınız, namusunuz da eləcə müqəddəsdir! Diqqət edin, Cahiliyyəyə dövrünə aid nə varsa, hamısı ayaqlarımın altındadır və aradan götürülmüşdür!

Cahiliyyə dövründəki qan davaları aradan qaldırılmışdır. Aradan qaldırdığım ilk qan davası da Rəbia ibn Harisin qanıdır ki, onu əmizdirilmək üçün Bəni-Sad yurdunda olarkən Hüzeyl qəbiləsi öldürmüşdü!

Cahiliyyə dövründəki faiz də ləğv edilmişdir. İlk ləğv etdiyim sələm də Abbas ibn Abdilmuttalibin alacağı faizdir və şübhəsiz, o, tamamilə aradan qaldırılmışdır!

Qadınlar barədə də daha həssas olun və Allahdan qorxun, çünki siz onları Allahın əmanəti olaraq alıb, Allahın sözü ilə özünüzə halal etdiniz! Onlar üzərində sizin haqqınız, sizin üzərinizdə də onların haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınız xoşlamadığınız adamları izniniz olmadan evə qəbul etməmələridir. Əgər xoşlamadağınız adamı izniniz olmadan evə qəbul edərlərsə, ancaq o vaxt ifrata varmadan cəzalandıra bilərsiniz! Onların dolanışıq və geyimlərini də təmin etmək sizin borcunuzdur!

Sizə elə bir əmanət qoyub gedirəm ki, ona möhkəm bağlandığınız müddətdə Məndən sonra əsla yolunuzu azmazsınız. Bu əmanət Allahın Kitabıdır!

Bunlar Rəsulullahın yoxluğunda sosial sistemin sağlam şəkildə davam etməsi üçün nəzərə alınmalı ən təməl məsələlərdi və Allah Rəsulu (s.ə.s.) vəfatından öncə onlara bu barədə xəbərdarlıq edir, Allah davasının mətin addımlarla gələcəyə doğru addımlamsı, əbədiyyətə qədər var olması üçün ümmətinin diqqətini bu xüsuslara yönəldirdi. Onun bu bəyanlarını Rəbia ibn Ümeyyə kimi insanlar uzaqda duranlara çatdırmaq üçün ucadan təkrar edirdilər! Bunları söylədikdən sonra əshabından soruşur:

– Sabah sizdən Mənim barəmdə soruşacaqlar. Haqqımda necə şahidlik edəcəksiniz?

Səhabələrdə böyük çaşqınlıq vardı:

– Biz şahidlik edərik ki, Sən üzərinə düşən təbliğ vəzifəsini layiqincə yerinə yetirib hamımıza rəhbərlik etdin və nəsihətini də layiqincə əda etdin! – deyə cavab verirlər.

Ərəfat meydanında ucalan bu səs Faran dağlarında əks-səda verir! Onların bu şəhadətini alan Allah Rəsulu (s.ə.s.) şəhadət barmağını səmaya qaldırır:

– Allahım! Sən şahid ol! – deyir və bunu üç dəfə təkrar edir.

Bu vaxt azan oxunmağa başlanır. Günorta və əsr namazlarını birlikdə qılırlar! Namazdan sonra Cəbəli-Rahmənin ətəyinə gələn Allah Rəsulu burada dayanır və "vəqfə" (Ərafat dağının olduğu yerdə bir qədər dayanmağa vəqfə deyilir ki, bu da həccin şərtlərindən (rüknlərindən) biridir. Bu rükn yerinə yetirilməsə, həcc pozular, səhih olmaz.) edir. Qibləyə dönərək o gün axşama qədər dua edib Rəbbinə yalvarır. Nur insan nurdan bir heykəl kimi Rəbbindən mərhəmət diləyirdi. Yenə Cəbrail gəlmiş, Rəsulullahın üzündə vəhy əlamətləri görünmüşdü. Allah buyururdu: "Bu gün dininizi sizin üçün tamamladım, sizə olan nemətimi də kamala çatdırdım və sizin üçün din olaraq yalnız İslamdan razı oldum!"[3]

Demək ki, bu, Nur dağında, Hirada başlayan mərhələnin son meyvəsi idi. Bunu eşidər-eşitməz bəzi səhabələr bir tərəfə çəkilib ağlayır! Bu, Rəsulullahın da gözündən qaçmır. Hz.Ömərə yaxınlaşıb:

– Nə üçün ağlayırsan? – deyə soruşur.

Böyük Ömərin cavab verməyə halı yox idi, özünü toplayıb:

– Ağlayıram, – deyir, – çünki bu ana qədər bizim dinimiz davamlı böyüyürdü. İndi anlayırıq ki, tamamlanan hər şey bundan sonra nöqsanlaşma mərhələsini yaşayacaq.

Bu, Ömər zəkası, uzaqgörənliyi idi  və Rəsulullah ona:

– Doğru deyirsən, – cavabını verir.

Daha sonra da tərkinə aldığı Üsamə ilə birlikdə Müzdəlifəyə yönəlir. Burada axşam və işa namazlarını bir azan və iki iqamə ilə birləşdirərək qılır.

Mina

Zilhiccə ayının onu idi. Vaxtın girməsi ilə sabah namazını Müzdəlifədə qılan Könüllər Sultanı Məşaril-Harama gəlib üzünü qibləyə çevirir, dua-niyazla Rəbbinə sığınır, təkbir, təhlil və zikrlə məşğul olur.

Günəş doğmamış Qasvaya minib Minaya gəlir. Bu dəfə dəvəsinin tərkinə Fadl ibn Abbası almışdı. Bu əsnada İbn Abbasa şeytan daşlamaq üçün daş toplamağı tapşırır. Muhassir vadisinə çatanda dəvəsini daha da sürətləndirir. Çünki bura fil ordusunun həlak olduğu yer idi!

Nəhayət, Minaya gəlib çatır. Günəş yeni doğmuşdu və Aqabə vadisinin yanına gəlib elə dəvəsinin üstündə  şeytan daşlamağa başlayır.

Daha sonra yenidən əshabına dönən Allah Rəsulu bu sözləri ilə bir növ əvvəlki xütbəni tamamlayır:

– Şübhəsiz ki, zaman bu gün Allahın göyü və yeri ilk yaratdığı andakı məhvərinə gəlib oturdu. Bir il on iki aydır. Bunlardan dördü müqəddəs aylardır. Üçü dalbadal gəlir; zilqədə, zilhiccə və məhərrəm. O biri də şaban ilə cəmadiyələvvəl arasında qalan rəcəb ayıdır. Şeytan artıq sizin bu bölgənizdə özünə qulluq edilməsi ümidini itirmişdir. Ancaq siz xırda gördüyünüz bir çox işinizdə şeytanın dediyini edəcəksiniz ki, bundan da onun razı qalması bir həqiqətdir.

Həcc vəzifəsi ilə əlaqədar sizi maraqlandıran nə varsa, Məndən soruşun, çünki Mən bu ildən sonra həccə gələcəyimi sanmıram!

Allah Rəsulu (s.ə.s.) daha sonra üslubunu dəyişdirir və indi hansı ay və hansı gün olduğunu soruşur. Səhabələr:

– Ən doğrusunu Allah və Rəsulu bilər, – deyə cavab verir. Çünki Onun ay və günə başqa ad verəcəyini sanmışdılar!

– Zilhiccə ayı deyilmi? – deyə Rəsulullah onlardan soruşur.

– Bəli, – deyirlər.

– Bu, şəhərin adı nədir?

 Rəsulullahın başqa isimlə adlandıracağını düşünən səhabələr yenə:

– Ən doğrusunu Allah və Rəsulu bilər, – deyə cavab verirlər.

– Bura haram bölgəsi deyildirmi?  – deyə soruşur.

– Bəli, – deyirlər.

– Şübhəsiz ki, Rəbbinizə qovuşacağınız günə qədər canlarınız, mallarınız və namusunuz bu gününüzün, bu ayınızın və bu bölgənizin müqəddəs olduğu kimi sizə müqəddəsdir!

Hər cümləsində bir vida busəsi gizlənmişdi. Qara gözləri ilə iyirmi üç illik uğurları süzür və əshabını özündən sonrakı günlərə hazırlayırdı.

Bir az əvvəlki sualları nə üçün üst-üstə verdiyini indi daha yaxşı anlayırdılar. Bir tərəfdən səhabələri ilə vidalaşarkən, digər yandan onları ürfan üfüqünə səyahətə aparırdı! Daha sonra bir sual verir əshabına:

– Vəzifəmi təbliğ etdimmi?

Əlinin altında yetişən əshabdan öz vəzifəsini necə icra etməsini soruşurdu. Əshab yenə də:

– Bəli! – deyə hayqırır.

Bundan sonra Rəsulullah Rəbbinə yönəlir və öncə:

– Allahım! Sən şahid ol! – deyə nida edir. Sonra da təkrar əshabına üz tutub:

– Bütün bunları burada olanlar olmayanlara çatdırsın. Çünki təbliği eşidən nə qədər insan var ki, onu dinləyəndən daha yaxşı qavrayır. Və əsla Məndən sonra bir-birinizin boynunu vuran kafirlər kimi olmayın!

Bu nəsihətlərdən sonra növbə qurbanların kəsilməsinə çatır. O gün Allah Rəsulu öz yaşı qədər qurban kəsir və yerdə qalan otuz yeddi heyvanın kəsilməsini də Hz.Əliyə həvalə edir. Sonra bir səhabəni hüzuruna çağırıb saçını təraş etdirir. Səhabələr mübarək saç tellərinin yerə düşməməsi üçün ovuclarını açır, yerə düşənləri də götürüb üz-gözlərinə sürtür, göz yaşı tökürlər! Bu vaxt Hz.Əbu Bəkir kimi bəzi səhabələr də ayrılıq öncəsi bir tərəfə çəkilmiş, Onu kənardan seyr edirdilər!

Cəmrələr və vida

(Cəmrə – Hacıların Mina vadisində şeytan daşlamaları.)

Rəsulullah (sallallahu əleyhi və səlləm) yenidən Məkkəyə yönəlir. Kəbəyə gəlir, "ifaza" təvafını edib günorta namazını qılır! Sonra Abdulmuttaliboğullarının yanına gedir. Ona zəmzəm ikram edirlər, O da içir!

Həmin gün yenidən Minaya gəlir. O gecə burada qalır! Ertəsi gün günortaya kimi gözləyir. Günəş səmanın tən ortasına yüksələndə əvvəl birinci, sonra ikinci və nəhayət, üçüncü cəmrənin (daş atılan yerin) yanına gələrək şeytana daş atmağa başlayır! Burada dayanır və bir daha əshabına səslənərək bildiklərini möhkəmlətmək istəyir.

Təşrik günlərində şeytan daşlama işini bitirdikdən sonra yenidən Kəbəyə gəlir və gecədən xeyli keçmiş "Vida təvafı" edir. Artıq ayrılıq vaxtı idi və əshabına da yola çıxmaq üçün hazırlıq  əmrini verir!

Zilhiccə ayının on səkkizi idi. Allah Rəsulu Mədinəyə doğru irəliləyərkən Cuhfə yaxınlığında Xum adlı quyunun başında dayanaraq əshabına nəsihət edir:

– Diqqət edin, ey insanlar! Şübhəsiz ki, Mən də bir bəşərəm (insan oğluyam) və bilirəm ki, çox keçmədən Rəbbimin elçisi gələr və Mən də onun dəvətinə razılıq verərəm! Sizə iki önəmli miras qoyuram! Onların birincisi Allahın kitabıdır ki, içində hidayət və nur vardır. Ondan möhkəm yapışın! İkincisi isə Mənim əhli-beytimdir. Əhli-beytim barədə sizi həssas olmağa çağırıram, əhli-beytim barədə sizi həssas olmağa çağırıram!

Bu vaxt kürəkəni Hz.Əlinin əlindən tutub yuxarı qaldırır və:

– Mən kimin vəlisiyəmsə, yaxşı bilin ki, bu da onun vəlisidir, – buyurur. Ardınca da əllərini açıb:

– Allahım! Onu vəli qəbul edəni Sən də vəli qəbul et! Ondan üz çevirib düşmənlik edəni Sən də düşmən elan et! – deyə dua edir.

Yenidən yola düşür, Mədinə şəhərini görüncə üç dəfə təkbir gətirib deyir:

– Allahdan başqa ilah yoxdur və O, təkdir, mülk də Onun, həmd də Onundur və O, hər şeyə qadirdir!

Rəbbimizə dönənlərik. Tövbə ilə Ona yönəlir və yalnız Ona qulluq edirik. Səcdəmizi də Ona edirik və hər cür vəziyyətdə də Rəbbimizə həmd edirik!

Allah vədini yerinə yetirdi və quluna yardım etdi, Əhzab ordusunu da təkbaşına darmadağın etdi.

Bu duanın ardınca Allah Rəsulu Mədinəyə gəlir. Yenə ilk getdiyi yer Məscidi-Nəbəvi olur  və burada iki rükət namaz qıldıqdan sonra səadət yuvasının yolunu tutur!

Həcc öncəsi görülən fəaliyyətlər Mədinədə qaldığı yerdən yenidən başlayacaq və İslamın gözəlliyini daha geniş coğrafiyalara yaymağa çalışacaqdılar. Bunun üçün Cərir ibn Abdullah Yəmənə göndəriləcək və Xımyer hökmdarlarından Zülkəla ibn Nakür ilə Zü Amr müsəlman olacaqdı.

Yalançı peyğəmbərlər

Mədinəyə döndükdən sonra elçilərin göndərilməsi işinin davam etdirilməsi və heyətlərin qəbul edilməsi zamanı gözlənilməz hadisələr də baş verir. Bəlkə də, Allah bu cür halları Rəsulullahın sağlığına rast gətirməklə müsəlmanlara belə vəziyyətlərdə necə hərəkət etməyi Rəsulunun şəxsində felən göstərmək istəyirdi!

İlk xəbər Yəmən tərəflərdən gəlir. Əsvədül-Ansi adlı bir nəfər peyğəmbər olduğunu iddia edirdi! Kahinlik və hoqqabazlıqla bəzi sadəlövh insanları ətrafına toplamış, onları da öz "peyğəmbər"liyinə inandırmışdı. Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) Hz.Cərirlə göndərdiyi məktublardan biri də ona yazılmışdı. Ancaq o, Allah Rəsulunun xəstələnməsindən də cəsarətlənərək söz dinləmir, iddiasından da əl çəkmirdi. Saqiq və Şərik adlı iki mələyin ona da vəhy gətirdiyini söyləyir, xalqın başına gələcək hadisələri də əvvəlcədən xəbər verə bildiyini iddia edirdi!

Yazdığı məktublarda Allah Rəsulu (s.ə.s.) valilərindən Əsvəd barədə daha tədbirli və həssas olmalarını tələb edir və xalqın yalan-yanlış bəyanlarla aldadılmasına imkan verməməyi tapşırır.

Başqa bir xəbər Yəmamə tərəflərdən gəlir. Müseylimə də peyğəmbərlik iddiası ilə ortaya çıxmış, sadəlövh insanları ətrafına toplamağa başlamışdı! Halbuki bu adam bir neçə ay əvvəl Bəni-Hənifə heyəti ilə birlikdə Mədinəyə gəlmiş və İslamı qəbul etmişdi. İndi isə hoqqabazlıq və sehrbazlıq sənətlərini işə salaraq özünün də möcüzə sahibi olduğunu söyləməyə başlamış,[4] qeyri-adi şeylər göstərməyə çalışırdı. Hətta rastına çıxan hər işə əl atdığı üçün bəzən gülünc vəziyyətə düşürdü. Belə ki, O da Rəsulullah  (s.ə.s.) kimi insanlara su möcüzəsi göstərmək istəyir, quyuların başına gedib ağzında çalxaladığı suyu oralara boşaldır. Ancaq suların bərəkətlənib çoxalması bir yana, quyuların hamısı quruyur! Bərəkət umaraq yeni doğulan uşağın hansının ağzına xurma qoyurdusa, o uşaq ya keçəl, ya da lal olurdu.

Səltənət həvəsi gözünü o qədər örtmüşdü ki, bu gülünc vəziyyətlərlə insanların gözündən düşmək onun üçün bir şey ifadə etmirdi. Bu dəfə də Qurana nəzirə deməyə başlayır, özünə vəhy gəldiyini iddia edərək bəzi sözlər uydurur. Bu arada Allah Rəsuluna bir məktub göndərərək özünü peyğəmbərlikdə Onun şəriki elan edir!

Hz.Əlini yanına çağıran Allah Rəsulu həddini aşan bu adama bir məktub yazacaq və yer üzünün Allaha aid olduğunu, onu heç kimlə bölüşməyəcəyini qeyd edib Allahın yer üzünü istədiyi quluna xas qılacağını ifadə edərək nəticədə təqva sahiblərinin üstün gələcəyini bildirəcəkdi.

Üsamə ordusu

Səfər ayının çıxmasına dörd gün qalmış, bir şənbə günü Allah Rəsulu əshabına səfər hazırlığı görmək üçün əmr verir. Belə ki, Rum diyarından təhdid səsləri yüksəlir və orada yaşayan möminlərə ağlagəlməz əziyyətlər verirdilər. Rum diyarına yaxın bölgənin – Məanın valisi Fərvə ibn Amrın başına gətirlənlər səbir kasasını daşdıran son damla olur. Öz torpaqlarında bir İslam nişanəsinin mövcudluğundan hədsiz dərəcədə narahat olan Bizans Rəsulullahın valisini öldürməyə cürət etmişdi.

Qərargah Cürüfdə qurulacaqdı. Səhabələri yenə cihad həyacanı bürümüşdü. Yeni bir hədəfə gedəcəklər deyə tələsirdilər. Ertəsi gün Allah Rəsulu azadlı köləsi Zeyd ibn Harisənin on səkkiz yaşlı oğlu Üsaməni yanına çağırıb ona:

– Səni hazır bu orduya sərkərdə təyin etdim. Sürətlə hərəkətə başla və atanı şəhid edənlərin üstünə get, – buyurur və gediş istiqamətini, diqqət yetiriləsi məqamları, atılacaq addımları başa salır. Hətta ordusu ilə xəbərdən də sürətli hərəkət etməli olduğunu deyir, ancaq xəbərləşməyə, məlumatlara hakim olmaqla qalib gələcəyini nəzərinə çatdırır!

Allah Rəsulu (s.ə.s.) ordunun bayrağını gənc Üsaməyə şəxsən öz əlləriylə təslim edir. Bayrağı alan Hz.Üsamə onu hicrətin bayraqdarı Büreydə ibn Hüsayba verir və Cürüfə gedib Rəsulullah ordusunu hazırlamağa başlayır. Artıq hazırlıq görən hər kəs Cürüfə üz tuturdu!

Rəsulullahın (s.ə.s.) xəstəliyi

Bir çərşənbə günü idi. Allah Rəsulu bayrağı Üsaməyə verəndən bir gün sonra xəstələnmişdi. Hərarəti yüksəlmişdi. Baş ağrısından əziyyət çəkirdi! Ancaq Onun bu xəstəliyi böyük qayğı ilə hazırladığı ordunun təşəkkülünə əngəl olmurdu. Əksinə hər şeyə rəğmən, bu ordunun hədəfə çatmasını arzulayır və əshabını da bu istiqamətdə təşviq edirdi.

Hz.Üsamənin rəhbərlik edəcəyi orduda Hz.Əbu Bəkir, Hz.Ömər, Hz.Osman və Hz.Əli kimi nüfuzlu səhabələr vardı. Deməli, Allah Rəsulu (s.ə.s.) əshabını gəncləşdirmək və missiyasını gəncliyin çiyinlərində qurmaq istəyirdi. Eyni zamanda bu, keçmişə aid bəzi düşüncələrin, anlyışların aradan qaldırılması mənasına gəlirdi. Çünki Hz.Üsamə azad edilmiş bir kölənin oğlu idi və ərəblər bir köləni əsla başlarında sərkərdə kimi görmək istəməzdilər. Allah Rəsulu (s.ə.s.) məhz cəhalətə aid nə qədər "büt" varsa, bir-bir hədəfə götürmüş, cəmiyyətin içərisindən söküb atırdı. Ancaq bu, ilk mərhələdə hər kəsin qəbul edəcəyi xüsus deyildi və gənc Üsamə ilə hədəflənmiş dövlətin o dövr üçün iki hegemon gücdən birincisi olduğunu nəzərə alan bəzi insanlar onun sərkərdəliyi barədə fərqli fikirlər irəli sürürdülər. Xüsusən də, Ayyaş ibn Əbi Rəbiə kimi insanlar:

– İlk mühacirlər bir kənarda dura-dura bu gənc onlara sərkərdə təyin edilir, – demiş və belə bir tapşırığı qəribə qarşıladıqlarını ifadə etməyə başlamışdı. Şənbə günü idi. Vəziyyətdən xəbər tutan Allah Rəsulu (s.ə.s.) sarığını başına sarıyıb minbər çıxır və əshabına:

– Ey insanlar! – deyə səslənir, – vallah, siz Üsamənin sərkərdəliyinə etiraz edib ona qarşı çıxdığınız kimi, onun atası barədə də eyni cür davranmış, onun sərkərdəliyi məsələsinə də etiraz etmişdiniz. Allah haqqı üçün, o, məmurluq vəzifəsini yerinə yetirməyə ən layiq insandır. Bu da bir həqiqətdir ki, onun atası Mənim üçün insanların ən sevimlisi idi. Ondan sonra da Üsamə Mənə ən sevgili olandır!

Bu ərəfədə Hz.Üsamə ilə döyüşə yollanan öncül, adlı-sanlı səhabələr hüzura gəlib Allah Rəsulu ilə vidalaşırlar. Əslində, bu, Onun da əshabı ilə son vidalaşması idi. Rəsulullahın xəstəliyi getdikcə ağırlaşırdı. Ancaq O:

– Üsamə ordusunu ləngitmədən göndərin! – deyə səhabələrinə tapşırıq verir.

Bu tapşırığın ardınca səhabələr Cürüfə axışır və gecəni orada keçirirlər. Bazar günü yenidən Allah Rəsulunun hüzuruna gələn Hz.Üsamə göz yaşlarını saxlaya bilmir. Çünki Rəsulullah qızdırma içində yanırdı; ağrılarını azaltmaq üçün ağzına dərman damcıladırdılar. Vidalaşmaq üçün gəlmişdi, ancaq könlü Onu bu halda qoyub getməyə razı olmurdu. Əyilib Allah Rəsulunu öpür. Peyğəmbərimiz danışmırdı. Əllərini bir müddət səmaya qaldırır, sonra da Üsamənin üzərinə endirir. Görünür, gənc sərkərdəyə dua edirdi.

Hz.Üsamə o gün Cürüfə qayıdır, amma könlü-gözü Allah Rəsulunun (s.ə.s.) yanında qalır. Buna görə ertəsi gün yenə hüzura gəlir. Bir bazar ertəsi idi. Rəsulullahın ağrıları keçmiş kimi idi və Hz.Üsamə Allah Rəsulunu əmrini yerinə yetirmək üçün yenidən ordunun başına yollanır.

Qüruba doğru

Bir tərəfdə bu mücadilə, hərəkat davam edirdi, amma Allah Rəsulu (s.ə.s.) çoxdan əshabı ilə vidalaşmağa başlamış və üzünü "Rəfiqi- Alaya" (Ən yaxşı, ən yüksək dost – Allah (c.c.)) çevirmişdi. Bir ildir, bu vidanın işarələrini verirdi. Hz.Muazı Yəmənə göndərərkən söylədikləri, vida həccində əshabıyla halallaşması bu ayrılığın əlamətləri idi.

Bu ilin ramazan ayında iyirmi gün etiqafa (Etiqafa çəkilmək – ramazan ayının son on günündə dünyəvi işlərdən ayrılıb Allaha ibadət etmək deməkdir.) çəkilmişdi. Halbuki əvvəlki illərdə adətən on günlük etiqafa girərdi. Eyni zamanda Cəbrail gəlmiş və bu il iki dəfə qarşılıqlı olaraq Quranı müqabilə edib bitirmişdilər.

Əshabını əmanət etdiyi Uhudu ziyarət etmişdi. Bu sırada ətrafında olanlarla vidalaşdığı kimi, onlarla da – Uhudun şəhid sakinləri ilə salamlaşıb danışır və dönə-dönə vidalaşırdı. Onlarla vidalaşdıqdan sonra minbərə çıxıb əshabına səslənmişdi:

– Şübhə yoxdur ki, Mən sizə qovuşmaq arzusundayam. Sizin şahidiniz Mənəm. Allaha and olsun ki, bu anda Mən hovuzuma tamaşa edirəm. Sanki, Yer üzünün xəzinələrinin açarlarının Mənə təslim edildiyini görürəm. Vallah, Mən Məndən sonra sizin şirkə girəcəyinizdən deyil, şirk ətrafında bir-birinizlə vuruşacağınızdan qorxub əndişə edirəm.[5]

Səfər ayının son bazar ertəsi idi. Bir səhabəsi üçün son vəzifəni əda etmək məqsədilə yenə Cənnətül-Baqiyə gəlmişdi. Bura əmanət etdiyi səhabələrini də unutmur. Onların yanına gedir, sanki, hər biri ilə danışıb halallaşır. Bu halallaşmadan sonra yanında olan azadlısı Əbu Müveyhibəyə səslənir:

– Ey Əba Müveyhibə! Bu anda Mənə dünya həyatının xəzinələrini çatdıran açarlarla, burada əbədi qalma imkanı, sonra isə cənnət vəd edildi və Mən Rəbbimə qovuşmaq və cənnətlə bunlar arasında seçim etməkdə sərbəst buraxıldım!

Belə bir seçimdən məmnunluğunu dilə gətirmək istəyən azadlı Əbu Müveyhibə:

– Anam-atam Sənə fəda olsun, ya Rəsulullah! – deyir, – əvvəlcə dünya həyatının xəzinələrinə çatdıran açarları və burada əbədi qalmağı, daha sonra isə cənnəti seç!

O isə seçimini çoxdan etmişdi:

– Vallah, ey Əba Müveyhibə! Mən Rəbbimə qovuşmağı və cənnəti seçdim!

Geri qayıdanda şiddətli baş ağrıları başlayır, hərarəti də yüksəlir. Hətta vücudunun hərarəti başının sarığından kənarda hiss olunurdu.

Görünür, tezliklə keçib gedən xəstəlik deyildi. Xəstəliyi əsnasında on bir gün namazlarını əshabı ilə birlikdə qılır.

Hər hərəkəti, hər halı ilə ədəb və həya dərsi verirdi. Xəstəliyin şiddətləndiyi bu dönəmdə üzünü ətrafına yığışan Əzvaci-Tahirata (pak zövcələrinə) tutur və:

– Sabah Mən haradayam? – deyə soruşur.

Haldan anlayan insanlar idi  və hamısı birdən öz haqlarından imtina etdiklərini və bundan sonra Allah Rəsulunun Hz. Aişə anamızın evində qalmasını istədiklərini deyirlər.

Ayaq üstə çətinliklə durur, güclə yeriyirdi. Buna görə bir qoluna Fadl ibn Abbas, digərinə isə Hz.Əli girir, Hz.Aişənin evinə aparırlar. Son günlərini burada keçirəcəkdi.

Çərşənbə günü xəstəliyi daha da şiddətlənir, artan hərarətdən huşunu itirir. Bu halda belə əshabından ayrı qalmaq istəmirdi. Bir qədər özünə gələn kimi:

– Müxtəlif quyuların suyundan yeddi dəfə üstümə tökün, çünki Mən insanların arasına çıxıb onlarla əhdləşmək istəyirəm, – deyir.

Dediyini edirlər, bir qədər özünə gələndən sonra:

– Artıq bəsdir! Artıq bəsdir! – deyir və çətinliklə ayağa qalxıb məscidə yönəlir və burada:

– Ey insanlar! Mənə yaxınlaşın! – deyə səslənir, səhabələrini yanına çağırır. Görünür, vacib sözü vardı və əshabının diqqətini də bu məsələyə çəkmək istəyirdi. Əvvəlcə onlara digər ümmətlərin yol verdiyi xətalardan, yanlışlardan danışır. Daha sonra da:

– Əsla Mənim məzarımı ibadət edilən bir bütxanəyə çevirməyin! – deyə xəbərdarlıq edir.

Üzündə yaxın ayrılğın həyəcanı sezilirdi, buna görə də hər kəslə halallaşmağa  başlamışdı:

– Sizdən kimi incitmişəmsə, bu da mənim kürəyim. Gəlsin dəyənəyi ilə kürəyimə vuraraq haqqını alsın! Kimə ağır söz demiş və kimin könlünü qırmışamsa, gəlsin ürəyindən keçəni Mənə desin, haqqını alsın, – buyurur.

Deyir, amma heç kimdən səs çıxmır. Lakin Rəsulullah israrında qərarlı idi. Günorta namazını qıldıqdan sonra eyni istəyini bir daha təkrar edir. Bu dəfə biri ayağa qalxır və Onda üç dirhəm alacağı olduğunu söyləyir. Bunun cavabında əmisi oğluna səslənib:

– Onun dediyini ver, ey Fadl! – buyurur.

Ardından da ənsar haqqında bunları deyir:

– Sizə ənsarın qədir-qiymətini bilməyi vəsiyyət edirəm. Çünki onlar gözümün nuru, göz bəbəklərimdir. Onlar vəzifələrini layiqincə yerinə yetirmişlər və bunun mükafatını da alacaqlar. Artıq insanlar çoxalmış, ənsar isə azlıqda qalmışdır. Onlar xörəkdəki duz kimidir. Sizdən hər kim onların başında əmir olsa, onlardan fayda və ya zərər görsə, yaxşı və faydalı olanları qəbul etsin və xoşuna gəlməyən bir münasibət görərsə, bağışlayıcı olsun.

Davam edir:

– Şübhə yoxdur ki, Allah qulunu dünya həyatının gözəllikləri və ya dərgahındakıları seçməkdə sərbəst buraxdı. Qul Allah qatında olana üstünlük verdi.

Hələ cümlələrini tamamlamamışdı ki, ilk günlərdən yanında olan sadiq dostu Hz.Əbu Bəkrin dayandığı yerdən fəryad qopur:

– Anamız-atamız Sənə fəda olsun, ya Rəsulullah! – deyirdi kimsə.

Çaşqın-çaşqın səs gələn tərəfə baxırlar. Bəli, onun anladığını anlamamışdılar. Çünki o, seçimdə sərbəst buraxılanın Rəsulullahın özü olduğunu başa düşmüşdü.

– Buna bax, – deyirlər. Onlara qəribə gəlir; Allah Rəsulu (s.ə.s.) bir nəfərin dünya və ya hüzuri-ilahini seçməkdə sərbəst buraxıldığını və Onun da Allahın hüzurunu seçdiyini deyir,  Əbu Bəkir isə: "Anamız-atamız Sənə fəda olsun, ya Rəsulullah! – deyib ağlayır.

Anlayan anlamışdı. Sadiq dostunun bu həssaslığını görən Allah Rəsulu səhabələrinə Hz.Əbu Bəkri göstərir və onun əshab içindəki mövqeyini ifadə etmək üçün əlindən tutub səslənir:

– Mənim üçün Əbu Bəkir maddi, mənəvi fədakarlıq baxımından insanların ən əminidir. Əgər Rəbbimdən başqa bir dost seçməli olsaydım, mütləq Əbu Bəkri özümə dost seçərdim. Ancaq bundan sonra yalnız İslam qardaşlığı və mərkəzi bu qardaşlıq olan məhəbbət vardır. Məscidə açılan bütün qapılar bağlansın, yalnız Əbu Bəkrin qapısı açıq saxlansın.

Xəstəliyinin ağırlaşdığını eşidən məscidə gəlirdi. Çöldə böyük bir izdiham vardı: baş verənləri böyük intizarla izləyirdilər. Rəsulullah vəfat edəcək deyə narahat idilər. Əvvəlcə əmisi oğlu Fadl, sonra da sıra ilə Hz.Əli və Hz.Abbas hüzura girir. İkisi də çöldə gözləyən izdihamdan bəhs edir. O gün iki nəfərin köməyi ilə camaatın qarşısına çıxır:

– Ey insanlar! Mənə çatan xəbərlərə görə, siz Peyğəmbərinizin vəfatından əndişə edirmişsiniz. Məndən əvvəl hansı peyğəmbər əbədi yaşadı ki, Mən də burada əbədi qalım! Diqqət edin! Mən də Rəbbimə qovuşacağam, siz də! (Daha sonra) şübhəsiz ki, sizin üçün Mənim həyatım da xeyirlidir, ölümüm də!

Xatirələri təzələməyə çalışırdı əshab, bu sözlər açıq-aşkar vidalaşmaya bənzəyirdi. Daha əvvəlki bəyanlarını yada salırlar. Belə ki, bir gün səhabələrdən soruşmuşdu:

– Siz elə hesab edrsiniz ki, Mən sizdən ən axırda vəfat edəcəyəm?

– Bəli! – demişdilər o gün.

– Şübhəsiz ki, Mən  sizin ən əvvəl vəfat edəniniz olacağam, – buyurmuşdu.

Bir gün də:

– Həqiqətən, Mən yolçuluq üçün dəvət aldım və bu dəvəti qəbul edib söz verdim, – demişdi.

Təxminən bir ay öncə də yaxın qohumlarını bir araya toplamış və ruhu pərvaz edib vüslətə yetişincə vücudu ilə bağlı kimin nə edəcəyini göstərmişdi bir-bir...

Əmisi Hz.Abbas bir gün yuxusunu Ona danışmış və səmaya doğru möhkəm bir kəndirin yüksəldiyini demişdi. O zaman da Rəsulullah (s.ə.s.):

– Gördüyün qardaşın oğlunun vəfatıdır, – demiş və bunu Özünün uca dostluğa pərvaz etməsi kimi yozmuşdu.

Artıq Rəsulullahın hər günü bir vida idi. Cümə axşamı əshabına səslənib:

– Haydı! Yaxınlaşın, – deyə onları hüzuruna çağırır, – sizə bəzi şeyləri yazdırım ki, bununla Məndən sonra bir daha dəlalətə düçar olmayasınız! – deyir. Ancaq xəstəliyi hər halına sirayət etmişdi. Çətin olsa da, ayaq üstə dayanmağa çalışır. Buna görə hüzurunda olan Hz.Ömər kimi səhabələr:

– Görmürsünüzmü Rəsulullahın ağrıları xeyli artıb, iztirab çəkir? Necə də olsa, aramızda Quran var və Allahın kitabı hər şeyə yetər! – deyir və Ona artıq əziyyət vermək istəmirlər.

Bunun müqabilində digər bir dəstə səhabə də Allah Rəsulunun (s.ə.s.) bu istəyinin yerinə yetirilməsi və iztirab çəksə də, söyləyəcəklərinin qeyd olunması tərəfdarı idi. Bu hətta ixtilafa da səbəb olur. Söhbətin uzandığını görən Rəsulullah bundan narahat olduğunu bildirəcək və insanların dağılışmasını istəyəcəkdi.

O günə qədər şiddətli  ağrıya və yüksək hərarətə baxmayaraq, əshabının arasına çıxır, namazlarını da qıldırırdı.

Namazdan sonra xəstəliyi daha da ağırlaşır və işa namazının vaxtı girsə də, məscidə gələ bilmir. Elə qıldırdığı son namaz da cümə axşamının axşam namazı olur və bu namazda "Mürsəlat" surəsini oxuyur.

Hz.Bilal işa namazının azanını oxumuş, məscidə axışan camaat imamını gözləməyə başlamışdı.

Hücreyi-səadəti – xanımları bunlardan xəbərsiz idi. Belə ki, xəstəliyi ağırlaşan Rəsulullah orada huşunu itirmişdi. Ayılan kimi:

– Namaz qılındımı? – deyə Hz.Aişədən soruşur.

– Xeyr,  ya Rəsulullah! Sizi gözləyirlər, – cavabını alır.

– Dəstəmaz almaq üçün su hazırlayın, – buyurur.

Gözü-könlü məscidində idi. Suyu hazırlayırlar. Qalxır və çətinliklə dəstəmaz alır. Elə namaza çıxmaq istəyirdi ki, yenə huşunu itirir. Təlaş içində yanına qaçırlar. Bir müddət sonra özünə gəlir. Təkrar soruşur:

– İnsanlar namaz qıldımı?

Namaza çıxmaq istəyirdi, ancaq buna taqəti yox idi. Tez-tez huşunu itirirdi. Nəhayət, namazı Hz.Əbu Bəkrin qıldırmasını tapşırır və daha sonra da yalnız iki nəfərin köməyi ilə namaza gələ bilir.[6] Gəlişini gözləyənlərin üzərinə bədirlənmiş ay kimi doğur o gün Rəsulullah. Gəlişi ilə Məscidi-Nəbəviyə bir həyacan dalğası yayılır. Uzaqgörən Hz.Əbu Bəkir işi sahibinə vermək üçün geri çəkilmək istəyir. Rəsulullah isə əlləri ilə işarə edir, "Yerində qal!"– deyir. Aralanan cərgələr arasından imamın – Hz.Əbu Bəkrin yanına qədər gəlir. Ayaq üstə durmağa taqəti yox idi və ancaq oturaraq namazını tamamlaya bilir.

Artıq Rəsulullah "gözümün nuru" dediyi namazı camaatın arasına gəlib qıldıra bilmirdi. Bundan sonra namazları öz yerinə imam təyin etdiyi Hz.Əbu Bəkir qıldıracaqdı.

Ayrılıq vaxtı və son gün

Allah Rəsulu (s.ə.s.) cümə axşamından bu yana namazlara gələ bilməmiş və əshabına  imam olub namaz qıldırmamışdı. Ancaq əshab ümidlə gözləyir, "o gün gəldiyi kimi, bu gün də gələr" deyə könüllər həsrətlə qovrulurdu.

Yenə bir bazar ertəsi, rəbbiüləvvəl ayının on ikisi idi. Sabah namazına da bir ümidlə gəlmişdilər. Yaxşılaşmasını görmək və yenə önlərinə keçib namaz qıldırmasını istəyirdilər.

İbn Ümmü Məktumun azanı ilə sakinlərini toplayan məscid Bilalın azanı ilə dolub daşır.

Yenə gələ bilmir Rəsulullah (s.ə.s.). O günün sabah namazını da Hz.Əbu Bəkir qıldırır.

Bir ara məscidin küncündə hərəkətlilik gözə çarpır. Aişə validəmizin hücrəsindəki pərdə aralanır və Nur camalı bədirlənmiş ay kimi məscidə doğur. Mübarək başını sarımış, eləcə qapıda dayanmışdı. Quran səhifəsi kimi duru və aydın Sima mehrabındakı imama nəzər salırdı. Mübarək üzündəki təbəssüm nəzərlərdən qaçmamışdı, bu simadan səadət saçılırdı. Məhz bu nəzərlər eyni zamanda əshabını dünya gözü ilə görən son nəzərlər idi. Sevincdən az qala namazlarını pozacaqdılar.

İkinci rükətə qalxırlar. Cərgəyə durmuş  camaat gəlişini hiss edib yol verirdi. O da Əbu Bəkrin arxasına qədər gəlir. Əlini geri çəkilmək istəyən Hz.Əbu Bəkrin çiyinlərinə qoyur: namazı davam etdirməsini istəyir.

O da təyin etdiyi imamın arxasında oturaraq namaza durur. İmam salam verincə çata bilmədiyi rükəti də qılır. Bu, Onun son namazı idi. Ardınca kürəyini dirəklərdən birinə söykəyib səsini də yüksəldərək fitnələr barədə əshabına xəbərdarlıq edir və daha sonra nəzərlərini Qurana çevirir. Ərəbistan yarımadasında iki dinin olmasını artıq hesab edir və İslamdan başqa hər hansı anlayışın bu məkanda mövcudluğunu istəmirdi. Gedərkən buyurur:

– Bir Peyğəmbər camaatından biri Ona imamlıq etmədən vəfat etməz.

Görünür, yaxşılaşmışdı. Əndişələr geridə qalmış kimi idi. Camaatın sevinci yerə-göyə sığmırdı. Yenidən aralarına qayıtmış və onlarla birlikdə cərgəyə durub namaz qılmışdı. Sanki, hər şey əvvəlki axarına düşürdü.

Bir ara Rum diyarına göndərilən ordunun sərkərdəsi gənc Üsamə hüzuruna girir. Hərəkət etmək üzrə idi və ordusu haqqında məlumat verib vidalaşmaq üçün gəlmişdi. Bir gün əvvəl də gəlmiş və "işin sonunda ayrılıq da" olsa, hərəkət əmri almışdı. Rəsulullah (s.ə.s.) mübarək əlləri ilə yanına yaxınlaşıb oturan Hz. Üsamənin başını sığallayır və on səkkiz yaşlı bu gənc sərkərdəyə dua edir.

Günəş doğub quşluq vaxtı yaxınlaşanda qızı Fatiməni yanına çağırır və qulağına nəsə  pıçıldayır. "Mənim bir parçam" dediyi qızı Fatimə fəryad qoparır. Hıçqırıqlar içində  boğula-boğula:

– Vay başıma gələnlərə! Can Ata! – deyə ağlayıb sızlayır.

Rəsulullah bir daha qızına dönür  və:

– Bu gündən sonra sənin atan heç sıxıntı çəkməyəcək! – müjdəsini verir!

Ancaq bu, ayrılıq acısını azaltmağa kifayət etməmişdi. Hz.Fatimənin göz yaşları dayanmırdı. Allah Rəsulu (s.ə.s.) bu mənzərəyə dözə bilmir və qızını yenidən yanına çağırır. Təkrar qulağına əyilib nəsə pıçıldamağa başlayır. Az öncə fəryad qoparan Hz.Fatimə sevincindən az qala uçur, təbəssüm edirdi, elə bil əvvəlki Fatimə getmiş, yerinə başqa Fatimə gəlmişdi.[7] Qızına yenidən yaxınlaşır və onun bütün qadınların xanımı olduğunu deyə müjdələyir. Nəvələri Hz.Həsən və Hz.Hüseyni öpüb qoxlayır və xeyir murad edir.

Eyni şəkildə hüzurunda olan xanımlarını da nəzərə alır və onlara da nəsihət edir.

Əmisi Hz.Abbasda ayrılığın təlaşı çoxdan başlamışdı. Qardaşı oğlu Hz.Əlini bir kənara çəkərək Rəsulullahın əbədi aləmə köç etmək üzrə olduğunu deyir və Onunla danışıb gələcək üçün vəsiyyət almasını istəyir.

Rəsulullah isə hüzurundakılara nəsihət edir və hələ imkan varkən burada axirəti qazanmaq gərəkdiyini xatırladırdı. Çünki əldə olan imkanlar xeyir naminə istifadə edilməli, bunlara əbədiyyət libası geydirməklə hələ dünyada ikən axirət yurdu qazanılmalı idi.

Daha öncə də əshabına dönmüş və:

– Diqqət edin! Özündə ölüm əlamətlərini hiss edən hər kəs Allahın onu əfv edəcəyi inamı ilə  ölsün, – deyə tövsiyə etmişdi.

Bir gün əvvəl də xidmətçi və kölələrə azadlıq yollarını göstərir,  Aişə validəmizdə olan altı dinarı da ehtiyac sahiblərinə paylamağı tapşırıb huşunu itirir. Ayılan kimi qızılları paylayıb paylamamasını soruşur. Hələ paylanmamışdı. Onları istəyir. Ovcuna qoyub əvvəlcə bir-bir sayır. Ardından onları qardaşı oğlu və kürəkəni Hz.Əliyə göndərib hamısının ehtiyacı olanlara paylanmasını əmr edir.

– Məhəmməd bunlar yanında ikən Rəbbinin hüzuruna necə gedə bilər? – deyir.

Qılınc və qalxan kimi döyüş ləvazimatlarını da möminlər arasında bölüşdürür. Görünür, dünya adına nəyi varsa paylayır, əbədi aləmə yalnız və yalın getmək istəyirdi. Hətta həmin gün axşam Hz.Aişə qəndilini qadınlardan birinə göndərir və:

– Bizim qəndilə bir neçə damcı yağ damızdıra bilərsənmi? – deyə otağı işıqlandırmaq üçün borca yağ istəyir.

Başqa bir yol tapmayınca da, zirehini otuz sa (1040 dirhəmlik ölçü vahidi. 25 kiloqrama bərabər olan ölçü vahidi) arpa əvəzində bir Yəhudiyə girov verir.

Günəş qüruba doğru meyil edirdi. Zaman vüslət zamanı idi. Yenə ağrıları şiddətlənməyə başlayır.

Hz.Aişəyə deyirdi:

– Ey Aişə! İnan, Mən hələ də Xeybərdə yediyim o yeməyin ağrısını hiss edirəm! Elə hiss edirəm ki, sanki, o zəhərin təsiri ilə içim parçalanacaq.

Sonra mübarək üzünü örtür. Bir ara yorulub üzünü yenidən açır. Peyğəmbərlərinin qəbrini bütxanəyə çevirənlərin lənətlə qarşılanacağını təkrarlayır. Bu vaxt sözünün namaza gətirir və dəfələrlə:

– Namaz! Namaz! Və sizdəki əmanətlər, – deyir. Görünür: "Amandı namazı unutmayın və kölələr başda olmaqla məsuliyyətini daşıdığınız hər şey barəsində daha həssas olun!" – demək istəyirdi. Dünyaya və dünyadakılarla vidalaşmadan əvvəl əshabına son tövsiyələri idi bunlar...

Cəbrailin və Mələkül-Mövtün (ölüm mələyinin) gəlişi

Şənbə və bazar günü Rəsulullahın hüzuruna gələn Cəbrail yenə orada idi. Lakin bu dəfə Peyğəmbər hüzuru başqa mələklərlə də dolmuşdu. Hər biri yetmiş minə hökm edən yetmiş min mələk vardı hüzurda!

– Ya Məhəmməd, – deyirdi, – Allahın salamı var və məni şəxsən Sənə ehtiram göstərmək və təzim etmək üçün göndərdi. O bildiyi halda, Səndən bunları soruşmağı əmr etdi. Özünü necə hiss edirsən? Necəsən?

– Bir az halsızam, ağrı içindəyəm, ey Cəbrail! – deyir. Bir az da yaxınlaşmasını istəyir.

– Rəbbin buyurur ki, – deyir Cəbrail, – əgər dilərsə, Ona şəfa verər, istərsə, hüzuruma aparıb rəhmətimlə qucaqlayaram!

– Bu, Rəbbimə aid işdir. O, Mənim üçün dilədiyini edər! – deyə cavab verir Rəsulullah (s.ə.s.).

Daha sonra Cəbrailin təqdim etdiyi Ölüm mələyi izin istəyir:

–Allahın salam və rəhməti üzərinə olsun, ya Rəsulullah! – deyirdi, – Allah məni Sənin hüzuruna göndərdi və nə buyursan, onu etməyi əmr etdi. Ey Əhməd! İndi Sən əmanəti almağı əmr etsən, onu yerinə yetirəcəyəm. Geri qayıtmağımı istəsən, onu da edəcəyəm!

Seçimində bir dəyişiklik yox idi və:

– Ey ölüm mələyi! – deyə ona səslənir, – sən vəzifəni yerinə yetir!

Bu vaxt əlini yüngülcə isladıb mübarək üzünə çəkir və:

– Allahım! – deyir, – Məni  ölümün sıxıntılarından mühafizə et!

Vida zamanı

Artıq vaxt tamam olmuşdu. Yolçuluq əlamətləri açıq-aydın görünürdü. Rəsulullah (sallallahu əleyhi və səlləm) dünya ilə axirət arasındakı nazik pərdənin o biri tərəfinə qədəm qoymaq üzrə idi. Mübarək başın Aişə validəmizin sinəsinə qoymuş, qara gözlərini tavana dikmişdi.

Bu sırada hüzuruna Hz.Əbu Bəkrin oğlu Hz.Abdurrəhman girir. Əlindəki misvaq diqqətini cəlb edir Rəsulullahın. Halına arif olan Hz.Aişə misvaq arzuladığını anlayır və:

– Onu Sənə gətirimmi? – deyir.

Rəsulullah "Bəli" mənasında başını tərpədir.

Hz.Aişə misvaqı qardaşından alıb Allah Rəsuluna (s.ə.s.) vermək istəyir. Ancaq misvaq çox bərk idi. Buna görə Aişə validəmiz:

– Onu isladıb yumşaldımmı? – deyir. Yenə mübarək başının hərəkəti ilə "Bəli" cavabını verir. Artıq dil susur, gözlər danışırdı. Tez misvaqı ağzında isladıb Allah Rəsuluna  (s.ə.s.) uzadır.

Misvaqı alır və inci kimi dişlərinin üstündə gəzdirməyə başlayır. Əbədi aləmə gedərkən belə dişlərini təmizləyir. Bir tərəfdən də: "Lə iləhə illəllah! Həqiqətən də, ölüm üçün ciddi səkərat (əzab. Ölümün  sürətindən, şiddətindən, yerindən, zamanından və şəklindən asılı olmayaraq, hər bir ölən insanın şeytanla son görüşü. Bir dəstə İslam aliminə görə ölüm anında çəkilən əzab.) var," – deyir.

Hz.Aişə Onun əlindən tutub sağalması üçün dua etmək istəyir. Aişə validəmizə baxır: "Xeyr" – deyir. Görünür, əsl vətənə gedərkən burada qalmağı diləmək uyğun deyildi. Buna görə əlini geri çəkir.

Yenə huşunu itirir. Bir müddət sonra özünə gəlir.

Bu arada barmağını da yuxarı qaldırmışdı. Gözləri tavana yönəlmiş, dodaqları da tərpənirdi. Nə dediyini eşitmək üçün qulağını Ona yaxınlaşdıran Hz.Aişə Rəsulullahın bu sözlərinə şahid olur:

– Peyğəmbərlər, şəhidlər, sadiqlər və salehlərə nemət verdiyin kimi Məni də əfv et və mərhəmətinlə qucaqla! Artıq Məni "Rəfiqi ala"ya, uca dostluğuna qəbul buyur!

Allahım, uca dostluğunu istəyrəm! Allahım, uca dostluğunu istəyirəm! Allahım, uca dostluğunu istəyirəm!

Altmış üç il öncə bir bazar ertəsi günü başladığı bu yolda yenə bir bazar ertəsi son nöqtəni qoyurdu. Vəhylərlə zəngin iyirmi üç illik həyatında qiyamətə qədər hər cür ehtiyaca cavab verən dopdolu bir ömür yaşamışdı. Təbliğ vəzifəsini də özündən sonrakılara əmanət edib yoluna davam edirdi. Otağa nəfis bir qoxu yayılmışdı.

Elə bu zaman əli su qabının üstünə uzanır, misvaq da mübarək barmaqları arasından yerə düşür!

Yolu və yolçuluğu müsəlmanlara əmanət edən Rəsulullah (sallallahu əleyhi və səlləm) artıq əbədi aləmə pərvaz etmiş, arzuladığı vüslətə qovuşmuşdu.

Artıq Onun əmanət etdiyi bayraq Hz.Üsamə kimi qəhrəman təmsilçilərinin, igidlərinin çiyinlərində dayanacaq, dalğalancaqdı!


[1]. "Bəqərə" surəsi, 2/125
[2]. "Bəqərə" surəsi, 2/158
[3]. "Maidə" surəsi, 5/3
[4]. Naşatırı (amonyak) qatı sirkə içində həll edir, sonra yumurtanı onun içində bir sutka saxlayır, yumşaldıqdan sonra onu dar şüşənin içinə salırdı. Sonra da üstünə soyuq su tökür və insanlara qabığını sındırmadan yumurtanı dar ağızlı şüşəyə bir möcüzə nəticəsində yerləşdirdiyini iddia edirdi. Bax: İbn Kesir, el-Bidâye ve’n-Nihâye, 5/61, Sîre, 4/95; İbn Seyyidinnâs, Uyûnu’-Eser, 2/284; Süheylî, Ravdu’l-Unf, 4/354 və b.
[5]. Buhârî, Sahîh, 1/451 (1279), 3/1317 (3401); Müslim, Sahîh, 4/1795 (2296)
[6]. Hətta bu vaxt namazı Hz.Əbu Bəkirdən başqa birinin qıldırması barəsində israr edən Hz.Aişəyə tərəf dönəcək və bu hərəkətlərini Hz.Yusif qarşısında özünü aparan qadınların halına bənzədəcəkdi. Bax: Buhârî, Sahîh, 1/236 (633), 1/240 (646-647); Müslim, Sahîh, 1/313 (418), 1/316 (420)
[7]. Rəsulullah ona: "Mən artıq gedirəm," – deyərkən ağlayıb fəğan qoparan Hz.Fatimə "Mənə ilk qovuşan sən olacaqsan" cümləsini eşidən kimi sevincə qərq olmuş,  çöhrəsində təbəssümlər əmələ gəlmişdi. Bax: Müslim, Sahîh, 4/1905 (2450), İbn Mâce, Sünen, 1/518 (1621); Taberânî, Mu’cemu’l-Kebir, 22/415 (1027)